Alternative content

00:04 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentin islahatlar kursunu parlament tam dəstəkləyir
Prezidentin islahatlar kursunu parlament tam dəstəkləyir
ANA SƏHİFƏ / PARLAMENT
15:28 12.02.2019


"Türkiyə Böyük Millət Məclisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələri buraxılıb. Həmin xatirə pulları Milli Məclisin bütün deputatlarına hədiyyə kimi təqdim edilib. Buna görə Türkiyə Böyük Millət Məclisinin Sədri Binəli Yıldırıma təşəkkürümüzü bildiririk”.

Milli Məclisin dünənki iclasına bu sözlərlə başlayan parlamentin Sədri Oqtay Əsədov həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi münasibətilə deputat Zahid Orucu həmkarları adından təbrik etdi.


Xalqa xidmət nümunəsi


Dünənki iclasın gündəliyinə müzakirə olunmaq üçün 32 məsələ daxil edilmişdi. Bununla belə, Oqtay Əsədov cari məsələlərin müzakirəsi üçün də vaxt ayırdı.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini deputat Aydın Mirzəzadə bildirdi ki, ötən həftə ölkə həyatında ciddi və diqqəti cəlb edən hadisələr oldu: "Prezident İlham Əliyev respublikanın şimal bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ciddi göstəriş verdi. Fevralın 7-də isə Prezident zəlzələ bölgəsinə gedərək sakinlərlə görüşdü. Bu, xalqa xidmət nümunəsinin bariz təcəssümü idi”.

Deputat Əli Məsimli söylədi ki, prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb. Bu islahatlar xalq tərəfindən dəstəklənir. Prezidentin minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncam imzalaması da yüksək qiymətləndirilməlidir.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə dedi ki, Azərbaycanda elə həftə yoxdur ki, Prezident tərəfindən sosial məqsədlərə xidmət edən sərəncam imzalanmasın. Belə addımlardan biri də minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamdır. Bu sərəncamla əhalinin böyük hissəsi əməkhaqlarında hissolunacaq dərəcədə fərqi görəcəklər: "Prezidentin sərəncamı müstəqillik dövründə ilk belə addımdır. Bu, gələcəkdə əməkhaqlarının artırılmasına imkan yaradacaq. Vahid tarif cədvəlinin 19 qrafasında əməkhaqları hissolunacaq dərəcədə dəyişəcək”.

Komitə sədrinin fikrincə, 2007-ci ildə yaşayış minimumu 64, minimum əməkhaqqı isə 50 manat olub. 2017-2018-ci ildə isə yaşayış minimumu 173, minimum əməkhaqqı 116 manat idi. Ancaq bu il minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı. Bu, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəlik mühüm addımdır.


İqtisadiyyatın və xalqın sosial rifahına xidmət edən qərarlar


Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov vurğuladı ki, Prezident İlham Əliyev tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Dövlət başçısının qərarları nəticəsində həm sosial təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına və xalqın sosial rifahına xidmət edir:

"Prezidentin tapşırığı ilə əhalinin sosial müdafiəsi məsələsi bir daha araşdırıldı və mühüm addımlar atıldı. Lakin Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istəyirlər. Halbuki dövlət başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əməkhaqqı ilə bağlı uzun müddət idi ki, araşdırma aparılırdı. Bütün ölkələrin təcrübəsini öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı”.

Komitə sədri onu da vurğuladı ki, xaricdə şər-böhtan kampaniyası aparanlar minimum əməkhaqqının artırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncama kölgə salmağa çalışırlar: "Ona görə də deputatlar seçiciləri ilə görüşlərdə dövlətin atdığı addımları geniş şərh etməlidirlər. Prezident İlham Əliyev xalqın problemlərinin aradan qaldırılması üçün tapşırıqlar verir. Gənclərin müxtəlif dövlət vəzifələrinə təyinatı dövlət başçısının gənclər siyasətinə önəm verdiyini göstərir. Hər birimiz əsgər kimi bunları ictimaiyyətə çatdırmalıyıq. Bu, dövlətin, Prezidentin strategiyasıdır, kiminsə göstərdiyi təzyiqin nəticəsi deyil”.


Dövlət hər zaman vətəndaşının yanında olub


Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək öncə TBMM və onun rəhbərliyinə təşəkkürünü bildirdi. O vurğuladı ki, Azərbaycanın ən azı son 100 illik tarixini götürsək, onun bütün məqamlarında xalqımızın əsas gündəm məsələsi müstəqil dövlət, ayaqda duran respublika və bu dövlətin yaratdığı şərait nəticəsində azad, sərbəst, rifah içərisində yaşayan vətəndaş cəmiyyəti qurmaq idi: "Bizim əleyhdarlarımızın məqsədi isə gündəmi dəyişmək, diqqəti əsas məqsəddən, bizi ölkəmizin qüdrətli dövlətə çevirmək istiqamətindən yayındırmaq olub”.

Bahar Muradovanın fikrincə, Azərbaycanla Ermənistan arasında ötən ilin sonundan və bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır. Həm beynəlxalq təşkilatların vasitəçilərinin, həm ayrı-ayrı ölkələrin, həm də Azərbaycan və Ermənistan prezidentlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə imkan verir: "Ortaya çıxan bu meyillər bir daha düşünməyə vadar edir. Biz həll etmək iqtidarımızı və qüdrətimizi nə qədər artırırıqsa, bunun qarşısını almaq istəyən dairələr o qədər səylərini və cəhdlərini artırırlar”.

Bahar Muradova dedi ki, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb və bu, ardıcıl məqsədyönlü siyasətdir: "Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır. Onların istəyi gündəmi dəyişməkdir. Biz bunları nəzərə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik, ölkə Prezidentinin müəyyən etdiyi siyasəti dəstəkləyib onun yanında olmalıyıq”.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.


Bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib


İlk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Sənədi ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim etdi.

Sənəddə göstərilir ki, ötən il bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb. Ölkə üzrə 72535 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib. Onlardan 69775 akt qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib, qalan 384 akt isə baxılmaqdadır.

Bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həyata keçirilən tədbirlərə baxmayaraq, bələdiyyələrin fəaliyyətində bir sıra nöqsanlar, o cümlədən torpaq və maliyyə qanunvericiliyinin pozulması, bələdiyyə iclasının səlahiyyətlərinə aid məsələlər üzrə təkbaşına qərarlar qəbul edilməsi hallarına hələ də yol verilir. Törədilən cinayət əməlləri də daha çox belə pozuntularla bağlıdır. Vergi və ödənişlərin uçotu, yığımı yaxşılaşsa da, bu sahədə də problemlər qalmaqdadır. Mədən vergisi ödəyicilərinin, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına da yol verilir.


Bələdiyyələr öz təminatları ilə bağlı addımlar atmalıdırlar


Müzakirələr zamanı ilk çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, son illərdə bələdiyyə üzvlərinin bilik səviyyələrinin artırılması, beynəlxalq əlaqələr və digər məsələlər üzrə çox ciddi işlər görülüb. Bütün bunlar isə olduqca vacib məsələlərdir: "Hesab edirəm ki, biz bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələn hər şey etməliyik”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dedi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir: "Artıq 15 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərirlər. Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri isə səlahiyyətlərini yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr öz təminatları ilə bağlı addımlar atmalıdırlar”.

Siyavuş Novruzovun fikrincə, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub və kinoteatrları yoxdur. Ancaq elə bələdiyyələr var ki, onlara milyon manatdan artıq subsidiya verilib. Bu məbləğlə elektron kitabxana, kompüter mərkəzləri açmaq mümkündür: "Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması, bələdiyyə sədrlərinin seçkili olması və bələdiyyələrin gəlir gətirməsi mexanizmi hazırlanmalıdır”.

Deputatlardan Əli Məsimli, Qüdrət Həsənquliyev, Kamran Bayramov, Çingiz Qənizadə, Qənirə Paşayeva, Fazil Mustafa çıxış edərək həm məruzə, həm də bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərini səsləndirdilər.


Parlament milli maraqlara xidmət edən sənədləri təsdiqlədi


Gündəlikdəki 3 sənəd - "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə”, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” və "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri parlamentə bir məktubla daxil olub.

Sənədlərlə bağlı məlumat verən Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, hər 3 sənəd Azərbaycanın milli maraqlarına xidmət edir. Sənədlər səsə qoyularaq qəbul edildi.

İclasda "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” Sazişin, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin və "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri də təsdiqləndi.

Deputatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında”, "Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında” sazişlərin təsdiq edilməsi haqqında qanun layihələrini də təsdiqlədilər.

"Valyuta tənzimi haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və "İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul edildi.


Vəkilliyə qəbulla bağlı məhdudiyyət aradan qaldırılır


Müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də təsdiq edildi.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dəyişikliyə əsasən, Azərbaycanda vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. Layihədə o da göstərilir ki, vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidirlər. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. İxtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edildi.


"Gənclər siyasəti haqqında” qanunda ciddi dəyişikliklər edilir


İclasda həmçinin "Gənclər siyasəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bildirdi ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir. Bu sahəyə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir, bu istiqamətdə mükəmməl qanunvericilik bazası mövcuddur. Dəyişikliklər bu sahədə hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə aparılıb. Layihəni zəruri edən dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramları üzrə Tədbirlər Planlarıdır. Bu sənədlərdə gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin daha da artırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar qanunun 9 maddəsinə 26 adda dəyişikliklər təklif olunur.

Sənədin əsas anlayışlar siyahısına gənclər siyasətinin məqsəd və prinsipləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı, gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı ilə bağlı maddələrinə bir sıra vacib əlavələr edilib.


18 yaşınadək şəxslərlə bağlı "təhlükəsiz internet” mexanizmi yaradıla bilər


Qanuna dəyişikliklərdə, həmçinin göstərilir ki, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin etməlidir. Bununla yanaşı, onlar arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.

Müzakirələr zamanı çıxış edən deputatlardan Elmira Axundova, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Qənirə Paşayeva, Cavid Osmanov fikir və təkliflərini səsləndirdilər. Sənəd birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edildi.


Bütün çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi vacibdir


"Kitabxana işi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov təkliflə çıxış etdi: "Bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır. Təklif edirəm ki, ümumiyyətlə bütün çap məhsulları - qəzet, jurnal, kitab istehsalı və ölkəyə gətirilməsi üzərindən ƏDV götürülsün. Nəzərə alaq ki, gələcək elmə, biliyə söykənir. İstərdim ki, gələcəyimiz naminə bunu unutmayaq”.

Deputatlar, həmçinin "Patent haqqında”, Əmək Məcəlləsi və Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Dövlət rüsumu haqqında”, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” (hamısı ikinci oxunuş) qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də müsbət münasibət bildirdilər.


Dövlət gerbi və himni ilə bağlı sənədlər təsdiqləndi


"Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri barədə (ikinci oxunuş) komitə sədri Əli Hüseyni məlumat verərək dedi ki, ilk oxunuşda deputatların əksəriyyəti müxtəlif təkliflər səsləndiriblər. İkinci oxunuşda bu təkliflərin əksəriyyəti nəzərə alınıb.

9 maddədən ibarət olan ilk qanun layihəsində Dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib. Layihəyə əsasən, Dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

İkinci sənəd də 9 maddədən ibarətdir və Azərbaycan Dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir. Vətəndaşlar üçün Dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər də müəyyən edilib. Məsələn: himn ayaq üstə və sona qədər oxunmalıdır, yox, əgər oxunmursa, ayaqüstə sona qədər dinlənilməlidir. Himn ifa edilən zaman Azərbaycanın Dövlət bayrağı qaldırılarsa, Dövlət bayrağına tərəf baxılmalıdır və.s.

Hər iki layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi.

Gündəliyin sonuncu məsələsi - "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə də deputatlar tərəfindən müsbət qiymətləndirildi və bununla da parlamentin dünənki iclası başa çatdı.

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM