14 Fevral 2019 15:47
825
Elm və texnika
A- A+

Bakıda “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir


Fevralın 14-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf təşkilatı (Economic Social Development – ESD) ilə birgə "Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov davamlı inkişafın sosial-iqtisadi problemlər kontekstində aktual çağırış olduğunu bildirib.

O deyib: "Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Biz elm adamları bu təşəbbüsə dəstək məqsədilə "Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfransın Bakıda keçirilməsini planlaşdırdıq. Konfransda davamlı inkişaf konsepsiyasının əsas istiqamətləri öz əksini tapıb. Beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən altı istiqamət üzrə 201 məruzə daxil olub. Müvafiq istiqamətlərdə aparılmış təhlillər göstərir ki, ötən dövrdə ölkəmizdə dayanıqlı inkişaf modelinə keçidin başlanğıc mərhələsi üçün qəbul edilən Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində uğurlu siyasət həyata keçirilib. Bu, ilk növbədə özünü "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, dövlət başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli Fərmanına uyğun olaraq təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın 11 prioritet sektorunun inkişafı üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsi, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və ölkənin regionlarının, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə əlaqədar geniş əhatəli dövlət proqramlarının qəbulu və uğurlu icra olunmasında, həmçinin müvafiq istiqamətlərdə zəruri islahatların aparılmasında, qanunvericilik bazası və institusional mexanizmlərin formalaşdırılmasında göstərir”.

Sonra prorektor UNEC-in tədris proqramı, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib, qlobal iqtisadiyyatın çağırışlarına dair bir sıra beynəlxalq konfranslara ev sahibliyi etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov bildirib ki, bu cür nüfuzlu beynəlxalq tədbir Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin bariz nümunəsidir. Konfransa UNEC-in ev sahibliyi etməsi ölkəmizdə təhsil sisteminin beynəlxalq nüfuzundan xəbər verir. Beynəlxalq tədbirin sosial iqtisadi məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyini deyən Ş.Bayramov bildirib ki, builki konfransın mövzusu xüsusi aktuallığı ilə seçilir.

Beynəlxalq konfransın təşkilat komitəsinin sədri Domagoj Cingula, Xorvatiya Zaqreb Universitetinin nümayəndəsi Marijan Cingula, macarıstanlı alim Zoltan Baracskai və digər çıxış edənlər tədbirin dünya iqtisadiyyatının aktual çağırışlarının müzakirəsi baxımından əhəmiyyətini qeyd edib, 37-ci konfransın Azərbaycanın ali təhsil müəssisəsinin dəstəyi ilə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıblar.

Bildirilib ki, bu tədbir əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. Qəbul edilmiş məqalələrin "Web of Science”da və "EconLit”də dərc olunması nəzərdə tutulub.

Tədbirdə Təhsil, İqtisadiyyat, Vergilər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri iştirak ediblər. Həmçinin 16 ölkədən ali məktəblər, o cümlədən "London`s Global University” (İngiltərə), "University of Siegen” (Almaniya) və digərləri təmsil olunur. Konfransın elmi məqalələrin dərc olunduğu kitab və CD iştirakçılara təqdim olunub.

Sonra konfrans işini UNEC-də "Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar”, "İnnovasiya əsaslı sosial-iqtisadi inkişaf”, "Davamlı inkişafın hədəfləri: fiskal və monetar mexanizm”, "Təbii sərvətdən əldə olunan gəlirlərin sosial-iqtisadi aspektləri”, "Qarışıq mühitdə müəssisə”, "Yaradıcılıq və bürokratiya arasında qalan sahibkarlıq” və digər bölmələr üzrə davam etdirib.

Bölmə iclaslarında "Rəqabətin iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi”, "Kapital bazarları birliyi və yeni üzv dövlətlərdə kapital bazarlarının inkişaf etdirilməsi üçün Avropa örtülü istiqraz təşəbbüsü”, "Azərbaycan və Gürcüstan arasında ticarətin statistik tərəfləri”, "İctimai idarəetmə sistemində innovativ inkişaf strategiyalarının tətbiqi ilə bağlı məsələlər”, "İnnovasiya və milli rəqabətliliyin əlaqələndirilməsi”, "İqtisadi böyümədə kredit səviyyəsinin rolunun təhlili: Azərbaycan nümunəsində”, "Dayanıqlı inkişaf milli doktrina kimi: Vyetnam təcrübəsi”, "Sərhədsiz dünyada milli iqtisadiyyatların transformasiyası”, "İqtisadi artımda investisiya faktorunun tətbiqi” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq tədbir fevralın 15-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video