12 Fevral 2019 00:21
1049
Mədəniyyət
A- A+

Qoşa çinar


XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən olan böyük yazıçı, istedadlı publisist, nüfuzlu mütəfəkkir və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 ili tamam olur. Xalqın böyük oğlu Mirzə Cəlilin yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Prezident İlham Əliyev xüsusi sərəncam imzalamışdır. Yubiley ərəfəsində görkəmli ədibin keşməkeşli ömür yoluna, zəngin yaradıcılığına yenidən nəzər salınır, tarixin maraqlı, eyni zamanda ziddiyyətli məqamları həssaslıqla araşdırılır, yeni və qiymətli faktlar, məlumatlar aşkarlanır.

Cəlil Məmmədquluzadə mənalı həyatının bir hissəsini Kəhrizli kəndində yaşamışdır. Tale elə gətirmişdir ki, Mirzə Cəlil Tiflisdə tarixçi Əhməd bəy Cavanşirin qızı, maarifpərvər və xeyriyyəçi Azərbaycan qadını Həmidə xanımla tanış olur. Nə xoş ki, bu təsadüfi tanışlıq səmimi və mehriban bir ailənin qurulması ilə nəticələnir. Beləcə, Mirzə Cəlil Həmidə xanımın simasında qayğıkeş ömür-gün yoldaşı, öz maddi imkanlarını böyük ədibin sağlamlığına və zəngin yaradıcılığına səxavətlə xərcləyən cəfakeş və etibarlı dost qazanır. Mirzə Cəlil həyatının Kəhrizli dövrünü sonralar xoş və kövrək duyğularla xatırlayır.

Azərbaycanın görkəmli qadınlarından söz düşəndə Həmidə xanımın parlaq obrazı göz önündə canlanır. Həmidə xanım Məmmədquluzadə bütün şüurlu həyatını, mənalı ömrünü sonsuz məhəbbətlə sevdiyi, uğrunda misilsiz çətinliklərə, saysız-hesabsız əziyyətlərə tablaşdığı doğma xalqının maariflənməsinə, böyük xeyriyyəçilik işlərinə həsr etmişdir.

O, 1873-cü il yanvarın 19-da Şuşa qəzasının Kəhrizli kəndində Qarabağ xanı Pənahəli xan Cavanşirin nəticəsi Əhməd bəy ocağında dünyaya göz açmışdır. Mənsub olduğu nəslin yüksək əxlaqi-mənəvi keyfiyyətləri Həmidə xanımın bütöv şəxsiyyət, sözün tam mənasında bir əsilzadə kimi formalaşmasında həlledici rol oynamışdır. İlk təhsilini ailə məktəbində alan Həmidə xanım yeniyetmə yaşında rus dilini öyrənir. Malik olduğu yüksək intellektual səviyyə, geniş dünyagörüşü onu dövrün qadınlarından kəskin şəkildə fərqləndirirdi.

İlk həyat yoldaşı zədəgan nəslindən olan İbrahim bəy Davıtdarov cəbhədə həlak olandan sonra Həmidə xanım doğma Kəhrizli kəndində ata mülkünü idarə etməyə başlayır. Orada ilk qadın məktəbi açır, toxuculuq emalatxanası yaradır, öz vəsaiti hesabına qazdığı kəhrizlə böyük bir ərazidə torpaqların suvarılmasını təmin edir. Bu, ağır şəraitdə yaşayan həmkəndlilərinə Həmidə xanımın həyati əhəmiyyət kəsb edən bir töhfəsiydi. Əsrlər boyu suvarılmayan torpaqlara su verilməsi kəndlilərin üzünü güldürür, zəhmətinin bəhrəsini birə-min edirdi.


Xeyirxahlıq mələyi


Mirzə Cəlillə birlikdə açdığı məktəbdə dərs deyən Həmidə xanım o dövrdə geniş yayılan yoluxucu xəstəliklərə qarşı peyvənd etməyi, xəstəliyə yoluxmuş həmkəndlilərinə yardım göstərməyi öyrənir, insanları müalicə də edirdi.

Həmidə xanım o dövrün yardıma ehtiyacı olan ziyalılarına da təmənnasız kömək göstərirdi. Böyük xeyriyyəçi xanım tək Kəhrizli üçün deyil, ətraf kəndlərdən gələn imkansız adamlara da səxavətlə əl tutar, onları naümid qoymazdı.

Böyük ədibin köməyi və ağıllı məsləhətləri ilə ata mülkünü bacarıqla idarə edən Həmidə xanım ədəbi-bədii yaradıcılıqla da məşğul olurdu. Atası Əhməd bəy Cavanşir o dövrün tanınan ziyalılarından idi. Əhməd bəyin yazdığı "Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsəri o zaman böyük şöhrət qazanmışdı. Sonralar Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilən Həmidə xanım bir çox Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə etmiş, M.Ə.Sabir haqqında maraqlı məlumatlarla zəngin xatirələrini qələmə almışdır.

Hər kəsə məlumdur ki, Cəlil Məmmədquluzadənin həyatı çətinliklərlə, əzab-əziyyətlərlə dolu olmuşdur. Sədaqətli ömür-gün yoldaşı, etibarlı dost olan Həmidə xanım hər zaman böyük ədibin qayğılarını çəkmiş, ağrı-acılarını paylaşmış, yaşayıb-yaratması üçün ona maddi və mənəvi köməyini əsirgəməmişdir.


Məhəbbət və ehtiramın ünvanı


Qədirbilən xalqımız Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyini böyük məhəbbət və ehtiramla qeyd etdiyi bir məqamda onun ömür-gün yoldaşını xatırlamaq, dövrünün xeyirxahlıq mələyi kimi şöhrət qazanmış Həmidə xanım haqqında danışmaq son dərəcə təbii bir istəkdir. Həmidə xanımın unudulması mümkün olmayan xeyirxahlıqları həmişə ehtiramla, minnətdarlıqla xatırlanır. Ağcabədi rayonunun Kəhrizli kəndindəki mülk indi Həmidə xanımın ev-muzeyinə çevrilmişdir. Bu müqəddəs ünvan hər zaman insanların ümid yeri olub. Hələ sovetlər dövründə bu evdə əvvəlcə orta məktəb, sonra musiqi məktəbi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində mənfur qonşularımız Qarabağı işğal edib, kəndlərimizi, şəhərlərimizi odlara qalayıb viran qoyanda isti yuvasından, doğma ev-eşiyindən perik salınan soydaşlarımız respublikamızın hər yerinə səpələndilər. Bir neçə məcburi köçkün ailəsi isə Həmidə xanımın evində məskunlaşdı.

Dövlətin qayğısı ilə qaçqın və məcburi köçkünlər üçün çox sayda yeni qəsəbələr salındı. Həmidə xanımın evində yaşayan məcburi köçkünlərə də yeni mənzillər verildi. Beləcə Həmidə xanımın ev-muzeyini yaratmaq üçün gözlənilən əlverişli məqam gəlib yetişdi. Bina əsaslı şəkildə təmir edilib bərpa olundu. Maraqlı eksponatlar toplandı. Həyət-bacada səliqə-sahman yaradıldı. Muzeyin direktoru Zeynəb Quliyeva deyir ki, ev-muzeyin ümumi sahəsi 360 kvadratmetrdir. Ekspozisiya-sərgi sahəsi isə 120 kvadratmetri əhatə edir. Dörd ekspozisiya salonunda ümumilikdə 200-dən çox eksponat nümayiş etdirilir. Muzeydə Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, əl işləri, tikmələr, məişət əşyaları, divar saatı, kömür ütüsü, güldan, qablar, əlyazmalar, xatirə albomu, kitablar, qəzet-jurnallar saxlanılır.

Muzeyin qarşısında məğrur görkəmi ilə diqqət çəkən iki çinar çiyin-çiyinə verib. Bu qoşa çinara baxanda xalqımızın iki şərəfli övladı - ədib C.Məmmədquluzadə və onun ömür-gün yoldaşı, Azərbaycanın maarifpərvər qadını Həmidə xanım göz önündə canlanır. Onlar şüurlu həyatlarını həsr etdikləri xalqın qəlbində əbədi yaşayacaqlar. Həmişə olduğu kimi - məhəbbət və ehtiramla!

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video