05 Fevral 2019 01:02
1598
SİYASƏT
A- A+

Özümü bu qədər güclü hiss etməmişdim


Aqşin ORUCLU: "Prezident İlham Əliyevin məni bağrına basıb görüşməyi bütün şəhid əmanətlərinə olan ehtiram və qayğının təzahürü idi”


"Mən Qarabağı görmədən, atamın doğma eli Ağdamı görmədən böyüdüm. Amma həmişə vətənsizliyin, işğal altında olan torpaqlarımızın həsrətini kiçik ürəyimdə böyüdərək yaşadım. Atam hərbçi idi! Həm də adi hərbçi yox! Doğma elini itirmiş, anasını, yaxınlarını şəhid vermiş bir Qarabağ qazisi idi. Eyni zamanda səngər komandiri idi. Bizim ən xoş günlərimiz atamızla birgə əsgərlərin yanında keçən zamanlarımız oldu. Bu görüşlər bizim əyləncəmiz idi”.

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Orucludur bu fikirlərin müəllifi...

Onun bu sözlərində yalnız ata itkisinin məşəqqəti yox, ən əsası, şəhidlik zirvəsinə yüksəlmiş bir KİŞİnin övladı olmağın qüruru da ifadə olunub...

Ötən həftə Ali Baş Komandan qarşısında şəhid övladı kimi, daha doğrusu, sabahın müsəlləh əsgəri - qəhrəman atasının şərəfli yolunun davamçısı kimi çıxış etdi...


Azadlıq və müstəqillik itkisiz əldə edilmir


Bir qəhrəman övladı, gəncliyimizin nümunəsi olaraq Prezident İlham Əliyevin qarşısında çıxış edən Aqşin vurğuladı ki, Aprel döyüşlərində atasının Vətənimiz uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalması Orucovar ailəsinə böyük qürur hissi yaşadır. Bu döyüşlərdəki qələbə isə yalnız ordunun deyil, həm də Ali Baş Komandan İlham Əliyevin qələbəsi idi: "Aprel döyüşləri həm də dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Ali Baş Komandanından alır. Hamıya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq”.


Hər zaman Ali Baş Komandanın yanındayıq


Aqşin təkcə gənclərə göstərilən diqqət və qayğıdan deyil, həm də cənab İlham Əliyevin şəhid ailələri, Qarabağ müharibəsi qaziləri ilə görüşünü xatırlayaraq bunu dövlət başçısının bu kateqoriyaya aid olan insanlara göstərdiyi böyük ehtiramın təzahürü kimi qiymətləndirdi: "Şəhid ailələri ilə keçirdiyiniz görüş, orada yaşlı şəhid valideynlərinə göstərdiyiniz qayğı və nəvaziş xalqımız tərəfindən qürur hissi ilə qarşılandı. Bu, biz gənclər üçün gözəl nümunədi. Siz bu görüşdəki çıxışınızda qeyd etdiyiniz kimi, təkcə keçən il 5900 məcburi köçkün ailəsi, 6600 şəhid ailəsi dövlətimiz tərəfindən mənzillərlə təmin olunub, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Bu, Sizin şəhid ailələrinə göstərdiyiniz münasibətin təzahürüdür. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyiniz sərəncama uyğun olaraq, 2016-cı ildə biz də, digər şəhid ailələri kimi, 11 min manat vəsaiti almışıq”.

Şəhid vərəsələrinə göstərdiyi diqqət və qayğı üçün Prezidentə bir daha minnətdarlığını bildirən gənc dövlət başçısının rəhbərliyi ilə Azərbaycan gəncliyinin sabaha daha inamla addımlayacağını söylədi və bu yolda gənclərin, şəhid övladlarının daim Ali Baş Komandanın yanıda olacağını vurğuladı: "Azərbaycanın əmin-amanlıq şəraitində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, bir qəhrəman övladı olaraq hər zaman Sizin yanınızdayıq. Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyirik. Biz gənclər düşünürük ki, verdiyimiz hər itki əvəzinə minlərlə gənc onların keçdiyi şərəfli yolu davam etdirməyə hazırdır. Mən bu gün bir gənc, bir şəhid övladı kimi bir daha əmin oldum ki, həyata keçirdiyiniz siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır. Siz və birinci xanım Mehriban Əliyeva sosial müdafiəyə ehtiyacı olanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Azərbaycan vətəndaşları hər zaman Sizin şəfqət və mərhəmətinizi hiss edib. Sizin gəncliyə dəstəyiniz və sosial siyasətiniz bizdə özünəinam və əminlik yaradır”.


Sanki mən həm atama, həm də dövlətimə hesabat verirdim


Atasının arzusunu gerçəkliyə çevirərək Azərbaycan Diplomatik Akademiyasına daxil olan Aqşin bu gün həm də Qarabağ döyüşçülərinin və qazilərinin, şəhidlərin tanıdılması, işğal faktının dünyaya yayılması, təbliği işində böyük səy göstərir. O, Aprel döyüşlərində şəhid olanların ailə üzvləri ilə birgə yaradılan ictimai birliyin aktiv üzvlərindən biridir.

Prezidentlə keçirilən görüşdən sonra Aqşin Orucovla görüşüb təəssüratları ilə bağlı fikirlərini öyrəndik. Aqşin bildirdi ki, Azərbaycan gəncliyinin və Prezidentinin qarşısında etdiyi çıxış onun üçün böyük məsuliyyət hissi idi: "Sanki mən həm atama, həm də dövlətimə hesabat verirdim. Həyatımda heç vaxt özümü bu qədər güclü hiss etməmişdim. Gənclərin məni ayaq üstə alqışlaması mənə fəxr hissi bəxş etdi. Əmin oldum ki, Azərbaycan gəncliyi mübarizdir, atam və digər şəhidlərimiz ölməyib! Hər bir gəncimiz bir Mübariz, bir Raquf, bir Pəncəli və digərləridir! Və ən nəhayət, əmin oldum ki, Prezident bizimlə, xalqla birlikdədir. Dövlət başçısının məni bağrına basıb görüşməyi bütün şəhid əmanətlərinə olan ehtiram və qayğının təzahürü idi! Dövlət başçısının şəhidinə, qəhrəmana verdiyi dəyər idi. İndi daha tək deyiləm, xalqım, dövlətim və Ali Baş Komandanımızla birgə şəhidlərimizin qisasının alınacağı günə, Vətən torpağının işğaldan azad olunacağı zamana daha əzmlə nail olacağıq!”


Özümə bir söz vermişəm


Bu gün Aqşin Dağlıq Qarabağın işğal faktı ilə bağlı ölkəmizdə və Türkiyədə keçirilən konfranslarda iştirak edir, şəhidlərimizin tanıdılması, gənc nəsil arasında vətənpərvərliyin təbliği məqsədilə üzvü oldiğu ictimai birliyin fəaliyyətində fəallıq göstərir. Çünki atasını torpağa tapşırdığı gündən özünə söz verib:

"Mən atamı Vətən torpağına əmanət etdiyim gün özümə bir söz verdim: onun əməllərinə, ideallarına sadiq qalmaq, xalqıma və Vətənimə layiqli bir gənc kimi yetişmək! Atamın arzusunda olduğu ADA Universitetinə qəbul oldum. Qarabağımızın, Vətənimin işğalı ilə bağlı ölkəmizdə və Türkiyədə keçirilən konfranslarda iştirak etdim, şəhidlərimizin tanıdılması, gənc nəsil arasında vətənpərvərliyin təbliği məqsədilə üzvü olduğum ictimai birliyin fəaliyyətində aktiv iştirak etdim. İnandım ki, Vətən eşqi ən uca eşqdir!”


Azərbaycan İlham Əliyevlə daha böyük zəfərlər qazanacaq


Raquf Orucovun şanlı döyüş yolunun hər bir Azərbaycan gənci üçün örnək olduğunu düşünən Aqşin deyir ki, atası onlara hər şeydən öncə bu həyatda necə yaşamağı, Vətəni necə qorumağı, dəyərlərimizə necə sahib çıxmağı öyrədərək müqəddəs bildiyi dəyərlər uğrunda şəhidlik zirvəsinə yüksəlib. Amma Azərbaycan gəncliyinə çox qiymətli bir əmanət qoyub gedib - Vətən əmanəti!

Atasının şəhid xəbərini alanda özünü arxasız və kimsəsiz hiss edən Aqşin kiçik qardaşı ilə həyatın çətinliklərinə necə tab gətirəcəklərini fikirləşərək çox ağrı-acı çəkib. Axı bu dəfə komandir həmişə döyüşə gedərkən onlara verdiyi sözünə əməl etməmişdi: "Həmişə döyüşə gedərkən sağ-salamat qayıdacağına söz verərdi və dediyinin üstündə durardı. Amma bu dəfə sözünə əməl etmədi. Vətən torpağının azadlığı uğrunda şəhid oldu. Lakin unutduğum bir məqam vardı. Onun qəhrəmanlığını başı üstünə qaldıran xalqımın sevgisi... Onu son mənzilə alqışlarla yola saldılar, atam ölümü ilə ölümsüzlüyə qovuşdu”.

Bu gün Azərbaycan gəncliyini daha əzmkar, daha inamlı görən Aqşin hesab edir ki, gənclik gücünü sahib olduğu dəyərlərdən, mübarizə dolu keçmişindən və ümid vəd edən sabahından alır. Hər bir gənc inanır ki, qüdrətli, daha əzmli Azərbaycan dövləti cənab İlham Əliyevlə böyük zəfərlər qazanacaq və bu yolda gənclər hər zaman Azərbaycan Prezidentinin yanında olacaqlar.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video