13 Fevral 2019 01:39
1199
SİYASƏT
A- A+

“Çarəsiz idim, birdən qapı açıldı, içəri İLHAM ƏLİYEV daxil oldu...”


Şamaxılıların dar günündə imdadlarına çatan PREZİDENT qəzalı mənzillərin yerində indi möhtəşəm evlər tikdirir


(Əvvəli ötən sayımızda)


Şimal bölgəsində təbii fəlakətin baş verdiyi ilk günlərdən ölkənin aidiyyəti strukturları zəlzələnin fəsadlarının aradan qaldırılması üçün qüvvələrini tam səfərbər ediblər.

Prezident İlham Əliyevin Şamaxıya səfəri və zəlzələdən stress keçirmiş insanlara böyük təsəlli verməsi bir daha göstərdi ki, hər zaman vətəndaşlarının yanında olan dövlət başçısı baş verən istənilən ekstremal hadisə zamanı onların üzərindən diqqət və qayğısını əsirgəmir.

Bunu zəlzələdən evləri qəzalı duruma düşən, hazırda isə müvəqqəti olaraq sığınacaqlarda yerləşdirilən sakinlər də bizimlə söhbətlərində təsdiqlədilər.


Möcüzə sayəsində 9 nəfər ailə üzvümüz sağ qaldı


Təbii fəlakət Şamaxı rayon Salman Mümtaz küçəsindəki 33 nömrəli evə də ciddi zərər vurub. Mənzildə yaşayan Həsənovlar ailəsi artıq müvəqqəti sığınacaqda yerləşdiriliblər. Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan xüsusi komissiya ilə Şamaxı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının birgə rəyinə əsasən, ailəyə məxsus ikimərtəbəli 5 otaqlı evin 2 otağı tamamilə dağılıb. Ev qəzalı vəziyyətdədir.

Prezident İlham Əliyev də bu ünvana baş çəkib, ev sahibəsi 92 yaşlı Saray Eyvazova ilə görüşüb təsəlli verərkən bildirmişdi ki, onlar üçün yeni ev tikiləcək.

Şamaxıya səfərimiz çərçivəsində müvəqqəti olaraq başqa bir evdə yerləşdirilən bu ailəyə baş çəkib vəziyyətləri ilə maraqlandıq.

Öncə fevralın 5-də gecə saatlarında baş verən zəlzələni xatırlayan Saray Eyvazova həm də Prezidentlə maraqlı dialoqunun təəssüratlarını bizimlə bölüşdü:

- Gecə idi. Hamımız, 9 nəfər bir otağa yığışmışdıq. Birdən hər yer titrəməyə başladı. Oğlum bayırda idi. Qışqırdı ki, zəlzələdi evdən tez çıxın. Mən də güclə tərpənirəm. İşıqlar da söndüyü üçün özümüzü itirdik. Biz olan otaqdan başqa digərlərinin divarları uçub tökülmüşdü. Birtəhər güc-bala ilə həyətə çıxa bildik. Bu, Allahın möcüzəsiydi ki, sağ qaldıq...

Gecə olsa da, rayon rəhbərliyi bizə baş çəkib təskinlik verdi. Səhərə kimi çox narahat olduq. Tezdən gəlib hər tərəfə baxdılar. Gördülər ki, otaqlar tamam dağılıb. Əşyalarımızı çıxartmağa kömək etdilər. Dedilər ki, sizi başqa evdə müvəqqəti yerləşdirəcəyik. Sağ olsunlar, rahatlığımızı təmin elədilər. Sağ qalmışıq, bu günümüzə şükür...


Ürəyim dağa döndü


Fevralın 7-də uçub-dağılmış mənzilin həyətində əyləşib öz-özünə təskinlik verən ağbirçək deyir ki, həmin gün Allaha inandığı kimi, Prezidentin gəlişinə, onlara dəstək olacağına da inanıb.

- Həyətdə oturub fikirləşirdim. Öz-özümə deyirdim ki, kaş İlham Əliyev indi gəlib dadımıza çata. Çarəsiz idim, bir də gördüm ki, qapı açıldı, gələn Prezident idi. Əvvəl dağıntıya baxdı. Sonra mənə tərəf gəlməyə başladı. Dedim qoca olsam da durum ayağa öpüm gözlərindən. Qurban olum gələn ayaqlarına... Atası kimi hər zaman xalqına qayğı göstərir. Ona görə də insanlar Prezidentə güvənirlər, inanırlar.

Əlləri ilə çiynimdən tutub dedi ki, qalxma. Əyilib üzümdən, gözlərimdən, əlimdən öpdü. Qayıtdım ki, bəs, Mehriban xanım hardadı? Dedi ki, xanımım yeni eviniz tikiləndə gələcək. Prezident buraya bizə dəstək olmağa gəldiyini söylədi və dedi ki, narahat olmayın, eviniz yenidən tikiləcək. Ürəyim dağa döndü. Belə Prezident heç bir yerdə yoxdur. İlham Əliyevə canım qurban! Əsl vətənpərvərdi, qayğıkeşdi...


Hər zaman nümunə göstərən Prezidentimiz var


Həsənovlar ailəsi Prezidentin onlara verdiyi mənəvi dəstəyi çox yüksək dəyərləndirir. Ailənin üzvləri Rasim, Hicran və Sevda Həsənovlar bu diqqət və qayğıya, köməyə görə hər zaman dövlət başçısına minnətdar olacaqlarını dedilər.

- Biz həqiqətən çox həyəcanlı anlar yaşadıq. Amma Prezident İlham Əliyevin bizimlə görüşməsi, təskinlik verməsi qəlbimizdə iftixar hissi yaratdı. Bir daha əmin olduq ki, tək deyilik. Arxamızda dövlət və onun rəhbəri var. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı təəssübkeşliyi, qayğıkeşliyi ilə nümunə göstərir. Elə buna görə də xalq onu dəstəkləyir.

Hər zaman dövlət başçısına güvənən Həsənovlar ailəsi hesab edir ki, bütün bunlar Azərbaycan Prezidentinin 15 il ərzində həyata keçirdiyi siyasətin məntiqi təzahürüdür. Ailə üzvlərinin səmimi fikirlərini dinlədikdən sonra sağollaşıb ayrılırıq.


Sakinlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından razılıq edirlər


Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyasının rəhbəri Kamran Əliyevin müşayiəti ilə müxtəlif küçələrdəki qəzalı evlərin söküntü prosesini izləyirik. Sakinlərlə söhbətdə onlar FHN-in nəzarəti altında aparılan bu prosesdən razılıq etdilər. Səttar Bəhlulzadə küçəsindəki Vüqar Teyfurova məxsus 10 nömrəli birmərtəbəli kürsülü evin otaqlarından biri tamamilə dağılıb.

Ev sakini Nazir Teyfurov bizimlə söhbətində bildirdi ki, zəlzələ baş verərkən evdə 4 nəfər olublar. Ancaq xoşbəxtlikdən heç kim xəsarət almayıb. Çaşqınlıq içərisində olsalar da Prezidentin məhəlləyə gəlişi, hər zaman yanlarında olduğunu söyləməsi onları qürurlandırıb:

- Zəlzələ hər kəsə həyəcan hissi yaşatmışdı. Evimizin bir otağı tamamilə dağılmışdı və xüsusi komissiyanın nümayəndələri gəlib baxış keçirdilər. Sonra dağıntı, qəza ilə bağlı rəy verildi. Fevralın 7-də isə Prezident İlham Əliyev həyətimizə gələrək bizimlə görüşdü. Öncə evə dəymiş ziyanla tanış olan dövlət başçısı bizə dəstək üçün gəldiyini, eyni zamanda bizimlə qürur duyduğunu söylədi.

Prezidentin bütün qəzalı evlərin qısa müddət ərzində bərpa ediləcəyini söyləməsi, sakinlərlə səmimi söhbəti bizi çox ürəkləndirdi.

Şəxsən mən və ailə üzvlərimiz İlham Əliyevə çox minnətdarıq. Çünki bir daha əmin olduq ki, ən böyük himayədarımız, dəstəkçimiz Prezidentdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından da razıyıq. Bütün problemlərimizin həllinə onlar yardımçı olurlar.


Mükəmməl örnək, yüksələn etimad


Bəli, bütün bunlar bir daha təsdiqləyir ki, İlham Əliyevin təbii fəlakətdən dərhal sonra Şamaxıya səfərinin ən mühüm məqamı yalnız zəlzələnin fəsadlarını yerindəcə öyrənmək deyildi. Bu səfər ümumilikdə Prezidentin idarəçilik fəlsəfəsinin real təcəssümü idi. Bütün bunları görən Azərbaycan xalqı məhz humanist, qayğıkeş, insansevər addımlarına görə İlham Əliyev siyasətinin dəstəkçisidir.

Şamaxıda baş verən zəlzələnin fəsadları demək olar ki, aradan qaldırılmaq üzrədir. Artıq söküntü prosesi başa çatıb. Son məlumata görə rayonda - yeni mənzillər inşa olunaraq qısa zamanda sahiblərinə təhvil veriləcək.

Vətəndaş mənafeyinə həssas münasibətin nümunəsini yaradan Prezident İlham Əliyevin Şamaxıda insanlarla görüşləri, söhbətləri, yerindəcə verdiyi tapşırıqları və Bakıya dönüşündə bu barədə imzaladığı sərəncam hər bir ölkə vətəndaşının dövlət başçısına olan etimadını daha da artırdı. Bu addımı ilə dövlət başçısı həm də əsl liderlik örnəyi göstərdi.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video