15 Fevral 2019 01:36
917
İQTİSADİYYAT
A- A+

Sənayeləşmə regionların inkişafında önəmli faktora çevrilir


Son dövrlər dünyada baş verən siyasi qarşıdurmalar, dövlətlərin bir-birinə tətbiq etdiyi sanksiyalar göstərdi ki, sənayesi inkişaf edən ölkələrin iqtisadiyyatı daha dayanıqlı və rəqabətqabiliyyətlidir. İqtisadiyyatı bir sahə üzrə inkişaf edən, xüsusilə xammal ixracı ilə məşğul olan ölkələr isə rəqabətə dözümsüzdür.

Üstəlik, siyasi çəkişmələr zamanı həmin ölkələrə sanksiyalar tətbiq olunduqda həmin ölkələrin iqtisadiyyatı qısa bir zamanda çökməyə başlayır.

Məhz bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi sənayeləşmə siyasətinin alternativi yoxdur. Bu alternativsiz siyasətin əsas məqsədi ölkənin hərtərəfli və dayanıqlı inkişafını təmin etmək, neftdən asılılığı aradan qaldırmaqdır. Elə son 15 ildə qeyri-neft sektoruna verilən dəstək də həmin məqsədə xidmət edir. Ölkəmizdə bu müddət ərzində minlərlə irili-xırdalı sənaye, emal, kənd təsərrüfatı müəssisələri fəaliyyətə başlayıb, müasir xidmət infrastrukturu yaradılıb, turizm inkişaf etdirilib və s. Bir sözlə, ölkənin hərtərəfli inkişafına yönəldilən siyasət nəticəsiz qalmayıb.

Regionların sosial-iqtisadi inkişafının təmin edilməsinə istiqamətlənən dövlət proqramları da bu sahədə mühüm rol oynayıb. Belə ki, artıq icra olunaraq başa çatan üç Dövlət Proqramından sonra bölgələrdə yüzlərlə sənaye müəssisəsi yaradılıb. Əvvəllər istifadə olunmayan xammal bu gün həmin müəssisələrdə hazır məhsula çevrilərək yerli tələbatı ödəməklə bərabər, xarici bazara da ixrac olunur. Bununla, yəni yerli sənaye müəssisələrində məhsul istehsalı sayəsində üç əsas uğura imza atılıb. Bunlardan birincisi, həmin məhsulların xaricdən alınmasının ya dayandırılması, ya da xeyli azalmasıdır. Digəri isə bir çox məhsulların ölkəmizdə istehsal edilməsi və hətta onların bir qisminin xarici bazara çıxarılmasıdır. Həyata keçirilən bu iqtisadi siyasət nəticəsində həm ölkədən valyuta axınının qarşısı alınır, həm də büdcəmizə xaricdən əlavə olaraq valyuta daxil olur ki, bunu da üçüncü nailiyyət hesab etmək olar.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda ölkədə həyata keçirilən sənayeləşmə siyasətinin qeyri-neft sektorunun inkişafındakı əhəmiyyətini qeyd edərək demişdir: "Əlbəttə ki, sənaye sahəsində bizim diqqətimiz eyni zamanda qeyri-neft sektoruna yönəlib. Bu sahədə də yaxşı nəticələr var. Keçən il qeyri-neft sənayemiz 9,1 faiz artıb. Bu onu göstərir ki, həmin sahədə işlər yüksək səviyyədə aparılır. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan çox ciddi addımlardır. Gələcəkdə digər şəhərlərdə də sənaye zonaları yaradılacaq”.

Başqa faktlara nəzər salaq: dövlət dəstəyi sayəsində 2014-2018-ci illərdə qeyri-neft sektoru 8, qeyri-neft sənayesi 32 faiz artıb. Həm də bunun sayəsində ötən illər ərzində ölkə üzrə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox iş yeri açılıb. Onu da qeyd edək ki, iş yerlərinin açılmasında sahibkarlara verilən güzəştli kreditlərin də kifayət qədər rolu olub. Özü də sahibkarlara güzəştli kreditlər ayrılarkən regionlarda çalışan sahibkarlara üstünlük verilib. Məsələn, 2014-2018-ci illərdə 16 mindən çox sahibkar ümumi dəyəri 2,6 milyard manat olan layihələrinə 1 milyard manatdan çox güzəştli kredit alıb və həmin kreditlərin 70 faizi regionlarda fəaliyyət göstərən iş adamlarının payına düşüb. Bu hesaba ötən il bölgələrdə qeyri-neft sektoruna aid çoxsaylı müəssisələr istifadəyə verilib. Sumqayıt şəhərində Pestisidlərin və aqrokimyəvi məhsulların istehsalı və Sumqayıt Kimya Sənaye Parkında Polipropilen, Əlvan metallar və ferroərintilər, İnşaat kimyəvi, Neftçalada "Xəzər” avtomobil, Qubada meyvə emalı zavodları, Sumqayıtda Tütün məmulatları istehsalı fabriki, Şamaxıda Üzümçülük və Şərabçılıq Kompleksi, Masallıda Sənaye Məhəlləsi, Çəltik emalı müəssisəsi, İsmayıllı və Ağdamda "Azərxalça” ASC-nin filialları və s. müəssisələr onların kiçik bir hissəsidir.

Rüstəm KAMAL,

Ağaəli MƏMMƏDOV (foto)

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video