06 Fevral 2019 01:50
1863
SİYASƏT
A- A+

Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub


Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov:


"Prezident İlham Əliyevin müəllifi olduğu davamlı islahatlar konsepsiyası Azərbaycanın sosial-iqtisadi yüksəlişinə böyük təkan verəcək, qlobal əhəmiyyətini daha da artıracaq”

2018-ci il Azərbaycanda cəmiyyət həyatının bütün sferalarında pozitiv hadisələrlə əlamətdar oldu. Sosial-iqtisadi sahədə baş verən yeni keyfiyyət dəyişiklikləri, prezident seçkiləri, cəbhədə əldə olunan uğurlar, qlobal enerji və nəqliyyat layihələrinin işə düşməsi ölkəmizin yüksəlişinə təkan verdi. Həmçinin Azərbaycanın regionda və dünyada söz sahibi kimi mövqelərini bir qədər də möhkəmləndirdi. Ötən il əldə olunan uğurlar həm də 2019-cu ilin növbəti yüksəliş mərhələsi olması üçün ciddi əsaslar yaradır.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli ƏhmƏdov qəzetimizə müsahibəsində bu məsələlərdən söhbət açdı.

- Əli müəllim, geridə qoyduğumuz 2018-ci ili respublikamız üçün siyasi-ictimai baxımdan necə dəyərləndirərdiniz?

- 2018-ci il Azərbaycanın şərəfli inkişaf salnaməsinin mühüm illərindən biri kimi müstəqillik tariximizə həkk olundu. Ötən ilin yekunlarına ən doğru qiyməti Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötənaykı geniş iclasında qeyd edib. 2018-ci ildə iqtisadiyyatımızın və cəmiyyət həyatının digər sferalarının inkişafı davam edib. İqtisadi inkişafın ayrı-ayrı rəqəmlərini sadalamağa, güman edirəm ki, ehtiyac yoxdur. Bu barədə oxucuların kifayət qədər ətraflı məlumatı var. Nazirlər Kabinetinin iclasında makroiqtisadi göstəricilərin hamısı diqqətə çatdırıldı.

Bütövlükdə onu qeyd edə bilərəm ki, məhz bu inkişafa görə Azərbaycan XXI əsrin ən uğurlu dövlətlərindən biri kimi səciyyələndirilə bilər. Reallıq ondan ibarətdir ki, yeni əsrdə Azərbaycan qədər sürətli iqtisadi inkişafa malik olan bir ölkə olmayıb. Cəmi 15 ildə iqtisadiyyatımızın üç dəfədən çox artımı ondan xəbər verir ki, sözün həqiqi mənasında qısa müddətdə ölkəmiz böyük yüksəliş mərhələsi keçib.

Lakin bu inkişaf təkcə iqtisadi artımda ifadə olunmur. Qeyd etdiyim kimi, cəmiyyət həyatının bütün sahələrində böyük dəyişikliklər baş verib. Bu dəyişikliklər Azərbaycanın simasının köklü surətdə yenilənməsinə, cəmiyyətimizin bütün sferalarında əsaslı şəkildə inkişafına gətirib çıxarıb. Azərbaycan bu illər ərzində, 2018-ci il də daxil olmaqla, çox modernləşib. Hansı sahəyə nəzər salsaq, istər infrastruktur, istər ictimai həyatın təşkili baxımından və digər istiqamətlərdə Azərbaycan əsaslı şəkildə dəyişib, müasirləşib, yenilənib.

İlin ən mühüm siyasi hadisəsi isə aprelin 11-də keçirilən prezident seçkiləri oldu. Xalqımız bu seçkidə də ən layiqli namizədi - cənab İlham Əliyevi dəstəkləməklə inkişafın davamlı olmasına, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsinə səs verdi.

2018-ci ilin ən mühüm yeniliklərindən biri islahatların özünün müsbət nəticələrini göstərməsidir. Artıq bir neçə ildir ki, ölkədə yeni islahatlar həyata keçirilir. Cənab Prezidentin təşəbbüsləri ilə reallaşan bu islahatlar və onun yeni istiqamətləri artıq öz real nəticələrini verməyə başlayıb. Bu baxımdan Azərbaycanda həyata keçirilən islahatların bəhrələrinin əldə edilməsi baxımından 2018-ci ildə mühüm nailiyyətlərə nail olduğunu demək mümkündür. Məxsusi qeyd etmək lazımdır ki, islahatlar elə bir mərhələyə gəlib çatıb ki, həyatın bütün istiqamətlərini əhatə etməklə yanaşı, eyni zamanda idarəetmənin təkmilləşdirilməsi kimi çox incə və eyni zamanda vacib olan sahəni də əhatə edir.

Beynəlxalq miqyasdakı mövqelərimizin möhkəmlənməsi iqtiqamətində də çox ciddi nailiyyətlər əldə olunub. Azərbaycan artıq bütün dünyada birmənalı şəkildə özünü ifadə etməyi bacaran dövlət kimi qəbul olunur. Rəsmi Bakının sözü, mövqeyi dünyada qəbul olunur, etiraf edilir. Bu, respublikamızın dünya birliyində nüfuzunun artması, eyni zamanda, həyata keçirilən islahatların öz nəticələrini verməsi ilə əlaqədardır. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən liberal və islahatlara açıq ölkələrindən biri sayılır. Hesab edirəm ki, bu istiqamətdə əldə etdiyimiz nailiyyətlərin göstəricilər baxımından böyük qiymətinin olduğunu vurğulamaq olar.

Azərbaycan dünyanın enerji ehtiyaclarının ödənilməsində getdikcə rolunu da artırır. İndi ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Ölkəmizin bilavasitə iştirakı və cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri Avropanın, əslində dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində ən vacib layihələr kimi qiymətləndirilə bilər. Bu layihələrin əhəmiyyətli hissəsi artıq işə düşüb və praktikada öz müsbət nəticələrini göstərməkdədir.

Eyni sözləri Azərbaycanın nəqliyyat dəhlizi kimi artıq özünü ifadə etməsi barədə də söyləmək olar. Respublikamızın böyük və tarixi İpək yolu layihəsinə qoşulması, onun əhəmiyyətli hissəsi ilə əlaqədar nəqliyyat xətlərinin çəkilməsində iştirak etməsi dediklərimizin əyani sübutudur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Şərqdən, Çindən başlayaraq Avropaya gedən böyük İpək yolunun əhəmiyyətli hissəsini təşkil edir. Bundan əlavə, ölkəmizin Şimal-Cənub istiqamətində vacib nəqliyyat qovşağı kimi formalaşması ilə bağlı layihələr həyata keçirilir. Bütün bunların hamısı tək Azərbaycanın nəqliyyat dəhlizi kimi mövqelərinin möhkəmləndirilməsi kimi təsəvvür edilə bilməz. Bu, eyni zamanda, regionun, bizi əhatə edən coğrafiyanın iqtisadiyyatına, nəqliyyat kommunikasiyasının inkişafına Azərbaycan tərəfindən verilən töhfədir. Beləliklə də bunlar respublikamızın mövqelərini möhkəmləndirir, etibarlı tərəfdaş kimi hörmət və ehtiramını artırır.

Bu uğurların ümumi ifadəsi Azərbaycan vətəndaşlarının öz dövləti ilə qürur duyması, fəxr etməsidir. Bu gün vətəndaşlarımız sözün əsl mənasında onunla iftixar duyurlar ki, qüdrətli, güclü, möhtəşəm bir dövlətin vətəndaşıdırlar. Bu, bir yandan dövlətimizin gücünün artması, digər tərəfdən vətəndaşlarımızın həyatında baş verən dəyişikliklərlə bağlıdır. İnsanlar ölkədə baş verən dəyişiklikləri ümumi dəyərləndirmə prizmasından başqa, şəxsi dəyərləndirmə prizmasından da qiymətləndirirlər. Azərbaycan vətəndaşlarının həyatı dəyişir, sosial rifahı daha da yüksəlir. Təbii ki, ötən il də vətəndaşlarımızın sosial həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri ilə əlamətdar oldu.

Beləliklə, 2018-ci il Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında illərdir davam edən inkişaf salnaməsinin çox vacib bir səhifəsini təşkil edir. 2018-ci ildə əldə edilmiş nailiyyətlər əsasında qədəm qoyduğumuz 2019-cu ildə də həm iqtisadiyyatının daha da yüksəlməsinin şahidi olacağıq, həm də dünya miqyasında Azərbaycanın bir dövlət olaraq qüdrətinin güclənməsini müşahidə edə biləcəyik.

- Qeyd etdiyiniz kimi, 2018-ci ilin ən mühüm siyasi hadisəsi prezident seçkiləri oldu. Bu seçki nəyin göstəricisi oldu və ölkəmizin siyasi həyatında hansı məqamları ilə yadda qaldı?

- Hər bir ölkənin inkişafı onun siyasi sabitliyi və siyasi münasibətlərin ahəngdarlığı ilə bilavasitə əlaqədardır. 2018-ci ilin ümumi ictimai-siyasi hadisələrini qiymətləndirərkən aprel ayında keçirilmiş prezident seçkilərini və onun nəticələrini qeyd etməmək mümkün deyil.

Bu seçkidə YAP-ın namizədi olan cənab İlham Əliyev 86 faizdən çox səs toplayaraq yenidən Prezident mandatını qazandı. Bu, cənab İlham Əliyevin ölkə Prezidenti vəzifəsinə dördüncü dəfə seçilməsi idi. Ayrı-ayrı ölkələrin və bütövlükdə dünyanın siyasi inkişafının tendensiyaları ondan ibarətdir ki, hakimiyyət yaşlaşdıqca insanların ona münasibətində bir uyğunlaşma və bundan əmələ gələn yorğunluq müşahidə olunur. Biz bunu müxtəlif ölkələrdə hakimiyyətdə olaraq inkişafa böyük töhfələr vermiş insanlara olan münasibətdə də görürük. Ancaq ölkəmizdə 2018-ci il prezident seçkilərini fərqləndirən cəhət ondan ibarətdir ki, bu seçki cəmiyyətin hakimiyyətə böyük etimad göstərdiyini sübut etməklə yanaşı, əvvəldə qeyd etdiyim və müəyyən mənada sosioloji qanunauyğunluğa çevrilmiş meylin Azərbaycanda tam əksinin formalaşdığını göstərdi. Bəli, vətəndaşlarımız Prezident İlham Əliyevə etimad göstərməkdə davam edirlər.

Bu, İlham Əliyevin 15 ildən artıq davam edən prezidentlik fəaliyyətinin ən vacib nailiyyətlərindən biridir. Bunun səbəblərini araşdırmağa çalışsaq, ortaya hansı həqiqətlər çıxar? - Niyə İlham Əliyevə vətəndaşların bu qədər böyük inamı var?

Bu onunla əlaqədardır ki, Azərbaycan İlham Əliyevin rəhbərlik etdiyi 15 il ərzində sürətlə inkişaf edib, böyük nailiyyətlər qazanıb. Ölkədə möhtəşəm dəyişikliklər baş verib. Bu dəyişikliklər təkcə iqtisadiyyatın artımı, infrastrukturun yenilənməsi, şəhər və kəndlərin abadlaşması, yeni yolların, körpülərin, əzəmətli binaların tikilməsi ilə yekunlaşmır. Baxmayaraq ki, sadalanan bu nailiyyətlərin özü də istənilən iqtidara kifayət qədər böyük inam və etimad göstərilməsi üçün ciddi əsaslardır. Dəyişikliklərin əhəmiyyətli hissəsi insanlarımızın həyat səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Biz əgər Azərbaycan vətəndaşlarının həyat səviyyəsini 2003-cü illə müqayisə etməyə çalışsaq, 2018-ci ildən baxdıqda, möhtəşəm dəyişikliyin şahidi olarıq. Təbii ki, bu dəyişikliklərin nə qədər əzəmətli olduğunu hamıdan yaxşı elə insanların özləri bilir. Çünki yüksəliş onların həyatında, məişətində, güzəranında baş verir. Buna görə həyatında, güzəranında bu qədər böyük yüksəlişi müşahidə edən və yaşayan insanların bu dəyişiklikləri ona vermiş iqtidara, iqtidarın başında duran insanlara etimad və rəğbət bəsləməsi tamamilə məntiqəuyğundur və başadüşüləndir.

Digər tərəfdən, İlham Əliyev hakimiyyəti Azərbaycanda ictimai-siyasi sabitliklə birmənalı şəkildə sarsılmaz şəkildə başa düşülür. Bu gün İlham Əliyev dedikdə, onun hakimiyyəti dedikdə təhlükəsizlik və əmin-amanlıq gözlərimizin önündə canlanır. Bizi əhatə edən, o qədər də uzaqda olmayan dövlətlərdə baş verən qanlı toqquşmalar, qarşıdurmalar, insanların faciəsi fonunda Azərbaycandakı təhlükəsizlik Prezident İlham Əliyev tərəfindən insanlarımıza nə qədər böyük bəxtəvərliyin bəxş edildiyini aydın surətdə göstərir. Hər gün kütləvi informasiya vasitələrində ayrı-ayrı ölkələrdə baş verən hərbi-siyasi fəlakətləri izləyirik. Bu təlatümlü dünyada, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təhlükəsizlik adasına bənzədilən Azərbaycanda yaşamaq, sözün həqiqi mənasında, xoşbəxtlik və firavanlıqdır. İnsanlar nəinki özləri üçün təhlükə görmürlər, eyni zamanda övladlarının gələcəyi ilə bağlı nigarançılıq və narahatlıq keçirmirlər. Ona görə bunun iqtidara etimad və etibar göstərmək baxımından əhəmiyyətini təsəvvür etmək o qədər də çətin deyil.

İnsanlar bu əmin-amanlığa və təhlükəsizliyə görə Prezident İlham Əliyevə minnətdardırlar. Çünki sabitliyin olmadığı yerdə istənilən var-dövlət və digər ona bənzər kateqoriyalar öz əhəmiyyətini itirir. İnsanın həyatından yüksək bir dəyər təsəvvür etmək mümkün deyil. İnsanın təhlükəsizliyindən daha əhəmiyyətli reallıq düşünmək mümkün deyil. Prezident İlham Əliyev ilk növbədə insanlar üçün bu yüksək reallıqları təmin edib. Amma qeyd etdiyim kimi, insanlar təkcə təhlükəsizlik şəraitində yaşamırlar. Eyni zamanda, bu əmin-amanlığı böyük dəyərə çevirən həyat tərzinin yüksək olması, vətəndaşların ehtiyaclarının ödənilməsi və bunun üçün dövlətin hər bir addımı atmağa hazır olması da cəmiyyətin hökumətdən və hakimiyyətdən məmnunluq səviyyəsini yüksəldən amildir.

Bütün bunların hamısının fonunda 2018-ci ilin aprel ayında keçirilən prezident seçkiləri yüksək fəallıq şəraitində baş tutdu. Seçkilərin nəticəsi İlham Əliyevin yüksək faizlə qalib gəlməsində ifadə olundu. 86 faiz səs artıq neçənci dəfədir keçirilən prezident seçkilərində qalib gələn şəxs üçün böyük göstəricidir. Və bu göstərici seçicilərimiz tərəfindən Prezident İlham Əliyevə münasibətdə ifadə olundu.

Prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsində İlham Əliyevin partiyası - Yeni Azərbaycan Partiyası böyük fədakarlıq göstərdi. YAP-ın bütün üzvləri seçki kampaniyasının yüksək şəraitdə keçirilməsi üçün əllərindən gələni etdilər. Xüsusilə partiya gənclərini qeyd etmək istəyirəm. Seçki kampaniyasının bütün mərhələlərində, istənilən seçki hərəkatının həyata keçirilməsində gənclər yaxından iştirak etdilər, təbliğat və təşviqat aparılmasında fədakarlıq göstərdilər. Beləliklə, seçki kampaniyasının bütövlükdə bir proses olaraq möhtəşəmliyinin təmin edilməsində, yüksək fəallıq şəraitində keçirilməsində YAP-ın hər bir üzvünün əməyi mühüm rol oynadı.

Hər bir seçki ölkədəki ictimai-siyasi münasibətlərin ahəngdarlıq dərəcəsini müəyyənləşdirən əhəmiyyətli barometrlərdən biridir. Sevindirici haldır ki, Azərbaycanda prezident seçkiləri sabit, sakit şəraitdə keçdi və baş tutdu. Bu onunla əlaqədardır ki, birincisi, insanlar ölkədə qərar tutmuş təhlükəsizliyi və əmin-amanlığı yüksək qiymətləndirir və onun pozulmasına heç bir vəchlə imkan vermək niyyətində deyillər. İkinci təfərdən, seçkilər ərəfəsində ölkədəki ictimai-siyasi ab-hava bundan ibarət idi ki, insanlar İlham Əliyevin timsalında öz namizədlərini müəyyənləşdirmişdilər və başqa namizəd axtarmaq fikrində deyildilər. Bu da prezident seçkilərinin müsbət axarda keçməsinin səbəblərindən biri kimi qiymətləndirilə bilər.

Prezident seçkiləri artıq arxada qalıb. Azərbaycan bu seçkidən sonra ictimai, siyasi və iqtisadi baxımdan yeni mərhələyə qədəm qoyub. İslahatlar strategiyası uğurla və ardıcıl surətdə davam etdirilir. 2018-ci ilin seçkilərində İlham Əliyevə səs vermiş insanlarımız özlərinin doğru seçimlərinin nə qədər düzgün olduğunu növbəti illər ərzində bir daha görəcəklər. Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti illərdə Azərbaycan daha da inkişaf edəcək, ölkəmiz daha da qüdrətlənəcək. Ən başlıcası, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli siyasət davam etdiriləcək. Problemin Azərbaycanın pozulmuş hüquqlarının bərpa olunması formasında həlli üçün Prezident İlham Əliyevin yürütdüyü siyasət çox ciddi əsaslar yaradır. İndi Azərbaycan nəinki özünü qorumağa qadirdir, eyni zamanda lazım gəldiyi anda bütün hüquqlarını bərpa etməyə hazırdır. Bizim qüdrətli ordumuz var. Bir neçə nümunə əsasında əminliklə deyə bilərik ki, bu ordu pozulmuş ərazi bütövlüyümüzü qısa zamanda bərpa etməyə qadirdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hələlik danışıqlar prosesinə üstünlük verir. Bu danışıqlar ölkəmizin getdikcə güclənən iqtisadi, siyasi, hərbi qüdrəti fonunda öz niyyət və məqsədinə nail olacaq.

- Ölkədə aparılan islahatlara toxundunuz. 2019-cu ilin ilk günlərindən Prezident İlham Əliyevin islahatlar və sosial rifah konsepsiyası yeni mərhələyə qədəm qoyub. Bu sahədə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiz?

- Ölkə, cəmiyyət inkişaf etdikcə bu inkişafın yeni mərhələyə çıxması ehtiyacı yaranır. Azərbaycan 1993-cü ildən bu yana davamlı inkişaf etməyə başlayıb. Müxtəlif mərhələlərdə qarşıya qoyulan vəzifələr həll olunub. Sonra daha yeni vəzifələr ortaya çıxıb. Prezident

İlham Əliyevin rəhbərliyi altında ölkəmiz 2003-cü ildən sonrakı dövrdə daha sürətlə inkişaf edib. Bu inkişafın səbəbləri içərisində neft strategiyasının zəfər çalması nəticəsində əldə olunan gəlirlərdən səmərəli istifadəni ayrıca qeyd etmək lazımdır.

Ötən illərdə Azərbaycan neft amilinin əsasında inkişaf edərək bundan irəli gələn bütün vəzifələrin hamısını həyata keçirib. İnkişafla bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu ən mühüm vəzifə isə qeyri-neft sektorunun inkişafıdır. Beləliklə, bir müddət əvvəl yeni islahatlar konsepsiyasının meydana çıxması qeyri-neft amilinin inkişaf etdirilməsi zərurəti ilə əlaqədar idi. Əsas vəzifə Azərbaycanın neft amilinin asılılığından xilası, həmçinin inkişafı şaxələndirmək əsasında iqtisadiyyatın bütün sferalarının ahəngdar yüksəlişini təmin etmək idi. Bu mənada dərin iqtisadi islahatlar konsepsiyasının əsas hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsinə hesablanmışdı. Son illərin gerçəkliyi ondan ibarətdir ki, qeyri-neft sektoru həqiqətən islahlatlar konsepsiyasının reallaşması nəticəsində sürətlə inkişaf etməyə başladı. Biz iqtisadi inkişafımızı nəzərdən keçirsək görərik ki, bu inkişafda qeyri-neft sektorunun və sənayenin yüksəliş templəri kifayət qədər yüksəkdir. Buradan çıxan nəticə ondan ibarətdir ki, ölkənin inkişafında neft sektorunun rolu azalır, qeyri-neft sektorunun payı sürətlə artır. Onu da əlavə edim ki, Azərbaycanın son 20-25 il ərzində inkişafına 250 milyard dollar investisiya yatırılıb. Bu, adambaşına 10 min dollar investisiya deməkdir. Bu, sözün əsl mənasında dünyada ən böyük göstəricilərdən biridir.

Təbii ki, islahatlar yalnız bununla məhdudlaşa bilməz. İndi islahatların yeni mərhələyə çıxdığını müşahidə edirik. Bu gün idarəetmə sahəsində islahatların həyata keçirilməsi zərurəti yaranıb. Cənab Prezident dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün müvafiq fərmanlar imzalayıb. İnanıram ki, bununla əlaqədar həyata keçirilən tədbirlər nəticəsində çox qısa zamanda Azərbaycanın idarəçilik sistemi də çox ciddi şəkildə təkmilləşəcək. Ən müasir idarəetmə sistemi ölkəmizdə qərar tutacaq.

İqtisadiyyatın yenilənməsi, onun ayrı-ayrı sahələrinin inkişafı üçün böyük sərmayələrin qoyulması və dövlət tərəfindən onlara dəstək verilməsi, eyni zamanda bütün bunların nəticəsi kimi idarəetmənin təkmilləşdirilməsi Azərbaycanda bitkin, bir-birini tamamlayan mütərəqqi islahatlar konsepsiyasının həyata keçirildiyini göstərir.

Prezident İlham Əliyevin müəllifi olduğu davamlı islahatlar konsepsiyası Azərbaycanın sosial-iqtisadi yüksəlişinə böyük təkan verəcək, qlobal əhəmiyyətini daha da artıracaq.

- Son vaxtlar müxalifətin radikallaşması hiss olunur. Buna səbəb nədir və onların müşahidə etdiyimiz qanunsuz cəhdləri perspektivdə nə vəd edir?

- Demokratiya müxalifəti vacib amil kimi nəzərdə tutur. Biz bunu həm qəbul edirik, həm də Azərbaycanda demokratiya tam bərqərar olduğundan müxalifətin mövcudluğu da qaçılmazdır. Amma təəssüf doğuran gerçəklik ondan ibarətdir ki, Azərbaycanda özünü müxalifət hesab edən bəzi partiyaların fəaliyyəti ötən əsrin 90-cı illərinin əvvəllərinin, başıpozuqluq dövrünün qalıqları şəklində təzahür edirir. Bu da, təbii ki, təəssüfləndiricidir.

Azərbaycanda 1993-cü ildən bu yana, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bugünə qədər davam edən böyük dəyişikliklər baş verib. 90-cı illərin əvvəlləri ilə müqayisədə dəyişməyən heç nə qalmayıb. Ölkənin siması dəyişib, infrastrukturu yenilənib, Bakının və regionların siması müasirləşib, insanlarımızın həyat səviyyəsi yüksəlib. Eyni zamanda, Azərbaycan dövlət olaraq güclənib, qüdrəti artıb, dünyada mövqeləri möhkəmlənib, regionun liderinə çevrilib. İnsanlarımızın da təfəkküründə bu illərdə dəyişikliklər baş verib. Çünki həyatda baş verən yeniliklər istər-istəməz düşüncələrdə, təsəvvürlərdə öz əksini tapır. Amma bir şey Azərbaycanda dəyişməyib: bu da ölkəmizdəki özünü müxalifət hesab edən bəzi partiyalardır. Ona görə biz onları öz simalarına uyğun haqlı olaraq qaragüruhçu adlandırmaq zorundayıq. 90-cı illərin əvvəllərinin başıpozuqluq dövründə formalaşmış həmin müxalifət o vaxt necə qaragüruhçu idisə, indi də elədir! Bu günə qədər dəyişməyiblər!

Beləliklə, Azərbaycanın demokratik quruluşu ilə bu quruluşun vacib tərkib hissəsi olmalı olan müxalifətin müəyyən qismi arasında böyük təzad var. Bir yanda normal cəmiyyət, demokratiya və demokratik təsisatlar, digər yanda isə normal adlandırılması mümkün olmayan başıpozuq müxalifət. Bizim siyasi həyatımızın narahatlıq yaradan ən böyük problemlərindən biri məhz budur. Həmin müxalifət ölkənin inkişafından faydalanmaq, ən azından öz siyasi mübarizələrindən bəhrələnmək əvəzinə qıcıqlanırlar. Onların məfkurəsində müxalifətə başucalığı gətirməyən bir şüar meydana gəlib: ölkə üçün nə qədər pis olarsa, müxalifət üçün o qədər yaxşıdır. Deməli, Azərbaycanın inkişafı, yüksəlişi, insanların rifahının yaxşılaşmasını onlar əslində pis qarşılayırlar. Həmin müxalifət arzulayır ki, Azərbaycan inkişaf etməsin, insanların sosial rifahı aşağı olsun və yaranan çətinliklərdən öz çirkin məqsədləri üçün istifadə etsinlər. Onların davranışlarının Azərbaycanın ümumi demokratik ab-havasına uyğun gəlməməsinin kökündə dayanan budur.

Lakin belə müxalifət yeni əhvali-ruhiyyə şəraitində yaşayan bir cəmiyyətlə ahəngdarlıq təşkil edə bilməz. Onlar getdikcə daha da marginallaşıb və simalarını itiriblər. Ona görə çıxış yolunu cəmiyyətdə gərginlik yaratmaqda görürlər. Aydın şəkildə dərk edirlər ki, təhlükəsizliyin, əmin-amanlığın, iqtisadi inkişafın, rifahın yüksəlişi fonunda özlərinin bu şəraitə uyğun gəlməyən platformaları ilə insanları öz tərəflərinə çəkmək iqtidarında deyillər! Bu, onlar üçün vahimədir. Vəziyyətdən çıxış yolunu cəmiyyəti gərginləşdirməkdə, qarşıdurma yaratmaqda görürlər. Bunun üçün keçirdikləri mitinqlərdən faydalanmağa çalışırlar.

Dövlət mitinqlərin keçirilməsinin əleyhinə deyil. Amma bu mitinqlər vətəndaş itaətsizliyinə çağırışla müşayiət olunursa, yaxud dövlət və konstitusion quruluşun əleyhinə çağırışlar səsləndirilirsə, demək, həmin mitinqlərin məqsədi qarşıdurma və gərginlik yaratmaq niyyətlərinə xidmət edir. Digər yandan, həmin müxalifət ölkəmizin reallıqlarına böhtan atmaqla insanların təsəvvürlərini dəyişmək istəyir. Yalan və iftira yolu ilə insanları aldatmağa çalışırlar.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sosial şəbəkələr yalan yaymaq və böhtan atmaq imkanlarını onlar üçün təmin edir. Qaragüruhçu müxalifət və bu gün Avropada antiazərbaycançı şəbəkənin buyruq quluna çevrilmiş sapı özümüzdən olan baltalar bu imkanlardan sui-istifadə edərək Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər. Amma bunun da bir fayda vermədiyini görürlər. Çünki neçə ildir yalan, böhtan atmaqla insanların düşüncələrini zəhərləmək niyyətlərinin baş tutmadığını anlayırlar. Belə olan halda daha mənəviyyatsız addımlara əl atır, insanlara qarşı mənəvi terror həyata keçirirlər. Ləyaqət və etika anlayışı ilə bir araya sığmayan ifadələr işlədərək ayrı-ayrı insanları mənəvi terrora məruz qoymaqdan ibarət bir yol seçiblər. Ləyaqətli insanlara, Azərbaycan dövlətinə və onun başçısına qarşı mənəviyyatsız hərəkət edirlər.

Azərbaycana ləkə yaxmaq istəyənlər, ölkə rəhbərinə böhtan atanlar əslində vicdanlarını itirmiş ünsürlərdir. Bununla da onlar ölkə üçün əslində qara ləkəyə çevriliblər. Lakin bu cür ləyaqətsiz hərəkətlər insanların düşüncəsinə təsir etmək gücünə malik deyil. Çünki onların belə əməlləri sağlam düşüncəli hər kəsi qıcıqlandırır, qəzəbləndirir.

Onu da qeyd edim ki, bu təhqirlərə və mənəvi terrora bundan sonra da dözmək qeyri-mümkündür. Hesab edirəm ki, hüquqşünaslar, informasiya texnologiyaları sahəsində mütəxəssislər bu halların qarşısının alınması üçün düşünəcəklər və belə əməllərin təkrarlanmaması üçün bir yol tapılacaq.

Müxaləfətin azğınlaşmasının səbəblərindən biri də Azərbaycanın inkişafından qıcıqlanan və ölkəmizi gözü götürməyən qüvvələrin verdiyi sifarişlərin intensivliyinin artmasıdır. Bir sıra hallarda müxalifətin hərəkətləri kənardan Azərbaycana qarşı pozuculuq işləri aparan beynəlxalq mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Bir çox hallarda sifariş və tapşırıqlar xaricdən gəlir. Bunun üçün maddi vəsait də xaricdən göndərilir. Bütün bunlar insanları narahat etməyə bilməz. Çalışmalıyıq ki, Azərbaycanın inkişafından narahat olan və inkişafımızın qarşısını almağa çalışan qüvvələrlə qaragüruh müxalifət arasındakı əlaqələr sındırılsın.

Azərbaycan dövləti kifayət qədər güclüdür. Vətəndaşlar müxalifətin hansı niyyətlərlə fəaliyyət göstərdiyini aydın bilir və görürlər. Belə olan halda vicdanını itirmiş insanların istənilən təxribatçı hərəkətləri iflasa məhkumdur.

- Bu il həm də bələdiyyə seçkiləri keçiriləcək. YAP seçki hazırlığına başlayıbmı və namizədlər hansı meyarlar əsasında müəyyən olunacaq?

- 2019-cu ilin siyasi hadisələrindən biri dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri olacaq. YAP-ın seçkilərlə əlaqədar fəaliyyətinin çox mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, biz seçkilərə vaxtında hazırlaşmağa başlamağa adət etmişik. Bunun nəticəsi olaraq seçkilərdə əldə etdiyimiz nailiyyətlər də adekvat olur. Bələdiyyə seçkilərinin başlamasına 10 aydan çox vaxt var. Amma YAP olaraq biz bu seçkilərə artıq başlamışıq. Artıq proqramımız müəyyən olunur, seçki kampaniyasının keçirilməsi üçün lazım olan resurslar dəyərləndirilir.

YAP-ın seçki kampaniyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar böyük təcrübəsi var. Partiyamızın bütün strukturları peşəkar seçki kampaniyasının təşkilatçılarına çevriliblər. Bir çağırışa çoxlu sayda üzvümüzü seçkilərin keçirilməsinə cəlb edə bilirik. Bu da onu göstərir ki, YAP sözün həqiqi mənasında mütəşəkkil qüvvədir, partiyada daxili nizam-intizam mövcuddur. YAP-da partiyaya sadiq olan insanlar cəmləşib. Onlar hər bir seçkinin partiyanın və ölkənin həyatı üçün nə qədər əhəmiyyət kəsb etdiyini başa düşürlər. Buna görə də ölkəmizin inkişafı naminə öz töhfələrini verirlər. Bütün bunlar hamısı məcmu halda YAP-ı böyük gücə çevirib. Bu qüvvə ilə istənilən seçkini yüksək səviyyədə keçirmək mümkündür.

Digər tərəfdən, YAP hər bir üzvünə öz imkanlarını ifadə etmək üçün lazım olan şəraiti təmin edir. Bu mənada bələdiyyə seçkiləri YAP tərəfindən üzvlərimizin ictimai-siyasi fəallığının inkişaf etdirilməsi üçün təkmil imkan kimi qiymətləndirilir. Çünki minlərlə insan bu seçkilərdə iştirak etmək imkanına malik olacaq, minlərlə insan bələdiyyə üzvü seçiləcək.

Təbii ki, seçkilərlə bağlı əsas işlər qarşıdadır. O ki qaldı namizədlərin müəyyən olunması məsələsinə, bu, sözün əsl mənasında ciddi prosesdir. Təbii ki, namizədlərimizi YAP-ın fəalları içərisindən müəyyənləşdirəcəyik. Onlar kifayət qədər peşəkar insanlar olmalıdır. Digər tərəfdən, çalışacağıq ki, namizədlərimiz arasında gənclər və qadınlar çoxluq təşkil etsin.

Bu gün bələdiyyə üzvü seçilmiş vətəndaş müəyyən müddətdən sonra Azərbaycanın siyasi həyatında daha yüksək səviyyədə iştirak etmək imkanlarına malikdir. Bu insanlar həmin bələdiyyə üzvlərinin içərisindən də seçiləcəklər. Ona görə də çalışacağıq ki, daha çox gənclərimiz bələdiyyə üzvü seçilsinlər və siyasi həyatımıza daha yaxından inteqrasiya etsinlər. Buna görə gənclər bələdiyyə seçkilərində namizəd olaraq fəal təmsil olunmalıdırlar. Eyni sözləri qadınlar barədə də demək olar. Azərbaycan qadınları ictimai-siyasi həyatda fəal iştirak edirlər. Biz onun tərəfdarıyıq ki, qadınlar ictimai-siyasi proseslərdə daha aktiv olsunlar. Bu meyarlar əsasında biz namizədlərimizi müəyyən etməyə çalışacağıq.

- Bu ilin ən əlamətdar hadisələrindən biri də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 50-ci ildönümünün tamam olmasıdır. Yarım əsrlik bu epoxa Azərbaycan üçün nə deməkdir?

- Müasir Azərbaycanın həyatında intensiv və davamlı dəyişikliklər 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə əlaqədardır. O dövrə qədər Azərbaycan keçmiş SSRİ daxilində ən geridəqalmış respublikalardan biri idi. Həm iqtisadi cəhətdən Azərbaycan inkişafdan qalmışdı, həm də ölkənin daxilində mənəvi-psixoloji durum ürəkaçan səviyyədə deyildi. Heydər Əliyev Azərbaycana rəhbərliyə başladıqdan qısa müddət sonra Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf etməyə başladı və SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Eyni zamanda ölkənin mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə dəyişdi. Xalqımızın özünü dərk etməsi, özünə inamı artdı. Milli təfəkkürümüzün inkişafında da Heydər Əliyevin hakimiyyətə gəlməsi mühüm rol oynadı. Bütün bunların hamısını təmin etməklə Heydər Əliyev əslində milli məfkurəni gücləndirdi.

Heydər Əliyev müdrik siyasətçi, görkəmli dövlət xadimi idi. Bu cür yüksək keyfiyyətlərinə və idarəçilik təcrübəsinə görə 1982-ci ildə SSRİ-nin rəhbərliyinə irəli çəkildi. Ulu öndər Moskvada işlədiyi illərdə də Azərbaycanın inkişafını diqqət mərkəzində saxlayırdı. Təəssüf ki, sonrakı dövrlərdə Heydər Əliyevin ictimai-siyasi proseslərdən kənarlaşdırılması nəticəsində Azərbaycan yenidən tənəzzülə uğradı. Xüsusilə 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində, dövlət müstəqilliyimizi bərpa etdikdən sonra da Azərbaycan ciddi tənəzzül yaşadı. Yenə də Heydər Əliyevin gəlişi ilə 1993-cü ildə Azərbaycan böyük fəlakətlərdən xilas oldu. Tənəzzül və geriləmə inkişafla əvəz olundu.

Beləliklə, Heydər Əliyevin adı tariximizə iki dəfə ölkəni xilas edən qüdrətli lider kimi yazılıb. Amma Heydər Əliyevin Azərbaycan tarixindəki rolu ölkəni məhv olmaqdan xilas etməklə bitmir. Ulu öndər eyni zamanda qurucu lider kimi özünü ifadə edib. Bu gün də Azərbaycanda Heydər Əliyev dövrü, Heydər Əliyev epoxası yaşayır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, əldə etdiyimiz bütün uğurlar Heydər Əliyev siyasətinin ardıcıl surətdə həyata keçirilməsinin nəticəsidir. Heydər Əliyev elə bir bünövrə yaradıb ki, onun üzərində indi çox qüdrətli Azərbaycan dövləti ucalıb. Məmnunluq hissilə qeyd etmək lazımdır ki, bu dövləti Heydər Əliyev siyasətini uğurla həyata keçirməklə ulu öndər siyasətinin ən layiqli davamçısı olan Prezident İlham Əliyev sürətlə inkişaf etdirir. Bu mənada Heydər Əliyev siyasəti, Heydər Əliyev epoxası davam etməkdədir. 1969-cu ildən başlayan bu epoxa ölkəmizə və xalqımıza layiqincə xidmət göstərir.

Heydər Əliyev epoxası müstəqil dövlətçilik və inkişaf deməkdir. Vətəndaşlar da bunu görür, dəyərləndirir və Prezident İlham Əliyevin ətrafında səfərbər olmaqla Heydər Əliyev epoxasını davam etdirirlər.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video