07 Fevral 2019 01:38
918
Mədəniyyət
A- A+

SON SƏFƏR


(Məqalənin əvvəlini buradan oxuya bilərsiniz)

Hücum edənlərdən biri artıq irəli gedə bilmədiklərini görüb, əlindəki ikitiyəli xəncəri ildırım sürətlə qabağında dikəlmiş Seyid Əli İmadəddin Nəsiminin kürəyinə tərəf fırıldatdı. Şairlər şairi aldığı yaradan səndələdi, amma yıxılmadı. Şahxəndan qışqırıb fəryad qopardı. Qəsdi törədənləri dərhal qamarlayıb tutdular. Camaat şairə tərəf gəldi. Qara Qaplan Səkmən oğlu məscidin mollasına dedi:

- Qorxulu bir şey yoxdur. Bir parça ağ gətir.

Sonra Şahxəndanın üzünə baxdı:

- Bu zalım bilirmiş ki, belə bir hadisə ola bilər və yaxud olacaq, odur ki, belinə keçə bağlayıb, boş şeydi - xəncər əti heç barmaq ucu qədər də deşməyib.

Şahxəndan ağlaya-ağlaya:

- Bəs, bu qan nədi? - dedi. - Sonra yerə düşmüş xəncəri götürüb baxdı: - Keçə olmasaydı, bəlkə də ürəyini zədələyəcəkdi.

Qəsdi törədənlərin əl-qollarını bağlayıb apardılar. Onlar gedərkən qışqırdılar:

- Ey kafir, bu dəfə canın qurtardı. Amma gələn dəfə qurtarmayacaq!

Şairlər şairi yarasının ağrımasına baxmayaraq, əlini qaldırıb onların arxasınca dedi:

Ey aşiqə kafir deyən, imana gəl, utan!

Kafir demə aşiqlərə niçin ki yalandır!

Sonra rəngi azacıq avazımış şair Qara Qaplan Səkmənə sarı dönüb, gülümsəməyə çalışdı və:

- Əlbəttə, bilirdim, - dedi. - Hara getsəm, sui-qəsdə qarşı hazırlıqlı gedirəm. Amma bu cür sərrast xəncər atacaqlarını gözləmirdim.

Qara Qaplan Səkmən yoldan keçən faytonlardan birini tutub, şairlə qardaşını evlərinə yola saldı. Məsciddə isə yarımçıq qalmış günorta namazı davam edirdi.

Yolda Seyid Əli qardaşına dedi:

- Müsəllim Müqtədir Oğuz mənə demişdi ki, belə şey ola bilər. Maraqlıdır, görəsən, o bunu hardan bilir?

- Keçə geyinməyi o məsləhət görmüşdü?

- Yox... özüm...

- Bəs istidə səni dalamırdı?

- Altından kətan köynək geyinmişəm.

- Bəs mənə niyə deməmişdin?

- Birincisi, bilmirdim ki, belə bir hadisə dəqiq mütləq olacaq. İkincisi də, desəydim qorxardın.

- Yaxşı, bəs o mühafizəçiləri kim göndərib?

- Əlbəttə, müsəllim Müqtədir Oğu

z.

- Birdən geciksəydilər?

- Qismət... Nə etməli?..

Fayton Şamaxının torpaq və daş küçələri ilə çaparaq gedir, toz qoparır, taraq-turuqdan qulaq tutulurdu. Ancaq Şahxəndanın bu ahəngdar nal səslərindən xoşu gəlirdi. O nəsə xatırlayıb soruşdu:

- Yaxşı, dadaş, xəncər necə oldu? Mən baxdım, neştərdən də iti idi.

- Hə, iti olmasaydı, keçəni dəlib keçməzdi.

- İncidir?

- Əlbəttə. Evdə gərək sarğını dəyişək, Gülnaz xala da yaranın üstünə məlhəmdən-zaddan qoysun.

Fayton evlərinə çatanda Seyid Əli ilə Şahxəndan gördü ki, hadisədən artıq xəbərdar olan qohum-qonşu həyət qapısının önünə yığışıblar...

***

Sui-qəsdçiləri qısa sorğu-sualdan sonra Qalaybuğurt tərəflərdəki zindana apardılar. Müsəllim Müqtədir Oğuz onlarla necə rəftar ediləcəyi barədə İbrahim şahın fikrini öyrənmək üçün dərhal atlanıb saraya getdi.

İbrahim şah günorta yeməyindən sonra istirahət edirdi. O, müsəllim Müqtədir Oğuzun vacib xəbərlə gəldiyini eşidəndə içəriyə - elə istirahət otağına girməsinə izn verdi.

Müsəllim Müqtədir Oğuz içəri girəndə İbrahim şah mütəkkəyə dirsəklənib qalın bir kitabın üstünə əyilmişdi. O, ayağa qalxmadan soruşdu:

- Nə xəbər var?

Müsəllim Müqtədir Oğuz əhvalatı ətraflı danışandan sonra:

- Bu iki cani ilə necə rəftar edilməsi barədə qənaətinizi öyrənməyə gəldim.

İbrahim şah bir qədər fikrə gedəndən sonra dedi:

- Vallah, bilmirəm hansı cəza daha münasibdir. Edam etsək, mollalar deyəcəklər ki, din yolunda şəhid oldular, zindanda saxlasaq, sağ qaldıqlarını görüb başqaları da şirnikəcəklər. Yaxşısı budur gedin şairlə də məsləhətləşin, deyin görək hansı cəza ədalət naminə daha münasibdir.

Müsəllim Müqtədir Oğuz İbrahim şahın bu fikri ilə qəlbən razı olmasa da, etiraz etməyə cürəti çatmadı və baş əyib otaqdan çıxdı. Yolda belə qərara gəldi ki, nəzmiyələrdən birini göndərib Seyid Əlini məsələdən hali etsin. Çox götür-qoydan sonra sərbaz Xeyrəddini çağırıb dedi:

- Gərək ki, Seyid Əli İmadəddin Nəsimi sənin bacın oğlu olsun, elədirmi?

- Bəli, elədir, möhtərəm müsəllim. Hərçənd gec-gec görüşürük.

- Çox nahaq. Bu sənin tərəfindən təqdirəlayiq hərəkət deyil. Bilirsən ki, o, Şirvanın ən dəyərli şəxsiyyətlərindəndir: qəzəlləri, qəsidələri bütün türk ellərində dillər əzbəridir. Sən isə hələ utanmayıb deyirsən ki, az-az görüşürük. Yoxsa qara camaatdan qorxursan?

- Düz buyurursunuz, cənab müsəllim. Çalışıb səhvimi düzəldərəm.

- Al bu kağızı, bax, elə indi apar ver bacın oğluna. Cavabını elə bu kağızın altında yazıb mənə göndərsin. Gözləyirəm.

Xeyrəddin kağızı alıb eşiyə çıxdı və bir göz qırpımında atın belinə qalxdı. Yolboyu belə gec görünməsinin səbəbini izah etmək üçün sözlər axtardı. Doğrusu, vicdan əzabı çəkirdi...

Qapı səsinə Gülnaz xala gəldi:

- Kimdir?

- Mənəm, xala.

Gülnaz xala qapını açdı. Sərbaz Xeyrəddin atını çöldə bağlayıb içəri keçdi.

- Üzünü görək. Səndən nə əcəb?

- Bilirdim ki, elə belə deyəcəksən. Vallah, başım o qədər qarışıqdır ki, xala.

Səsə Şahxəndan çıxdı. Dayısını görüb təəccüb etdi və tələsik həyətə düşdü.

Sərbaz Xeyrəddin bacısı oğlunu qeyri-adi bir şəfqətlə qucaqlayıb öpdü:

- Bacıoğlu, bir dəfə gəlib qapımı açmırsan ki, görüm dayım ölüb, qalıb?

- Ay dayı, Cəmaləddini hər dəfə görəndə soruşuram. Gəlib evdə demir?

- Deyir, deyir... Sağ ol... Seyid Əli necədir? Eşitdim gəlib. Niyə dayısını axtarmır? Mənim başım oğrulara, cibgirlərə qarışıb. Ona nə olub?

Seyid Əli səs eşidib eşiyə çıxdı və dayısının onları qabaqlamaq istədiyini hiss edib gülümsündü:

- Dayı, biz balaca adamlarıq. Gərək sən bizi axtarasan.

Sərbaz Xeyrəddin ona tərəf getdi:

- Mən kiməm ki... Maşallah, sənin adın məğriblə məşriği bürüyüb.

Şahxəndan içəridən kətil gətirdi. Seyid Əli dedi:

- Dayı, sözlü adama oxşayırsan, vallah, səndə nəsə var.

- Var, bala, var, düz deyirsən.

O, əlini döş cibinə salıb, dörd bükülmüş kağızı çıxartdı:

- Müsəllim Müqtədir Oğuz ağa göndərib, elə bu dəqiqə də cavab gözləyir.

Şairlər şairi məktubu açıb oxudu, saqqalını sığallaya-sığallaya bir xeyli fikirləşdi, nəhayət:

- Bu saat yazım, gətirim, - dedi. Və beş dəqiqə sonra həmin kağızı gətirib dayısına uzatdı.

Şairlər şairindən cavab alan kimi müsəllim Müqtədir Oğuz zindana getdi, əlindəki yazıya əsasən sui-qəsdçilərdən peşimançılıq ərizəsi aldı. Bundan sonra azad olan canilər etirafda bulundular ki, Seyid Əli ilə heç bir şəxsi-qərəzçilikləri yoxdur və bu işə üzünü görmədikləri, tanımadıqları mürşidin tapşırığı ilə qol qoyublar. Bəs bu mürşid kim idi - onu müsəllim Müqtədir Oğuzdan başqa bir kimsə bilmirdi!..

***

Rəbiyyə xatunun evində Şirvan şairləri və sui-qəsdçilərin növbəti yığıncağı keçirilirdi. Qaim Şirvani başda olmaqla təşkilat üzvləri son hadisələrdən həddən artıq rəncidə idilər. Əvvəla ona görə ki, Seyid Əli İmadəddin Nəsimi hələ də Şamaxıda, özü də sağ-salamat idi, hətta şah məclislərində olur, Əhməd Kəsirəddinin dediyi kimi, öz mürtəd şeirlərinə görə, üstəlik, xələt də alırdı.

Qaim Şirvani dedi:

- Ağa Kəsirəddin, bütün bunların səbəbi odur ki, bu adamı, sadəcə, təsadüf xilas edir. Təsəvvürünüzə gətirin: müsəllim Müqtədir Oğuzun mühafizəçilərinin gözü qabağında bunun kürəyinə xəncər sancılır, di gəl ki, sağ qalır. Deyirlər, guya, əbasının altından keçə geyinibmiş. Yoxsa, xəncər onu cəhənnəmlik edəcəkmiş.

- Bu istidə ha, keçə geyinib? - deyə "ağıldan kəm” Kamal Məruf güldü.

Qaim Şirvani qırmızı damarlı gözlərini ona ağartdı və Kamal Məruf səsini xırp kəsib, əli ilə ağzını yumdu.

Əyninə uzun paltar geyinmiş uzun çənəli Rəbiyyə xatun süfrəyə şərab və ayran gətirib, əlini Kamal Mərufun araqçınlı başına qoyub, Qaim Şirvaninin üzünə baxdı:

- Oğlumun xətirinə dəyirsən ha!

Əlbəttə, onun Kamal Mərufa oğul deyib, mehribanlıq göstərməsinin səbəbi vardı. Qaim Şirvani üstünü vurmayıb, söhbətin yönünü dəyişdi:

- Yaxşı, gəlin indi müzakirə edib görək bu məlunu bu dəfə hansı vasitə ilə aradan götürəcəyik.

Dərviş kimi uzun saç və saqqal saxlayan Qulaməli bir fincan şərbət içib dedi:

- Ya Qaim, iki cəngavər fədaimizi, Qurani-Kərimə and olsun, içdirib sıramızdan ayırdılar. Bilmirəm indi nə tədbir görəcəyik və tapşırıq olsa, kim yerinə yetirəcək?

- Qulaməli, sən adama görə narahat olma. Bu iş üçün hazır olan islam fədailəri çoxdur. Amma görün mənim ağlıma nə gəlir. Deyirəm, bəlkə bir dəfə də onu aradan götürmək təşəbbüsündə bulunaq? Kim razıdırsa, əlini qaldırsın. Baş tutmasa, ehtiyat tədbirlərimiz itinə tök qədər...

Çox adam bu qərara razı oldu. Belə olduqda, Qaim Şirvani heyva kimi sarı və girdəbaş bərbər Kərim Zəbaniyə baxdı:

- Bu dəfə növbə sənindir, ey ülgüc pərgarı!

Bərbər Kərim Zəbani udqunub, Qaim Şirvaninin ətli sifətinə baxdı:

- Mən neyləyə bilərəm, ya Qaim? Əlimdən nə gələ bilər? Fəqir adamam...

- Əgər fəqirsənsə, burda nə işin var? Bir də sənin ülgücünün qüdrəti...

Bərbər Kərim Zəbani Qaim Şirvaninin nə demək istədiyini anladı və rəngi qaçdı, istər-istəməz, başını bulayıb etiraz etdi:

- Bu çox qorxulu işdir, ya Qaim. Camaat eşidib məni daşqalaq edər.

- Qorxma, səni vaxtında aradan çıxaracaqlar.

- Bəs sonra? - bərbər Kərim Zəbani dirəşdi. - Mən bir də Şamaxıya qayıda bilərəmmi?

- Şamaxıya qayıda bilməsən, Bakiyə gedərsən.

- Bəs mənim evim, arvad-uşağım?

Şair Tacəddin Şirvani gözlənilmədən söhbətə qarışdı:

- Bu, baş tutan iş deyil. Məgər siz bilmirsiniz ki, Seyid Əli İmadəddin Nəsiminin üzünü həmişə qardaşı təraş edir? Mürşidin bu işdən xəbəri varmı?

Qaim Şirvani etiraf etdi:

- Xeyr. Bu mənim təşəbbüsümdür. Bir də siz bəyənsəniz də tədbir, əlbəttə, mürşidin razılığı olduğu təqdirdə həyata keçirilə bilər.

O qədəhinə şərab süzüb, başına çəkdi və iki qovrulmuş badam götürüb ağzına qoydu. Məclisə sükut çökdü. Hamı Qaim Şirvaninin nə deyəcəyini gözləyirdi. Nəhayət, o, ağzını dəsmalla silib dedi:

- Mən bir şeyə məəttəl qalmışam: elə bil, onu kimsə bizim tədbirlərimizdən xəbərdar edir, - o susub, yəqin ki, şərabın təsirilə daha da qızaran gözlərini bir-bir məclis üzvlərinin üzündə gəzdirdi, sonra tərəddüd içində əlavə etdi:

- Deyirəm, bəlkə su quyularına zəhər tökək? Ancaq bundan bu kafirin qardaşı - günahsız və böyük savab işlər görmüş Şahxəndan da ziyan çəkə bilər. Mürşid də bilmirəm razı olar, olmaz... Deyin görüm sizin təklifiniz nədir?

Müzakirə gecədən xeyli keçənə qədər uzandı və məclis əhli qəti bir qərara gəlmədən evlərinə dağılışdılar, bu şərtlə ki, iki gündən sonra yenidən toplaşsınlar...

***

Həyətdə - ağac kölgəsindəki oturacaqda "Cavidannamə”ni oxuyan Seyid Əli hər beytdən sonra gözlərini yumub fikrə gedirdi. Eyvanda divan üzü köçürən Şahxəndan qardaşının bu hərəkətinə gah başını bulayır, gah gülümsəyir və düşünürdü: "Yəqin ustadın qəliz fikirlərini anlamaq üçün belə eləyir”.

Şahxəndanın Nəiminin bu əsərindən xoşu gəlmirdi, bəlkə ona görə ki, hələ təfəkkürü ordakı mətləbləri çözməyə hazır deyildi. Qardaşı - şairlər şairi isə bu kitabdan ötrü lap dəli-divanə idi, hara getsə, onu qurşağının altında aparırdı, hətta dəvə belində - səhra ilə yol gedəndə də oxuyurdu.

Birdən Şahxəndan Seyid Əlinin səsini eşitdi:

- Hüsniyyədən nə xəbər?

- Birdən-birə Hüsniyyə hardan yadına düşdü?

- Gecə yuxuda görmüşəm. Görəsən, onu necə tapa bilərik?

- Deyilənə görə, hər cümə axşamı qəbiristanlığa gedir.

Elə bu vaxt Gülnaz xala tənəbidən səsləndi:

- Əlinizi yuyun, gəlin. Yemək vaxtıdır.

Günorta idi. Bağda cırcıramalar səs-səsə vermişdi. Külək əsəndə tək-tük saralmış lətənzi armudlarının qurd dəymişləri qopub yerə düşürdü. Qonşu - kirpibığ Cəbrayıl yenə "Bayatı-kürd” oxuyurdu. Qaçalan damın ağzında ləzzətlə sümük gəmirirdi. Dəvə tənbəl-tənbəl, elə bil, saqqız çeynəyirdi. Qonşu Bənövşə xala yenə "Mahmudəli, Mahmudəli” - deyə var səsi ilə qışqırırdı. Və Şamaxının bütün evlərində adamlar nahar yeməyi üçün süfrə başına yığışmışdılar. Seyid Əli ilə Şahxəndan əllərini yuyub, eyvana qalxdılar.

***

Ertəsi gün günortaya yaxın qəbiristanlığa gələn Seyid Əli ilə Şahxəndan iki çadralı qadın gördülər. Onlardan biri Hüsniyyə, digəri Səlminaz idi.

Gələnlərə göz qoyan Səlminaz Hüsniyyəyə dedi:

- Ay qız, gör kim gəlir?

Bir əli ilə çadrasını belinə yığıb, bir əli ilə uşaqlarının qəbrinin üstündə bitən təzə otları qoparıb atan Hüsniyyə dönüb Seyid Əliyə baxdı. Xeyli aralı olsa da, baxışları uzun müddət bir-birinə ilişib qaldı.

Səlminaz dedi:

- Ay qız, keçmiş sevgilin heç qocalmayıb. Vallah, mənə elə gəlir ki, o sənə görə hələ də evlənməyib. Buy, ay qız, gör necə qızardın?

- Yaxşı, sən Allah, boynuma qoyma.

- Vallah, düz sözümdür.

Hüsniyyə bilmirdi ki, mürşidin adamları Səlminazla görüşmüş, ona bir sıra tapşırıqlar vermişdilər. Bu tapşırıqlara əsasən, Səlminaz Hüsniyyənin qəlbində şairlər şairinə qarşı olan eşqi alovlandırmalı idi. Əslində, buna heç ehtiyac yox idi, çünki bu eşq, onsuz da hər iki aşiqin qəlbində sönməyən şam kimi neçə illərdi ki, şölələnirdi.

Şairlər şairi keçmiş sevgilisinin baxışlarından həyəcana gəlib dedi:

- Balası, mən batdım.

- Niyə batırsan, dadaş? Sən ona baxdığın kimi, o da sənə baxır. Sizə bir elçidən başqa heç nə lazım deyil.

- Balası, mən daha yasin oxuyacaq halda deyiləm, sən bir molla Ramazanı gör, ona de.

- Baş üstə!..

Elə bu vaxt Səlminaz Hüsniyyəyə dedi:

- Ay qız, vallah, bu səndən ötrü ölür. Bilmirəm, nəyi gözləyirsən?

- Aaaa... zorla gedib kişinin evinə girəcəyəm?

Səlminaz özünü gülməkdən zorla saxlayıb pıçıldadı:

- Ay qız, o sənə elçi göndərməyə ürək eləmir. Ona necə çatdıraq ki, qorxmasın...

Sonra birdən ağlına nə gəldisə, az qaldı qışqırsın:

- Aaaa, tapdım! - dedi. Gülnaz xala! - O, çıxış yolu tapmış adam kimi sevindi və rəfiqəsinin üzünə rəğbətlə baxdı: - Deməli, bu illər ərzində onu ürəyində saxlamısan, ərin, uşaqların ola-ola...

Hüsniyyənin sifəti od tutub yanırdı. Günahkar kimi:

- Vallah, heç özüm də bilmirəm, - dedi.

Səlminaz pul kisəsindən gümüş dirhəm çıxarıb, yasin oxuyan mollanın ovcuna basdı və üzünü Hüsniyyəyə tutub dedi:

- Ay qız, sizin bir-birinizdən ayrı yaşamağınız Allaha xoş getməz.

- Aaaa... - Hüsniyyə bir gözü Seyid Əlidə dedi, - deyirsən, neyləyim? Gedib zorla kişinin evinə girim?

- Mən ölmüşəm məgər?! Elə düzüb-qoşum ki, heç ruhunuz da inciməsin.

- Yox, sən Allah, lazım deyil...

- Ay qız, dəlisən-nəsən? Heç bilirsən neçə yaşın var? Sən mənə baxma. Məni istəyənlər dövlətimə görə istəyirlər. Səni isə ürəkdən sevən var, özü də bir gör kimdi. Narahat olma, bacın hər şeyi qaydasına salacaq. Yavaş-yavaş gedək.

Hüsniyyə çiyni ilə uzun hörüklərini arxasına atıb, çadrasına büründü və yola düzəldi.

Ötüb keçən sevgilisindən gözünü ayıra bilməyən şairlər şairi dodaqaltı pıçıldadı:

Həmdülillah, yarımın gördüm üzün,

Dilruba dildarımın gördüm üzün.

Türrəsi-tərrarımın gördüm üzün,

Gözdən məkkarımın gördüm üzün.

Şahxəndan bu bəndi yaddaşına həkk etməmiş şairlər şairi ikinci bəndi söylədi:

Ey mənim əhdə vəfasız dilbərim,

Mübtəlasına ətasız dilbərim.

Dərdməndinə dəvasız dilbərim,

Eşqinə mərhəlasız dilbərim.

Şahxəndan şairlər şairinin nisgil dolu sözlərinə cavab olaraq, onun əbasının ətəyini yüngülcə dartıb dedi:

- Dəvasız niyə olur e... İstəsən, qaça-qaça gələr...

- Nə danışırsan, balası?

- Düz deyirəm də. Görmədin sənə necə baxırdı? Sən dərdini Gülnaz xalaya de!

Seyid Əli ilə Şahxəndan beləcə söhbət edə-edə evə gəldilər. Ancaq Gülnaz xala gözə dəymədi. Taxçanın üst gözündə bir məktub vardı, görünür, qonşu uşaqlarından birinə yazdırmışdı: "Oğlum xəstələnib, mən getdim. Hər şey hazırdır”.

Seyid Əli kağızı taxtın üstünə atdı:

- Gördün? Sənə demədim düzələn deyil? Yer də, göy də mənə qarşıdır!

- Yaxşı, sən də o dəqiqə qarışqadan fil düzəltmə. Gedib, sabah gələcək də.

Lakin Gülnaz xala ertəsi gün də, o biri gün də gəlmədi...

***

Həmin gün Rəbiyyə xatunun evində yenə yığıncaq vardı. Məsələ bunda idi ki, Seyid Əlinin eşq əhvalatı artıq bütün şəhərdə olduğu kimi, burada da gərgin mübahisəyə çevrilmişdi. Hərə bir söz deyirdi. Əksəriyyət, xüsusilə şairlər bu eşqi pozmağın tərəfdarı idi.

Yaşı qırxı adlamasa da, saç-saqqalı dümağ olan bakili şair Avdulla Kamil belini qırmızı ipək balışa söykəyib dedi:

- Bizim firavanlığımızı pozan bir dinsiz kafirin sevdiyi məxluqa qovuşub şad-xürrəm yaşamasına əsla razı olmamalıyıq.

- Biz mürşidin göstərişindən kənara çıxa bilmərik, - deyə lotu İsfəndiyar Qutluq elə sərt etiraz etdi ki, əlində tutduğu bir fincan şərab süfrəyə dağıldı.

Bakili şair etiraz etdi.

- Biz yekdilliklə qərara gəlsək, mürşid etiraz etməz.

- Yaxşı, ay Abdulla Kamil, bu adamın şəxsən sənə nə pisliyi dəyib?

Abdulla Kamil təəccüblə məclis üzvlərinə baxdı:

- Bu nə danışır, əə... Bir adam ki, hər misrasında "mənəm ən əl həqq” deyə, bir adam ki, ağzını açanda küfrlə aça, bir adam ki:

Rövzeyi-rizvan üzündür, vəssalam,

Surəti-rəhman üzündür, vəssalam,

Ərşi həqq, ey can, üzündür, vəssalam,

Rövh ilə Quran üzündür, vəssalam

- yaza, nə yuvanın quşu olduğu bilinməyən bir qadının üzünü Qurandan uca hesab edə, - hamımızın düşmənidir.

- Abdulla Kamil ağa, - bu dəfə Molla Seyid Məhəmməd dilə gəldi, - məgər sizin əşarlarınızda gözəlliyi vəsf edən, məzhəblə üst-üstə düşməyən heç bir sətir də yoxdur?

- Əstafürüllah! - Abdulla Kamil əlini qaldırıb, dizinə elə çırpdı ki, falçı Yusif Babalının şərbət fincanı əlindən yerə düşdü və məclisə sükut çökdü.

Nəhayət, Qaim Şirvani hökm verdi:

- Mürşid hələlik bizə hər üç məxl

uqa - Seyid Əli İmadəddin Nəsimiyə, Hüsniyyə xanıma, qulluqçu Gülnaz arvada xətər yetirmək barədə tapşırıq verməyib. Təkrar edirəm: burada heç kim mürtəd İmadəddin Nəsimiyə mənim qədər nifrət etmir. Hərçənd, onun əşarı, dillərə düşən qəzəl, qəsidə, məsnəvi, tuyuğları hamımızın çörəyinə bais olub və burda da ən çox itirən mən olmuşam. Çünki ondan qabaq sarayın baş şairi mən idim. Buna baxmayaraq, ilk növbədə məqsəd onu Şirvandan didərgin salmaqdır, özü də ömürlük. Gülnaz arvada da hədə-qorxu gəlmək lazımdır ki, İmadəddin Nəsimi ilə Hüsniyyəni qovuşdurmasın.

- Yaxşı, deyək ki, Gülnaz arvadı təcrid etdik, lap gizlətdik, bəs oğlu necə olacaq? - lotu Kamal Məruf soruşdu.

- Onunla məhz sən məşğul olacaqsan.

- Necə?

- Aparıb bir-iki gün evində saxlayarsan.

- Bəs deməz ki, anam hanı?

- Deyərsən ki, İmadəddin Nəsimi vacib bir iş üçün Bakiyə göndərib.

Bayaqdan bəri qaşqabaqlı halda söhbətə qulaq asan Abdulla Kamil dedi:

- Yaxşı, İmadəddin Nəsimi ilə Hüsniyyənin görüşü baş tutmadı, sonra?

- Sonrasını mən bilmirəm, ancaq güman edirəm ki, mürşidin İmadəddin Nəsimiyə vacib təklifi olacaq. Hər şey də onda bilinəcək.

- Təklifi mürşid özü ona çatdıracaq?

- Yox, bərbər Kərim Zəbani, təbii ki, onun adından. Həzərat, bu günlük bu qədər.

Abdulla Kamil:

- Bilmirəm, mürşid bu mürtədin nazı ilə niyə bu qədər oynayır, - dedi və bir qədəh şərab içib, ayağa qalxdı.

Rəbiyyə xatun onun arxasınca dedi:

- Bu kimdir gəlib belə yekə-yekə danışır?

Qaim Şirvani dəftərini qoltuğuna vurub, qapıya tərəf gedərkən dedi:

- O? O, Baki əhlinin məclisimizə xüsusi səlahiyyətlə göndərilmiş nümayəndəsidir.

(Ardı var)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video