Müxtəlif ölkələrdən gələn sifarişlər ixracın coğrafiyasını daha da genişləndirir
Azərbaycan məhsullarının dünya bazarına çıxarılması istiqamətində aparılan işlər uğurlu nəticələr verir. "Made in Azerbaijan” brendi ilə dünyaya yayılan qeyri-neft məhsullarımızın həm çeşidi artır, həm də coğrafiyası böyüyür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayında da bu barədə ətraflı məlumat verilir.
Almaniyaya 200 ton orqanik fındıq ləpəsi ixrac olunub
İcmalın bu sayında "Azexport.az” portalı vasitəsi ilə təqdim olunan Sərbəst Satış Sertifikatının Azərbaycan şirkətlərinin yeni bazarlara çıxış imkanlarını artırması barədə geniş məlumat verilib. Həmçinin "Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti də öz əksini tapıb. Qeyd edilir ki, bu ilin yanvar ayında "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə ixracla bağlı tələb olunan sertifikatlar verilib. Mərkəz vasitəsi ilə həyata keçirilən ixracın dəyəri isə 8 milyon dollar olub.
İcmalda eyni zamanda Azərbaycandan Almaniyaya 200 ton orqanik fındıq ləpəsinin ixrac olunması ilə bağlı məlumat da əksini tapıb. Əlavə edək ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi və ticarət tərəfdaşıdır və Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70 faizi Azərbaycanın payına düşür.
Azərbaycan və Almaniya arasında indiyədək 70-dən çox sənəd imzalanıb. Azərbaycanda 154 Almaniya şirkəti qeydiyyatdan keçib, Almaniya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər. 2018-ci ildə isə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 61 faizdən çox artıb. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 milyon dollar, Azərbaycan tərəfindən isə Almaniyaya 124 milyon dollar investisiya yatırılıb.
Asiyaya mineral su, Avropaya isə müalicəvi çay ixrac ediləcək
Yanvarın 18-dən 27-dək Almaniyanın Berlin şəhərində keçirilən "Beynəlxalq Yaşıl Həftə-2019” sərgisində Azərbaycan məhsulları da nümayiş olunub. Belə ki, sərgidə şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. sahələrdə fəaliyyət göstərən 14 Azərbaycan şirkətinin məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində təqdim edilib.
Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Razılaşmaya əsasən Azərbaycanın "Herba Flora” şirkəti Almaniyanın "Herbacon GmbH” və Tramontabio” şirkətləri ilə müalicəvi çayların ixracına, "Babək Sirab” ASC şirkəti və Qətərin "Dandy Company Ltd” şirkəti arasında mineral suların ixracına dair razılığa gəliblər.
R.BAXŞƏLİYEV,
"Azərbaycan”