02 Fevral 2019 02:05
1018
Mədəniyyət
A- A+

SON SƏFƏR


(Məqalənin əvvəlini buradan oxuya bilərsiniz)


Nəhayət, bayaqdan bəri qardaşını səbirlə dinləyən Şahxəndan necə oldusa, hövsələdən çıxdı:

- Vallah, dadaş, məni nə Miranşah maraqlandırır, nə Qara Yusif, nə də İbrahim şah. De görüm ta bu dəfə evlənəcəksən, yoxsa elə özündən uydurduğun gözəllərə qəzəl yaza-yaza duracaqsan? Daha bəsdi - o, böyük adamlar kimi qardaşını məzəmmət etməyə başladı, - daşı ətəyindən tök, heç bilirsən camaat arxanca nə danışır?

Seyid Əli təəccüblə soruşdu:

- Nə danışır?

- Deyirlər ki, guya sən səfərlərdə türk, ərəb qızları ilə o qədər eşqbazlıq edirsən ki, Şamaxıya qayıdanda evlənməyə gücün qalmır.

- Yəni elə belə deyirlər?

- Bəli.

Seyid Əli ürəkdən güldü və dedi:

- Balası, necə ki söz vermişəm, Hüsniyyədən başqa bir kimsə ilə evlənməyəcəyəm.

Şahxəndan, elə bil, bu sözə bənd idi, açdı sandığı, tökdü pambığı:

- Dadaş, heç bilirsən səndən sonra nələr olub?

Seyid Əli qorxdu, təşviş içində soruşdu:

- Nə olub? Yoxsa...

- Yox, deməyəcəyəm. Muştuluğumu ver, sonra...

Seyid Əli ciddi görkəm alıb, bir qədər sərt şəkildə dedi:

- Muştuluq... Nə muştuluq? - Sonra əlini cibinə salıb bir dinar çıxartdı və Şahxəndana dedi:

- Balası, tez ol, de görüm, Hüsniyyəyə nə olub?

Şahxəndan məzə üçün pulu dişi ilə yoxladı, sonra məmnun halda cibinə qoydu və başını yırğalaya-yırğalaya dedi:

- Uzun həngamədi, amma yenə də danışım: deməli, Hüsniyyənin əri - müsəllim Əbubəkr İsmailiyyə təriqətinə qulluq edən iki nəfərin ölümünə fətva vermişdi. Hökm həm Şirvanşah, həm də qazı tərəfdən təsdiq olundu. Həmin ismaililər də, təbii ki, bundan sonra dar ağacından asıldılar.

Seyid Əli möhkəm əsəbiləşdi:

- Şahxəndan, cəhənnəm olsun Şirvanşah da, qazı da, Əbubəkr də, ismaililər də, hələ desən, dar ağacı da. Sən mətləb üstünə gəl, de görüm, Hüsniyyəyə nə olub?

Şahxəndan olanları bütün təfərrüatı ilə, yəni yerli-yataqlı danışmaq istəyirdi. Odur ki, dedi:

- Darıxma, dadaş, bir az hövsələli ol, yoxsa karıxacağam. Deməli, qətldən bir ay sonra Dağıstandan bir dəstə atlı gəlib Dəvəçilərdə müsəllim Əbubəkrin evinə od vurur, özünü də, əvvəlki arvaddan olan uşaqlarını da yandırır.

- Bəs Hüsniyyə?!

- Hüsniyyə özündən gedir. Elə bilirlər ki, ölüb, toxunmurlar. Ara sakitləşəndə Səlminaz...

- Hansı Səlminaz?

- Hüsniyyənin dul rəfiqəsi... Hüsniyyəni götürüb evinə aparır. Hüsniyyə indi də elə onun yanında qalır.

- Belə de... Belə de... Kədərli hadisədir... Yaxşı, balaca hiyləgər, bu muştuluğu məndən niyə aldın?

- Necə niyə aldım? Hüsniyyə ki sağ qalıb... Bu şad xəbərə muştuluq düşmür?

- Bunu düz deyirsən, düşür, düşür, hələ bir dinar azdı...

- Onda bir dinar da ver! Xəsislik eləmə! Heç bilirsən, sənin muştuluq xəbərini gətirənlərə neçə dinarlıq ayın-oyun verdim?

- Bilirəm, balası, bilirəm.

Sonra Seyid Əli birdən nəyisə xatırlayıb ayağa qalxdı:

- Sabah cümə axşamıdı?

- Hə. Nədi ki?

- Qəbir üstə gedərik. Ata-anamıza, dünyadan cəmi köçənlərimizə "Yasin” oxutdurarıq.

- Gedərik, gedərik... Bir bura bax...

- Nə olub?

- Gör kücədən kim keçir...

Seyid Əli pəncərəyə yaxınlaşan kimi küçədən keçən adamı tanıdı - bu, mədrəsədə onunla bir sinifdə oxuyan, hamıya qan udduran Kafiəddin idi. Belində yekə bir səhəng: "Ay ayran istəyən, ay sərin ayran istəyən” deyə çağırırdı. Allahın işinə bax, yeriyəndə yeri titrədən, tay-tuşları nədi, onlardan da böyüklərə dov gələn Kafiəddin indi ayran səhənginin altında ikiqat olmuşdu.

Seyid Əli Şahxəndana dedi:

- Amma səsi əvvəl kimi qalıb ha...

- Cəsarəti, kişiliyi isə yox...

- Niyə elə deyirsən?

- Arvadından qorxur, özü də bilirsən necə? Nə qazanırsa, aparıb qoyur ovcuna. Bəlkə çağırım, ayran gətirsin?

- Lazım deyil, utanar.

- Əksinə, sevinər. Təki pul çıxsın.

- Yaxşı, sən də şişirtmə, utanar.

- Onda utanan sifət?

- Dedim ki, lazım deyil. Mən bir yenə həyətə düşüm. Bayaq bir az ayaqüstü oldu.

Seyid Əli itburnu kollarının arasından keçib hündür, qol-budaqlı bir ağacın yanında dayandı:

- Salam, mənim gilasım, maşallah, böyümüsən, budaqların göy üzünü bürüyüb. - Sonra o, bir başqa ağacın bilək yoğunluğunda saf gövdəsinə toxundu: - Bu badamı, yadıma gəlir, bir necə il bundan əvvəl əkmişdim, uzanıb, mənim hesabıma görə, üzü payıza bar verməlidir, yaxşı da çiçəkləyib, külək lap yarısını töksün, yarısı ki qalacaq, bəsimizdir. Bu da qoz ağacı. Şahxəndan kimi heç cür boy atmaq istəmir. Nəyin çatmır? Torpağın, suyun, havan, günəşin, üstəlik, qulluq eləyənin, nazınla oynayanın... Bəs dərdin nədi? Bəlkə əlavə nəsə istəyirsən? Pis başlamamışdın, niyə yolda ilişib qaldın? Yəqin, kökün gedib daşa dirənib, eybi yoxdur, yoxlayarıq...

Seyid Əli başını ağac-uğacla nə qədər qatmaq istəsə də, fikri-zikri, xəyalı dünya gözəli Hüsniyyənin yanında idi. Görəsən, o, indi nə edir? Bilirmi ki, bax, bu dəm onu düşünən, xəyalından keçirən və düşündükcə, xəyalından keçirdikcə yanıb-yaxılan, ürəyi şam kimi əriyən bir biçarə, bir binəva var və bu biçarə, bu binəva nə edəcəyini bilmir, qərarsızdı...

Şahxəndan eyvanda dayanıb, qardaşının ağaclara dediyi sözlərə qulaq asa-asa başını bulayırdı, çünki o da yaxşı bilirdi ki, ağac boş söhbətdi, qardaşının dərd-səri Hüsniyyədir...

***

Yay günü uzandıqca elə hey uzanırdı. Sanki günəş göy qübbəsini heç cür tərk etmək istəmirdi. Dağlardan yaxınlaşmaqda olan axşamın ilk sərin mehi əsib gəlirdi.

Seyid Əli eyvanda, iri qədimi taxtın üstündə uzanmışdı. Gəzdiyi ölkələr, gecələdiyi məscid, karvansara və xanəgahlar, söhbət elədiyi dərviş, abid, imam, şair və səyyahlar gözləri önündən çəkilmir, səslər, xüsusilə də dəvələrin boynundan asılmış zınqırovların ahəngdar səsləri qulaqlarından getmək bilmirdi. Pirdirəki dağlarının sərin küləyi, küçəni başına götürmüş mal-qara səsi, itlərin ağız-ağıza verib hürüşməsi, atların kişnərtisi necə də tanış və doğma idi. O bu iki-üç illik ayrılıqdan sonra yenə Şamaxıda - böyüyüb boya-başa çatdığı doğma evlərində, qardaşının yanında idi. Bu iki-üç ildə qardaşı onun divanının üzünü bir neçə nüsxə köçürüb, möhkəm dəri ilə cildləmişdi, yəni böyük iş görmüşdü - indi o cildləri saraylara və məscidlərə hədiyyə etmək olardı.

Seyid Əli yumşaq yorğan-döşəkdə xumarlandıqca yol yorğunluğu ayaqlarından süzülüb gedir, günlərlə at və yaxud dəvə üstündə oturmaqdan ağrıyan əzaları, sızım-sızım sızıldayan sümükləri rahatlıq tapırdı...

Şahxəndan qardaşı üçün sacda badam qovururdu - istəyirdi ki, isti-isti dadına baxsın. Lakin o, Seyid Əlinin yatdığını görüb, oyatmağa qıymadı.

***

Səs-küylü Şamaxı gecəsinin parlaq ulduzları səmada nəhəng bir ocaq çatmışdı və sanki bu ocağın qızmar közləri hərdən çırthaçırt yerə tökülürdü. İki qardaş - Seyid Əli və Şahxəndan açıq eyvanda bir-birinin yanında dünyadan xəbərsiz halda yatırdılar. Həmişəki kimi, həyətin keşiyini çəkmək küçük vaxtından burada böyümüş Qaçalana etibar edilmişdi. O, qonşuluqdakı itlərlə ağız-ağıza verib fasiləsiz hürür, bununla da yatmadığını, işində ayıq-sayıq olduğunu göstərirdi.

Gecənin bir aləmində taqqıltı səsi eşidildi. Şahxəndan tez gözlərini açdı: "Yenə başladılar”... Sonra bir dəfə də taqqıltı səsi eşidildi... sonra bir dəfə də... sonra bir dəfə də...

Şahxəndan ah çəkib, başını buladı. Qonşu uşaqları, hər gecə olduğu kimi, yenə də evlərini daşa basırdılar. İncəvara, daşlar xırda idi, kirəmiti sındırmırdı, amma səsləri, az qala, adamı dəli edirdi.

Şahxəndan yerinin içində oturub, şirin-şirin yatan qardaşına baxırdı.

Evlərinin daşa basılması təzə hadisə deyildi. Artıq neçə müddət idi ki, məhəllə uşaqları nəinki gecələr, hətta gündüzlər də onu rahat buraxmır, "kafir”, "kafirin qardaşı” deyib şataşır, hətta təklikdə yaxalayanda döymək də istəyirdilər. Səbəb isə, əlbəttə, qardaşının yazdığı şeirlər idi. Qəribədir, bu qəzəllər, qəsidələr, qitələr onların həm çörəyi, həm də qınaq yeri idi. Əslində, Seyid Əli Şamaxıda Nəiminin şagirdi kimi tanınandan - "İmadəddin Nəsimi” olandan sonra bu düşməncilik başlamışdı və arxasında Qulam Əli, Rəşid Yaqubi, Bəhluli, Qaim Şirvani, Əhməd Kəsirəddin kimi Şirvan şairləri dayanırdı. Onlar hər yerdə Seyid Əli haqqında cürbəcür şayiələr yayır, ona həcvlər yazır, şeirlərini təhrif edib, pis yerə yozurdular. Hətta İbrahim şaha, qazı Əbdülvahaba mənzum məktub yazıb "kafirlər kafiri”nin - Seyid Əli İmadəddin Nəsimini belə adlandırırdılar - cəzalandırılmasını tələb edirdilər. Xoşbəxtlikdən, nə İbrahim şah, nə də qazı Əbdülvahab onların bu qərəzli ittihamlarına məhəl qoyur, əksinə, dahi şairi hər yerdə tərifləyir, ən mötəbər məclislərinə dəvət edir və mükafatlandırırdılar.

Seyid Əli ilin çox vaxtını Bakıda, Təbrizdə, Hələb və Bağdadda olduğundan bu tənə və hədələrin ziyanı ən çox kiçik qardaşa - Şahxəndana dəyirdi. O isə dözür, dözür, dözürdü...

Doğrudur, "bu balaca müdrik”in şəhərin Abdallar, Xalçaçılar, Misgərlər məhəllələrində xeyli qohum-əqrəbası - simsarı vardı, amma onları bu mənasız münaqişəyə cəlb eləmək ağlının ucundan belə keçmirdi. Elə təkcə dəmbəgöz, hirsli, qəzəbli, heç vaxt at belindən düşməyən dayısı sərbaz Xeyrəddin bəs idi ki, hamını susdursun. Amma Şahxəndan heç vaxt ona ağız açmamışdı.

Hə, bir də tarçı Əzimian onların dostu idi. Şəhərdə - dükan-bazarda danışırdılar ki, guya o, ermənidir. Halbuki biçarə getdiyi, daha doğrusu, apardığı bütün toylarda cani-dildən bəyan edirdi ki, ay camaat, vallah, billah, mən erməni deyiləm, farsam. Bizdə bu cür adlar çoxdur. Heç erməni də bu cür "Bayatı-Şiraz” çala bilər? Amma bu sözlər heç kəsin qulağına girmirdi, yəni camaat elə dediyini deyirdi: ermənisən, vəssalam!

***

Bir azdan, axır ki, kirəmitləri döyəcləyən "daş yağışı” ara verdi və Şahxəndan da, Seyid Əli kimi, dərin yuxuya getdi. Doğrudur, daş səsləri kəsiləndən sonra da Qaçalan yaramaz uşaqların qarasınca bir xeyli hürdü, lakin bu, div kimi yatmış qardaşların yuxusuna xələl gətirmədi...

***

Səhər Şahxəndan yuxudan oyananda Seyid Əlinin yerində olmadığını görüb xeyli təəccübləndi. O, elə düşünmüşdü ki, yol yorğunu olmuş qardaşı ən azı günortaya qədər yatacaq. Ancaq şairlər şairi, həmişəki kimi, sübh tezdən qalxmışdı. Hələ uşaqlığından onda belə bir xüsusiyyət vardı: başını yerə atan kimi yuxuya gedirdi, bir də, tez yatıb, tez dururdu. Ən rahat yatdığı yataq isə, əlbəttə, ana yadigarı doğma yorğan-döşək idi...

O, Şahxəndan hələ yuxuda ikən qalxıb yaxınlıqdakı "Bədəvilər bazarı”na getmiş, yaxşı bal, qaymaq, təzə isti çörək almış, qayıdanda isə dəvəni, toyuq-cücəni açıb həyətə buraxmışdı.

Şahxəndan qalxıb paltarını geyindi, sonra qardaşının özü ilə gətirdiyi şeir dəftərini götürüb həyətə düşdü və toxtaq səslə dedi:

- Dadaş, bəzi qəzəllərin heç xoşuma gəlmir. Odur ki, üzünü köçürməyəcəyəm.

Seyid Əli qaşlarını çatdı və sual dolu baxışlarla qardaşının üzünə baxdı.

Şahxəndan bu baxışlara cavab verirmiş kimi dedi:

- Bax, iki qəzəl yazmısan, ikisi də eynilə bir-birinə bənzəyir.

Seyid Əli soruşdu:

- Hanı? Göstər görüm...

Şairlər şairi suçiləyəni əlindən yerə qoyub, şeir yazılmış vərəqələri aldı:

- Hə, yaxşı tutmusan, oxşarlıqları var, amma fərqləri də çoxdur. Sən ikisinin də üzünü köçür.

- Yox ey, dadaş, bax bunun üzünü köçürəcəyəm, həm yığcamdır, həm də təmiz türkcədir. Elə ki misraları ərəb, fars sözləri ilə doldurursan, az qalıram şeiri hirsimdən cırıb atım. Axı camaatın başa düşmədiyi şeyi yazmağın nə mənası var?

- Balası, - şairlər şairi çox ciddi tərzdə dedi. - Yaxşı ki, sən köçürdüyünü gözüyumulu köçürmürsən. Çünki mənim xəttimdə də səhv çox olur. Vacibdir ki, mütləq düzəldəsən. Amma fikrə toxunma, qoy neçə varsa, elə qalsın, hətta xoşuna gəlməsə də. Adamlar cürbəcür olduğu kimi, zövqlər də cürbəcürdür. Sənin xoşuna gəlməyən bir başqasının xoşuna gələ bilər.

Böyük qardaşının dediklərinə baxmayaraq, Şahxəndan bir-birinə bənzəyən şeirlərdən birinin üzünü köçürüb, o birini döşəkçənin altında gizlətdi.

Seyid Əli əl-üzünü yuyub quruladıqdan sonra pilləkənin üstündə oturdu:

- Yaxşı, balası, o bir-birinə bənzəyən şeirləri bir oxu görüm...

Şahxəndan evə girib xoşuna gəlməyən şeiri döşəkcənin altından çıxartdı, xoşuna gələn şeiri isə bir dəfə oxumaqla artıq əzbər bilirdi. O, əvvəlcə bəyənmədiyi şeiri oxudu:

Vəslinə kim ki irmədi, dərdü əzab içindədir,

Ləlini kim ki sormadı, təşnə sərab içindədir.

Könlüm içində surətin can kimi qılmışam yerin,

Cövrəi-küntü nənzi gör kim nə xərab içindədir.

Şəmi rüxün hərarəti cuşa gətirdi aləmi,

Gör necə yanar od imiş kim, bu kəbab içindədir.

Qəndü nəbatü şəkərin ləzzətini unutmuşam,

Ta ki bənimlə ləblərin nazü itab içindədir.

Kim ki qaşınla olmadı sübhü əzəldə aşina,

Ta əbəd ol qaragünün bəxti səhab içindədir.

Sirri səqahüm rəbbihüm zahidə sorma anı,

Arifi-rəbbihüm bilir kim bu şərab içindədir.

Zöhdə dəlalət eylərəm, eşqə həris olur könül,

Mən nə şümarə düşmüşəm, ol nə hesab içindədir.

Düşdü cahanə gülqülə fitnəli nərgisində us,

Fitnələrin gör, ani sən sanma ki, xab içindədir.

Şəmsü qəmər əgər üzün tabinə düşmədi nədən,

Eşqə əsir olan kişi atəşü ab içindədir.

Surətini sifətinə valehü heyran olmuşam,

Gözdən əgərci surətin tərfi-niqab içindədir.

Zülfü qaşın Nəsimiyə vəchi-həsəndir, ey sənəm,

Cim ilə nun bu hüsn ilə qansı kitab içindədir?

Seyid Əli soruşdu:

- Yaxşı, bunun nəyi xoşuna gəlmir?

- Dadaş, bu qəzəldə mətləb çox uzanıb, həm də, bayaq dediyim kimi, ərəb-fars sözlərindən çox istifadə olunub, qəlizdir, heç nə anlamaq olmur.

- Bəs o biri qəzəl necədir?

- Əzbərdən deyim?

- De.

Şahxəndan həmin qəzəli sinədən dedi:

Qoyma üzünü niqab içində,

Rəf oldu əcəm hicab içində.

Dağıtma yanağın üzrə zülfün,

Neylər bu günəş səhab içində.

Gördüm səni həm fələkdə yıldız,

Buldum səni bu kitab içində.

Cadu gözün uyğudan oyandı,

Fitnə qılır ol bu xab içində.

Mən cəng kimi gah ikiqat olub,

Növbə qılıram rübab içində.

Gah eşqin ilə gözüm olacam,

Tərkik edərəm şərab içində.

Gah dəm kimi, dəm olur yanaram,

Bişər cigərim kəbab içində.

Hər kim sənə sünkir oldu, ey can,

Qaldı əbədi əzab içində.

Sanma ki, Nəsimi hüsiyandır,

Çoxdan dolaşıb hesab içində.

Seyid Əli şəfqət dolu nəzərlərlə qardaşının üzünə baxdı, onun yaşı ilə o qədər də uyuşmayan sərt mühakimələrinə, ağlına heyran qaldı və gülə-gülə dedi:

- İstəyirsən sənə bir sirr də açım?

Şahxəndan dedi:

- Aç, dadaş.

- İkinci oxuduğun qəzəl qaçaq-quldurların, yolkəsənlərin də xoşuna gəlmişdi.

Hər ikisi güldü. Sonra Seyid Əli qardaşını bağrına basıb əlavə etdi:

- Amma sən birinci qəzələ də dəymə, qoy qalsın. İndisə gəl bir tikə çörək yeyib, qəbiristanlığa baş çəkək. Sonra qonaq-qara əlindən getməyə imkan olmayacaq...

***

Seyid Əli qəbiristanlığa gedən yolda qəfildən Şahxəndana sarı çönüb soruşdu:

- Yaxşı, gecə evimizi daşlayanlar kimlər idi?

Şahxəndan təəccüb etdi:

- Boy, mən elə bildim sənin xəbərin olmayıbdı.

- Yox, oldu... Sadəcə, səbirlə gözlədim ki, görüm bu işin axırı nə olacaq... Sən o daş atanları tanıyırsan?

- Tanıyıram... Məhəllə uşaqlarıdı...

- Niyə atırlar? Dəli olublar?

- Deyirlər, guya sən kafirsən.

- Yenə bu səfeh söhbət? Onlar uşaqdılar, nə bilirlər ki, kafir və yaxud müsəlman nədi? Deməli, bu fikri onların başına bir dolduran var.

- Əlbəttə var.

- Kimdi?

- Mədrəsə mollası.

- Hə, düz deyirsən. Onun işidir. Yaxşı ki, İbrahim şah var, yoxsa bu vəhşilərin əlindən Şamaxıya ayaq basmaq olmazdı...

Nəhayət, gəlib catdılar. Bu da qəbiristanlıq, dünənə kimi bir-birilə düşmənçilik edən, didişən adamlar indi burada yan-yana sakitcə uyuyurdular. Seyid Əli anasının başdaşının yanında dayanıb "Yasin” oxuyurdu. Birdən bir az aralıda toplaşmış adamların ona tərs-tərs baxdıqlarını hiss etdi. Amma özünü o yerə qoymadı. Elə bu vaxt iki yaraqlı sərbaz atlarını qəbiristanlığın girəcəyində saxlayıb, molla Zülfüqara yaxınlaşdılar və ondan nəsə soruşdular. O da əli ilə Seyid Əli ilə Şahxəndanı göstərdi. Sərbazlar qəbirlərin arasından keçən əyri-üyrü cığırlarla gəlib qardaşlara yaxınlaşdılar, sonra Seyid Əlinin "Yasin”i oxuyub qurtarmasını gözlədilər. Qəbiristanlıqda olanlar maraqla onlara baxırdılar. Seyid Əli Yasini oxuyub qurtardıqdan sonra sərbazlarla görüşdü və onlar öz aralarında astadan nəsə danışdılar. Sonra sərbazlar bir az əvvəl gəldikləri əyri-üyrü cığırlarla qəbiristanlıqdan çıxdılar və atlarına minib gözdən itdilər...

(Ardı var)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video