05 Fevral 2019 00:37
766
Mədəniyyət
A- A+

Həyata sevginin və inamın gücü


Dünya şöhrətli neçə-neçə bəstəkar, rəssam, alim, aktyor öz həyat və fəaliyyəti ilə təsdiq edib ki, iradə, həyat eşqi və qurub-yaratmaq istəyi ilə bütün maneələri aşmaq, xarüqələr yaratmaq mümkündür. "Həyat əlilliyi olan insanların üzləşdikləri maneələr və məhdudiyyətlər üzərində qələbə çalaraq, böyük zirvələrə yüksəlmiş insanların timsalında daxili güc və qüdrətinin sərhədsizliyini təcəssüm etdirən parlaq nümunələrlə zəngindir”. Diqqətə çatdırdığımız fikirlər bu yaxınlarda işıq üzü görmüş "Əlillik qüsur deyil” kitab-albomunda əksini tapıb.


Kitab-albom iki dildə nəşr olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr edilən kitab-albomda ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində Prezident İlham Əliyevin tapşırığına əsasən atılan addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən nəcib və xoşməramlı layihələrdən bəhs olunur. Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əks olunub.

Kitab-albomda incəsənətin müxtəlif növləri ilə məşğul olan, fiziki məhdudiyyətli olsalar da, daim özünə inam hissi ilə yaşayan, istedad və qabiliyyətləri ilə seçilən və bu bacarıqlarını daim inkişaf etdirməyə, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özlərini uğurla təsdiq etmiş 60-a yaxın şəxs barədə məlumatlara və onların yaradıcılıq nümunələrinə yer verilib. Eyni zamanda, nəşrə ölkəmizdə yeni yaradılmış Boccia İdman Federasiyası və bu idman növünə maraq göstərən fiziki məhdudiyyətli insanlar, onların uğurları, ilk inklüziv ƏSA teatrı, onun qısa müddətdə əldə etdiyi nailiyyətlər, yaradıcı heyətinin peşəkar səviyyədə hazırladığı tamaşalar barədə oxucuya məlumatlar verilir. Diqqətə çatdıraq ki, 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılan ƏSA teatrının aktyor heyəti əsasən əlilliyi olan şəxslərdən ibarətdir. Teatr fəaliyyətə başladığı gündən Azərbaycan və dünya ədəbiyyatının ən yaxşı nümunələrini uğurla səhnələşdirir.


Daxili güc və qüdrətin sərhədsizliyinin təcəssümü


Nəfis şəkildə tərtib olunan, foto-məlumatlarla zəngin 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dillərində təqdim edilib. Kitabın ərsəyə gəlməsi üçün 1500-dən çox foto çəkilib və arxiv sənədlərindən istifadə olunub. Kitab-albom fiziki məhdudiyyətli insan və onların yaradıcılıq nümunələri ilə yaxından tanışlıq imkanı verir. Kitabın qutusunun dizaynında əlilliyi olan şəxsin - Ramin Səfərlinin əl işindən fraqmentdən istifadə edilib.

"Əlillik qüsur deyil” kitab-albom Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sosial müəssisələrin istedadlı sakinlərinin yaradıcı fəaliyyətini, onların yaradıcılıq nümunələrini əks etdirən ilk belə nəşrdir. Nəşrdə təqdim olunan məlumatlar əlilliyin heç də bir qüsur və mənsub olduğun cəmiyyətin sıralarında uğurla addımlamaq üçün maneə olmadığı fikrini aşılayır. Fiziki məhdudiyyət üzərindən əzm və məharətlə adlayaraq öz uğur hekayəsinə çatmağı bacaran insanların timsalında bu fikir əyani şəkildə təsdiqini tapır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab-albom xüsusilə əlilliyi olan yaradıcı insanların əl işlərinə maraq göstərən sənətsevərlər üçün böyük əhəmiyyət daşıyır. Kitabda qeyd olunduğu kimi, əlilliklə üzləşmək insanın öz bacarıq və qabiliyyətlərini reallaşdırması və cəmiyyətə təqdim etməsi, özü ilə başqaları arasındakı imkan fərqini asanlıqla aradan qaldırması, hətta tam sağlam adamlardan daha üstün keyfiyyətlərə malik olduğunu təsdiqləməsi üçün səddə çevrilə bilməz.

Kitabda xatırladılır ki, əlilliyi olan insanların cəmiyyətin digər fərdləri ilə bərabər imkanlara malik olması haqqında ilk mühüm beynəlxalq sənəd 1975-ci ildə BMT-nin Baş Məclisində qəbul edilib. Həmin sənəddə əlilliyi olan şəxslərlə sağlam şəxslərin mülki və siyasi hüquqları arasında heç bir fərq qoyulmaması və dövlət tərəfindən bunun təmin olunması xüsusi qeyd olunub. BMT-nin Baş Məclisi 1992-ci il tarixli digər mühüm sənəd ilə hər il dekabrın 3-ünün "Əlilliyi olan insanların Beynəlxalq Günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib.


Dünyaya bir də onların gözləri ilə baxsanız...


"Əlillik qüsur deyil” kitab-albomda vurğulanır ki, Azərbaycan da digər ölkələr kimi, BMT-nin Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlliliyi olan şəxslərlə bağlı qanunvericilik bazası bu Konvensiyanın prinsipləri əsasında təkmilləşdirilir. Bununla bağlı olaraq, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2008-ci il 31 may tarixli Qanunu qəbul edilib.

Ölkəmizdə əlilliyi olan şəxslərin çoxu XX əsrin ən dəhşətli fəlakəti sayılan II Dünya müharibəsi, Qarabağ müharibəsi, ermənilərin həyata keçirdikləri soyqırımı və terror nəticəsində sağlamlıqlarını itiriblər. Kitabda əlilliyi olan şəxslərə dövlət qayğısı, onların reabilitasiyası və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər barədə geniş söz açılıb.

Kitab-albom əsasında gələcəkdə əlilliyi olan yaradıcı şəxslərin elektron reyestrinin, həmçinin həmin reyestr əsasında fiziki məhdudiyyətli insanların əl işlərinin daha geniş miqyasda tanıdılması və satışı imkanlarının genişləndirilməsi üçün portalın yaradılması da nəzərdə tutulub.

"Əlillik qüsur deyil” kitab-albomda da vurğulandığı kimi, əlilliyi olan insanların bacarıq və qabiliyyətlərini nümayiş etdirən gözəl əsərlərini, onların həyata necə sevgi ilə bağlı olduqlarını gördükdə əlilliyin qüsur olmadığına bir daha əmin olursan. Kitabı ərsəyə gətirənlər inanırlar ki, oxucular bu nəşrdə izləyəcəkləri əlilliyi olan şəxslərin ecazkar incəsənət nümunələri, sənət əsərləri və həyatda əldə etdikləri uğurları ilə tanış olduqca onların daxili aləmləri və dünyaya baxışlarını daha dərindən anlayacaqlar: "Ümid edirik ki, bu dünyaya bir də onların gözləri ilə baxsanız, o zaman siz də bu insanları qəlbinizə yaxın hiss edəcək, sevgi və qayğı ilə əhatələyəcəksiniz”.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video