14 Fevral 2019 00:58
2278
SİYASƏT
A- A+

İlham Əliyevin islahatlar gündəliyi


Və Azərbaycanın yeni hədəflərə doğru sürətli inkişafı


İlham Əliyev hələ 2016-cı ildə "Biz dərin islahatlar dövrünə qədəm qoyuruq” bəyanatını verəndə bu prosesin belə geniş miqyası əhatə edəcəyini heç də hamı gözləmirdi. Amma innovativ təşəbbüsləri, qlobal mahiyyətli planları ilə daim fərqlənən və onları uğurla tətbiq edən ölkə rəhbəri ötən üç il ərzində də islahat proqramlarının sayını dəfələrlə artırmaqla, onların sistem ardıcıllığını təmin etməklə, ən əsası isə demək olar ki, bütün sahələrə yönəltməklə bu dəfə də ictimaiyyəti yaxşı mənada təəccübləndirməyi bacardı.

İslahatların məqsədi nədir, nəticəsi nə olacaq?

Prezidentin "Real” televiziyasına müsahibəsinin əsas leytmotivini də məhz bu islahatların gedişinin təhlili kimi səciyyələndirmək olar. Mətbuatın durumundan sosial-iqtisadi vəziyyətə, lokal planlardan qlobal layihələrə, dövlət-vətəndaş münasibətlərindən hərbi quruculuğa qədər, bir sözlə, cəmiyyətin və dövlətin bütün sahələri üzrə yığcam, amma müfəssəl baxışlarını açıqlayan ölkə rəhbərinin bir fikri bu mülahizələri konkretləşdirdi: Azərbaycanda aparılan islahatlar hansısa istiqamətlər üzrə və müəyyən mərhələ üçün deyil, əksinə, onlar davamlı sistem islahatlarıdır.

Bir məqamı unutmayaq: hələ 1993-cü ildə - böyük faciələrin, böhranların, dövlətçiliyin süqutunun yaşandığı o məşəqqətli dövrdə Heydər Əliyevin xaosdan qurutuluşa keçidi uğurla tətbiq etməsi və ardınca başlatdığı islahatlar 26 il sonra yeni keyfiyyət mərhələsinə qədəm qoyan islahatların təməli, möhkəm zəminidir. Bu həqiqəti xatırladan Prezident siyasi kursun varisliyinin həm də islahatlar konsepsiyası üzrə də təmin edildiyini vurğuladı.

Yəni, yol, istiqamət və hədəflər eynidir. Sadəcə, yeni dövrün çağırışları, müasir tələblər islahatlar kursunun daim təkmilləşməsini, qlobal meyillərə uyğunlaşdırılmasını tələb edir.

Lakin 2016-cı ildə başlayan və artıq dördüncü ilinə qədəm qoyan islahatlar indiyədək olmadığı qədər köklü dəyişikliklərin, genişmiqyaslı yeniliklərin təcəssümüdür. Son islahatlar miqyasına görə olduqca genişdir və hər sahə üzrə konkret plan, layihə və vəzifə-məsuliyyət bölgüsü düzgün müəyyənləşdirilib. Yeni dövrün çağırışlarına adekvat olan islahatların uğurlu gedişini təmin etmək məqsədilə aparılan hüquqi-qanunvericilik təkmilləşməsi davamlı hal alıb. Xüsusən də Konstitusiyaya edilən son əlavə və dəyişikliklər islahatların hüquqi tənzimlənməsini və yeniləşən sistemə uyğunlaşdırılmasını əsasən formalaşdırıb.

İlham Əliyevin "daha güclü, daha inkişaf edən Azərbaycan, daha rifahlı vətəndaş” konsepsiyasını həyata keçirməli olan hakimiyyət institutları da məhz bu yeni situasiyaya uyğun təkmilləşdirilir, struktur islahatlarının tərkib hissəsinə çevrilir.

Prezidenti görərkən dərd də unudulur, acı da yaddan çıxır

Təşəbbüskarlıq, çeviklik, səmərəlilik, şəffaflıq, məsuliyyət kimi dəyərlər Prezidentin məmurlardan hər zaman əsas tələbi idi. İndi isə bunlar Prezidentin həlledici, daha doğrusu yeganə etimad meyarıdır və bunu ölkə rəhbəri müsahibəsində xüsusi vurğuladı. İlham Əliyev yeni inkişaf strategiyasının icrasını indi öz sahəsində onilliklər boyu təcrübə qazanmış mütəxəssislərə, eyni zamanda gənclərdən ibarət peşəkarlar komandasına həvalə edib. Komandanın tərkibi cəmiyyətdə də rəğbətlə qarşılanır və İlham Əliyev iqtidarı ictimai rəydə alternativsizliyini birmənalı qoruyur.

Prezident yeni islahatlar dövründə hakimiyyətin fəaliyyətini, təşəbbüslərini qaneedici sayır və bu təəssüratın xalqla görüşlərdə möhkəmləndiyini deyir. Şübhəsiz ki, islahatların əsas təmayülü sosial-iqtisadi məzmunda olduğu kimi, ümumilikdə iqtidarın fəaliyyət prioriteti də məhz bu yönümdədir. Son dövrlərdə ölkədə iqtisadi inkişafın stimullaşdırılması və əhalinin sosial rifahının artırılması kontekstində atılan ardıcıl addımlar, qəbul edilən qərarlar cəmiyyətdə böyük razılıqla qarşılanıb.

Əlbəttə, əhalinin öz maaşının, müavinətinin, təqaüdünün artırılmasına sevinməsi qeyri-adi hal deyil. Fəqət bu prosesin əlahiddəliyi odur ki, əhali büdcəyə daxil olan əlavə vəsaitin yalnız bir istiqamətə - vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına yönəldiyini görür, dərindən anlayır və bunu qiymətləndirir.

Ötən ilin aprelində xalq tərəfindən növbəti ümummilli etimad mandatı alan İlham Əliyevin son dövrlərdəki fəaliyyəti bu inamın səviyyəsini daha da yüksəldib. Məsələn, evi zəlzələdə dağılmış, böyük psixoloji sarsıntı içində olan insanlar Prezidenti görərkən bütün çətinliklərini unudur, onu öz doğması kimi qarşılayır, ağbirçək öz alqışını, ağsaqqal duasını, gənclər də heyranlıqlarını bildirirlər. Bir anda dərd də unudulur, acı da yaddan çıxır.

Bu, heç də yalnız vətəndaşın "problemimi İlham Əliyev həll edəcək” qənaətinə sahib olması ilə bağlı deyil. Yəni, belə psixoloji məqamın əsla maddi anlamı yoxdur, bu, birbaşa Liderə güvənin, sevginin, verilən dəyərin əyani təzahürüdür.

Məsələn, Şamaxıda Prezidentlə görüşən 92 yaşlı Saray Eyvazovanın elə bizim qəzetin əməkdaşı ilə söhbətinə nəzər salaq: "Həyətdə oturub fikirləşirdim. Öz-özümə deyirdim ki, kaş İlham Əliyev indi gəlib dadımıza çata. Çarəsiz idim, bir də gördüm ki, qapı açıldı, gələn Prezident idi. Əvvəl dağıntıya baxdı. Sonra mənə tərəf gəlməyə başladı. Dedim qoca olsam da, durum ayağa, öpüm gözlərindən. Qurban olum gələn ayaqlarına... Əlləri ilə çiynimdən tutub dedi ki, qalxma. Əyilib üzümdən, gözlərimdən, əlimdən öpdü”.

Səmimiyyətin, sevginin ən parlaq göstərici olan bu sözləri Prezidentin yüksək tribunadan enərək qarşısına qədər gəldiyi ahıl şəhid anası da, mükafatı almaq üçün rəhbərinin yanına qalxmağa hazırlaşan, amma bir anda rəhbərinin onun yanına düşməsini görən gənc əlil həmvətənimiz də səsləndirir, saysız-hesabsız sadə azərbaycanlılar da bu qənaəti bölüşür.

İlham Əliyevin yolu - Azərbaycanın hədəfi

Bu ünsiyyətə vətəndaş-dövlət münasibətlərinin yeni formatı demək olar, amma sadə xalqın buna elə sadə də izahı var: İlham Əliyev üslublu, ürəkləri dağa döndərən görüşlər. Bu üslub qarşılıqlı etimadı, güvəni, hörməti, sevgini əks etdirir. Həmçinin Prezidentin "Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə dövləti onun yanında olacaq, dövlət də tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasındadır” əminliyini tam mənada ifadə edir.

Prezidentin islahatların əsas hədəfləri ilə bağlı son açıqlaması isə hər kəsdə konkret təsəvvür yaratdı. Ölkə rəhbərinin strateji məqsədi Azərbaycanın inkişaf etmiş dövlətlərin cərgəsinə qoşulması və daha qüdrətli, daha müasir ölkəyə çevrilməsidir. Buna doğru gedilən yolda əsas istiqamət dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsi və mobilləşdirilməsi, onun xalqa əlçatanlığının və xidmət əmsalının yüksəldilməsi, əhalinin problemlərinin, sosial qayğılarının daha səmərəli metodlarla həlli, ən nəhayət, Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun nizamlanmasıdır.

Yəni, Prezident daha güclü Azərbaycan, daha rifahlı xalq, daha müasir cəmiyyət arzulayır və buna doğru düzgün yolla gedir.

Yolunuz yolumuzdur, cənab PREZİDENT!..


İxtiyar HÜSEYNLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video