Türkiyənin sahil mühafizəsi Muğla vilayətinin Bodrum rayonu hövzəsində 13 fələstinli qaçqını xilas etmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.
Məlumata görə, qaçqınları daşıyan qayığın mühərriki sıradan çıxdıqdan sonra dalğa gəmini açıq dənizə aparmağa başlamışdır.
Fələstinlilər qeyri-leqal yolla Yunanıstan ərazisinə keçmək istəyirmişlər. Miqrantlar mobil telefonla Türkiyənin "112” xilasetmə xidməti ilə əlaqə yarada bilmişlər.
Xilas olunanlar arasında altı qadın da var. Qayıqda olan və qaçqınlara Yunanıstana getməkdə kömək edən Türkiyə vətəndaşı saxlanmışdır.
Fələstinlilər vilayətin miqrasiya mərkəzinə təhvil verilmişlər.