Alternative content

03:30 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin uğurlu regional inkişaf modeli
İlham Əliyevin uğurlu regional inkişaf modeli
ANA SƏHİFƏ / SİYASƏT
01:32 01.02.2019

Azərbaycan bölgələrində son 15 ildə möhtəşəm quruculuq və abadlıq işləri aparılıb

Son 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında tarixi uğurlara imza atan Azərbaycan həqiqətən, bu dövrdə böyük və şərəfli yol keçib. İstənilən böyük dövlətlərdə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri isə məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir.

Dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.

2004-cü il - 1,8 milyard dollar valyuta ehtiyatı ilə regional inkişafa start

Artıq uzun müddətdir ki, Azərbaycanın iqtisadi inkişaf mərkəzi, paytaxt Bakıdan regionlara keçib. Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması ilə nəticələnib.

Onu vurğulamaq yerinə düşər ki, regional inkişaf proqramları bölgələrdən, yerlərdən gələn təkliflər əsasında və ölkənin strateji istiqaməti nəzərə alınaraq tərtib edilirdi. Proqramların məqsədi məhz ondan ibarət idi ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Əminliklə söyləmək olar ki, qarşıya qoyulan konkret hədəflərə çatmaq üçün görülən işlər faydasını verir. Regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramının uğurla icrası bunu deməyə əsas verir.

Bir fakta da nəzər yetirək. 15 il öncə - 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramının icrasına başlanılarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Lakin bu kiçik məbləğlə böyük işlər görüldü və bu gün ölkənin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Bu, həqiqətən də böyük nailiyyətdir.

400-dən çox sərəncam, 24,2 milyard manat vəsait

Prezidentin rəhbərliyi ilə ölkəmizdəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.

Son dövrlərdə ölkəmizdə müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, biznes-investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir.

İcrası başa çatan dövlət proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Dövlət proqramları bölgələrin simasını büsbütün dəyişdirdi

Son 15 il ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində əldə edilmiş nailiyyətlərə nəzər yetirdikdə görərik ki, həqiqətən, Azərbaycan tarixi uğurlara imza atıb.

Yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Dövlət proqramının icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini söylədi. Yalnız bir fakta nəzər yetirək. 15 ildə ümumi daxili məhsulun 3,3 dəfə artması dünya miqyasında rekord göstəricidir. Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla inkişaf edib. Artan iqtisadi imkanlar dövlətin sosial məsələlərə də böyük diqqət yetirməsinə real imkanlar yaradıb.

Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Dövlət proqramlarının icrası nəticəsində bölgələrin siması büsbütün dəyişdi. Regionlarda sənayenin, aqrar sektorun inkişafına təkan verildi. Sənaye park və məhəllələri, aqroparklar, fabrik və zavodların açılışı vaxtı ilə işsizlik səbəbindən paytaxta üz tutan insanları yenidən rayonlara qaytardı. Bu gün həmin müəssisələrdə yüzlərlə insan çalışır.

Bu illər ərzində Azərbaycan həm də kosmik dövlətə çevrildi və artıq ölkəmizin üç peyki var. Azərbaycan kosmik kluba daxil olan nadir ölkələrdəndir.

Bütün bu nailiyyətləri Prezident belə qiymətləndirdi: "Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər”.

Həqiqətən də reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Bir vaxtlar borc alan, hətta elektrik enerjisini ixdal edən bir ölkə indi borc verir, ən böyük qaz ixracatçılarından biridir.

Hələ də həll olunmamış məsələlər var

Dövlət proqramlarının icrasını dəyərləndirən Prezident həm də görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.Bildirdi ki, bölgələrdə mühüm işlər həyata keçirilsə də, ancaq hələ həll olunmamış məsələlər də var. Elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların növbəsi gəlməyib. Ona görə də görülmüş işlərlə kifayətlənməməli, daim irəliyə baxılmalıdır. Çatışmayan, həll edilməyən məsələlər öz həllini tapmalıdır.

Dövlət başçısı öncə infrastrukturla bağlı məsələlərə toxundu. Prinsip etibarı ilə bu sahədə bütün əsas məsələlər öz həllini tapsa da, bu proses davam etdiriləcək. Məsələn, bu gün elektrik enerjisi ixrac edən dövlətə çevrilsək də, yenə də yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Bunun da səbəbi sənaye potensialının getdikcə genişlənməsi, əhalinin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılmasıdır.

Bununla paralel olaraq, bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində işlər görüləcək. Söhbət su elektrik stansiyalarının, günəş və külək stansiyalarının tikintisindən gedir. Çünki bu sahəyə xarici investorlarda maraq var. Dövlət başçısı ötən həftə Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşləri bir daha xatırlayaraq dedi ki, böyük şirkətlər bu sahəyə investisiya qoymağa hazırdırlar. Ona görə də bu məsələ diqqətdə saxlanılacaq.

Dördüncü dövlət proqramının icrasına başlanılır

Prezident yekun nitqində regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramına da toxunaraq qeyd etdi ki, bu sənədin tərtibi əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Dövlət başçısının bölgələrə çoxsaylı səfərləri və vətəndaşlarla söhbətləri bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb: "Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var”.

Prezident sahibkarlıqla bağlı siyasətin davam etdiriləcəyini, iş adamlarına yenə də dövlət tərəfindən böyük dəstək veriləcəyini və bu sahədə də təkmilləşmə gedəcəyini söylədi.

Kənd təsərrüfatında islahatlar dərinləşdirilməlidir

Dördüncü dövlət proqramında kənd təsərrüfatı və sənaye istehsalı xüsusi yer tutur. Çünki həyata keçirilən infrastruktur layihələrinin böyük hissəsi başa çatdığı üçün iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir.

Bununla yanaşı, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bu sahəyə necə diqqət göstərildiyini bir daha təsdiqləyir. Həmçinin yerli istehsalın stimullaşdırılması məqsədi ilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayır.

Xatırladaq ki, bu sahədə müxtəlif mexanizmlər işə salınıb, təşəbbüslər irəli sürülüb. Onlardan biri də investisiya təşviqi mexanizmidir. İnvestisiya təşviqi proqramı üzrə 107 layihə həyata keçirilib. Ümumiyyətlə isə 332 layihənin icrası nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsinə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Layihələr çərçivəsində əlavə 12 min yeni iş yeri açılacaq.

Prezident həmçinin ölkədə yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac duyulduğunu söylədi. Bunun səbəbi isə meyvə və tərəvəz istehsalının getdikcə artması və ixracının çoxalmasıdır. Ancaq bu gün xarici bazarlarda daha çox emal olunmuş məhsullara böyük tələbat var. Ona görə də emal müəssisələrinin sayı çoxaldılmalıdır.

Ümumiyyətlə, kənd təsərrüfatında islahatlar dərinləşdirilməlidir. Bu sahə elmi əsaslarla inkişaf etməli, müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Həmçinin kənd təsərrüfatı məhsullarının ixracı artırılmalıdır. Dövlət başçısının söylədiyi kimi, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artsa da, potensial da böyükdür.

IV dövlət proqramı - 17 milyard manatdan çox vəsait

Dünən dövlət başçısı "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

İlkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq.

Prezident dedi ki, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Əlbəttə ki, bu, ilkin rəqəmdir və bu rəqəmin daha böyük olacağı gözlənilir. Çünki əvvəlki üç proqramın icrası bunu deməyə əsas verir. Bu proqramın hər biri artıqlaması ilə icra edilib. Elə yeni proqram da digərləri kimi Azərbaycana böyük dividendlər qazandıracaq.

Dövlət başçısı bir daha görüləcək işlərin, reallaşacaq layihələrin uğurla başa çatacağına əminliyini vurğulayaraq fikrini belə yekunlaşdırdı: "Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcək”.


Son 15 ildə Azərbaycanın uğurlu sosial-iqtisadi göstəriciləri

* Ümumi daxili məhsul 3,3 dəfə artıb;
* Valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollara yüksəlib;
* Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub;
* Qeyri-neft sektoru 2,8 dəfə yüksəlib;
* Sənaye potensialı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb;
* 100 mindən çox müəssisə yaradılıb;
* İşsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib;
* Sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb;
* İxrac ümumilikdə 4,7 dəfə artıb;
* 292 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib;
* Sumqayıt və Mingəçevirdə sənaye parkları açılıb;
* Neftçala, Masallı, Hacıqabul, Sabirabadda sənaye məhəllələri yaradılıb;
* 17 aqropark fəaliyyətə başlayıb;
* Maaşlar 7, pensiyalar 9 dəfə artıb;
* 3272 məktəb əsaslı təmir edilib və ya yenidən tikilib;
* 640 tibb müəssisəsi tikilib və yenidən qurulub;
* Bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb;
* Məcbuki köçkünlər üçün 102 qəsəbə salınıb;
* 290 minədək məcburi köçkün yeni mənzillərlə təmin edilib;
* Şəhid ailələrinə, müharibə əlillərinə 6654 mənzil verilib;
* Müharibə əlillərinə 6144 avtomobil təqdim olunub;
* 15 "ASAN xidmət” mərkəzi yaradılıb
* 31 yeni elektrik stansiyası tikilib;
* 15 min kilometr avtomobil yolu salınıb;
* Əhalinin təbii qaz ilə təminatı 95 faizə çatıb;
* İçməli su təminatı 70 faizdir;
* Dörd böyük su anbarı tikilib;
* 2 milyon yeni iş yeri açılıb.

2014-2018-ci illərdə regionların inkişafına dair dövlət proqramının icrasının yekunları

* Regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib;
* 400-dən çox sərəncam imzalanıb;
* İmzalanan sərəncamlara əsasən ayrıca 2,8 milyard manat vəsait ayrılıb;
* 16 mindən çox sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib;
* 1,5 milyonu daimi olmaqla 2 milyondan çox iş yeri açılıb;
* Qeyri-neft sektoru 8, qeyri-neft sənayesi isə 32 faiz artıb.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM