07 Fevral 2019 01:35
635
İQTİSADİYYAT
A- A+

Üzümüzü ağ edən “qara qızıl” yatağı


Ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində Azərbaycanda neft sənayesi tənəzzülə uğramışdı. Neft və qaz hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Xalqımızın işğalçı Ermənistan tərəfindən müharibəyə cəlb olunması, üstəlik, daxildəki hərc-mərclik, xaos və anarxiya nəticəsində ümumiyyətlə, ölkədə əsl iqtisadi böhran yaşanırdı. Təbii ki, belə bir dövrdə Azərbaycan investorlar üçün riskli və təhlükəli ölkəyə çevrilmişdi. Vəziyyəti ulu öndər Heydər Əliyevin yeni neft strategiyası dəyişdi.

1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının bir sıra tanınmış xarici şirkətlərlə birgə tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı. Bu, həmin sazişdir ki, sonralar "Əsrin müqaviləsi” adını aldı.

AÇG-nin işlənməsi mərhələlərlə həyata keçirilib. Əvvəlcə "İlkin Neft Layihəsi” işlənib və bu layihə çərçivəsində 1997-ci ilin noyabrında "Çıraq” platformasından hasilata başlanıb. Birinci və ikinci fazalarda 2005-ci ilin əvvəlindən 2006-cı ilin sonunadək bir-birinin ardınca "Azəri” yatağının mərkəzi, qərb və şərq hissələrindəki platformalardan neft alınıb. Üçüncü faza adlanan növbəti mərhələyə "Dərinsulu Günəşli”nin işlənməsi daxil edilib və 2008-ci ilin aprelində bu yataqdan neft hasil olunub. Daha sonra "Çıraq Neft Layihəsi” gerçəkləşdirilib və layihə 2014-cü ilin yanvarında "Qərbi Çıraq” platformasından da neft çıxarılmasına imkan verib.

Hazırda AÇG-də 6 hasilat və 2 texnoloji platforma fəaliyyət göstərir. Kompleksdən neftin və səmt qazının çıxarılması davam edir. Keçən ilin 9 ayında "Çıraq”dan gündə orta hesabla 47 min barel, "Mərkəzi Azəri”dən 156 min barel, "Qərbi Azəri”dən 126 min barel, "Şərqi Azəri”dən 97 min barel, "Dərinsulu Günəşli”dən 105 min barel və "Qərbi Çıraq”dan 57 min barel hasil olunub. İndi AÇG-də ümumilikdə 112 neft hasilatı, 53 qaz və su injektor quyusu var.

AÇG böyük potensiala malik olan yataqlardır. Bu, 2017-ci ilin sentyabrında Azərbaycana tərəfdaş şirkətlərlə AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalamağa imkan verdi. Bu saziş "Yeni əsrin müqaviləsi” adlandırıldı. Həmin vaxta qədər buradan 3,2 milyard barelə, yaxud 440 milyon tona yaxın neft hasil edilmişdi. Yataqların işlənməsinə 33 milyard dollar sərmayə qoyulmuşdu. Azərbaycana təmənnasız olaraq 30 milyard kubmetrdən çox səmt qazı təhvil verilmişdi.

Yeni müqaviləyə əsasən isə AÇG-nin işlənməsi müddəti əsrin ortasınadək artırılıb. Beləliklə, 2050-ci ilədək AÇG yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulub. Beynəlxalq tərəfdaşlar Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər. Keçən il yanvarın 29-da ARDNF-yə yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

"Yeni əsrin müqaviləsi”ni həyata keçirmək üçün "Mərkəzi Şərqi Azəri” (MŞA) layihəsi gerçəkləşdirilməyə başlayıb. Layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədləri hazırlanıb. Əvvəlki layihələrin ƏMSSTQ sənədlərində olduğu kimi, burada da Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühit (SƏTTƏM) siyasəti əsas götürülüb.

MŞA çərçivəsində hasilata başlamaq istiqamətində quruda və dənizdə genişmiqyaslı işlərin görülməsi planlaşdırılıb. Belə ki, AÇG müqavilə sahəsində daha bir hasilat, qazma və yaşayış platforması quraşdıracaq. O, Xəzərdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformaları arasında mərkəzi nöqtədə yerləşəcəyindən "Mərkəzi Şərqi Azəri” adlanacaq.

MŞA platformasından karbohidrogenlər "Dərinsulu Günəşli”nin neft və qaz ixracı borularına yataqdaxili xətlərlə köçürüləcək. Hasil edilən neft AÇG-nin digər platformalarında olduğu kimi, Səngəçal terminalına çatdırılacaq və burada ixrac üçün lazım olan səviyyədə emal ediləcək. Çıxarılan qazın bir hissəsi platformada yanacaq kimi istifadə olunacaq, qalanı yataqdaxili xətlərlə "Mərkəzi Azəri”yə, oradan AÇG-nin mövcud ixrac borularına ötürüləcək.

"Mərkəzi Şərqi Azəri”dən gündə 100 min barelə qədər neft (lay suları ilə birlikdə) və 350 milyon standart kubfutadək qaz hasil ediləcəyi gözlənilir. Quraşdırma, öncə qazma quyularının platformaya birləşdirilməsi və işəsalma tədbirləri tamamlandıqdan sonra hasilata 2023-cü ildə başlanacağı gözlənilir.

Nəhayət, yeni platformanın üst modullarının və dayaq blokunun inşa edilməsi üçün potensial tikinti-quraşdırma meydançaları əvvəlki platformalar üçün olduğu kimi yenə də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və Bibiheybətdəki "AMEK-Tekfen-Azfen” (ATA) sahələridir. Qurudakı tikinti-quraşdırma meydançalarında inşaat və istismara hazırlıq işlərinin əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi nəzərdə tutulur. Layihənin qiymətləndirilməsi nəticəsində belə qənaətə gəlinib ki, tikinti mərhələsinin ən qaynar çağı 2021-ci ilin əvvəlinə təsadüf edəcək. Bu zaman işçi qüvvəsinin təxminən 3700 nəfərə çatacağı gözlənilir. Həmişə olduğu kimi, bu layihədə də Bakının tikinti meydançalarına yaxın olan Səbail və Qaradağ rayonlarının sakinləri məşğulluq problemlərini həll etmək imkanı qazanacaqlar. Əvvəlki neft-qaz tikinti layihələrində çalışarkən bacarıq nümayiş etdirmiş və etimad qazanmış işçilərə üstünlük veriləcək.

Bu il AÇG yataqlarından neft hasilatının 26,56 milyon ton olacağı planlaşdırılıb. Bu məlumat Hesablama Palatasının hazırladığı "ARDNF-nin 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də verilib.

ARDNF-nin məlumatına görə, AÇG yataqlarından əldə olunan ümumi gəlirlər 2001-ci ildən 2019-cu il yanvarın 1-dək 138 milyard 206 milyon ABŞ dolları təşkil edib.

Prezident İlham Əliyevin dediyi kimi: "Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var. Bu kontraktın uğurla icra edilməsi imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı, bax, gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Bütün bu işləri biz düşünülmüş siyasət nəticəsində görmüşük və əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək, ölkəmizi böyük dərəcədə qabağa apara bilmişik”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video