10 Fevral 2019 01:35
1362
SİYASƏT
A- A+

428 qanun, 617 fərman, 1055 sərəncam


İlham Əliyevin yeni inkişaf konsepsiyası sosial dövlət modelinin fundamental əsaslarını formalaşdırıb


Son 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında tarixi uğurlara imza atan Azərbaycan böyük və şərəfli yol keçib. Prezident İlham Əliyevin dediyi kimi, heç vaxt indiki qədər güclü olmayan Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır.


Möhtəşəm iqtisadi yüksəliş dövrü


Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların rifah halını yaxşılaşdırmaqdır. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan” qəzetində ötən ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən təhlili məqaləsində qeyd edildiyi kimi, Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasət və Prezident İlham Əliyevin çevik iqtisadi islahatları nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin fundamental əsaslarını formalaşdırıb.

Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin daha da yüksəldilməsini təmin edib.

Məqalədə qeyd edildiyi kimi, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Yəni 15 il ərzində Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövlətinə çevrilib.

Bunu təkcə 15 ilin iqtisadi göstəricilərinə nəzər yetirdikdə aydın görmək mümkündür. Ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye potensialı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə (artıq 45 milyard dollar təşkil edir), kənd təsərrüfatı istehsalının 1,7 dəfə artması tarixi rekorddur.

Bu onu göstərir ki, 15 ildə iqtisadi inkişaf baxımından Azərbaycan qədər inkişaf yolu keçən ikinci ölkə yoxdur. Bu müddət ərzində ölkə iqtisadiyyatına yatırılan 250 milyard dollarlıq sərmayə də bunu bir daha təsdiqləyən faktdır.


Qüdrətli dövlət, etibarlı tərəfdaş


İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, Azərbaycanda indiyədək həyata keçirilən sosial layihələr də dayandırılmayıb. Ölkəmizin təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar isə Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə səbəb olub.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü, həmçinin Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrin reallığa çevrilməsi, ölkə daxilində mühüm sosial-iqtisadi infrastrukturların inşası, verilən vədlərin vaxtında yerinə yetirilməsi göz önündədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi”, TANAP-ın açılış mərasimləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, dəyəri 6,3 milyard dollar olan "Star” NEZ-in Türkiyədə işə düşməsi Azərbaycanın uğurlarıdır.

Bir vaxtlar elektrik enerjisinə olan tələbatını ixrac qarşılığında təmin edən bir ölkə, eləcə də bir çox layihələrini gerçəkləşdirmək üçün borc alan dövlət bu gün dünyanın əsas enerji ixracatçısı və borc verən ölkəyə çevrilib.

Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət isə Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirməklə yanaşı, qüdrətli dövlət kimi tanınmasını da şərtləndirib.


Dövlət proqramları və uğurlu göstəricilər


Həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin regionlarında da yüksəliş dövrü yaşanıb. Regionlarda sosial-iqtisadi inkişafa töhfə verən, yeni iş yerlərinin açılmasını təmin edən müəssisələr, zavodlar, fabriklər və digər obyektlər fəaliyyətə başlayıb.

Regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramının icrası nəticəsində 15 min kilometr avtomobil yolu tikilib, 31 yeni elektrik stansiyası inşa olunub, dörd böyük su anbarı tikilib, ölkə üzrə təbii qazla təminat 95 faizə çatdırılıb, 100 mindən çox müəssisə yaradılıb, 17 aqropark fəaliyyətə başlayıb, 15 "ASAN xidmət” mərkəzi yaradılıb, 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, 44 olimpiya mərkəzi yaradılıb.

Bu müddət ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib və 2 milyon iş yeri açılıb.


69 sərəncam, 329 milyon manat vəsait


Yola saldığımız 2018-ci il də regionların sosial-iqtisadi inkişafı baxımından çox uğurlu il olub. Süleyman İsmayılovun məqaləsində qeyd edilir ki, ötən il dövlət başçısının 69 sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 329 milyon manat vəsaitlə 41 şəhər və rayonda abadlıq-quruculuq işləri görülüb, sosial iaşə obyektləri tikilib, 22 şəhər və rayonda əsaslı yenidənqurma işləri aparılb, 13 rayonda yeni təhsil ocaqlarının inşasına başlanıb, 6 rayonda isə yeni yollar və körpülər tikilib.

Prezidentin sərəncamları ilə bir çox sosial obyektlərin tikintisinə, avtomobil yollarının çəkilməsinə və digər məqsədlərə böyük məbləğdə vəsait ayrılıb.

Prezidentin təşəbbüsü ilə 43 regionda 8120 şagird yerlik 140-dan çox modul tipli məktəb quraşdırılıb və qəzalı vəziyyətdə olan bir çox kənd məktəblərinin problemləri həll edilmişdir. Bu il isə 100-dən çox məktəbin tikintisi nəzərdə tutulub.

Ötən il dövlət başçısının 73 sərəncamı ilə avtomobil yollarının tikintisi və yenidən qurulması məqsədilə təqribən 750 milyon manat, o cümlədən ümumilikdə 506 yaşayış məntəqəsini birləşdirən və 1 milyon 163 min insanın yaşadığı kənd və qəsəbə yollarının tikintisi məqsədilə 471 milyon 260 min manat vəsait ayrılıb. Əvvəlki illərdə icrasına başlanılmış işləri də nəzərə alsaq, keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılıb, yeni yollar salınıb, 2,2 milyon insanın yol problemi həll olunub.


Sənayenin inkişafı, ixracın artımı, yeni iş yerlərinin açılması


Ötən il ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən layihələr də uğurlu nəticələr verib. Həm ölkədən kənarda, həm də bölgələrdə inşa edilən müəssisə və zavodlar, sənaye məhəllələri və digər obyektlər həm istehsalın həcminin artmasına, həm də yeni iş yerlərinin açılmasına səbəb olub. Ötən il Rusiya, Ukrayna, Latviya, Çin və Polşada Azərbaycan ticarət evləri, Masallı Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Şamaxıda "Şirvan şərabları” MMC-nin şərab zavodu, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, həmçinin İnşaat Kimyəviləri Zavodu, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu və "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, "Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və "Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filiallarının açılması həqiqətən uğurlu göstərici hesab oluna bilər.

Məhz bu müəssisələrin fəaliyyətə başlaması ilə ölkəmizin ixrac potensialı da yüksəlib və ixrac idxalı 8,6 milyard dollar üstələyib.


Xalqın rifahına xidmət edən fərman və sərəncamlar


Ötən il Azərbaycan Respublikası Prezidentinin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı qanunlar böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının 2018-ci ildə imzaladığı 428 qanunun, 617 fərmanın, 1055 sərəncamın əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

Cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk fərmanın Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində birdəfəlik yardım göstərilməsi barədə olması da bir daha dövlət başçısının bu kateoriyaya aid insanlara diqqət və qayğısının təzahürü idi. Bu ilin yanvar ayında həmin sərəncama edilən dəyişiklik və Prezidentin şəhid ailələri ilə görüşü deyilənləri bir daha təsdiqlədi.

Ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan 3 dəfə çox - 626 mənzil təqdim edilib. Bu il isə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil veriləcək.

Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel və 2019-cu il 28 yanvar tarixli fərmanlarına uyğun olaraq, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub, 2018-ci ildə 3099 şəhid hərbi qulluqçunun vərəsələri 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib və ödəmələr növbəti 10 ay ərzində başa çatdırılacaq.

Həmçinin məcburi köçkünlərin problemlərinin həlli dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. 2018-ci ildə məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması davam etdirilərək mənzil və evlərlə təmin olunmuş məcburi köçkünlərin sayı 300 minə çatdırılıb.


Yeni dövlət proqramı, 17,4 milyard manat vəsait


Bütün bu göstəricilərə əsasən deyə bilərik ki, ötən illər ərzində həyata keçirilən düzgün və uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Prezident İlham Əliyevin yeni iqtisadi inkişaf strategiyasının urğurlu nəticələr verdiyi göz önündədir.

Hər zaman siyasətinin mərkəzində vətəndaşın dayandığını deyən dövlət başçısının verdiyi vədlərin hər biri reallığa çevrilir. Bölgələrin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan, mütəmadi olaraq verdiyi tapşırıqların icrası ilə yerində maraqlanan cənab İlham Əliyevin fərmanı ilə təsdiqlənən Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı da bir daha təsdiq edir ki, növbəti 5 ildə də regionların inkişafı diqqət mərkəzində olacaq. Elə dövlət proqramında nəzərdə tutulmuş işlərin icrasına əvvəlki proqramdan da çox - 17,4 milyard manat vəsaitin ayrılması da bunu bir daha təsdiqləyir.

Bütün bunlar onu deməyə əsas yaradır ki, yürütdüyü müstəqil siyasətlə ölkəmizi uğurlu gələcəyə aparan İlham Əliyevin inkişaf konepsiyası əsasında Azərbaycan həm bu il, həm də növbəti illərdə öz uğurlu, dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da möhkəmləndirəcək.


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video