15 Fevral 2019 01:49
1342
Təhsil
A- A+

İcma əsaslı təlim mərkəzləri kəndlərə yeni nəfəs gətirib


Belə mərkəzlərin yaradılmasında məqsəd məktəbəqədər təhsilin əhatəliliyinin daha da genişləndirilməsidir


Uşaqların tərbiyəsi ilk növbədə ailədən, sonrakı mərhələdə isə bağçadan, məktəbdən asılıdır. Bəllidir ki, şəhərdə bağçaların və yeni açılmış məktəbəqədər təhsil müəssisələrinin sayı kifayət qədərdir. Bəs rayon, kənd uşaqları?

Elə Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi də məhz bu uşaqlar düşünülərək başladılıb. Layihə çərçivəsində artıq bir neçə bölgədə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb. Elə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qubanın Qəçrəş və II Nügədi kəndlərinə təşkil olunan mediatur da hər birimizə maraqlı gələn həmin mərkəzlərlə tanışlıq məqsədi daşıyırdı.


Fırçayla gələcəyi boyayan balacalar


Əvvəlcə şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbinə yollandıq. Yanvarın 3-dən etibarən burada fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzində uşaqlar sulu boya ilə rəsmlər çəkirdilər.

Müəllim Fidan Əliosmanova ilə söhbətimizdə öyrəndik ki, mərkəzdə 22 nəfər 3-4 yaşlı uşaq var. Artıq iki ildir ki məktəbdə ibtidai təhsil tədris edən müəllim bu ildən icma tipli mərkəzdə də işləməyə başlayıb. Bakıda bunun üçün müvafiq təlimdə iştirak edib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir, mərkəzdə hər gün bir valideyn müəllimə kömək etsin deyə növbətçi təyin olunur.


10 bölgə, 50 icma əsaslı məktəbəqədər təhsil mərkəzi


Layihə meneceri İlahə Rəsulova məlumat verdi ki, layihə çərçivəsində fəaliyyət göstərən icma əsaslı uşaq təhsil mərkəzləri 10 bölgəni - Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarını əhatə edir: "Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 icma əsaslı məktəbəqədər təhsil mərkəzi fəaliyyət göstərir. Hər mərkəzdə orta hesabla 20 nəfər 3-4 yaşlı uşaq olmaqla ümumilikdə 1000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığı, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsini təmin etməkdir.

İlahə Rəsulovanın sözlərinə görə, mərkəzdə məşğələlərə 22 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Layihəyə uyğun olaraq mərkəzdə dərslər hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Yaxın zamanlarda da aktiv valideynlər seçilib valideyn assosiasiyası təşkil ediləcək. Layihə avqustun əvvəlinə kimi nəzərdə tutulub.


Hər gün Sumqayıtdan Qubaya gedən müəllim


Balaca Kərəmin nənəsi Rəhimə Tapdıqova deyir ki, uzun zamandır Qəçrəşdə bağça olmadığından uşaqlar məktəb yaşına kimi elə həyət-bacada oynamaqla vaxt keçirirdilər: "Amma bu cür mərkəzin yaradılması çox yaxşı oldu. Burada uşaqlarımız lazımi biliklərə yiyələnir, davranış qaydalarını öyrənir, faydalı məlumatlar əldə edirlər”.

Məktəbdə olduğumuz zaman həmçinin müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan və həvəsləndirmə tədbirləri çərçivəsində bu təhsil müəssisəsində çalışan alman dili müəllimi Maral Yusifovanın, tarix müəllimi Nigar Bəşirovanın və biologiya müəllimi Gülər Abdullayevanın dərslərini də izlədik.

24 yaşlı gənc müəllim Maral Yusifova Sumqayıtda yaşayır. O, hər gün Sumqayıtdan Qubanın Qəçrəş kəndinə dərs keçməyə gəlir. 2017-ci ildən burada çalışdığını deyən müəllim həftənin dörd günü dərs keçir. O, bizimlə söhbətində dedi: "Hər gün səhər 05:00-dan Sumqayıtdan yola düşürəm və gəlib dərsimi deyib, axşam da Bakıya magistr dərsinə yollanıram. Azərbaycan Dillər Universitetində magistr təhsili alıram. Hər gün bu qədər məsafə qət etməyimə, müəyyən çətinliklərə baxmayaraq, öz peşəmi çox sevirəm. Şagirdlərimin sevgisi, onların dərsə marağı da bütün çətinliklərin öhdəsindən gəlməyimə kömək edir. Əsas məqsədim şagirdlərin dil bacarıqlarını inkişaf etdirməkdir. Rayonda işləmək mənə zövq verir. Buranın təbiəti, insanların xoş münasibəti çox yaxşıdır”.

İşə qəbul imtahanında 45 bal toplayaraq məhz Qubanın Qəçrəş kəndini seçən Maral müəllim deyir ki, seçimində ailəsi ona çox dəstək olub: "Düşündüm ki, rayonda yaşayan uşaqların da xarici dil öyrənməyə ehtiyacı var. Burada həm də maaşdan əlavə həvəsləndirmə də var. Bura gəldiyim ilk gündən indiki vəziyyəti müqayisə etsək, uşaqların bilik səviyyəsində çox böyük irəliləyişlər müşahidə etmək olar”.


Gənc müəllimlər getdikləri yerə yeni nəfəs gətirirlər


Nigar Bəşirova Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətə Quba rayonunda başlayıb. O, işini sevdiyi üçün evindən çox uzaqda yaşamasının ona ciddi çətinlik yaratmadığını deyir: "Düşünürəm ki, gənc müəllimlər gəldikləri yerə yeni nəfəs gətirirlər. Kənd uşaqlarına bilik qazandırmaqda az da olsa payının olması insanı sevindirir. Uşaqların hamısı ilə çox yaxşı münasibətimiz var. Tarix fənninə olan həvəsləri yüksəkdir. Uşaqlarla aramda çox az yaş fərqim olsa da, tədris zamanı heç bir çətinliyim olmur. Onların müəllimə hörməti, dərsə hazırlığı çox yaxşıdır”.

Elə rayonun özündə kirayə yaşayan Nigar müəllim şəhərin səs-küyü üçün darıxmadığını deyir: "Artıq bura öyrəşmişəm. Gördüyüm isti münasibət "yaxşı ki, burdayam” deməyə imkan verir”.

8-ci sinif şagirdi Ləman Ağayeva da Nigar müəllimənin dərs metodunu çox xoşlayır. Deyir ki, gənc müəllim tarix fənnini fərqli üslubda tədris etdiyi dərsə böyük maraq göstərirlər.


Son 5 ildə məktəbə 13 müəllim işə qəbul olunub


Məktəbin direktoru Həbib Hacıyevlə söhbətimiz zamanı bəlli oldu ki, 600 yerlik Qəçrəş kənd tam orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında tikilib. Hazırda məktəbdə təhsil alan 409 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər pedaqoji işçi məşğul olur.

Məktəbəhazırlıq qruplarında 36 uşaq təhsil alır. Son 5 ildə məktəbə 13 yeni müəllim işə qəbul olunub. Onların sayəsində məktəbin təhsil uğurları artıb. Son iki ildə ümumilikdə 20 şagird ali məktəbə qəbul olunub.

Həbib Hacıyev özü də bu il direktorların işə qəbul müsabiqəsində iştirak edərək 38 bal toplayıb. O, 2006-cı ildən işlədiyi bu məktəbə direktor təyin olunub.


Nügədinin təhsil nailiyyətləri


Qəçrəş kənd məktəbindən ayrılıb 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzinin fəaliyyəti ilə də tanış olduq.

Mərkəzdə uşaqlar əl işləri hazırlayır, müxtəlif intellektual oyunlar oynayırdılar. Balaca Elmir ortalıqda gəzinirdi. Dediyinə görə, bura onun çox xoşuna gəlir. Ev üçün darıxmır. Hətta hər gün özü paltarlarını geyinib bura gəlməyə tələsir.

Daha sonra məktəbdə dərs deyən Sumqayıtdan gəlmiş gənc müəllimlərin dərslərini izlədik.

Riyaziyyat müəllimi Kəmalə Fazilova müəllimlərin işə qəbul imtahanında 52 bal toplayaraq buranı seçib. Dediyinə görə, burada dərs keçmək ona çox rahatdır. 23 yaşlı gənc müəllim şagirdlərin dərs səviyyəsini irəlilətmək üçün çalışdığını deyir.

Kimya müəllimi Arzu Məmmədovanın 22 yaşı var. İlk ili Lerikdə işləyib. Ora çox uzaq olduğundan bu il yenidən imtahan verərək bu məktəbi seçib.

Məktəbin direktoru Müşfiq Bilalov bizi məlumat verdi ki, 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəb 1964-cü ildə yaradılıb. 2012-ci ildə məktəb üçün yeni bina tikilib. Hazırda məktəbdə 334 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur. Hazırda təhsil müəssisəsində 2 məktəbəhazırlıq qrupu var. Bu qruplarda 35 uşaq təhsil alır. Cari tədris ilində məktəbə 3 müəllim işə qəbul olunub. Onların ikisi Sumqayıtdandır. Ötən il 16 şagirddən 4-ü ali məktəbə qəbul olunub.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Quba rayonunun ümumi təhsil müəssisələrinə 81 müəllim işə qəbul olunub. Onların 70 faizi dağ kəndlərindəki ümumi təhsil müəssisələrində çalışır. Kəndlərdə icrasına başlanılan bu layihənin uğurlu və faydalı olacağına heç bir şübhə yoxdur.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video