15 Fevral 2019 02:32
1996
SİYASƏT
A- A+

Prezidentin güc mənbəyi xalqın məhəbbətidir


Kiçik Beyləqanda böyük Azərbaycanın möhtəşəm İLHAM ƏLİYEV sevgisi yaşandı


İlham Əliyevin əsas özəlliklərindən biri də liderlərin əsas siyasi taktikasına - "publikaya işləmək” üslubuna heç vaxt riayət etməməsidir.
16 ildə olduğu kimi göründü, göründüyü kimi də oldu...
Və xalq da sözü, əməli, mahiyyəti bir olan Liderini buna görə sevdi, ona inandı, güvəndi, onun yolunu öz yolu seçdi...

Prezidentin rəsmi qrafikini və protokolunu pozan səmimiyyət

Mehriban xanım Əliyevanın srağagün axşam sosial şəbəkələrdə paylaşdığı ürək sözləri - "İnsanların böyük sevgisi Prezidentimiz üçün ən yaxşı güc mənbəyidir! Bütün beyləqanlılara Prezidentə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirirəm!” fikri son iki gündə ictimaiyyəti vəcdə gətirən müzakirələrin yəqin, ümumiləşdirilmiş və ən dolğun ifadəsidir.

Bəs Beyləqanda nə baş vermişdi?

Hamımıza məlumdur: Prezidentin fəaliyyət qrafiki əvvəlcədən müəyyənləşdirilir və səfərlərdə buna dəqiqəbədəqiqə riayət olunur. İlham Əliyev Beyləqanda Tarix-Diyarşünaslıq muzeyinin açılışından sonra əsgərlərə görüşə tələsirdi - səfərin qrafikinin növbəti bəndi bu idi. Amma muzeyin ətrafında toplaşmış insanları görərkən Prezident yolunu avtomobil kortejinə sarı yox, həmişə olduğu kimi, xalqına doğru yönəltdi...

Xalqı ilə qol-boyun oldu... Özü də bunu məcazi mənada demirik, 100-dən artıq insan ilə qucaqlaşıb-öpüşən, onların alqışını, duasını, təşəkkürünü, eyni zamanda, müraciətini eşidən Lider bu kiçik məkanda bir dünya dolusu sevgini yaşadı, etimadı gördü...

Prezidentə konrket müraciət formaları var. Xarici nümayəndə heyətləri "Zati-aliləri Prezident”, ölkə məmurları "möhtərəm, cənab Prezident”, rəsmi tədbirlərdə sadə vətəndaşlar "Əziz Prezidentimiz” deyə xitab edirlər.

Amma Beyləqanda ekspromt, anidən baş tutan görüşdə müraciət formaları fərqli olduğu qədər də səmimiyyətin xalqımıza məxsus xüsusi təzahürü idi...

"Başına dönüm”, "Qadan alım”, "Sən gələn yollara qurban olum”...

Nənələrimizdən, analarımızdan, böyüklərimizdən həyatımız boyu eşitdiyimiz, doğmalığın və məhəbbətin ən həssas ifadəsi olan bu alqışlar heç vaxt saxta deyilməz! Onu ancaq ailə üzvü qədər doğma saydığına, əziz bildiyinə söyləyərsən...

Bu alqışlar, dualar da İlham Əliyevə Prezident olduğuna görə deyil, məhz bu məmləkətin, bu xalqın yeganə ümidi, bu nənələrin, ataların doğma oğlu qədər sevimlisi olduğuna görə səslənirdi...

Səmimiyyət, doğmalıq idi ki, Prezidentə "Sən” deyirdilər, dönə-dönə bağırlarına basırdılar, şəkil çəkdirirdilər, körpələri onun qucağına verirdilər, ərklə danışırdılar, şadyanalıq edirdilər...

Bir sözlə, rəsmi protokolun pozulmamış bir bəndi də qalmadı...

Amma onu da etiraf edək, İlham Əliyev özü də bu "protokol” dediyimiz "rəsmiyyət kağızına” əsla uymadı, özü onu dəfələrlə pozdu...

Qarşısında gənc xanəndənin səsləndirdiyi vətənpərvərlik nəğməsinin nəqarətini - "Yurdum yuvam məskənimsən, Azərbaycanım, Anam doğma Vətənimsən, Azərbaycanım” misralarını bədahətən özü də oxudu, iki dəfə oxudu, ətrafındakılarla birgə oxudu...

Və bütün düşmənlərə, nankorlara həm də Azərbaycan adından meydan oxudu!..

Nə yaxşı ki pozuldu bu protokol... Bütün dünya, bütün bədxahlar bir daha gördülər İlham Əliyevin güc mənbəyini, qüdrətinin zəminini, yenilməzliyinin səbəbini...

"Nənələr, analar gecə-gündüz dua edirlər ki, qara qüvvələr Səndən uzaq olsun...”

Sısqa nənənin bu alqışının gücündən hansı böyük bir güc ola bilər?!

Və İlham Əliyevin arxasında dünyanın xalq adlı ən böyük gücünün olmasına kim şübhə edə bilər?!

Zabitlərinin Komandanı, əsgərlərinin atası

Prezidentin sonrakı səfəri hərbi hissəyə idi. Ordu quruculuğunun, milli müdafiə sənayesinin ən son nailiyyətləri ilə tanış olan Ali Baş Komandan əsgərləri ilə bir süfrə arxasında əyləşdi.

Ali rəhbərlə əsgərləri süfrəni də, çörəyi, suyu da paylaşdılar, maraqlı söhbət etdilər...

Və bizlər o an İlham Əliyevin simasında, onun əsgərlərlə davranışında, simsarlığında Ali Baş Komandanla yanaşı bir ƏSGƏR ATASInın həssas duyğularını da gördük...

Onu da gördük ki, İlham Əliyev üçün Heydər də, Məmməd də, Əhməd də eyni dərəcədə dəyərlidir, əzizdir...

İlham Əliyev Lələtəpə, Günnüt zəfərlərinin Sərkərdəsi və azad Qarabağın cahangir müjdəçisidir, həm də zabitlərinin Komandanıdır, əsgərlərinin atası...

Bəlkə də elə bu atalıq təəssüratının nəticəsi idi ki, əsgərlər hərbi nizamnaməni bəzən pozaraq, Ali Baş Komandanları ilə hərbi qayda ilə yox, əziz, doğma insanları kimi görüşdülər...

Bəli, səmimiyyət rəsmi protokolu, hərbi nizamnəməni pozursa, bu, qəbahət sayılmır və burada günahkar olmur!..

Budur Azərbaycanın real mənzərəsi: xalq və Prezident rəsmi protokolları da, düşmənlərin oyununu da, Azərbaycana yönəlmiş məkrləri də pozurlar...

Bu gücün qarşısında kim dayana bilər ki?!..

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video