14 Fevral 2019 00:45
680
İDMAN
A- A+

İlham Əliyev qayğısı idmanın inkişafının əsas zəminidir


Azərbaycan yelkənçiləri bu etimadı layiqincə doğruldurlar


Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti və atletlərimizin qazandıqları nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Dövlət tərəfindən hərtərəfli qayğı göstərilən idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar gətirməsinlər. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir.

Həmçinin mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir.


Nüfuzlu turnirlərin dəyişilməz ünvanı


Fərəhli haldır ki, qısa müddətdə idman sahəsində əldə edilmiş nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən də yayınmayıb. Məhz bu qurumların istəyi ilə ölkəmizdə onlarca olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. 2015-ci ildə tarixdə ilk dəfə təşkil edilən I Avropa Oyunlarını və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımdır. 500 milyondan çox izləyici auditoriyası olan "Formula-1” yarışlarının daha 5 il ölkəmizdə keçirilməsinə qərar verilməsi isə Azərbaycanın idman ölkəsi olduğunu növbəti dəfə təsdiqlədi.

Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın uğurla evsahibliyi etdiyi beynəlxalq yarışlar ölkənin iqtisadi inkişafına da mühüm töhfələr verir: "2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci "Formula-1” yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı... Təkcə "Formula-1” yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı”.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, belə nüfuzlu yarışlarda idman təşkilatlarımızın həyata keçirdikləri işlərə, möhtəşəm idman bazalarına, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini hər zaman söyləyirlər.


Yelkənçilərin beynəlxalq qələbəsi


Sevindirici haldır ki, ötən il uğur qazanan idmançılar sırasında yelkənçilərimiz də var. Vurğulayaq ki, Azərbaycan Yelkənli İdman Federasiyasının rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində bu idman növü də ölkəmizdə uğurla inkişaf etməkdədir. Məhz rəhbərliyin əzmkarlığı sayəsində yelkənli idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir.

Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir.

Məqsədlərə çatmaq üçün federasiya rəhbərliyi tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda, qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib.

Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçiləri ötən il Qazaxıstanın Aktau şəhərində keçirilən "Beynəlxalq Xəzər Kuboku” yarışında qələbə qazanaraq növbəti dəfə onlara göstərilən etimadı doğruldublar.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan və Özbəkistan təmsilçiləri də mübarizə aparıblar. Beynəlxalq turnirdə kişi idmançılarımız birinci və üçüncü yerlərdə, qızlarımız isə fəxri kürsünün hər üç pilləsində qərarlaşaraq medallara sahib olublar. Hər üç əyarlı medalları qazanan yelkənçilərimizin yarışda parlaq qələbələri əcnəbi məşqçilərin də diqqətini cəlb edib, onların uğuru böyük rəğbətlə qarşılanıb.

Yarışda Azərbaycanı Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, İsmayıl Həmidov, heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, köməkçi məşqçi Aleksandr Knyazev təmsil ediblər.

Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova isə Sloveniyada keçirilən "Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşaq yüksək nəticə göstərmişdi.


Yelkənli idman növündə yüksəliş ili


2018-ci ildə yelkənli idman növündə ölkə daxili yarışlar da silsilə xarakter daşıyıb. Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən təşkil olunan Federasiya kuboku üzrə iki gün ərzində "Laser” və "Optimist” siniflərinin yarışı keçirilib, "Windsurf sinfi”nin nümayişi olub. Yarışda həmçinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun "Laser-standard” sinfi üzrə komandası da iştirak edib. Çətin hava şəraitində gərgin mübarizə aparan yelkənçilər yarışı uğurla başa vurublar.

Maraqlı mübarizə şəraitində keçən yarışın yekununda "Optimist”, "Laser 4.7”, "Laser Standart” sinifləri üzrə yarışın qalibləri mükafatlandırılıblar. "Optimist” sinfi üzrə qaliblər Yelkənli İdman Federasiyasının üzvləri Ömər İsmayılov, Səxavət Əzimov və Fidan Ağazadə olublar.

"Laser 4.7” sinfi üzrə isə qalib adına da Yelkənli İdman Federasiyasının idmançıları İsmayıl Kərimov, Cavid Kərimov və Murad Allahverdi layiq görülüblər.

"Laser Standart” sinfi üzrə qaliblər isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançıları Mixail Protasov, Tofiq Abdullayev və Ruslan Əzizov olublar.

Xatırladaq ki, yarış idman koordinatoru, hakim Burcu Algon Giorgianni, "Optimist” sinfinin baş məşqçisi Seyhun Yıldız, "Laser 4.7” sinfinin baş məşqçisi Tuğçe Subaşı, "Laser srandard” sinfinin baş məşqçisi Tatyana Srebnaya, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev tərəfindən idarə olunub.

Mayın 31-dən iyunun 3-dək isə milli komandanın hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə təlim düşərgəsi təşkil olunub. Məşqlərin yüksək keyfiyyəti və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, altıqat dünya, dördqat Avropa çempionu, 30 il məşqçi kimi fəaliyyət göstərən Draqan Qasiç Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən həmin təlimə cəlb edilib.


İdmançılarımız "Mussanah Race Week 2019” təlim və yarışlarında


Yelkənli idman növünün inkişafı istiqamətində görülən tədbirlər bu il də davam etdirilir. Belə ki, komandamız Omanda "Mussanah Race Week 2019” təlim və yarışlarına qatılacaq. 23 ölkənin iştirak edəcəyi yarışlarda Azərbaycan yelkənçiləri "Optimist”, "Laser4,7” və "Laser radial” sinifləri üzrə çıxış edəcəklər. Təlim və yarışlarda Azərbaycanı "Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, "Laser” sinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov, Cavid Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, "Laser” sinfi üzrə məşqçi Tuğçe Subaşı təmsil edəcəklər.

Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Şübhə yoxdur ki, yelkənli idman növü ölkəmizdə bu il daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaqlar.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video