Alternative content

19:23 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İllərdə qalan izlər
İllərdə qalan izlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:18 08.02.2019


Masallı gündən-günə inkişaf edir, daha abad olur


İllər də insanlar kimidir. İnsanın uşaqlıq, gənclik, ahıllıq, qocalıq dövrü olduğu kimi, illərin də yaz, yay, payız, qışı var. İnsan həyatdan köçdükdən sonra onu iki başlıca xüsusiyyəti yaşadır, xatırladır: yaxşı əməli və yaxşı övladı. İllər isə insanların yaddaşında, özündə ehtiva etdiyi mühüm, əlamətdar hadisələrlə tarixə düşür, salnamələrə, elmi əsərlərə salınır. Özümüzün də xəbərimiz olmadan ötən hər saatı, günü, ayı, ili, hətta anı belə, tarixə çevrilir:

İllər də insantək gəlib dünyaya,

İllər də insantək qocalıb gedir.

İllər var, zəfəri gəlməyir saya,

İl də var, dünyadan bac alıb gedir.

Bəli, insan və zaman, təbiət və cəmiyyət həmahəngdir, onlar bir-birini tamamlayır, mənalandırır. Canlıların əşrəfi olan insan hansısa zaman kəsiyində qurub-yaratdığı, gördüyü işlərə baxanda sevinir, həyatda əbəs yaşamadığı üçün fərəh hissi keçirir. Bu gün ən yeni tariximizin səhifələrini vərəqlədikcə sevindirici, əlamətdar hadisələrlə yanaşı, keçən əsrin son onilliyi - 90-cı illər də yada düşür, gözlərimizin önündən gəlib keçir.

O vaxt respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da vəziyyət yaxşı deyildi. Hadisələr adi məcrasından çıxmışdı. Xaos, özbaşınalıq, hərc-mərclik baş alıb gedirdi. Böyüyün-kiçiyin yerini bilən, ağsaqqal, ziyalı sözünə həmişə yüksək qiymət verən bu rayonun camaatı da çaşbaş qalmışdı. Sadə, zəhmətkeş adamlar mitinqlərdə populist çıxışlar edənlərin boş sözlərinə, yağlı vədlərinə belə inanırdılar da. Amma onlar hakimiyyətdə çox yox, yalnız bir il duruş gətirə bildilər. Aralarında gedən vəzifə, rüşvət, mənsəbpərəstlik davası ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxartdı. Belə bir vəziyyətdən hiyləgərcəsinə istifadə edən bədnam qonşularımız fürsətdən istifadə edib rayonlarımızı işğal edirdilər. Əfsuslar olsun ki, damaqlarında şirə qalan həmin qüvvələr Azərbaycanın indiki inkişafını gözü götürməyən xarici dairələrin təsiri altında yenidən respublikada qarmaqarışıqlıq yaratmaq, iğtişaşlar törətmək sevdasına düşmüşlər. Lakin bunlar əbəsdir. Xalq artıq kimin kim olduğunu yaxşı bilir.

Tarix göstərir ki, ən çətin vaxtlarda belə böyük Yaradanın nəzərləri vətənimiz Azərbaycanın üstündə olmuşdur. 1990-cı illərdə də belə oldu. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Müharibə gedən ölkədə o vaxt iqtisadiyyat çökmüşdü, adamların yaşayış səviyyəsi əvvəlki illərlə müqayisədə çox-çox aşağı düşmüşdü. Daxildəki separatçı qüvvələr havadarlarına arxalanaraq çirkin niyyətlərinə çatmaq üçün ölkəni parçalamaq fikrindən əl çəkmək istəmirdilər. Lakin yanılırdılar. Onlar ümummilli liderin uzaqgörən siyasəti, polad iradəsi qarşısında tab gətirə bilməyib məğlub oldular. Bəziləri Azərbaycanı tərk edərək xarici ölkələrdə gizlənmək məcburiyyətində qaldılar. Xalqımızın böyük oğlunun gərgin zəhməti ilə vəziyyət düzəldi, həyat addım-addım öz yoluna düşdü, məcrasına yönəldi. Cəbhədə atəşkəs əldə edildi, daxildə sabitik yaradıldı. 1994-cü ilin sentyabrında ölkənin gələcək inkişafı üçün müstəsna əhəmiyyəti olan "Əsrin müqaviləsi” imzalandı. İqtisadiyyatı dirçəltmək, mövcud ehtiyatları hərəkətə gətirmək üçün islahatlar həyata keçirildi. Yaranan sabitlik, zəngin karbohidrogen ehtiyatları xarici şirkətlərin sahibkarlarını respublikamıza sərmayə yatırtmağa sövq etdi.


Regional dövlət proqramları Masallıda da inkişafın lokomotividir


Ulu öndər Heydər Əliyevin son sözlərindən biri bu idi ki, mən İlham Əliyevə özüm qədər inanıram, mənim görə bilmədiyim işləri o sizinlə birlikdə həyata keçirəcəkdir. Uzaqgörən siyasətin məntiqi bir daha öz təsdiqini tapdı. Yaxın beş il üçün hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2004-cü il 11 fevral tarixdə qəbul edildi. Beləliklə, müstəqil Azərbaycanın yeni inkişaf dövrü başladı. Neftdən gələn ilk gəlirlər ən mühüm sahələrə, o cümlədən regionların inkişafına yönəldildi. Bu iqtisadi-siyasi sənəd bütün bölgələr kimi Masallı rayonunun da inkişafında mühüm rol oynadı. İlk növbədə fəaliyyətini dayandırmış müəssisələrin bir qismi işə salındı. Zaman keçdikcə yeni istehsal sahələri yaradıldı. Bunlar iqtisadiyyatın dirçəldilməsinə, illərlə işsiz qalan insanların yenidən əmək cəbhəsinə qayıtmasına şərait yaratdı. Adamların əhvali-ruhiyyəsi getdikcə yaxşılaşmağa başladı, sabaha inamları artdı. Yaranan belə bir ruh yüksəkliyi ilə tikinti-quruculuq, abadlıq işləri genişləndirildi. İllərlə baxımsız qalan şəhər təsərrüfatında dönüş yarandı. Sökülüb-dağılmış küçələr, parklar təmir edildi. Astarada tikilən 90 meqavoltluq modul tipli elektrik stansiyası cənub bölgəsi rayonlarının, eləcə də Masallının sosial-iqtisadi həyatında müsbət rol oynadı. Əhali normal səviyyədə elektrik enerjisi almaq imkanına malik oldu. Müəssisələrin istehsal gücü artdı. "EMBOWOOD” mebel fabrikində hazırlanan məhsullar nəinki respublikamızda, xarici ölkələrdə belə alıcıların rəğbətini qazandı. Fabrik bu gün də nümunəvi özəl müəssisələrdən biridir.

I Dövlət Proqramı çərçivəsində Masallıda daha sürətlə inkişaf edən sahələrdən biri də turizm sektoru olmuşdur. Sahibkarlar üçün yaradılan münbit şərait nəticəsində onlarca istirahət mərkəzi fəaliyyətə başlamışdır. Təbiətin füsunkar guşələrində salınan bu obyektlər rayona turist axınını sürətləndirmişdir. "İstisu” müalicə və istirahət ocağı neçə-neçə insana şəfa verməkdədir.

Ulu öndərin "Təhsil millətin gələcəyidir” müdrik kəlamı əməli fəaliyyətdə başlıca istiqamət kimi götürüldü. Yeni məktəblərin tikintisinə start verildi. Köhnə, istismar müddətini başa vurmuş təhsil ocaqlarının əsaslı təmiri də unudulmadı və onlar da yeni, müasir avadanlıqlarla təchiz edildi.

Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının dirçəldilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirildi. Beləliklə, I Dövlət Proqramı çərçivəsində görülən işlər qarşıdakı illərdə tərəqqi üçün zəmin yaratmış oldu.


İnkişafın daha sürətli mərhələsi


Belə bir deyim var: "Yaxşı başlanğıc işin yarısı deməkdir”. Regionların sosial-iqtisadi inkişafı I Dövlət Proqramı çərçivəsində aparılan işlər rayonlarımızın daha abad və gözəl olmasını, iqtisadiyyatın bütün sahələrində yeni-yeni nailiyyətlərin qazanılmasını birə-beş artırdı. İnam, istək olan yerdə isə ən çətin, müşkül işlər belə öz həllini tapır. Dövlət dəstəyi olanda arzular, istəklər daha tez reallaşır, sürətlə həyata keçirilir. I Dövlət Proqramının davamı kimi 2009 - 2013 və 2014 - 2018-ci illər üçün qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında Masallı rayonu üzrə nəzərdə tutulmuş layihələrin icrası bunu təsdiq edir.

Şəhərin Heydər Əliyev prospektində ucaldılan binalar, salınan yaşıllıqlar əraziyə xüsusi gözəllik verir. Halbuki 5-6 il bundan əvvəl burada az sayda kiçik tikililər mövcud idi. 1,5 hektar ərazisi olan Bayraq meydanı, Azərbaycanın Rəmzləri Muzeyi, Olimpiya İdman Kompleksi, Asan Xidmət Mərkəzi, Regional Boks və Taekvando Mərkəzi, Aqrar İnkişaf Mərkəzi, habelə rayon polis şöbəsinin yeni, müasir üslublu binaları burada yerləşir. Şəhərin mərkəzində, Heydər Əliyev xatirə parkı ərazisində inşa olunan Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi də xüsusi layihə əsasında tikilib. Mərkəzi Rayon Xəstəxanasının binası keçən əsrin ortalarında istifadəyə verildiyindən istismar müddətini başa çatdıraraq yararsız hala düşmüşdü. Müalicə ocağı əsaslı şəkildə yenidən qurulmuş və lazım olan müasir tipli tibbi avadanlıqlarla təchiz edilmişdir. Burada göz xəstəliklərinin müalicəsi və əməliyyat şöbəsinin fəaliyyəti nəticəsində Masallı və ətraf rayonlardan olan pasiyentlər Bakıya və digər yerlərə yox, buraya üz tuturlar. Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun tanınmış həkim-cərrahları vaxtaşırı olaraq buraya gəlib xəstələri müayinə və müalicə edirlər. Aparılan quruculuq işlərinin tərkib hissəsi kimi uşaq bağçalarının tikilməsi, əsaslı təmiri, onların hər cür avadanlıqlarla təchizi təqdirəlayiq işlərdəndir.

Rayonda görülən işlər sırasında su-kanalizasiya xəttinin çəkilişini xüsusi qeyd etmək lazımdır. Yaşı çox-çox qədim olan Masallı şəhərində içməli su və kanalizasiya xətləri olmayıb. Əhali onilliklər, yüzilliklər boyu bu sahədə primitiv, sanitariya qaydalarına uyğun gəlməyən üsullardan istifadə etməli olub. Regionların sosial-iqtisadi inkişafının III Dövlət Proqramı çərçivəsində həlli vacib olan bu mühüm məsələ də öz həllini tapdı. Prezident İlham Əliyev 3 sentyabr 2016-cı il tarixdə Masallıya səfəri çərçivəsində bu layihənin açılışı mərasimində iştirak etdi. Həmçinin Prezident "Asan Həyat” kompleksinin, Bayraq meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbinin açılışını bildirən lentləri kəsdi. Bütün bu deyilənlər isə 2018-ci ilə kimi bu cənub şəhərində görülən işlərin yalnız bir hissəsidir. İnkişaf, tərəqqi iqtisadiyyatın, sosial həyatın bütün sahələrini əhatə etmişdir. İşlər yaxşı olanda insanın da kefi kök, əhvali-ruhiyyəsi yüksək olur. İstəyir ki, qurub-yaratdıqlarını başqaları da görsün, ona qiymət versin. İndi Masallıda qonaqları qəbul etməyə, milli adət-ənənə nümunələrini onlara göstərməyə hər cür şərait var. Rayonun qızlardan ibarət "Halay” folklor ansamblı dünyanın çox ölkəsini gəzmişdir. Buna görə də 2012-ci ildə Masallı şəhəri Respublika Mədəniyyət Nazirliyi tərəfindən "Folklor paytaxtı” elan edildi və 3 il dalbadal burada 14 ölkənin qatıldığı Beynəlxalq folklor festivalı keçirildi.


Ötən ilin nəticələri də yaddaqalandır


III Dövlət Proqramının sonuncu ili də Masallı rayonu üçün çox əlamətdar hadisələrlə başa çatdı. Belə ki, keçən ilin dördüncü rübündə bir neçə xarici tikinti şirkətinin iştirak etdiyi, ümumi uzunluğu 243 kilometr olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verildi. Bu, cənub bölgəsi əhalisinin, eləcə də Masallı camaatının illər boyu ürəyindən keçən arzusunun gerçəkləşməsidir. İndi hər bir Masallı sakini yeni çəkilmiş rahat, təhlükəsiz yolla Bakı şəhərinə bir saat yarıma çatır. Masallı Sənaye Məhəlləsi, "Masallı Nemətləri” MMC-nin çəltik emalı müəssisəsi, 32 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsinə xidmət edən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı yolunun tikilib istifadəyə verilməsi belə xoş hadisələrdəndir. Prezident 2018-ci il sentyabrın 18-də Masallıya səfəri zamanı bu obyektlərin açılışı mərasimində iştirak etmiş, Viləş çayının şəhər hissəsində yeni salınan Park-Bulvar kompleksinin tikintisi ilə tanış olmuşdur.

Məlum olduğu kimi, yanvarın 29-da regionların sosial-iqtisadi inkişafı III Dövlət Proqramının (2014-2018-ci illər) yerinə yetirilməsinin yekunları ilə əlaqədar konfrans keçirildi. Prezident İlham Əliyev bu dövr ərzində görülən işləri təhlil etdi, qarşıdakı vəzifələri müəyyənləşdirdi. Konfransda Masallı rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynova da söz verildi. O dedi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bütün bölgələrdə olduğu kimi, Masallı rayonunun inkişafına da güclü təkan verib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən qat-qat çox iş görülüb. Axırıncı beş ildə rayonda 572 istehsal və xidmət obyekti istifadəyə verilib, müasir çəltik zavodu işə salınıb, "EMBAWOOD” mebel fabrikində və Kərpic zavodunda yeni istehsal sahələri yaradılıb, sənaye məhsulu istehsalı 77 faiz artıb. Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə 15 milyon manatlıqdan çox sənaye məhsulları ixrac olunur. Keçən il təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində də müsbət nəticələr əldə olunmuşdur.


Aqrar sektor aparıcı sahə olaraq qalır


Masallı respublikamızın ən az ərazisi olan rayonlarındandır. Burada yaşayan 225 min əhalinin 90 faizi kəndlərdə məskunlaşmışdır və əsasən, kənd təsərrüfatı ilə məşğul olur. Odur ki, bu sahənin inkişaf etdirilməsi prioritet sahə kimi qarşıya qoyulmuşdur. Hazırda burada ixtisaslaşma aparılması, region üçün ənənəvi olan əkin sahələrinin genişləndirilməsi, eləcə də kooperasiyaların yaradılması istiqamətində tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, son illər əhalinin ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyə marağı xeyli artmışdır. Belə ki, keçən il 301 hektar çəltik sahəsindən 1010 ton məhsul əldə edilmiş və hər hektarın məhsuldarlığı təqribən 33,5 sentner təşkil etmişdir. Tütün əkinləri əvvəlki illərlə müqayisədə artaraq 35 hektara çatdırılmış və 56,4 ton qurudulmuş tütün tədarük olunmuşdur. Baramaçılığa gəldikdə isə 2018-ci ildə 78 qutu barama toxumu rayonun ayrı-ayrı kəndləri üzrə 33 kümçü ailəsinə paylanmış, 3 min 405 kiloqram barama istehsal edilmişdir. Təhvil verilən yaş baramaya görə istehsalçılara "Azər-ipək” ASC tərəfindən 13 min 195 manat vəsait ödənilmişdir. Bununla yanaşı, onlara dövlət tərəfindən 16 min 450 manat subsidiya verilmişdir. Sahənin inkişafı ilə əlaqədar rayonda keçən il Çin Xalq Respublikasından gətirilmiş 2 min tut ağacı əkilmişdir.

2019-cu ildə əkilməsi nəzərdə tutulmuş 17 min 478 hektarda artıq şum işləri başa çatdırılmışdır. 7 min 495 hektarda buğda, 2 min 786 hektarda arpa, 2 min 661 hektarda vələmir, 118,4 hektarda digər bitki növləri əkilmişdir.

Rayon ərazisində 21 hektar üzüm, 17 hektar feyxoa və 29 hektar müxtəlif növ meyvə bağları var. Sığdaş kəndi ərazisində 0,5 hektar, Köhnə Alvadı kəndi ərazisində 1 hektar naringi, Güllütəpə ərazisində 3,2 hektar yeni fındıq bağı salınmışdır. Kolatan inzibati ərazisindəki Sığaçola massivində "Azərsun Holdinq” şirkəti tərəfindən yeni salınan çay plantasiyaları 100 hektara çatdırılmışdır.

Ötən il 420 nəfər arıçının bank hesabına 7 min 424 arı ailəsinə görə dövlət tərəfindən 74 min 240 manat vəsait köçürülmüşdür.

Rayonda heyvandarlığın inkişafı ilə bağlı tədbirlər görülmüş və bu iş davam etdirilməkdədir.

Ümumilikdə Masallı rayonu üzrə aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 2018 - 2023-cü illər üçün proqram hazırlanmışdır. Buna uyğun olaraq 23 min 700 hektar torpaq sahəsi dövriyyəyə cəlb olunacaqdır ki, bu da 40 min nəfər kənd əhalisi üçün yeni iş yerlərinin yaradılmasına şərait yaradacaqdır.


Rəqəmlər nədən xəbər verir


Əvvəlki illərdə olduğu kimi, keçən il də rayon ərazisində və eləcə də Masallı şəhərində tikinti-quruculuq, abadlıq işləri davam etdirilmişdir. Prezident İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixli sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına Puşkin, Tələt Şıxəliyev, Elşad Hüseynov, Ziya Bünyadov, Cavanşir, İsrafil Məmmədov küçələrində, həmçinin Heydər Əliyev və Bakı prospektlərində təmir işləri başlanılmışdır. 9 küçədə yol yatağına asfalt örtük döşənmiş, səkilər təzələnmiş, işıqlandırma sistemləri yenidən qurulmuş, hasarlar çəkilmişdir. Küçə və prospektlərdə bordür və üzlük qoyulmuşdur. Keçən il ümumilikdə 31 küçədə təmir işləri aparılmışdır. Qarabağ küçəsində yerləşən 10 kommunal yaşayış binasının blok və fasadlarında, habelə rayon mərkəzindəki Cümə məscidində təmir işləri başa çatdırılmış, ayrı-ayrı ərazilərdə mərasim evləri tikilmiş, daxili imkanlar hesabına kəndarası yolların müəyyən hissəsi təmir olunmuşdur.

Keçən il Xallıcalı kəndində 96, Təkdam kəndində 80 şagird yerlik modul tipli məktəblərin tikintisi başa çatdırılmışdır. Göyəçöl, Şıxlar və Bala Təklə kəndlərində isə məktəb tikintisi davam etdirilir.

Son illərdə rayonda infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə və genişlənməkdədir. Belə ki, Masallı Elektrik Şəbəkəsi tərəfindən 10/04 kilovoltluq xətlərdə təmir-bərpa işləri aparılmış, əhalini dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində 340 dəmir dayaq dəyişdirilmiş, 7 min 200 metr uzunluğunda xətt SİP kabeli ilə əvəz edilmişdir. Bunlardan əlavə, Musaküçə, Təklə, Əhmədli, Qızılağac, Hüseynhacılı kəndləri üzrə 53 min 153 metr SİP kabeli çəkilmiş, 2 min 400 yeni dayaq basdırılmışdır. Digər yaşayış məntəqələrində də lazımi təmir-bərpa işləri aparılmışdır.

Dövlət Proqramı çərçivəsində keçən il Güllütəpə kəndində 460, Tatyan kəndində 324 abonentə təbii qaz verilmiş, bununla da rayon üzrə qazdan istifadə edən abonentlərin sayı 39 min 485 nəfərə çatdırılmışdır. Rayon üzrə qazlaşdırma 97 faiz təşkil edir. Hazırda rayondakı 103 yaşayış məntəqəsindən 90-ı qazlaşdırılıb və qalan 13 kəndin "mavi yanacaq” alması üçün müvafiq işlər görülür.

Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində keçən il rayonda yeni sənaye müəssisələrinin işə salınması davamlı xarakter almışdır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlara 18 layihə üzrə 374 min manat kredit verilmişdir. Fəaliyyət dairəsinin genişləndirilməsi nəticəsində 65 yeni iş yeri açılmışdır.

2018-ci il ərzində rayona 12 layihə üzrə 13 milyon 162 min manat həcmində investisiya cəlb edilmiş, bunun da hesabına 260 yeni iş yeri yaradılmışdır. Ümumilikdə isə keçən il 2 min 644 yeni iş yeri açılmışdır ki, bunun da 2 min 197-si daimidir.


Görüləsi işlər hələ çoxdur


Arzudan arzu doğur. Biri başa çatmamış digəri yaranır. Həyatın, yaşamağın da mənası budur. Belə olmasaydı, həyat da mənasız olar, çox yeknəsəq görünərdi. İnsanın özündən sonra nə bir izi qalardı, nə də bir sözü. Bu mənada bir-birinin ardınca qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları insanlara öz potensiallarını, nəyə qadir olduqlarını göstərməyə stimul vermişdir. "Həyatda qəhrəmanlıq üçün həmişə meydan var” kəlamı indiki şəraitdə özünü bir daha təsdiqləyir. Dövlət proqramları çərçivəsində istehsalatda, digər sahələrdə uğur qazanan, yüksək nəticələrə nail olan insanlar hər il dövlət başçısının sərəncamları ilə fəxri adlara layiq görülür, orden və medallarla təltif olunurlar.

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmişdir. Qəbul olunmuş bu iqtisadi-siyasi sənəd bütün regionlarda olduğu kimi, yeni mərhələdə Masallının tərəqqisi, yüksəlişi üçün də yeni üfüqlər açmışdır. Sayca dördüncü olan həmin Proqram çərçivəsində Masallı rayonunda həlli vacib olan layihələr həyata keçiriləcək, onun iqtisadi qüdrəti daha da artacaq, əhalinin sosial rifah halı yüksələcəkdir.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM