12 Fevral 2019 00:33
1286
SİYASƏT
A- A+

“Xilaskarımız İLHAM ƏLİYEV bu dəfə də harayımıza çatdı”


Prezidentin tapşırığına uyğun olaraq Şamaxıda qəzalı mənzillərin sökülüb yenidən tikilməsi prosesinə başlanılıb

Şimal bölgəsində baş vermiş təbii fəlakət Şamaxı rayonunda da fəsadlar törədib, bir neçə ev qəzalı vəziyyətə düşüb, bəzilərinin isə tavanında, divarlarında müxtəlif ölçülü çatlar əmələ gəlib.

Prezident İlham Əliyevin göstərişindən dərhal sonra evləri qəzalı durumda olan sakinlər müvəqqəti sığınacaqlarda yerləşdirilib və Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan xüsusi komissiyanın rəyinə əsasən belə evlərin söküntü işlərinə başlanılıb.

Ölkə rəhbərinin verdiyi tapşırıqların icra prosesinə şahidlik etmək və sakinlərlə görüşüb durumları ilə maraqlanmaq üçün Şamaxıya yollandıq.

FHN çevik fəaliyyətdədir

Hava dumanlı-çiskinli, bir qədər də yağmurlu olmasına baxmayaraq, işlər davam edirdi. Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan xüsusi komissiyanın rəhbəri Kamran Əliyevin müşayiəti ilə öncə rayon mərkəzində tam qəzalı duruma düşən mənzillərə baş çəkirik.

Şahidlik etdiyimiz ilk mənzərə maraqlı təəssürat yaradır. Şamaxıda baş verən zəlzələ hündürmərtəbəli yaşayış binaları və hotellərə heç bir ziyan vurmayıb. Dağıntılar, çatlar yalnız həyət evlərində baş verib.

Həmsöhbətim deyir ki, fevralın 5-də gecə saatlarında təbii fəlakət baş verəndən dərhal sonra ölkə rəhbərliyinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası bölgəyə cəlb olunub. Bununla yanaşı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşüblər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparıblar.

1484 müraciət, 375 mənzilə baxış, 41 qəzalı ev

Kamran Əliyevin sözlərinə görə, FHN-in xüsusi komissiyası Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları ilə birgə işləyirlər. Hazırda 12 qrup Şamaxıda, 2 qrup İsmayıllıda, 2 qrup isə Ağsuda çalışır.

Komissiyaların əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə, vətəndaşlara baş çəkib ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunur.

Ümumilikdə bu günə qədər komissiyaya 1484 müraciət daxil olub. Bu müraciətlər əsasında 375 mənzilə baxış keçirilib. Onlardan 41 ev qəzalı vəziyyətdədir, yəni sökülməsi vacibdir. 135 mənzildə bərpa-bərkidilmə prosesi, 112 mənzildə isə təmirə ehtiyac var. 87 mənzil isə qənaətbəxş hesab edilib.

Hər gün müraciətlərin sayı demək olar ki, artır. Komissiya üzvləri müraciətlər əsasında bütün mənzillərə baxış keçirirlər.

Ən qısa müddətdə mənzillər tikilib sahiblərinə təhvil veriləcək

Hələlik tam qəzalı vəziyyətə düşən evlər əsasən Şamaxının Salman Mümtaz, Vidadi Məmmədov, Səttar Bəhlulzadə, Hacı Məmmədov küçələrində müəyyənləşib. FHN-nin Mülkü Müdafiə Qoşunlarının canlı qüvvəsi və xüsusi texnikaları söküntü prosesinə cəlb edilib.

Komissiyanın rəbhəri deyir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən görülən işlərdə heç bir ləngimə yoxdur. Qış fəsli olsa da, hava şəraiti işləmək üçün əlverişlidir: "Artıq hər bir qəzalı evdə söküntü işlərinə başlanılıb. Söküntü başa çatan kimi yeni mənzillərin tikintisinə başlanılacaq. Ən qısa müddətdə mənzillər tikilib sahiblərinə təhvil veriləcək”.

"Prezidenti görəndə elə qürurlandım ki...”

Vidadi Məmmədov küçəsində qəzalı vəziyyətə düşən 7 nömrəli evdəki söküntü prosesindən çəkiliş apararkən ev sahibəsi Mailə Quliyeva da məhəlləyə təşrif buyurdu. İllərlə yaşadığı mənzilin sökülmə prosesinə tamaşa edən xanımın çöhrəsini sanki kədər bürümüşdü.

Özümüzü təqdim edib öncə hal-əhvalını sorduq. Ömrünün ən xoş günlərini bu mənzildə keçirdiyini söyləyən 61 yaşlı Mailə xanım deyir ki, bu evdə 3 qız böyüdüb ağ duvağda gəlin köçürüb. Qayğılı-qayğısız günlər yaşayıb bu mənzildə. Zəlzələ baş verən gün isə 3 nəvəsi onun yanında olub:

- Nəvələrimlə bərabər yuxulayırdım. Birdən hiss etdim ki, ev tərpənir. Zəlzələ idi. Tez uşaqları götürüb stolun altına girdim. Yan otağın divarları tamam uçub töküldü. İşıqlar söndü və hər yer zülmət qaranlıq oldu. Qonşular həyətə axışdı. Səs eşidən kimi qışqırıb kömək istədim. Uşaqları yorğana bürüyüb bayıra çıxdıq. Allah bizi qorudu”.

Səhəri gün komissiya üzvləri evə baxış keçirib sökülməli olduğu barədə rəy veriblər. Özləri isə sığınacağa yerləşdiriliblər. Evdəki bütün əşyalar, avadanlıqlar lazımi qaydada daşınıb:

- İcra hakimiyyətinin nümayəndələri əlimizi bir şeyə vurmağa qoymadılar. Hər şeyi özləri səliqə ilə yığıb daşıtdırdılar. Amma çox həyəcanlı idik. Təşfişə düşmüşdük. Amma belə bir gərgin vaxtda Prezident İlham Əliyevin Şamaxıya gələrək bizə dəstək olması, təskinlik verməsi həqiqətən şəxsən məndə ruh yüksəkliyi yaratdı. Cənab Prezidenti görəndə elə qürurlandım ki... Dayağımız, xilaskarımız İlham Əliyev bu dəfə də harayımıza çatdı.

Dövlət başçısı bizə təsəlli verərək dedi ki, narahat olmayın, tapşırıq vermişəm, tez bir zamanda eviniz tikiləcək. Ölkənin birinci şəxsinin dilindən bu sözləri eşitmək bizdə bir əminlik hissi yaratdı. Axı, dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan Prezidenti harada təbii fəlakət, qəzalar baş verən kimi özünü ora yetirib vətəndaşların yanında olur, onlara dəstək verir, problemlərini həll edir. Bir daha əmin oldum ki, İlham Əliyev ən böyük dayağımızdır. Tanrı Prezidentimizi, onun xoşniyyətli, mərhəmətli xanımı Mehriban Əliyevanı qorusun! Hər ikisi qayğıkeş, təəssübkeşdilər. Biz də hər zaman Prezidentimizin dəstəkçisiyik.

Mailə xanımın fikirləri bir daha təsdiq edir ki, hər bir addımını vətəndaşın mənafeyinə uyğun atan Azərbaycan Prezidenti xalqına, xalq isə öz liderinə inanır.

Mənzilin söküntü prosesi davam edir. Biz isə Mailə xanımla tez bir zamanda yeni mənzilində görüşmək ümidi ilə sağollaşıb, zəlzələ baş verən an möcüzə sayəsində sağ qalan həsənovlar ailəsinin müvəqqəti məskunlaşdığı mənzilə yollanırıq...

(Ardı var)

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video