15 Fevral 2019 02:03
410
CƏMİYYƏT
A- A+

Ağdam dövlət qayğısının mərkəzində yer alır


Ağdam rayonunun fəallarının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş geniş tərkibdə yığıncağı maraqlı və aktual təhlillərlə diqqət çəkdi. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun hesabat məruzəsində ötən bir il ərzində rayonun sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlardan ətraflı danışılmış, bu inkişafı şərtləndirən davamlı dövlət qayğısı minnətdarlıqla vurğulandı.

2018-ci il ağdamlılar üçün unudulmaz tarixi hadisələrlə yadda qaldı. Bu baxımdan ötən ilin noyabrında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri xüsusilə diqqət çəkir. Ali qonaqlar səfər çərçivəsində əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən və Qarabağın muğamsevərlərinə çox dəyərli töhfə olan Ağdam Muğam Mərkəzinin, "Azərxalça” ASC-nin Ağdam rayon filialının və Qarabağ Atçılıq Kompleksinin açılışlarında iştirak etməklə rayon sakinlərinin sevincinə sevinc qatmış, bu cəbhə bölgəsində sözün həqiqi mənasında bayram əhvali-ruhiyyəsi yaratmışlar. Rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən səmimi görüşlər hələ də xatirələrin sirin və unudulmaz yadigarı olaraq qalır.

Yığıncaqda minnətdarlıqla vurğulandı ki, dövlət qayğısının mərkəzində yer alan Ağdam son illər dinamik sosial-iqtisadi inkişaf yolundadır. Rayonun inzibati mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsi bu gün göz oxşayan yaraşığı, abad görkəmi, malik olduğu müasir tələblərə cavab verən sosial infrastrukturu ilə şəhəri xatırladır. Bu cəbhə bölgəsinə yönəlik dövlət qayğısının əsasında sosialyönümlü layihələr üstünlük təşkil edir. Təbii ki, məqsəd bölgə əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmaq, insanların sosial ehtiyaclarının yüksək səviyyədə ödənilməsini təmin etməkdir. Ağdama gəlişi zamanı rayon əhalisinin ehtiyaclarını, onları narahat edən problemləri yerində öyrənən Prezident İlham Əliyev səfərdən dərhal sonra xüsusi bir sərəncam imzaladı. Xatırladaq ki, rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin erməni silahlı birləşmələrinin iriçaplı silahlarından və artilleriya qurğularından intensiv atəşə məruz qalması nəticəsində mülki əhaliyə böyük həcmdə ziyan dəymişdir Dövlət başçısının imzaladığı sərəncam bu ziyanın məhz dövlət hesabına ödənilməsini təmin etmək məqsədi daşıyırdı. Rayonun 19 yaşayış məntəqəsində əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 121 fərdi yaşayış evinin bərpası məqsədilə Prezidentin Ehtiyat Fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdır. Hazırda həmin evlərin bərpası işlərinə başlanılmışdır.

Hesabat ilində rayondaxili yolların müasir tələblər səviyyəsində yenidən qurulmasına böyük önəm verilmişdir. 29 min nəfər əhalinin yaşadığı 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 kilometr olan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun istifadəyə verilməsi bölgə əhalisinin böyük razılığına səbəb olmuşdur.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması işləri müvəffəqiyyətlə davam etdirilir. Bu günlərdə Kolqışlaq-Mirəşəlli-Çıraqlı avtomobil yolunun çəkilişinə başlanmışdır.

Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması artıq tamamilə başa çatdırılmışdır. Ötən ilin noyabr ayında Yeni Ergi qəsəbəsinə də təbii qaz verilərək bu zəruri sosial layihə uğurla yekunlaşdırılmışdır. İndi razılıqla qeyd etmək oalr ki, rayon əhalisinin təbii qaz, içməli su, elektrik enerjisi ilə təminatında ciddi bir problem yoxdur.

Hesabat yığıncağında qeyd edildi ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağdam rayonu üçün 14 tədbir nəzərdə tutulmuşdur. Qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılmışdır. Proqram çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər hesabına rayon iqtisadiyyatı xeyli güclənmiş, əhalinin güzəranı daha da yaxşılaşmışdır. Dövlət Proqramının icrasına uyğun olaraq təkcə 2018-ci il ərzində rayonda 4595 yeni iş yeri açılmışdır ki, bunun da 625-i daimidir. Keçən il ümumi məhsul istehsalının həcmi 166 milyon 848,8 min manat olmuşdur. Bu, 2017-ci illə müqayisədə 29.2 milyon manat, yaxud 21,3 faiz çoxdur. İl ərzində sənaye məhsulunun ümumi həcmi 12.9 milyon manat, kənd təsərrüfatı məhsulunun ümumi həcmi isə 100 milyon manata yaxın olmuşdur. 2018-ci ildə tikinti-quraşdırma işlərinin həcmi isə 8.9 milyon manat təşkil etmişdir.

Respublikamızın hər yerində olduğu kimi, Ağdamda da sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir. Yığıncaqda qeyd olundu ki, hesabat ilində 432 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət, ticarət, kənd təsərrüfatı, nəqliyyat və emal sahələrində çalışırlar. Rayonda əhalinin maddi rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, məhsul bolluğunun təmin edilməsi üçün sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir, əlverişli şərait yaradılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84,6 faiz, dövlət sektoru isə 15,4 faiz təşkil edir. İqtisadiyyat Nazirliyinin xətti ilə 2018-ci ildə 12 layihə həyata keçirilmiş, 51 yeni iş yeri açılmış, 600 min manat həcmində güzəştli kredit verilmişdir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər də ətraflı təhlil edildi. Torpaqlarının dörddə üç hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş bu cəbhə bölgəsində vətənpərvər, yüksək intellektual səviyyəyə malik yeni nəsil yetişdirilməsinə böyük önəm verilir. Bu sahədə orta ümumtəhsil müəssisələrinin üzərinə son dərəcə məsul və şərəfli vəzifə düşür. Ağdamda 135 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Gənc və yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi prosesində rayonun pedoqoji kollektivi Təhsil Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Sevindirici haldır ki, ağdamlı məzunlar hesabat ilində yaxşı nəticələr əldə etmişlər. Ali məktəblərə 577 nəfər qəbul olunmuş, onlardan 42 nəfəri 600-700 arası, 84 nəfəri isə 500-600 arası bal toplamışdır. 6 sentyabrda Quzanlı qəsəbə mədəniyyət evində rayon icra hakimiyyətinin və təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə yüksək bal toplayıb tələbə adı qazanan məzunlar mükafatlandırılmışdır.

Rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər hesabat ilində müvəffəqiyyətlə davam etdirilmişdir. Dövlət başçısının sərəncamı ilə rayonun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik tam orta məktəbin yeni binasının tikintisinə başlanmış, Quzanlı qəsəbəsi ərazisində isə 96 şagird yerlik modul tipli tam orta məktəbin tikintisi başa çatmaq üzrədir.

Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində ötən ilin yekunları qənaətbəxşdir. Prezident İlham Əliyevin sərəncamına əsasən, rayonun müxtəlif ərazilərində 43 ədəd subartezian quyusunun qazılması kənd əməkçilərində böyük razılıq doğurmuşdur. Keçən il 52.160 ton taxıl, 5.822.2 pambıq, 17,1 ton barama, 98.469 ton tərəvəz, 5923 ton kartof, 20.204.5 ton şəkər çuğunduru, 4.470 ton ət, 35.866 ton süd, 13.2 milyon ədəd yumurta istehsal olunmuşdur.

Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına böyük önəm verilir. Pambıqçılıqda ötən ilin nəticələri ilə razılaşmayan kənd əməkçiləri bu gəlirli sahəni yeni ildə inkişaf etdirmək əzmindədirlər. Bu il 2.500 hektar sahədə pambıq əkmək nəzərdə tutulmuşdur. Bu məqsədlə artıq 2320 hektar sahədə şum aparılmışdır. Hazırda qış aratının aqrotexniki tələblər əsasında aparılmasına ciddi fikir verilir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov hesabat ilində rayonun sosial-iqtisadi həyatının müxtəlif sahələrində yol verilmiş nöqsanları da geniş təhlil edərək bildirdi ki, hər kəs, hər bir kollektiv tapşırıqların icrasına məsuliyyətlə yanaşmalı, etibar və etimaddan sui-istifadəyə yol verməməlidir.

Yığıncaqda yeni ildə qarşıda duran vəzifələrdən də ətraflı bəhs edildi. Qeyd olundu ki, Üçoğlan kənd-Səfərli qəsəbə, Ağcabədi rayonu Muğanlı kəndi və Ergi qəsəbə avtomobil yolunun yenidən qurulması, bir çox yaşayış məntəqələrində kəndarası asfalt yollarının salınması, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün yeni subartezian quyularının qazılması, Sənaye Məhəlləsinin inşasına nail olunması yeni ilin vəzifələri sırasında yer alır.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video