12 Fevral 2019 00:22
1780
Mədəniyyət
A- A+

Heydər Əliyev və Cəlil Məmmədquluzadə irsi


"Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır. Əsrimizin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır”.

Heydər ƏLİYEV

Ulu öndər qədim və zəngin ənənələrə malik olan Azərbaycan ədəbiyyatına, klassik irsimizə daim diqqət və qayğı ilə yanaşmışdır. Uzun illər Azərbaycana rəhbərlik edən Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ardıcıl olaraq ədəbiyyat, mədəniyyət və incəsənət məsələlərini diqqət mərkəzində saxlamışdır. Bütün varlığı ilə xalqına bağlı olan bu fenomen şəxsiyyət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasında görməkdən qürur duymuş və ən mütərəqqi ənənələrdən layiqincə bəhrələnməyi məqbul hesab etmişdir. Bildirmişdir ki, xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu insanlarımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik, həqiqi vətəndaşlıq, azərbaycançılıq hissini yüksəldərik.

Məhz bu prinsiplərə sadiq qalan Heydər Əliyev klassik irsə, varislik ənənələrinə diqqət və qayğı ilə yanaşmış, müxtəlif vaxtlarda Azərbaycan xalqının taleyində ədəbiyyat, mədəniyyət və incəsənətində dərin izlər qoymuş Nizami, Nəsimi, Füzuli, Vaqif, M.F.Axundzadə, H.Cavid, Ü.Hacıbəyli, S.Vurğun və digər görkəmli sənətkarların yubileylərinin keçirilməsi, əsərlərinin nəşri və tədqiqi, xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm və böyük işlər görmüşdür.

Görkəmli dövlət xadiminin Azərbaycan mədəniyyəti və ədəbiyyatı tarixində dərin izlər qoyan Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Səməd Vurğun, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və başqalarının ev-muzeylərinin yaradılmasındakı şəxsi təşəbbüsü onun milli dəyərlərimizə verdiyi ən böyük qiymətin bariz nümunəsidir. Ulu öndərin yüksək dəyər verdiyi sənətkarlardan biri də yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadədir. "Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir” deyən Heydər Əliyev 1994-cü ilin dekabrında ədibin ev-muzeyinin açılışında unudulmaz sənətkarın xatirəsinə böyük ehtiram göstərərək yazıçıya olan yüksək münasibətin bütövlükdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə olan sevgidən qaynaqlandığını nəzərə çatdırdı: "Bu gün Azərbaycanın həyatında böyük bir hadisə baş verir. Azərbaycan xalqının böyük yazıçısı, maarifçisi, ictimai xadimi Cəlil Məmmədquluzadənin ev-muzeyi açılır. Bakı şəhərində yeni mədəniyyət ocağı, Mirzə Cəlil ocağı fəaliyyətə başlayır. Bu, Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə, onun xalqımızın tarixinə əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzidir. Şübhə yoxdur ki, muzey Mirzə Cəlil dühasının təbliğinə faydalı xidmət edəcəkdir. Xalqımızın mənəvi saflaşmaq yolunda, müstəqillik yolunda mübarizəsinə kömək edəcəkdir” (Cəlil Məmmədquluzadənin ev-muzeyinin fəxri qonaqlar kitabına ürək sözləri. Heydər Əliyev, Azərbaycan Respublikası Prezidenti, 28 dekabr 1994-cü il).

Realist Azərbaycan nəsrinin görkəmli nümayəndəsi olan Cəlil Məmmədquluzadə yaradıcılığı, onun redaktoru və naşiri olduğu "Molla Nəsrəddin'' jurnalı çağdaş dövrümüzdə də öz müasirliyini, aktuallığını qoruyub saxlamaqdadır. Böyük ideallar naminə mübarizə aparan Mirzə Cəlil irsi, onun azad və müstəqil vətən sevgisi, bir əsr öncə ana yurdunu xoşbəxt görmək istəyi yazıçını bu gün də bizim müasirimiz adlandırmağa əsas verir. Ədibin Azərbaycan xalqı üçün gördüyü təmənnasız işləri, qoyub getdiyi ölməz ədəbi irsi milli ideologiyamızın tərkib hissəsi hesab edən Heydər Əliyev onun vətəndaşlıq cəsarətini yüksək dəyərləndirir: "Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyamızın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi” (Heydər Əliyev. Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində nitq. 28 dekabr 1994-cü il).

Ədəbiyyatımızın və mədəniyyətimizin təəssübkeşi kimi bütün mənalı ömrünü Azərbaycanın müstəqil dövlət kimi dünya arealında özünəməxsus yer tutmasına, tərəqqisinə sərf edən ulu öndər ənənəvi olaraq ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərimizin yubileylərinin keçirilməsinə, ədəbi irsinin qorunması və təbliğinə xüsusi önəm vermişdir. Bu baxımdan Heydər Əliyevin realist sənətkarımız Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyi münasibətilə keçirilən təntənəli gecədəki dərin məzmunlu nitqi Mirzə Cəlil irsinin timsalında həm də Azərbaycan ədəbiyyatına verilən əvəzsiz bir qiymətdir.

Ulu öndər dərin məzmunlu nitqində Cəlil Məmmədquluzadə yaradıcılığının bir çox məqamlarına diqqət çəkmiş, onun çoxşaxəli, zəngin irsi haqqında özünün fikir və mülahizələrini nəzərə çatdırmış və ədibin müasir ədəbiyyatımıza təsir dairəsinə önəm vermişdir. Ümummilli lider uzaqgörənliklə yazıçının "Anamın kitabı” pyesini "Azərbaycan üçün çox dahiyanə əsər” kimi dəyərləndirir, orada qaldırılan problemlərin bu gün də böyük aktuallıq kəsb etdiyini vurğulayır. Böyük dövlət xadimi əsərin əhəmiyyətindən bəhs edərkən Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı boyu ana dilimizin saflığı, təmizliyi uğrunda apardığı ardıcıl və prinsipial mübarizəni və bu yolda yazıçının fədakarlığını, vətənpərvərliyini yüksək qiymətləndirir. Əsərdə müəllifin ayrı-ayrı xalqların dilinə və mədəniyyətinə meyiletmə tendensiyası və kökdən, mənəvi varislikdən uzaqlaşma kimi mənfi hallara qarşı barışmaz mövqe tutduğuna diqqət çəkən ulu öndər "Azərbaycan dilini, Azərbaycan milliliyini, milli şüurunu, milli məfkurəsini yaşatmaq” məsələlərini xüsusi vurğulayaraq Mirzə Cəlilin bu istiqamətdəki cahanşümul xidmətlərini bir daha təsdiqləyirdi: "Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdi”.

Onun daim işlətdiyi "Vətən, vətən, vətən! Millət, millət, millət! Dil, dil, dil!” sözləri xalqımızın, millətimizin arzularını ifadə edir. Ədibin ana dilinə - Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi, insanların hamısını ana dilini bilməyə səsləməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün vacib idi, bu gün üçün də çox aktualdır”.

Azərbaycançılıq ideyasını özündə ehtiva edən bu möhtəşəm əsər öz müasirliyi ilə çağdaş dövrümüzdə də xalqı milli birliyə, soykökə və zəngin dilimizi qorumağa səsləyən qiymətli bir xəzinə kimi ulu öndərin də diqqət mərkəzində olmuşdur.

Böyük dövlət xadimi Heydər Əliyev Cəlil Məmmədquluzadənin yubiley gecəsində onun yaradıcılığında xüsusi yer tutan "Ölülər” tragikomediyası haqqında da yüksək fikirlər söyləmiş, bir əsrdən artıq səhnə ömrü yaşayan bu fundamental əsər barədə dərin fəlsəfi fikirlərini açıqlamışdır. Ulu öndər əsərin böyük məziyyətlərindən bəhs edərək bildirmişdir ki, bəzən "Ölülər”i din əleyhinə yönəldilmiş bir əsər kimi qələmə verməyə çalışanlar da olmuşdur. Lakin Mirzə Cəlil bu əsəri yazarkən heç də dinə qarşı çıxmamış, əksinə, islam dininin böyük mənəvi dəyərlərini xalqa çatdırmağa çalışmışdır. Bəzən məsələnin əsl mahiyyətini anlamayanlar yazıçının əsas məqsədini təhrif etməyə çalışmış, bununla da bəzi qaragüruh insanları Mirzə Cəlilə qarşı müxalif mövqedə dayanmağa təhrik etmişlər. Əslində isə yazıçının böyüklüyü ondadır ki, o, dindən bir alət kimi istifadə edən yalançı və fırıldaqçı fanatikləri ifşa edərək ciddi ittihamla üz-üzə qoymuşdur. O dövrdən xeyli zaman keçməsinə baxmayaraq, əsərin bu gün də Azərbaycan səhnəsində uğurla tamaşaya qoyulması və maraqla qarşılanması bir daha bu monumental tragikomediyanın müasir dövrümüzdə də böyük əhəmiyyətə malik olduğunu göstərməkdədir. Ümummilli lider öz nitqində "Ölülər” əsərinə xüsusi önəm verərək demişdir: "Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılıq üslubunu və özünəməxsus fitri istedadını əks etdirir. "Ölülər” əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilmiş və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunmuşdur. Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmamış, əksinə, bu əsərdə islam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışmışdır. Eyni zamanda, o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqçılıqla məşğul olanları ifşa edərək tənqid atəşinə tutmuşdur”.

Cəlil Məmmədquluzadə bütün yaradıcılığı boyu öz satirik felyetonlarında, məqalələrində, hekayə və dram əsərlərində dönə-dönə dini məsələlərdən gəlir mənbəyi kimi istifadə edən yalançı din mübəlliğlərindən bəhs etmiş, onların xalqı cəhalət və geriliyə, mövhumata sürükləməsini satira atəşinə tutmuşdur. Buna görə də XX əsr klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Cəlil yaradıcılığına, xüsusilə də onun məşhur "Ölülər” əsərinə müxtəlif və ziddiyyətli münasibətlər olmuşdur. Lakin zaman keçdikcə əsər öz layiqli qiymətini almışdır. Ədəbiyyatımızın hamisi olan Heydər Əliyev əsərin böyük tarixi əhəmiyyətindən bəhs edərək diqqəti əsas faktorlara yönəldir. "Ölülər” əsərinin ikinci mühüm cəhəti ondan ibarətdir ki, orada təkcə dindən istifadə edib fırıldaqla məşğul olanlar ifşa edilmir, həm də insanların mənəviyyatının nə qədər əhəmiyyətli olduğu açıq-aşkar göstərilir. Təəssuf ki, mənəviyyatda çatışmazlıq, mənəviyyatda gerilik bizi bu gün də sıxır. Mənəviyyatımızda ayrı-ayrı qrupların mənfi hərəkətləri cəmiyyətimizi, xalqımızı incidir. Biz "Ölülər” əsərindən dərs götürməliyik... O, böyük bir fəlsəfi əsər kimi bizə bu gün də lazımdır”.

Cəlil Məmmədquluzadə Azərbaycanda və dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə bir vətənpərvər ziyalı kimi mövqeyini bildirmiş, cəmiyyətdə demokratikləşmə meyillərini dəstəkləmiş, xalqların öz müqəddəratını təyin etmək hüququnu və azadlıq uğrunda mübarizəsini dərin məzmunlu əsərlərində əks etdirmişdir. Yazıçılıqla bərabər, həm də ictimai-siyasi xadim kimi ömrü boyu xalqına xidmət göstərən Mirzə Cəlilin fəaliyyətinin bu istiqaməti onun məşhur "Cümhuriyyət'' məqaləsində həllini tapır: "Cümhuriyyət elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz öhdəsində və ixtiyarındadır və vicdan azadlığı, yığıncaq azadlığı, birlik azadlığı, söz azadlığı, siyasi firqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik, seçki üsulunda həmrəylik, bərabərlik və müstəqillik, gizli səsvermə prinsipləri cümhuriyyət quruluşunda əsas olmalıdır” (Cəlil Məmmədquluzadə. Əsərləri. 4-cü cild. Bakı, 2004).

Mirzə Cəlilin bu tarixi əhəmiyyətli məqaləsini yada salan Heydər Əliyev demokratik ədibin dövlətçilik haqqında dəyərli fikirlərini yüksək qiymətləndirir, onu humanizm prinsiplərinin fövqündə dayanan ziyalı hesab etməklə müasirimiz adlandırır: "Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi dövlət yaratmaq istəyirik. Cəlil Məmmədquluzadə böyük demokrat olubdur, Azərbaycan dövlətçiliyi üçün səylər göstəribdir. Bizə böyük miras, irs qoyub gedibdir. Bunların hamısını biz yüksək qiymətləndirməliyik. Bax, bunlara görə də Cəlil Məmmədquluzadə daim bizimlədir”.

Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursu layiqincə davam etdirilir. Mirzə Cəlil irsi yenə də diqqət mərkəzindədir. Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına uyğun olaraq Cəlil Məmmədquluzadənin "Əsərləri” dörd cilddə nəşr olunmuşdur. 2006-cı ildə "Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 100, 2016-cı ildə 110 illiyi və 2019-cu ildə C.Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi barədə Prezident sərəncamı ulu öndərin böyük siyasətinin uğurlu davamıdır.

Dahi siyasətçinin Cəlil Məmmədquluzadə irsinə münasibətini müdrik rəhbərimizin öz sözləri ilə yekunlaşdırmaq yerinə düşərdi: "Cəlil Məmmədquluzadə dühası "Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. "Molla Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.

Gülbəniz BABAYEVA,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video