08 Fevral 2019 01:16
746
Mədəniyyət
A- A+

SON SƏFƏR


(Məqalənin əvvəlini buradan oxuya bilərsiniz)

Seyid Əli və Şahxəndan axşama kimi Gülnaz xalanı gözlədilər. Toran çalanda qonşulardan kimsə xəbər gətirdi ki, yazıq arvad oğlu ilə birlikdə yoxa çıxıb.

Seyid Əli ümidsizlik içində yırğalana-yırğalana pilləkənə çökdü.

Şahxəndan dedi:

- Yaxşı, özünü üzmə.

- Bunu necə bilək?

- Nəyi necə bilək?

- Hüsniyyəyə toxunub-toxunmadıqlarını...

- Sübh tezdən gedib hər şeyi öyrənərəm.

Gecə hava bürkü idi. Azacıq da olsa meh əsmirdi. Seyid Əli ilə Şahxəndan eyvanda - yerlərinin içində uzansalar da, gözlərinə yuxu getmirdi. Xüsusilə şairlər şairi hey ufuldayır, o böyrü-bu böyrü üstə çevrilirdi. Fikirləşirdi ki, İbrahim şah olmasaydı, onu da qətlə yetirər, ya da qovub didərgin salardılar. Bəs birdən İbrahim şahın başına bir iş gəlsə, ya da o, bir neçə günlüyə harasa getsə, vəziyyətləri necə olacaq? Budur, qulluqçu arvadı oğurlayıblar. Görəsən öldürməyiblər ki? Sabah necə olsa, bir səs çıxacaq. Çıxmasa, müsəllim Müqtədir Oğuzun yanına gedib demək lazımdır. Səhər də bir açılır ki...

Yalnız gecə gecədən keçəndən sonra onları yuxu tutdu...

Səhər Şahxəndandan fərqli olaraq, şairlər şairi çox gec oyandı. Yerindən dik qalxdı və çığırdı:

- Şahxəndan!

Həyətdən səs gəldi:

- Eşidirəm.

- Günorta olub. Məni niyə oyatmamısan?

- Evdə yox idim. İndi gəlmişəm.

Şairlər şairi təəccüblə soruşdu:

- Hara getmişdin?

Şahxəndan mənalı-mənalı güldü:

- Gecə sənə söz verdim axı. Hüsniyyəgilə getmişdim.

Şairlər şairi yerindəcə quruyub qaldı:

- Nə danışırsan? Elə şey olar?

- Vallah.

- Hüsniyyəni görə bildin?

- Əlbəttə.

- Danışdın?

- Əlbəttə.

Şairlər şairi tələsik geyinib həyətə düşdü.

- Sən nə dedin, o nə dedi?

Şahxəndan alnını ovuşdura-ovuşdura:

- Dedim ki, qardaşım dərdindən dəli-divanə olub. Gecələr də yata bilmir. Gülüb dedi ki, "mən də onu sevirəm, evlənməyə də razıyam, ancaq bir şərtim var”.

Şairlər şairi az qaldı ki, durduğu yerdəcə yıxılsın. Özünü güclə toparlayıb:

- Nə şərti var? - dedi.

- Deyir ki, evlənəndən sonra Şamaxını bir də tərk etməyəcək.

- Bəs sən nə dedin?

- Dedim ki, razıyıq.

- Mənim rəyimi öyrənmədən?

- Dadaş, sən rəyini gəldiyin gün bildirdin, dedin ki, evlənəcəksən. Bir də sənin üçün Hələb müridləri əzizdir, yoxsa Hüsniyyə?

Seyid Əli indi birdən-birə gördü ki, qardaşı başına örpək örtüb, odur ki, təəccüblə soruşdu:

- Bu nədir?

- Bəs Səlminaz xanımın qəsrinə xəlvəti necə gedib-gələ bilərdim?

Şairlər şairi ufuldadı:

- Daha sənə sözüm yoxdur. İndi əhvalat necə olubsa, danış.

- Deməli, səhər-səhər bir qız uşağı - məlumun olsun ki, bu qız uşağı mənəm - Səlminaz xanımın qəsrinin qapısını döyür. Qapını yekəpər nökər açıb təəccüblə soruşur:

- Ay qız, nə var? Kim lazımdır?

- Hüsniyyə xanım üzük sifariş vermişdi, onu gətirmişəm.

- Hanı, ver görüm.

- Verə bilmərəm. Tapşırıblar ki, ancaq özünə ver.

Nökər "qızın” üzünə, üst-başına baxır. Sonra:

- Yaxşı, burda gözlə, - deyib gedir.

Hüsniyyə xanım otağında saçlarını darayırmış. Qapı döyüləndə:

- Kimsən, gəl, - deyir.

Nökər:

- Xanım, bir qız uşağı sizin sifariş verdiyiniz üzüyü gətirib, - deyir.

Hüsniyyə əvvəlcə:

- Üzük? Nə üzük? - desə də, sonradan məsələnin nə yerdə olduğunu başa düşüb deyir: - Hə, hə, yadıma düşdü, de ki, gəlsin.

Nökər - adı Balamirzə imiş - gedir, bir az sonra qapı açılır, "qız” içəri girir.

Şahxəndan birdən-birə söhbətin üslubunu dəyişdi:

- Hüsniyyə o dəqiqə mənim oğlan olduğumu hiss etdi və gülə-gülə dedi: - Səni tanıdım, Seyid Əlinin yanında olan oğlansan. Bəlkə qardaşısan, hə?

- Bəli, xanım, - dedim. - Sizə aşiq olan Seyid Əli İmadəddin Nəsiminin qardaşı Şahxəndan hüzurunuzdadır.

Hüsniyyə xanım qəşş edib güldü.

- O Şahxəndan ki, - dedim, - qardaşının sizə həsr etdiyi qəzəllərin üzünü köçürməkdən barmaqları qabar olub.

Hüsniyyə xanım yenə qəşş eləyib güldü. Dedim:

- Xanım, yaxşı bilirsiniz ki, qardaşım hələ mədrəsədə oxuyarkən sizi sevib. Hələbdən də Şamaxıya yalnız sizi görmək arzusu ilə gəlib. Dünən qəbiristanlıqda sizi görəndən sonra halbahal oldu. Düşünürəm ki, görüşsəniz, pis olmaz. Doğrudur, hər ikiniz cavansınız, buna baxmayaraq, Leyli-Məcnun olmaq dövrünüz keçib. Ümid edirəm ki, ağıl yardımçınız olacaq. Nə vaxt, harada görüşməyi bir məktubla çatdıra bilərsiniz...

Sonra ayağa qalxıb, örpəyimi bağladım, qapıdan çıxanda Səlminaz xanımla üz-üzə gəldim.

- Boy, bu qız kimdir? - Səlminaz xanım təəccübləndi.

Mən səsimi incəldib dedim:

- Salam və xudahafiz.

Cəld həyətə düşdüm. Qapıdan çıxanda nökər arxamca bir xeyli baxdı, dönüb ona da əl elədim.

- Hə, - deyə şairlər şairi başını yırğaladı. Hiss olunurdu ki, gərgindir. Birdən soruşdu: - Bəs Gülnaz xaladan nə xəbər?

- Yəqin, indilərdə gələr.

Axşama kimi Gülnaz xaladan yenə səs-soraq çıxmadı. Axırda Şahxəndan əlacsız qalıb onlara getdi. Aradan bir az keçmişdi ki, balaca bir qız uşağı həyət qapısını açıb içəri girdi. Qaçalan hürdü. Seyid Əli itə acıqlanıb qıza sarı gəldi:

- Bala, kimsən, nə istəyirsən?

Qız soruşdu:

- Əmi, siz Seyid Əlisiniz?

- Bəli.

Qız qoynundan bir kağız çıxartdı:

- Alın. Hüsniyyə xanım göndərib.

Nəsiminin boğazı qurudu. Kağızı alıb:

- Sağ ol, - dedi və evə tərəf gedə-gedə dönüb geri baxanda qızın uzaqlaşdığını gördü. Kağızı açdı. İri hərflərlə yazılmışdı: "Sabah, yəni çərşənbə axşamı qaranlıq düşəndə Hacı Veysəlin arvad hamamının arxasındakı qırmızı kərpicli evin qapısını taqqıldadarsan”. Vəssəlam. Cəmi-cümlətanı bir cümlə, heç bir imza da yox...

***

Şamaxıya axşam düşürdü. Hacı Əzimin azan səsi yenə məhəlləni başına götürmüşdü və şairlər şairinə elə gəldi ki, göydə axışan qırmızı bulud karvanı deyil, Hüsniyyənin təxti-rəvanıdır. Budur, o, yəni Yer üzünün qənirsiz gözəli təxti-rəvandan düşüb ona sarı gəlir, pilləkənlər isə qurtarmaq bilmir ki, bilmir. Nəhayət, günəş batdı və qızıl donlu xəyal əriyib yox oldu...

Bəlkə bütün bunlar Suriya səhralarında dəvə belində gördüyü yuxulardan biridir? Yox, kağız parçası - məktub əlində idi və o, qeyri-ixtiyari pıçıldadı:

Zərquriyadan oldu yoxsul əgər Nəsimi,

Yarın məhəbbətindən gör kim nə möhtəşəmdir.

***

Bu vaxt qapı açıldı və Şahxəndan tövşüyə-tövşüyə içəri girdi. Nəsimi xəyaldan ayrıldı:

- Nə oldu, Gülnaz xalanı görə bildin?

- Hə, oğlu ilə şam edirdi.

- Allaha çox şükür! Neçə gündür harda imiş?

- Sabah özü gəlib danışacaq.

- Vəssəlam?

- Ta nə olasıdı ki?

Şahxəndan qardaşının əlindəki kağızı görüb dedi:

- O nədir?

Şairlər şairi gülümsədi. Şahxəndan yenə soruşdu:

- Hüsniyyədən məktub gəlib? Ver baxım...

Şairlər şairi əlindəki məktubu Şahxəndana verdi.

Şahxəndan məktubu oxuyub güldü:

- Gördün? Elçiliyi də bacarır. Amma bilmirəm Şirvan şairləri bunu necə həzm edəcəklər. Nə qədər gizlətsək də, əvvəl-axır biləcəklər.

- İş-işdən keçəndən sonra qorxusu yoxdur.

- Yox, dadaş, paxıllıq heç vaxt ölmür. Ölür e... ancaq sahibi ilə bir yerdə.

- Mənim paxıllıq çəkənlərim şairlərdilər, çoxdular... Təsəvvür et: Şamaxıda hər üç pinəçidən, hər üç dəlləkdən, hər üç kisəçidən biri şairdir.

- Dadaş, sənin hürufiliyin mənim də heç xoşuma gəlmir.

- Niyə? Birinci dəfədir səndən belə söz eşidirəm.

- Vallah, tamam mənasız şeydir. Mən Qurani-Kərimin üzünü o qədər köçürmüşəm ki, az qala, bütün ayətlərini əzbər bilirəm. Orda heç bir yerdə yazılmayıb ki, insanın üzündə Allahın adı nəqş olunub.

Şairlər şairi hirsindən qızardı.

Şahxəndan davam etdi:

- Yazırsan ki, guya, insanın üzündə yeddi xətt var: iki qaş, dörd kirpik, bir saç. Hə, nə olsun? Sonra bığ, saqqal, çənə, dodaq... Vallah, gülməlidir.

Şairlər şairi gülümsündü və pıçıltıyabənzər bir səslə dedi:

- Balası, yazılanlar yazılıb və məğribdən məşriqə yayılıb...

Elə bu vaxt qapı açıldı və Gülnaz xala içəri girdi. Şahxəndan qaçıb kətil gətirdi:

- Xala, əyləş, bir əməlli-başlı danış görək neçə gündür hardasan?

Gülnaz xala nəfəsini dərib dedi:

- Məni də, yetim balamı da gözübağlı vəziyyətdə faytona mindirdilər. Hara aparıldığımızı bilmədik. Aparanlar kimlərdi, yenə bilmədik. Üzü niqablı adamlar idi.

Şahxəndan həyəcanlandı:

- Bəs niyə qışqırıb hay-küy salmadınız?

- Xəncəri böyrümə dirədilər, özü də dedilər ki, cınqırını çıxarsan, səni də, oğlunu da öldürəcəyik. Amma dediyimizə əməl eləsən, heç nə olmamış kimi qayıdacaqsan evinə.

- Yaxşı, səndən tələbləri nə idi ki? - Şahxəndan bir də soruşdu.

- Seyid Əliyə çatdırım ki, əgər Hüsniyyə ilə evlənmək fikrinə düşsə, öldürüləcək.

Şahxəndan təəccüblə:

- Elə bu? - dedi.

- Hə, başına dönüm.

- Evdə də deyə bilərdilər bunu.

Şairlər şairi fikirdən ayıldı:

- Yox, istəyiblər ki, həm Gülnaz xalanı, həm də bizi qorxutsunlar, güclərini göstərsinlər... Mən bu məsələni ya müsəllim Müqtədir Oğuza, ya da İbrahim şahın özünə çatdırmalıyam ki, tədbir görsünlər. Çünki bu, yaxşı şeyə oxşamır.

***

Səhəri gün Seyid Əli bir fayton tutub saraya yollandı. O, yol boyu elə hey öz-özünə deyinirdi: "Sabah elə Hüsniyyəni də bu cür tutub apararlar...”

Faytonçu şairlər şairinin öz-özünə danışdığını eşidib, arabir çönüb arxaya baxırdı, amma, təbii ki, heç nə demirdi...

Seyid Əli saray darvazasının qabağında faytondan düşdü. Gözətçilər onu görən kimi:

- Şair gəldi, şair gəldi! - deyə bir-birlərinə xəbər verdilər.

Nəhayət, içəridəki baş nəzarətçinin işarəsi ilə darvaza açıldı, müşavir Dərbəndinin uzunsov başı göründü. O, həqiqətən də, gələnin Seyid Əli olduğunu görəndən sonra yanında hazır dayanmış sərbaza işarə etdi.

Seyid Əli içəri girib, mərmər pilləkənlərlə üzüyuxarı qalxmağa başladı. Müşavir Dərbəndi bir kəlmə belə kəsmədən onu qəbul otağının məsul nəzarətçisi Məlik Qızılbaşa təhvil verdi. O, qonaqdan gözləməyi xahiş edib içəri girdi.

Başdan-başa Şirvan xalıları döşənmiş böyük otaqda İbrahim şah kiçik nərdivanla çıxıb rəfdəki kitablara baxırdı. O, qapının aralandığını görüb nərdivandan endi:

- Məlik Qızılbaş, gəl görüm nə olub? - dedi.

- Şah sağ olsun, İmadəddin Nəsimi gəlib.

- Nə əcəb belə tezdən?

- Deyir, təcili deyiləsi sözü var.

- Yaxşı, qoy gəlsin.

Məlik Qızılbaş İmadəddin Nəsimiyə dedi:

- Buyur keç, İbrahim şah həzrətləri səni gözləyir.

İmadəddin içəri girən kimi İbrahim şah soruşdu:

- Xeyirdimi, şair?

Seyid Əli yüngülcə təzim edib dedi:

- Əlahəzrət, vallah, mən bilmirəm neyləyim.

- De görüm axı nə olub?

- Dünən qulluqçumuzu oğurlayıblar...

- Nə? Nə?

- Oğlunu da oğurlayıblar... Gözlərini də bağlayıblar ki, hara aparıldıqlarını bilməsinlər...

- Bəs sonra?

- Sonra qulluqçunu da, oğlunu da buraxıblar.

- Məqsədləri nə imiş?

- Mənim Şamaxını tərk etməyimi tələb ediblər.

- Deməli, belə...

İbrahim şah bunu deyib acıqlı halda üzünü qapıya tərəf tutub çığırdı:

- Məlik, bu dəqiqə müsəllim Müqtədir Oğuzu hüzuruma çağır!

Qapının ağzında dayanmış Məlik Qızılbaş:

- Baş üstə! - deyib getdi.

İbrahim şahın sifəti birdən-birə mehribanlaşdı, Seyid Əli İmadəddin Nəsiminin qoluna girib, onu kitab rəflərinə sarı apardı:

- Bir az əvvəl, yəni sən gəlməmişdən Suriyalı Əbül Fərəcin kitabını axtarırdım. Çox ağıllı və hazırcavab mütəfəkkirdir. Bilmirəm, bələdliyin var, ya yox?

- Var. Hətta Hələbdə onun xələflərindən biri ilə görüşmüşəm də.

İbrahim şah heyrət içində dedi:

- Eləmi? Xoşbəxt adamsan! Yəqin ki, böyük sələfi kimi, o da çox müdrik və hazırcavab adamdı, hə?

- Bəli, çox hazırcavab adamdı.

İbrahim şahla Seyid Əli Hələb və Şam mütəfəkkirləri barədə söhbət edə-edə yavaş-yavaş çölə açılan qapıya tərəf getdilər və yarımdairəvi, üstüörtülü bir eyvana çıxdılar. İbrahim şah dedi:

- Yaxşı gəlmisən. Birlikdə təam edərik. Süfrə hazırdır.

- Şah sağ olsun, mən elə indicə qəlyanaltı etmişəm...

- Belə tez? Özü də subay oğlan... - Sonra amiranə tərzdə: - Əyləş! - dedi.

Seyid Əli əyləşdi. Elə "Bismillah” deyib əllərini süfrəyə uzatmışdılar ki, qapı açıldı və Məlik Qızılbaş göründü:

- Əlahəzrət, müsəllim Müqtədir Oğuz qulluğunuzda müntəzirdir.

- Qoy gəlsin.

İbrahim şah bunu deyib üstünə yağ-bal sürtdüyü çörək tikəsini ağzına aparanda şairlər şairi keçmiş əkinçinin əlində hələ də qabar izinin qaldığını görüb təəccübləndi. Çünki bu neçə ildə o bu qabarın əriyib getməsinə asanlıqla nail ola bilərdi. Deməli, o, keçmişdə rəncbər olmasından qətiyyən utanmırdı...

İbrahim şah ağzındakı tikəni çeynəyə-çeynəyə tələsmədən dedi:

- Mənim Əbül Fərəcin çox lətifəsindən xoşum gəlir. Birini xüsusilə tez-tez yadıma salıb gülürəm.

Şairlər şairi onun hansı lətifəni nəzərdə tutduğunu bilsə də, dinmədi və:

- O hansı lətifədir? - deyə maraq içində soruşdu.

Bu vaxt müsəllim Müqtədir Oğuz içəri girdi. İbrahim şahın üzündəki təbəssüm bir anda yox oldu. O, qəzəbindən kükrədi:

- Heç bilirsən şəhərində nələr baş verir?

Müsəllim Müqtədir Oğuz çox sakit bir tərzdə:

- Əlbəttə, şahım, - dedi.

- Eləmi? Onda de görüm...

- İmadəddin Nəsimiyə qarşı sui-qəsd təşkilatı yaranıb.

İbrahim şah kinayə ilə:

- Sən də durub qıraqdan seyr edirsən, hə? Gözləyirsən ki, bir gün sənin özünü də oğurlayıb aparsınlar?

- Xeyr. Onları bir qədər qabağa buraxdım ki, kim olduqlarını öyrənim.

- Öyrəndinmi?

- Öyrəndim.

- Kimlərdir?

- Şair Bəhluli, Rouşan Yaqbu, Qulaməli, Qaim Şirvani, Tacəddin Şirvani, Əhməd Kəsirəddin, Molla Xəlil, dəllək Zəbani, falçı Yusif Səbai, lotu İsfəndiyar Qutluk, iki gündür Bakidən gəlib onlara qoşulan şair Abdulla Kamil.

- Aha, - deyə İbrahim şah əsəbi halda dilləndi. - Əgər bu gün bu adamlar Şirvanın ən böyük şairinə qarşı belə fitnə-fəsad törədirlərsə, kim zəmanət verə bilər ki, sabah daha pis işlər görməyəcəklər? Sən bunları niyə həbs edib zindana atmırsan?

Bu yerdə, deyəsən, müsəllim Müqtədir Oğuzun səbri tükəndi, amma o, bunu rənginin qızarmağından başqa heç nə ilə büruzə verməyib, sakit tərzdə dedi:

- Əlahəzrət, onların arasında mənim casuslarım var. Niyyətlərindən dərhal xəbər tuturam.

- Çox gözəl. Onda de görüm növbəti niyyətləri nədi?

- Onların, hələlik, əsas niyyətləri şairin sevdiyi xanımla evlənməsinə imkan verməmək və şəhəri tərk etməsinə nail olmaqdır. Bunu xüsusilə Baki şairləri adından Abdulla Kamil tələb edir.

İbrahim şah bu sözdən sonra Seyid Əli İmadəddin Nəsimiyə tərəf dönüb gülümsəyə-gülümsəyə dedi:

- Deməli, evlənməyə hazırlaşırsan? Xeyirli olsun. Bəri başdan deyim ki, ağıllı iş görürsən.

Şairlər şairi yüngülcə qızardı. İbrahim şah gözünü ondan çəkmədən:

- Çox yaxşı, çox gözəl! - dedi. Sonra təzədən müsəllim Müqtədir Oğuza tərəf dönüb, yenə sərt bir şəkildə dedi: - Elə bu gün şairə sui-qəsd hazırlayanların hamısını zindana atırsan. Ayaqlarını da kündələyirsən, heç kimi də yanlarına buraxmırsan.

Müsəllim Müqtədir Oğuz təzim etdi:

- Baş üstə! Bu gecə hamısı həbs olunacaq.

- Gecə niyə? Gündüz həbs etmək olmaz ki?

- Şah sağ olsun, indi onların hərəsi bir yerdədi, axtarmaq, tapmaq, qovmaq, tutmaq... camaat rəncidə olar... Gecə isə səssiz-səmirsiz...

- Yaxşı, əməliyyat qurtaran kimi mənə xəbər ver.

- Baş üstə!

- Gedə bilərsən, - sonra üzünü Seyid Əliyə tutdu: - Şair, səncə, bu Qara Yusiflə Miranşahın davası hələ çox çəkər?

- Yəqin ki...

- Vay... Vay... Vay... xəzinədə pul qalmır ey... Yaxşı, əcnəbi elçilərlə görüşüm olmasaydı, oturub doyunca söhbət edərdik. Amma bizi toya dəvət etməyi unutma.

Şairlər şairi güldü:

- Şah sağ olsun, bu yaşda nə toy?

- Bax da...

(Ardı var)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video