Alternative content

01:52 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Davamlı və sabit regional inkişafın möhkəm təməli
Davamlı və sabit regional inkişafın möhkəm təməli
ANA SƏHİFƏ / SİYASƏT
00:33 12.02.2019


İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabitliyini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir.

Son 15 ildə hökumətin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi məhz bu reallığa əsaslanır. Bu həm də onunla şərtlənir ki, milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi regionların inkişafının sürətləndirilməsini, habelə sosial-iqtisadi problemlərin həllində sahibkarlığın rolunun artırılmasını, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Son 15 ildə məhz regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq respublikamız ictimai həyatın bütün sahələrində çoxşaxəli islahatlar aparan və investisiya cəlbedicililyini qoruyan ölkələrdən biri kimi tanınır.

Dünyanın mötəbər "beyin mərkəzi” sayılan Davos Forumunun 2018-ci il üçün hesabatında Azərbaycanın rəqabət qabiliyyətliliyinə görə 35-ci, "Doing Business” hesabatında 25-ci yerdə qərarlaşması həyata keçirilən islahatların səmərəliliyinin bariz göstəricisidir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları ilə bağlı bir müddət əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən konfrans respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. Bu konfransda vurğulanmışdır ki, qeyri-neft sektorunun dinamik inkişafı sahəsində əldə olunan nəticələr uğurlu təməlini regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. Dövlət başçısı cənab İlham Əliyev ötən 15 il müddətində sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin - potensial və imkanlar nəzərə alınmaqla - proporsional inkişafını vacib saymış, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirməyi hökumətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir.

Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iri şəhərlərin daha sürətlə inkişaf etməsi, rayonların və kəndlərin isə tərəqqi prosesindən geridə qalması kimi neqativ tendensiya ilə üzləşmişdi. Paytaxt və digər böyük şəhərlərin, iri yaşayış massivlərinin kənd, rayon və qəsəbələrə nisbətən daha sürətlə inkişaf etməsinə təkcə postsosialist dövlətlərində deyil, ümumilikdə bütün inkişaf etmiş dövlətlərdə rast gəlinir. Dövlət başçısı dəfələrlə bildirmişdir ki, urbanizasiya prosesi - şəhərlərə yüksək axın hazırda bütün dövlətləri qayğılandıran və ciddi fəsadlarla müşayiət olunan qlobal problemdir. Cənab İlham Əliyev 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfər edərək bölgələrdə yaşayan vətəndaşları maraqlandıran problemlərlə yaxından tanış olmuş, onları qayğılandıran çatışmazlıqların kompleks həllinə ehtiyac olduğunu bildirmişdir.

Problemin miqyasını və Azərbaycan üçün aktuallığını nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ Nazirlər Kabinetinin 17 noyabr 2003-cü ildə keçirilmiş ilk iclasında regionların tarazlı və davamlı inkişafını hökumətin qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu zaman o prinsip də önə çəkilmişdir ki, dövlət hansı iqtisadi-coğrafi zonada yaşamasından asılı olmayaraq, hər bir vətəndaşının sosial-mədəni və intellektual yüksəlişinə çalışmalıdır. Bu, ilk növbədə, cəmiyyətdə sosial ədalət prinsipinin qorunması baxımından vacibdir.

Ölkə rəhbərinin 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” fərman da, ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət edən təkmil konsepsiya olmuşdur. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi təmin olmadıqda hər hansı inkişafdan söhbət gedə bilməz. İmzalanmasının 15-ci ildönümü tamam olmuş Dövlət Proqramı regional inkişafdakı fərqi aradan qaldırmaq baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuşdur. Proqram regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın dinamik inkişafı, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin azaldılması məsələlərini özündə ehtiva edirdi. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran sosial problemlərin həlli fərmanda dolğunluğu ilə əksini tapmışdı. Birinci proqram regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu mükəmməl konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin müşavirələri keçirilmişdir.

Təsadüfi deyildir ki, 2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafında əsaslı dönüş mərhələsi kimi qiymətləndirilir. Bu mərhələdə regionların inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmiryolunun inşasına başlanmış, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir. 2003-2008-ci illərdə həmçinin, Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara cavab verən yeni hava limanları tikilmişdir.

Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və digər rayonlar təbii qazla təmin edilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2004-2008-ci illərdə Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalamışdır. Birinci Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.

Dövlət başçısı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən yeni proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Cənab İlham Əliyev belə bir sənədin hazırlanması zərurəti ilə bağlı demişdir ki, qarşıda duran vacib vəzifələrdən biri məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına çatdırılmasıdır.

Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq idi. İkinci Dövlət Proqramı regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır.

Ölkə rəhbərinin 2014-cü il 27 fevral tarixli sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaratmışdır. Dövlət Proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva etmişdir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkədə qeyri-neft sektorunun və regionların inkişafına xidmət etmişdir. Proqramda müəyyənləşdirilmiş məqsədlərə nail olunması üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması təmin edilmişdir. Eyni zamanda, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması kimi mühüm vəzifələr nəzərdə tutulmuşdur.

2014-2018-ci illərdə orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması; vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi; kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi; taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi; istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması; ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi və digər məsələlər diqqət mərkəzində olmuşdur.

Son dərəcə əhatəli, sistemli və məqsədyönlü səciyyə daşıyan dövlət proqramı qazanılmış uğurlu nəticələrin son beş ildə də qorunub saxlanılması və inkişaf etdirilməsi, respublikamızın perspektiv inkişaf hədəflərinin dəqiq müəyyənləşdirilməsi, ümumi potensialın regional inkişaf tədbirlərinə yönəldilməsi baxımından əlahiddə əhəmiyyət kəsb etmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın dinamik inkişafını daha da sürətləndirmiş, regionlara göstərilən diqqət və qayğı hərtərəfli inkişaf və tərəqqi üçün etibarlı zəminə çevrilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev proqramın yekunları ilə bağlı demişdir: "Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür.

Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”.

Regional inkişaf tədbirləri son 15 ildə Azərbaycanda güclü sahibkarlar sinfinin yaranmasına da yeni təkan vermişdir. Möhtərəm Prezidentin dəfələrlə bəyan etdiyi kimi, bazar iqtisadiyyatı yolunu seçmiş hər bir ölkənin sabit və davamlı inkişafında sahibkarlar sinfinin, özəl sektorun rolu misilsizdir. Xatırlatmaq yerinə düşər ki, hələ 2004-cü ilin 2 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur.

Antiinhisar fəaliyyətinin gücləndirilməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiqlənməsi, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrin yaradılması və s. kimi tədbirlər də bunun əyani təcəssümü olmuşdur. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.

Son 15 ildə Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə müasir informasiya kommunikasiyaların mütərəqqi yeniliklərinin tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, "e-xidmətlər”in geniş tətbiqi biznes mühitinin daha da yaxşılaşdırılmasına səbəb olmuşdur.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərman bu istiqamətdə mühüm sənədlərdən olmuşdur. Belə bir fərmanın imzalanması o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının aradan qaldırılması sahəsində, sözün əsl mənasında, fundamental dəyişikliklərə yol açmışdır. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə” - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdı. Həmçinin fərmanda biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər əksini tapmışdır.

Ötən illərdə sahibkarlıq subyektlərinin "bir pəncərə” prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi, habelə bu sahədə elektron xidmətlərin genişləndirilməsi sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına müsbət təsir etmişdir. Həyata keçirilmiş bu islahatlar hüquqi şəxslərə və fərdi sahibkarlara vergi orqanına getmədən internet vasitəsilə vergi uçotuna dayanma imkanı yaratmışdır. Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmiş, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Dövlət başçısının 2010-cu il aprelin 13-də imzaladığı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” fərmanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması baxımından mühüm addımlardan olmuşdur. Fərman əsasında 2011-ci il mayın 1-də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmiş və bu sənəddən irəli gələn vəzifələrin icrası Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinin yaradılması bu sahədə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsinə, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların hüquqlarının qorunmasına, sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir. İlk növbədə, yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi qarşıya qoyulmuşdur.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyənləşdirilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə hələ 2013-cü il 2 iyul tarixində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2014-cü il martın 1-dən qüvvəyə minmişdir. Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

Dövlət başçısının 2014-cü il 3 mart tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin etmişdir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açmışdır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasına imkan yaratmışdır.

Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanının əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Sözügedən fərmanla sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi bilavasitə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir. Nazirlik xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin "ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin edir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunları ilə bağlı keçirilən konfransda dövlət başçısı cənab İlham Əliyev görülən işlərin davamı olaraq sayca dördüncü regional inkişaf proqramının hazırlandığını diqqətə çatdırmışdır: "Bütövlükdə isə deməliyəm ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir. Mən giriş sözümdə qeyd etdim ki, Dünya Bankı "Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb”.

Regional inkişaf tədbirləri çərçivəsində qarşıya qoyulmuş ən başlıca amil insan amilinin bütün sahələrdə ön planda olması, vətəndaşların sosial rifah halının, həyat səviyyəsinin daha da yüksəldilməsi, işsizlik, yoxsulluq probleminin həlli, hüquq və mənafelərinin qorunmasıdır. Son 15 ildə sosial sahədə həyata keçirilmiş tədbirlərin miqyası da həddindən artıq böyükdür. Sadəcə onu demək kifayətdir ki, son illərdə keçmiş ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin ədalətli şəkildə qaytarılması təmin edilmişdir. Ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması bu əmanətlərin qaytarılmasına imkan verməklə yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının real təzahürü olmuşdur.

Hazırda respublikamızda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri bu sahədə inkişaf indekslərini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi; aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlik sosial layihələrin davam etdirilməsi; sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatların həyata keçirilməsi; sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.

Bütün bunlar təsdiqləyir ki, son 15 ildə inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqelərini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.

Dövlət başçısının son bir ayda qəbul etdiyi qərarlar onun insan və vətəndaş amilinə, eləcə də sosial sifariş meyarına necə yüksək həssaslıqla yanaşdığının əyani göstəricisidir. Qısaca demək kifayətdir ki, möhtərəm Prezidentin müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək ərazi bütövlüyümüz uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə sosial müdafiələrinin yaxşılaşdırılması məqsədilə 11 min manat məbləğində birdəfəlik ödəmənin edilməsi, Şamaxı və digər rayonlarda zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşların problemlərinin həlli ilə bağlı operativ tədbirlərin həyata keçirilməsi bunun əyani göstəricisidir. Təkcə onu demək lazımdır ki, bu günlərdə minimum əməkhaqqının 130 manatdan 180 manata - təxminən 50 faizədək artırılması Azərbaycanda həyata keçirilən siyasətin sosialyönümlü mahiyyətini bir daha təsdiqləmişdir. Bu artımla dövlət sektorunda çalışan vətəndaşların məvaciblərinin 30, özəl sektorda çalışan vətəndaşların məvaciblərinin isə 20 faizlik artımı təmin ediləcəkdir. Bu sərəncam ümumilikdə 1 milyondan çox vətəndaşın rifahının yüksəlməsinə təsirini göstərəcəkdir.

Xüsusi vurğulamaq istərdim ki, regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri dinamik inkişaf edir, müasirləşir. Cənab İlham Əliyevin son illərdə dəfələrlə Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi də şəhərə yüksək diqqətin bariz təzahürüdür. Ümumilikdə, son illər sosial infrastrukturun müasirləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması şəhər rəhbərliyinin yenilikçi iş üslubunun əyani göstəricisi kimi diqqəti çəkir. Bu kontekstdə Sumqayıtda insan amilini əsas tutan bir sıra qlobal layihələrin uğurla reallaşdırıldığını da xüsusi qeyd etmək lazımdır. Abadlıq-quruculuq tədbirləri çərçivəsində son 4 ildə şəhər ərazisindəki əksər park və meydanların yenidən qurulması əhalinin asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Nəticədə bu gün Sumqayıt şəhəri istər yaşayış məkanı, istərsə də ərazi-təsərrüfat kompleksi və ictimai iqlim zonası kimi, respublikanın iqtisadi və siyasi həyatında mühüm yer tutur. Şəhərin böyük sənaye potensialına malik olduğu artıq dünya miqyasında qəbul olunur və yüksək dəyərləndirilir.

Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Son illərdə möhtərəm Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cənubi Qafqazda analoqu olmayan Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Parkı və digər müəssisələr yaradılmışdır. Bütün bunlar həm də çoxlu sayda yeni iş yerlərinin açılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olmuşdur.

Ötən 15 ilin təhlili deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM