09 Fevral 2019 01:20
995
CƏMİYYƏT
A- A+

Azərbaycanın Nəqşi-Cahanı


Azərbaycan - qədim Odlar ölkəsi, Qafqaz coğrafiyasında böyük əraziləri və görkəmli şəxsiyyətləri olan, Şərqlə Qərb arasında körpü funksiyasını yerinə yetirən ecazkar bir diyardır.

Azərbaycan - tarix etibarilə Kür-Araz və Xocalı-Gədəbəy, Kültəpə-Şabran mədəniyyət ənənələri üzərində ucalıb zaman-zaman inkişaf etmiş, möhkəm və dərin köklərə malik möhtəşəm bir ölkədir.

Azərbaycanın tarixi inkişafında müxtəlif iqlim qurşaqlarına, zəngin yeraltı və yerüstü sərvətlərə, davamlı milli-mənəvi ənənələrə malik olan tarixi-mədəni mərkəzlərin böyük yeri və rolu vardır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı xalqımızın milli-mənəvi təkamülündə, elmi-mədəni və iqtisadi inkişafında özünəməxsus mühüm xidmətləri ilə tanınır.

Dünyadakı qədim sivilizasiya mərkəzlərindən biri də Naxçıvandır. Əsatirə görə, bəşəriyyətin babası Nuh peyğəmbərin əfsanəvi gəmisi Dünya tufanından sonra Naxçıvan ərazisindəki Gəmiqaya adlanan yerdə torpağa enmiş, insanlığın yeni həyatı buradan başlanmışdır. Naxçıvan sözünün etimoloji mənası da Nuhçıxan sözündən götürülmüşdür.

Atabəylər dövlətinin paytaxtı kimi Naxçıvan ölkəmizin dövlətçilik tarixinə şanlı səhifələr yazmışdır.

Naxçıvan Azərbaycanı Türkiyə Cümhuriyyəti vasitəsilə Avropa ilə, İran İslam Respublikasından keçməklə Asiya ilə əlaqələndirən əlverişli bir regiondur.

Azərbaycanın görkəmli tarixi və ədəbi şəxsiyyətlərinin sırasında Naxçıvan torpağının yetirmələrinin böyük payı vardır. Orta əsrlərdə Əcəmi Naxçıvani, Nemətullah Naxçıvani, Nəcməddin Naxçıvani, Nəsirəddin Tusi, Hinduşah Naxçıvani, Fəxrəddin Naxçıvani, Hüsaməddin Naxçıvani, Məhəmməd Naxçıvani və başqaları kimi böyük mütəfəkkirlər və sənətkarlar Azərbaycanın ictimai-ədəbi və elmi fikrini Şərq miqyasında yüksək səviyyədə təmsil etmişlər. Sonrakı dövrlərdə Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Heyran xanım, Eynəli bəy Sultanov, Bəhruz Kəngərli, İbrahim Səfi, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Həsən Abdullayev, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Asəf Zamanov Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmişlər.

Məşhur general Naxçıvanskilər sülaləsi: İsmayıl xan, Hüseyn xan, Ehsan xan, Kalbalı xan, Cəmşid xan Naxçıvanskilər Azərbaycanın hərb tarixində silinməz izlər buraxmışlar.

Naxçıvan - ölkəmizin Ermənistan sərhədlərindəki alınmaz qalasıdır.

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevi ölkəmizə Naxçıvan torpağı bəxş etmişdir.

Sovet hakimiyyəti illərində muxtar dövlət qurumu kimi fəaliyyət göstərən Naxçıvan ölkəmizin müstəqillik tarixində də mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının tərkibində mövcudluğunu qoruyub saxlamaqda və inkişaf etdirməkdə Naxçıvanın muxtariyyat statusu qazanmasının müstəsna rolu vardır. XX əsrin əvvəllərində Naxçıvan Muxtar Respublikasının yaradılması uğrunda aparılan mübarizə ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması və möhkəmləndirilməsinə xidmət edən şərəfli tariximizin parlaq səhifələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi aşağıdakı sözlər Naxçıvan Muxtar Respublikasının tarixi-siyasi əhəmiyyətini dolğun şəkildə ifadə edir: "Naxçıvanın muxtariyyatı tarixi nailliyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

XX əsrin əvvəllərində erməni-bolşevik birləşməsinin hərbi təcavüzü nəticəsində ölkəmizin qədim torpaqlarından olan Zəngəzur bölgəsinin işğal edilməsi ilə Naxçıvan diyarının Azərbaycanın əsas ərazisindən ayrı düşməsi bu regionda muxtar respublika yaratmaq zərurətini meydana çıxarmışdır. Azərbaycan xalqının vətənpərvər oğulları, görkəmli dövlət xadimləri Nəriman Nərimanovun və Behbud ağa Şahtaxtinskinin xüsusi səyləri ilə Naxçıvanın muxtariyyat statusu qazanması məsələsi region dövlətlərinin diqqət mərkəzinə təqdim olunmuş, ölkə siyasətinin taleyüklü məsələsi səviyyəsinə qaldırılmışdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün siyasi uzaqgörənliyi, Kazım Qarabəkir paşanın səyləri də Azərbaycan Sovet Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılmasında mühüm əhəmiyyət kəsb etmişdir. Xüsusən, Naxçıvan əhalisinin vətən və torpaq sevgisi, bu ərazilərdə işğalçılıq və təcavüzkarlıq niyyətlərini həyata keçirməyə cəhd göstərən erməni qəsbkarlarına qarşı mərdliklə mübarizə aparan yerli əhalinin böyük əzmi də regionun Azərbaycanın ayrılmaz hissəsi olaraq qorunub saxlanılmasını və proseslərin nəticə olaraq muxtariyyata doğru inkişaf etdirilməsini şərtləndirmişdir. Behbud ağa Şahtaxtinskinin ayıqlığı və fədakarlığı sayəsində 1920-ci ilin yanvar ayında Naxçıvanın ərazi mənsubiyyəti və siyasi statusuna dair keçirilmiş referendumda regionun əhalisinin doxsan faizdən çoxunun Naxçıvanın Azərbaycanın tərkibində tarixi yolunu davam etdirməsinə səs verməsi sonrakı dövrdə qaldırılan muxtar respublika statusu məsələsinin həlledici faktoruna çevrilmişdir.

Nəhayət, Sovet-Türkiyə əməkdaşlığı haqqında imzalanmış 16 mart 1921-ci il tarixli Moskva müqaviləsində ilk dəfə olaraq Naxçıvana Azərbaycanın tərkibində muxtar respublika statusu verilməsi rəsmi bir beynəlxalq sənəddə öz ifadəsini tapmışdır. Bundan sonra 13 oktyabr 1921-ci tarixdə Türkiyənin Qars şəhərində region dövlətlərinin imzaladığı beynəlxalq statusa malik müqavilədə Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikasının yaradılması qəti olaraq rəsmiləşdirilmişdir. Azərbaycandan başqa Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Gürcüstan Respublikası və Ermənistan Sovet Respublikasının birlikdə imzaladığı məşhur Qars müqaviləsi ilə Naxçıvan Muxtar Respublikasının təşkili birdəfəlik həll olunmuşdur. Bütün bunlardan sonra 9 fevral 1924-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının Naxçıvan Muxtar Sovet Sosialist Respublikası rəsmi şəkildə elan olunmuşdur. Beləliklə, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanda dövlət səviyyəsində ölkəmizin ərazi bütövlüyünün, coğrafi sərhədlərin konkret olaraq müəyyən olunması və siyasi cəhətdən möhkəmləndirilməsi uğrunda aparılan gərgin mübarizələrin nəticəsi olaraq əldə edilmişdir. Bu, yəni Qars müqaviləsinin müddəaları sonrakı tarixi mərhələlərdə ölkəmizin ermənipərəst sovet rejiminin məkrli təcavüzkar siyasətindən xilas olunmasının təmin edilməsi üçün də həlledici amilə çevrilmişdir. Bu mənada sülh və təhlükəsizliyə təminat verən Qafqaz coğrafiyasında və Anadoludakı bütün xalqların sabitlik və əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq şəraitində yaşamasını təmin edən Qars beynəlxalq müqaviləsi böyük tarixi əhəmiyyət kəsb edir.

Qars müqaviləsində Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının ərazisi və sərhədləri də müəyyən olunmuş və həmin sərhədlərin toxunulmazlığı konkret maddələrdə ifadə edilən hüquqi müddəalarla möhkəmləndirilmişdir. Əhəmiyyətli cəhətlərdən biri də ondan ibarətdir ki, Qars müqaviləsi ilə Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünün toxunulmazlığına Türkiyə Cümhuriyyətinin cavabdehlik daşıması təsbit olunmuşdur. Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaradılması, ərazisinin müəyyən edilməsi və hüquqi təminatı məsələləri beynəlxalq müqavilələrlə təsdiq olunmuşdur. Qars müqaviləsi müddət olaraq həmişəlik bağlanmış və region dövlətlərinin rəsmi nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Beynəlxalq qaydalara görə, bu müqavilə yalnız mətndə imzaları olan beş dövlətdən üçünün etiraz etdiyi təqdirdə ləğv edilə bilər. Ona görə də Ermənistan tərəfin Qars müqaviləsinin ləğv edilməsi üçün etdiyi mənasız və qanunlara zidd səylərin heç bir hüquqi əsası yoxdur. Çünki Azərbaycanla birlikdə Türkiyə Cümhuriyyətinin Ermənistana "hə” deyəcəyi mümkünsüz olduğu kimi, çox böyük strateji əhəmiyyətə malik iqtisadi layihələrdə ölkəmizə ortaq olan Gürcüstan Respublikasının da regionda sabitlik və əməkdaşlıq baxımından daha səmərəli yol axtarmaq xülyasına düşəcəyi heç bir baxımdan ağlabatan görünmür.

Bundan başqa, regionda ümumi maraqları olan Rusiya Federasiyası üçün də Azərbaycan Respublikası kimi əhəmiyyətli bir tərəfdaşı uzaqlaşdırmaq sərfəli deyildir. Bütün bunlara görə Qars müqaviləsinin müddəalarının nəzərə alınması bundan sonrakı dövrlərdə də region dövlətlərinin mütləq əksəriyyəti üçün gərəklidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi zaman Türkiyə Cümhuriyyətinin dövlət başçıları ilə rəsmi danışıqlar apararaq, müasir dövrdə Qars müqaviləsini yenidən region dövlətlərinin diqqət mərkəzinə çəkməsi müqaviləyə imza atmış ölkələrin maraqları ilə üst-üstə düşmüş və obyektiv reallıq kimi qəbul edilmişdir.

Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikası 67 il səmərəli şəkildə fəaliyyət göstərmiş, burada imkan daxilində sosial-iqtisadi, elmi-mədəni sahələrdə müəyyən inkişafa nail olunmuşdur. Bununla belə, sovet hakimiyyəti illərində də Naxçıvan Muxtar Respublikası Kremldə özünə müəyyən mövqe qazanmış erməni millətindən olan təmsilçilərin və onlara dəstək verən sovet rəhbərlərinin təzyiqləri ilə üzləşmişdir. Lakin ən müxtəlif səbəblərdən, xüsusən də sovet rejiminin sərt totalitar prinsiplərinə görə muxtar respublikanın rəhbərliyi yox, ziyalıların səyləri və yerli əhalinin vətənpərvərliyi sayəsində Ermənistan tərəfinin Naxçıvan Muxtar Respublikasının ərazisindən torpaq qoparmaq cəhdləri baş tuta bilməmişdir.

XX əsrin ortalarında sovet dövlətinin rəsmilərinin ermənilərin Naxçıvana qarşı növbəti ərazi iddialarına müsbət yanaşma meyilləri müşahidə olunarkən 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasında keçirilmiş bir yığıncaqda Azərbaycan Dövlət Universitetinin müəllimi, Naxçıvan torpağının yetişdirməsi Abbas Zamanovun gözlənilmədən çıxış edərək bu məsələyə kəskin etirazını bildirməsi nəinki respublika partiya rəhbərliyində, həm də Sovetlər İttifaqının yüksək siyasi dairələrində böyük narahatlıq doğurmuşdur. Abbas Zamanov ali məktəbdəki vəzifəsindən çıxarılsa da və kommunist partiyasının sıralarından azad edilsə də, mövqeyindən dönməmişdir. Bir az sonra Kreml həmin məsələni yenidən gündəliyə gətirdikdə, xüsusən qaniçən erməni cəlladı, Türkiyə dövlətinə xəyanət etmiş, Stepan Şaumyanın diktəsi ilə Naxçıvanda və Azərbaycanın digər ərazilərində günahsız insanların faciəli surətdə ölümünə bais olmuş satqın Andronikin yuxarı dairələrdə 100 illiyinin qeyd edilməsi, ona heykəl qoyulması təşəbbüsləri səsləndikdə Naxçıvan Muxtar Respublikasında rəsmi dövlət vəzifələrində çalışan tarix elmləri namizədi Əli Əliyev əvvəlcə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə, sonra isə Sovetlər İttifaqının rəhbərliyinə etiraz məktubları ünvanlamışdır.

Əli Əliyevin 1 mart 1966-cı il tarixində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya şöbəsinə göndərdiyi məktubdakı vətəndaş mövqeyini ifadə edən aşağıda qeyd edilən sərt fikirlər öz əksini tapmışdır: "İzvestiya” qəzetinin 16 yanvar tarixli nömrəsinin "Sonuncu gün” bölməsində Marietta Şaginyanın (yazıçı, Lenin mükafatı laureatı - İ.H.) "Volqa” ilə Fransanı dolaşarkən” sərlövhəli məqaləsi verilmişdir. Məqalə müəllifi general Andronikin Parisdən Per-laşez qəbiristanlığındakı heykəlini David Sasanskiyə qoyulmuş abidə ilə müqayisə etmişdir. ...Hamıya məlum olduğu kimi, general Andronik təpədən-dırnağa qədər bolşevizmin düşməni, əksinqilabi "Daşnaksütyun” partiyasının... üzvü olmuşdur. ...Andronik İran-Türk cəbhəsindən geri çəkilərkən 1918-ci ilin iyun-iyul aylarında Naxçıvan diyarında dinc əhalini didərgin salıb, qırıb-çatıb, talan edibdir. O, qadınları, uşaqları və qocaları da odlara yaxıb, qılıncdan keçiribdir... Salınmış qanlı nifaq, Andronik tərəfindən.... diyarın dinc əhalisinə qarşı törədilmiş fiziki cəhətdən məhvetmə halları haqqında mən bu ilin 28 yanvarında yazdığım məktubda "İzvestiya” qəzetinin redaksiyasını və Marietta Şaginyanı məlumatlandırmışam... Çox təəssüf edirəm ki, əksinqilabçı Andronikin mədh edilməsinə qarşı mənim bu etirazıma dair heç bir cavab almamışam. Sizə müraciət edərək xahiş edirəm ki, Marietta Şaginyanın general Androniki xalq qəhrəmanı ilə müqayisə etməsinin düzgün olub-olmamasına aydınlıq gətirəsiniz.

Mənim fikrimcə, ən yaxşısı budur ki, açıq-aşkar etiraf edilsin: Andronik xalq qəhrəmanıdır, yaxud düşmən ünsürlərlə, ingilis-amerika imperialistləri ilə əlbir olan bolşevizm düşmənidir. Əks təqdirdə anlaşılmazlıqlar yaranır”.

Tanınmış Azərbaycan ziyalıları Abbas Zamanov və Əli Əliyev kimilərin çıxışları və məktubları təsirsiz qalmamış, sovet rəhbərliyi Ermənistanın Naxçıvana qarşı əsassız ərazi iddialarından əl çəkməli olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının sədri Mehdi Hüseynlə xalq yazıçısı İlyas Əfəndiyevin bu barədəki söhbətlərini eşidib, sonralar qələmə alan xalq yazıçısı Elçinin qeydlərindəki aşağıdakı məqamlar bu gerçəkliyi bir daha təsdiq edir: "Bütün Azərbaycan o çıxışdan (A.Zamanovun Akademiyadakı çıxışından - İ.H.) danışırdı. Mənim yaxşı yadımdadır, həmin günlərdə bir axşam Mehdi Hüseyn bizə gəlmişdi, atamın iş otağında həmişəki kimi söhbət edirdilər. Və ədəbiyyat söhbətlərində maraqlı olduğum üçün mən də həmişəki kimi onların yanında oturub onlara qulaq asırdım. Mehdi Hüseyn dedi: Vəli (Azərbaycan KP MK-nın I katibi Vəli Axundov - İ.H.) deyir ki, Abbasın (Abbas Zamanovun - İ.H.) çıxışı gedib Xruşşova çatıb. Deyir, Mikoyan başda olmaqla, doğrudan da Naxçıvan məsələsini qaldırıblarmış. Təklifləri hələ qabaqlar Tevosyan (SSRİ Nazirlər Soveti Sədrinin müavini - İ.H.) hazırlayıbmış. Abbasın çıxışından sonra bu məsələni gündəlikdən çıxarıblar”.

Sovet hakimiyyəti illərində Naxçıvan Muxtar Respublikasının inkişafında 1938-1953-cü illərdə fəaliyyət göstərmiş Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti mühüm əhəmiyyətə malik olmuşdur. Muxtar respublikada ziyalı mühitinin formalaşmasında, regionun kadrlarla təmin olunmasında geniş imkanlar yaratmış bu ali təhsil ocağı Azərbaycan üçün də yeni nəsil vətənpərvər şəxsiyyətlər, görkəmli ziyalılar yetişdirmişdir. Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Nəcəfqulu Rəfiyev, Abbas Quliyev və Qəzənfər Əkbərov Naxçıvan Müəllimlər İnstitutunda təhsil almışdılar. Görkəmli Azərbaycan alimləri akademik Cəlal Əliyev, müxbir üzvlərdən Mustafa Hüseynov, Səfərəli Babayev, əməkdar elm xadimi, professor Yusif Seyidov, filologiya elmləri doktoru, professor Yavuz Axundlu, pedaqoji elmlər doktoru, professor İbrahim Mollayev, əməkdar müəllim, dosent Nəriman Orucəliyev və onlarla başqa tanınmış alimlər, maarifçi ziyalılar Azərbaycan miqyasında ad-san qazanmış, elm və təhsil yollarında şərəflə xidmət göstərmişlər. Bir qədər fasilədən sonra, 1967-ci ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı və onun bazasında təşkil edilmiş Naxçıvan Dövlət Universiteti muxtar respublikada elmi-maarifçi ənənələri uğurla davam və inkişaf etdirmişdir. Eyni zamanda, diyarda mədəni mühitin inkişafında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının mühüm xidmətləri var.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası ölkəmizin dövlət müstəqilliyi uğrunda apardığı mübarizəyə də böyük töhfələr vermişdir. Belə ki, 1990-cı ildə qanlı yanvar hadisələri zamanı erməni-bolşevik təcavüzünə etiraz əlaməti olaraq Naxçıvan Muxtar Respublikası Ali Sovetinin SSRİ-nin tərkibindən çıxmaq haqqında çıxardığı və on gündən çox həyata keçirdiyi qərar Azərbaycanın müstəqillik taleyində mühüm əhəmiyyətə malik olan böyük tarixi hadisədir. Xüsusən Azərbaycan Sovet Respublikasına uğurla rəhbərlik etmiş, SSRİ adlanan dövlətin Siyasi Bürosunun üzvü və əsas rəhbərlərindən biri olmuş görkəmli dövlət xadimi Heydər Əliyevin taleyin hökmü ilə Naxçıvanda yaşaması, tarixin ən məsuliyyətli dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etməsi burada mövcud erməni təcavüzünün qarşısını almış, ərazi bütövlüyünü və Azərbaycanın tərkibində muxtar respublikanın daha da möhkəmləndirilməsini təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi tədbirlər Azərbaycanın müstəqillik tarixinin şanlı-şərəfli səhifələrini təşkil edir. Azərbaycan SSR Ali Sovetinin və Naxçıvan MR Ali Sovetinin deputatı Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 17 noyabr 1990-cı il tarixli iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının respublikanın rəsmi dövlət rəmzlərindən biri kimi qəbul edilməsi haqqında qərar verilməsi və elə həmin gün Naxçıvan Ali Sovetinin üzərindəki Sovet bayrağının həmin bayraqla əvəz edilməsi müstəqillik ərəfəsinin nadir tarixi hadisəsidir. Hələ SSRİ-nin mövcud olduğu bir şəraitdə, dövlət müstəqilliyinin qazanılmasından on bir ay qabaq baş vermiş bu hadisə nəinki Azərbaycanda, geniş mənada keçmiş sovet respublikaları miqyasında zamanı qabaqlayaraq dövlət müstəqilliyi uğrunda mübarizənin paroluna çevrilmişdir.

Eyni zamanda, Naxçıvan MSSR Ali Sovetinin adından "Sovet Sosialist” sözlərinin çıxarılması və "Ali Sovet” ifadəsinin "Ali Məclis” sözləri ilə əvəz edilməsi haqqındakı qərarlar mahiyyət etibarilə Sovetlər İttifaqından imtina etməyə hesablanmış böyük tarixi çağırışlar idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə SSRİ-nin saxlanmasına dair referendumda muxtar respublika əhalisinin iştirak etməməsi o zamanın Azərbaycan rəhbərliyinin mərkəzi hökumət qarşısındakı itaətkar mövqeyinə vurulan zərbə, Sovet İttifaqı rəhbərlərinə isə xalqımızın müstəqillik uğrunda dönməz mövqeyi haqqında ciddi mesaj kimi səslənmişdir. Sovet ordusu hissələrinin dinc yolla və bütün hərbi texnikasını və sursatlarını yerli qoşun birləşmələrinə təhvil verməklə Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarılması məhz möhkəm iradəyə və zəngin təcrübəyə, həm də böyük nüfuza malik olan Heydər Əliyev siyasətinin tarixi nailiyyətlərindən biri idi.

Azərbaycan ərazilərində, xüsusən Dağlıq Qarabağ kimi münaqişə zonasında Azərbaycan rəhbərliyinin ayrı-ayrı partizan dəstələrinin əlində oyuncaq olduğu bir zamanda Heydər Əliyevin regionun ərazi bütövlüyünü qorumaq və müdafiəsini təşkil etmək məqsədilə Naxçıvan MR Dövlət Müdafiə Komitəsi yaradaraq, vahid ordu siyasətini həyata keçirməsi müstəqil dövlətimiz üçün mühüm bir örnək idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin region dövlətləri ilə yaratdığı yeni və etibarlı münasibətlər əslində müstəqil Azərbaycan dövlətinin həyata keçirməli olduğu mühüm vəzifələr idi. Görkəmli dövlət xadimi Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının rəhbərləri ilə keçirdiyi tarixi görüşlər, apardığı danışıqlar, əldə etdiyi razılaşmalar Naxçıvan Muxtar Respublikasının çətin blokada, ağır mühasirə şəraitindəki problemlərinin aradan qaldırılmasında və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərin formalaşdırılmasında mühüm rol oynamışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ölkələrarası iqtisadi münasibətlərin tənzimlənməsinə böyük fayda vermişdir. Naxçıvan Muxtar Respublikasının Sədərək kəndi ərazisi ilə Türkiyə Cümhuriyyətinin Aralıq Dilucu məntəqəsi arasında "Həsrət körpüsü”nün açılması müstəqilliyin başlanğıc dövrünün əlamətdar tarixi hadisəsidir. Xalqın həm də "Ümid körpüsü” adlandırdığı Sədərək-Dilucu körpüsünün rəsmi açılışı mərasimidə görkəmli dövlət xadimi Heydər Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin nitq söyləmələri, aktual çağırışlar səsləndirmələri regionda beynəlxalq münasibətləri tənzimləyən, Azərbaycan Respublikasının rolunu və əhəmiyyətini müəyyən edən tarixi addımlar idi. Bu, Naxçıvanın blokadadan çıxarılması və inkişaf etdirilməsi baxımından çox zəruri hadisə kimi qiymətləndirilməyə layiqdir.

Nəhayət, Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin 16 dekabr 1991-ci il tarixdə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında” imzaladığı sərəncamla müxtəlif qitələrdə yaşayan soydaşlarımızla, onların vasitəsi ilə dünya ölkələri ilə əlaqələrimizin qurulmasına start verilmişdir. Azərbaycan Respublikasının Prezidenti kimi də ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafına böyük qayğı göstərmişdir. Naxçıvanda Hərbi Məktəbin yaradılması və ordu quruculuğunun daha da inkişaf etdirilməsi həmin dövrün dövlət qayğısı sırasında xüsusi yer tutur.

Müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğurla həyata keçirdiyi regionların inkişaf etdirilməsi üzrə Dövlət Proqramı əsasında Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafına xüsusi diqqət və qayğı göstərilir. Yüksək dövlət qayğısı strategiyasının işığında Naxçıvan Muxtar Respublikası böyük sürətlə, hərtərəfli şəkildə tərəqqi edərək ölkəmizin ən inkişaf etmiş regionlarından biri səviyyəsinə çatmışdır. Naxçıvan Muxtar Respublikasında ardıcıl olaraq həyata keçirilən möhtəşəm quruculuq prosesləri müstəqil Azərbaycanın yeni Naxçıvanını meydana çıxarmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük əzmlə və məsuliyyətlə həyata keçirdiyi islahatlar və diyarın hərtərəfli inkişaf proqramları yeniləşən Naxçıvanda müasir intibah mərhələsinin yaradılması ilə nəticələnmişdir.

Tarixən ziyalılar diyarı olmuş Naxçıvanda bu gün də elm, təhsil, ədəbiyyat və incəsənət ahəngdar şəkildə inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Musiqili Dram teatrı, Naxçıvan Yazıçılar, Rəssamlar və Bəstəkarlar Birliklərinin səmərəli fəaliyyətinin təmin edilməsi Naxçıvanı ölkəmizin yeni elm və mədəniyyət mərkəzlərindən birinə çevirmişdir. Naxçıvanda məktəb tikintisinin başa çatdırılması, müasir məktəb komplekslərinin yaradılması, məktəb-muzey birgə interaktiv təhsil şəbəkəsinin formalaşdırılması maarifçilik hərəkatının genişlənməsinə və mühüm nəticələrin əldə olunmasına şərait yaratmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri ali məktəblərə qəbul səviyyəsinə görə respublika üzrə ön sıralarda dayanır. Hazırda muxtar respublikanın bütün ərazisində genişzolaqlı internetdən istifadə olunmasının təmin edilməsi də müasir inkişafa xidmət edir. Naxçıvan şəhərində və rayonlarda yaradılmış muzeylərdə göstərilən xidmət tarixi yaddaşla yeni milli mədəniyyət təfəkkürünün sintezinə və vəhdətinə təkan verir.

Bu gün Naxçıvan Avtomobil Zavodunda istehsal olunan Lifan yük və minik maşınlarının, Naxçıvan mineral sularının, Naxçıvan duzunun, travertinin ölkə üzrə rəqabətədavamlı məhsullara çevrilməsi aparılmış məqsədyönlü sənayeləşdirmə siyasətinin bəhrəsidir. Naxçıvan Sement Zavodunun məhsullarının yerli tələbatı ödəməklə bərabər, həm də keyfiyyət nişanı ilə qonşu ölkələrə ixrac edilən məhsullar istehsal etməsi, xarici bazarda özünəməxsus yer tutması diyarda sənayeləşmənin müasir səviyyəsini nümayiş etdirir. Bütün bunların nəticəsidir ki, əldə olunan mühüm nəticələrə əsasən 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi rayonları arasında birinci yeri qazanmışdır.

Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu istiqamətində görülmüş genişmiqyaslı işlər Naxçıvanı düşmən sərhədində alınmaz qalaya çevirmişdir. Naxçıvanda Əlahiddə Ordunun yaradılması və inkişaf etdirilməsi müasir mərhələdə muxtar respublikanın erməni təcavüzündən qorunmasına, ərazi bütövlüyünün daha da möhkəmləndirilməsinə tam təminat verir. Əlahiddə Naxçıvan Ordusunun 2018-ci ilin may ayında böyük uğurla həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində çox mühüm strateji əhəmiyyətə malik olan Qızılqaya zirvəsinin və Yastan yüksəkliyinin alınması, on bir min hektar ərazinin işğaldan azad edilməsi müstəqillik dövrü Azərbaycan hərb tarixinin möhtəşəm hadisəsidir.

Naxçıvan Muxtar Respublikasında yaradılan hərtərəfli şərait və müasir inkişaf burada ən yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsinə tam imkan yaradır. Türk Dünyası Dövlət Başçılarının Zirvə Toplantısının 2009-cu ildə Naxçıvan şəhərində keçirilməsi bunun əyani sübutudur. 2018-ci ildə İslam Ölkələrinin Mədəniyyət paytaxtı səviyyəsində Naxçıvanda genişmiqyaslı elm və mədəniyyət tədbirlərinin təşkili muxtar respublikadakı yüksək inkişafın parlaq göstəricilərindən biridir. Naxçıvan şəhərinin həm də Gənclər Paytaxtı seçilməsi regionda müasirləşmə hərəkatının həyata keçirilməsində əldə olunan mühüm nəticədir. AMEA Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, Naxçıvan Universitetində keçirilən beynəlxalq elmi konfranslar regionun, həm də ölkəmizin əsas elmi mərkəzlərindən birinə çevrildiyini təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının siyasi-hərbi mövqeyi və əhəmiyyətinə, müasir inkişafına yüksək qiymət vermişdir. Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətə malik hadisəsi hesab edən Prezident İlham Əliyevin aşağıdakı sözləri ölkəmizin tarixi taleyində və müasir inkişafında Naxçıvan Muxtar Respublikasının yerinə, mövqeyinə və hərtərəfli inkişafına dövlət başçısı səviyyəsində verilmiş yüksək qiymətin ifadəsidir: "Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

Azərbaycanın Nəqşi-cahanı olan Naxçıvan Muxtar Respublikası muxtariyyat tarixinin 95 illiyini doğma Vətənimizə və xalqımıza qazandırdığı böyük nailiyyətlərlə qeyd edir. Azərbaycan Respublikasının üzvi tərkib hissəsi olan Naxçıvan hər gün tikilib qurularaq, ucalıb inkişaf edərək, böyük sabahlara doğru inamla yol gedir.

Uğurlar olsun!

İsa Həbibbəyli,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video