15 Fevral 2019 01:28
550
İQTİSADİYYAT
A- A+

Xəzərdə yeni ehtiyatlar aramaq üçün geoloji kəşfiyyat aparılır


Hazırda Xəzər hövzəsinin Azərbaycana məxsus sektorundakı bir sıra perspektiv strukturlarda geoloji kəşfiyyat işləri aparılır. Onlardan bir neçəsində bu işlər SOCAR-BP tərəfdaşlığı ilə həyata keçirilir. D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) keçən il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin iştirakı ilə imzalanmışdır.

Bu saziş Xəzərdə yeni ehtiyatlar aramağa imkan yaradacaq. Başqa sözlə, saziş Azərbaycanın karbohidrogen hasilatının uzunmüddətli olmasına dəstək verəcək. İmzalanma zamanı SOCAR-ın və BP-nin rəhbərliyi hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və topladıqları unikal tarixi təcrübə sayəsində bu sazişin də uğur qazanacağına əminlik ifadə etmişlər. Sazişin bərabər və ədalətli əsaslar üzərində qurulduğu, Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacağı qeyd olunmuşdur.

25 illik müddəti əhatə edən HPBS-yə əsasən, strukturun işlənməsində iştirak payları SOCAR və BP şirkətləri arasında bərabər bölünmüşdür. BP operator kimi çıxış edir. Xatırladaq ki, blokda geoloji kəşfiyyat işlərinin aparılması haqqında sözügedən iki şirkət arasında Qarşılıqlı Anlaşma Memorandumu isə 2016-cı ilin may ayında imzalanmışdı.

D230 bloku Xəzər dənizinin Azərbaycan sektorunun Şimali Abşeron hövzəsində yerləşir. Bloku sahildən Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafə ayırır. D230 təxminən 3200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.

Blok üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi dərc edilərək ictimaiyyətin müzakirəsinə verilib. Bu sənədlərin layihə variantında kontrakt sahəsində aparılması planlaşdırılan üçölçülü seysmik tədqiqat işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir, eləcə də tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

Seysmik tədqiqatların suyun 100-800 metr dərinliklərində strukturun bütün ərazisini əhatə edəcəyi gözlənilir. Tədqiqat proqramının ümumi məqsədi Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlərin mövcud olduğu geoloji strukturları aşkar etməkdir.

ƏMSSTQ prosesinin məqsədi isə nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyən etmək və minimuma endirmək, mümkün olduqda tamamilə aradan qaldırmaqdır.

Qeyd edək ki, Xəzərdəki digər perspektiv strukturlarda da işlər aparılır. BP və SOCAR-ın HPBS-lə imzaladığı daha iki strukturu misal göstərmək olar. Bunlardan biri "Şəfəq-Asiman” blokunu (2010-cu il), ikincisi Abşeron yarımadasının ətrafındakı dayaz sulu ərazini (2014-cü il) əhatə edir. Hər iki HPBS çərçivəsində seysmik tədqiqat proqramları artıq başa çatmışdır. Hazırda qazma əməliyyatları planlaşdırılır.

Bir müddət əvvəl isə BP Azərbaycanda mövcud "Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində 61 faiz iştirak payı əldə edib. Bu sövdələşmənin bir hissəsi olaraq şirkət həmin müqavilə sahəsində daha dərin layların potensialını qiymətləndirmək üçün geoloji kəşfiyyat quyusu qazacaq və əməliyyatların operatoru olacaq. Quyunun bu ilin ikinci yarısında qazılması nəzərdə tutulur.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video