Alternative content

19:50 18 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan əsgəri ən hündür səngərdən bəyan etdi: “Qarabağı azad etməyə tam hazırıq!”
Azərbaycan əsgəri ən hündür səngərdən bəyan etdi: “Qarabağı azad etməyə tam hazırıq!”
ANA SƏHİFƏ / SİYASƏT
00:57 31.01.2019


"Qarabağı azad etməyə tam hazırıq!”


..Yolumuz yenə dağlaradır. Uzaqdan əzəməti ilə göz oxşayan başı qarlı dağlara yaxınlaşdıqca gözlərimiz önündə əsrarəngiz mənzərə yaranır.

Hərbi təyinatlı avtomobil buz bağlamış çətin və daşlı-kəsəkli dolanbac yollarla yüksəkliyə doğru qalxır, bizi təbiətin ən ecazkar məqamına çatdırır... Və elə burada hava da, şərait də, mühit də kəskin dəyişir, yolun sonu gəlir...

Bundan sonra piyadayıq. Ağ örpəyə bürünüb hər tərəf... Qarın üzərində cığır salmış ləpirlər bir qədər də yüksəkliyə doğru qalxmağımıza yardımçı olur...

Artıq zirvədəyik... İrəli getmək isə qeyri-mümkündür, çünki yolumuz səngərə dayanır. Məğrur Azərbaycan əsgərinin qorxu bilmədən, soyuqda da, istidə də, gecə də, gündüz də sinəsini sipər etdiyi səngərə...

Buradan belə isə söz silahındır...


Ən çətin relyefdə nümunəvi xidmət


Ən hündürlükdə yerləşən cəbhə xəttindəyik. Zabit Loğman Xanlarov deyir ki, qışda demək olar ki, hər gün axşam qar yağır. Amma nə qədər yağsa da, hərbçilərimiz hər zaman ayıq-sayıq xidmətlərini davam etdirirlər. Azərbaycan Ordusunun bölmələri qoşunların təmas xəttinin bütün istiqamətlərində olduğu kimi, burada da şərəflə xidmət edirlər. Coğrafi baxımdan çətin relyefə malik olan bu ərazilərdə xidmət edən hərbçilər vaxtaşırı düşmən təxribatlarının qarşısını alırlar. Əraziyə tam nəzarət üstünlüyü Azərbaycan Ordusuna məxsusdur.

Qış fəslində bu yerlərdə hava şəraiti çox sərt olduğundan 3 ay öncədən mövsümə hazırlıq işləri tamamlanıb. Bölmələr fəsil boyu yetəcək qədər xüsusi geyim, ərzaq və yanacaq materialları ilə təmin edilib. Bir sözlə, Azərbaycan əsgəri ən əlverişsiz hava şəraitində belə, döyüş əmrini yerinə yetirmək üçün istənilən təminat-təchizata malikdir.


Döyüş ruhu hər zaman yüksəkdir


Hava soyuq olduğu üçün postlardan gələn əsgərlər isti kazarmada dincəlirlər. Qar üzərində ehmalca addımlayaraq sakit şəkildə kazarmaya daxil olub sürpriz etmək istəyirik. Bu zaman kazarmadan gələn xoş səda könül oxşayır. İstirahət edən əsgərlər gitaranın müşayiəti ilə mahnı oxuyurlar - "Əsgər, Vətən əmanəti, yurd əmanəti, Əsgər, ocaq əmanəti, od əmanəti”...

Və sakitcə içəri daxil olub musiqinin davam etməsini işarə edirik. Elə ürəkaçan mənzərə yaranır ki, heç bu xoş dəqiqələrin bitməsini istəmirsən. Sabahın milli qəhrəmanlarının, vətənpərvər igidlərinin ifa etdikləri bir-birindən maraqlı mahnılar insanı valeh edir.

Bəlli olur ki, bizdən bir qədər öncə Müdafiə Nazirliyinin tabeliyində olan "Vətən Uğrunda” Səyyar Təşviqat Dəstəsinin üzvləri hərbçilərimizə baş çəkməyə gəliblər. Dəstənin üzvləri burada xoşniyyətli aksiyalar həyata keçirirlər. Biri əsgərləri başına toplayıb gitarada mahnı ifa edir, digəri məktəblilər tərəfindən əsgərlərə yazılan məktubları paylayır və həmin məktublara cavab yazdırır. Sonra əsgərlər arasında müxtəlif bilik yarışmaları təşkil olunur və qaliblərə hədiyyələr verilir. Sonda isə hərbçilərin fotoları çəkilir və xüsusi "fotoprinter” vasitəsi ilə şəkillər çıxarılıb əsgər və zabitlərə paylanılır. Bir müddətdən sonra əsgərlərin yazdığı məktublar ailələrinə çatdırılır və internet bağlantısı ilə görüntülü danışıq yaradılır. Əlbəttə ki, bütün bu proseslər hərbçilərimizin ruh yüksəkliyinin artmasına təsir edən amillərdir.


Təminat üstün səviyyədədir


Bir qədər sonra bayıra çıxıb postlara tərəf hərəkət edirik. Bizi müşayiət edən zabit Elşən İsayev deyir ki, qışda ərazidəki təhlükəsizlik tədbirləri gücləndirilir. Hər tərəfə qar yağdığı üçün bəzi çətinliklər olur. Ancaq hərbi hissə komandanlığının hər zaman diqqət mərkəzində saxladığı bu ərazilərə ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacaran vətənpərvər, mənəvi-psixoloji, fiziki hazırlığı yüksək səviyyədə olan əsgərlər göndərilir.

19 ildir ön cəbhədə düşmənlə təmas xəttində zabit kimi Vətənə xidmət edən həmsöhbətimiz burada olan çətin hava şəraiti və digər amillərin şəxsi heyətin xidmətinə bir o qədər də təsir göstərmədiyini deyir: "Gördüyünüz kimi, döyüş növbətçiliyini həyata keçirdiyimiz ərazilər başdan-başa qara bürünüb, günorta havanın bir qədər mülayim keçməsinə baxmayaraq, gecə uzunu şaxta, boran olur. Amma təbii çətinliklər bizi qorxutmur, çünki hərtərəfli sosial təminatımız var, isti paltarla, yun corabla, əlcəklərlə təmin olunmuşuq və üstəgəl yüksək kalorili qidalar. Belə nümunəvi şəraitdə gecə-gündüz Vətəni qoruyuruq. Düşmən heç vaxt təxribat törətməyə imkan tapa bilməz”.

Zabitin sözlərindən bəlli olur ki, təmas xətti özünəməxsus çətinlikləri, ciddi rejimi, əsgər və zabit heyətinin yüksək nizam-intizamı ilə seçilir. Burada xidmət keçən əsgər və zabitlərin mənəvi-psixoloji cəhətdən möhkəm, fiziki cəhətdən güclü olması vacib şərtlərdəndir. Ön cəbhədə əsas diqqət döyüş növbətçiliyinə yönəldilir. Əsgərlər təlimləri əsasən ehtiyat bölmələrində keçir, bura tam hazır vəziyyətdə gəlirlər. Ön cəbhədə xidmət edən əsgərlər seçilərkən onların fiziki və psixoloji-mənəvi hazırlıqları nəzərə alınır.


Xalqımız bizə güvənir


Bir qədər sonra postda duran ağ paltarlı əsgərə yaxınlaşırıq. Bir an belə nəzarətdən diqqətini yayındırmır. 14 aydır burada nümunəvi xidmət çəkən əsgər Elgiz Abdullayev Ağdaş rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Tərxis olunmasına cəmi 4 ay qalıb. Xidmət etdiyi müddətdə səhvə yol verməyib. Deyir ki, bir əsgər kimi vəzifəsini çox yaxşı bilir:

"Hər zaman ayıq-sayıq xidmətdəyik. Bizə necə qayğı göstərilirsə, o cür də xidmət edirik. Yaxşı dərk edirik ki, bu səngərlərdən arxada xalqımız bizə güvənərək yaşayır. Uşaqlar güllə səsi eşitmədən yuxudan oyanır. Ona görə də hər birimiz üçün müqəddəs Vətəni möhkəm müdafiə etmək yaşam tərzidir. Biz öz mövqelərimizdə hər an ayıq dayanmışıq. Başa düşürük ki, müharibə şəraitindəyik. Hələ ki müharibə başa çatmayıb, qarşımızda torpaqlarımızı işğaldan azad etmək vəzifəsi var. Hələ ki düşmənin hər bir hərəkətini gecə-gündüz müşahidə edirik, onu daim nəzarətdə saxlayırıq. Bizi nə düşmən, nə də şaxta-boran qorxudur”.


Ürəyimizdəki Vətən sevgisi bizə güc, qüvvət verir


Digər döyüş növbətçisi, əsgər Zaur Qəribov 10 aydır hərbi xidmətdədir. Bakı şəhərindən hərbi xidmətə çağrılan əsgər ən yüksək zirvədə xidmət çəkməsi ilə qürur duyur. Deyir ki, bu, hər gəncə nəsib olmur:

"Düzdür, hərbi xidmət hər yerdə eynidir. Amma yüksəklikdə, xüsusən də ilin çox aylarında qar, şaxta və boranda xidmət etmək asan iş deyil. Burada xidmət edənlər ikiqat ayıq-sayıq olmalıdırlar. Həm düşməndən, həm də relyefdən, havadan özünü qorumalısan. Bəlkə də bəzilərinə elə gəlir ki, ön xətdə xidmət etmək çətindir. Amma belə deyil. Vətən keşiyində durmaq şərəflidir. İstiyə-soyuğa məhəl qoymadan Vətən sevgisi ilə düşmənin gözünə dik baxırıq, çünki ürəyimizdəki sevgi bizə güc, qüvvət verir. Buna görə də bütün çətinliklərə sinə gəririk. Əslində ön xətdə xidmət etmək insana həyatda vacib olan mənəvi keyfiyyətləri aşılayır. Vətən torpağının hər qarışının nə demək olduğunu anlayırsan, qorxmazlığı, mərdliyi öyrənirsən”.


Bol çeşidli əsgər süfrəsi


Hava getdikcə soyuyur. Geri qayıdıb kazarmada közərən odun peçinin istisinə sığınırıq. Postdan qayıdan əsgərlər rahat çarpayılarda uzanaraq televizora baxır, dincəlir, bir sözlə, istirahətlərini səmərəli keçirirlər. İkimərtəbəli çarpayılar, qalın yun adyallar, təmiz mələfələr və əl-üz dəsmalları əsgərlərin sosial-məişət şəraitinin yüksək olmasının göstəricisidir.

Burada, həmçinin mətbəx, anbar, sanitariya qovşağı və hamam da mövcuddur. Bir qədər sonra anbara daxil olub əsgər payları ilə tanış oluruq. Zabit Elşən İsayev deyir ki, komandanlıq tərəfindən bütün bölmələr ərzaqla təmin olunur. Verilən ərzaqlar artıqlaması ilə çatır. Hərbçilər burada yemək sarıdan heç bir korluq çəkmirlər.

Bir qədər sonra bizi çay süfrəsinə dəvət edirlər. Hətta süfrəyə indicə kürədən çıxmış qaynar-qaynar çörək də qoyulur. Əsgərlər burada özləri üçün isti çörək də bişirirlər. Bir tərəfdən çörəyin ətri, o biri tərəfdən odun peçinin istisi və bu maraqlı auranın fonunda yaranan mənzərə sanki kənd evini xatırladır.


Dağlara yayılan əsgər sədası


Əsgərlər çay süfrəsindən qalxırlar, bayırda yenidən masa qurulur. Yenə də gitaranın müşayiəti ilə ifa edilən hərbi mahnılar könül oxşayırlar. Xor oxunan mahnıların sədaları sankı dağlara yayılır.

Bir qədər sonra yenə də söhbətləşməyə başlayırıq. Əsgərlərdən Murad Allahverdiyev, İntiqam Süleymanov, Elməddin Abbasov, Sənan Yarıyev, Əlisa Abdullayev, Nicat Abduləzizov, Natiq Allahyarov maraqlı fikirlər səsləndirdilər. Uca dağlar qoynunda xidmət edən bu mərd oğullar deyirlər ki, isti yataqxanaların, qida və geyim təminatlarının qaydasında olması uğurlu xidmətləri üçün zəmin yaradır: "Heç nədən korluq çəkmirik. Yataq dəstlərimiz, paltarlarımız hər həftə yuyulub, təmizlənir. Belə şəraitdə xidmət etmək, yuxarı komandanlıq tərəfindən qayğı görmək döyüş ruhumuza müsbət təsir edir. Keçirilən dərslərdə, məşğələlərdə həvəslə iştirak edir, hərbi bilikləri, döyüş hazırlığını mükəmməl öyrənməyə can atırıq. Ali Baş Komandanımıza, Müdafiə nazirimizə dərin təşəkkürümüzü bildiririk ki, daim bizə qayğı göstərir, bütün təminatlarımızı yüksək səviyyədə təşkil edirlər. Göstərilən bu diqqətin qarşılığında bizim öhdəmizə düşən tək vəzifə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanıb, Vətənə sadiq əsgər olmaqdır. Bizə inanın və güvənin”.

Əsgərlər deyirlər ki, hərbi xidmətdə keçən günlərin dəyəri böyükdür, çünki ordu mühitində həm Vətəni qorumaq, həm də cəmiyyətin əsl vətəndaşları olmaq üçün zəruri vərdişlərə yiyələnirsən. Kim ordu həyatını qəhrəmanlıq məktəbi hesab edirsə, tam haqlıdır. Çünki orduda xidmət etməklə, özü də ön xətdə döyüş növbətçiliyi aparmaqla düşmənə gücünü sübut edəcək döyüşçü kimi formalaşırsan.


Qələbəmizi mütləq təmin edəcəyik


Azərbaycan əsgəri inanır ki, işğal altında olan torpaqlarımız Ermənistanın nəzarəti altında çox qalmayacaq: "Mübariz, döyüşkən gəncliyi olan Azərbaycan dövləti tezliklə ərazi bütövlüyünü təmin edəcək. Apardığımız mübarizə haqq işidir, bütün dünya ictimaiyyəti artıq Ermənistanı işğalçı kimi tanıyır. Əgər belə davam edəcəksə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə öz gücümüzü yenidən sübut edəcəyik. Biz müstəqil Vətənimizi son qarışına kimi azad görmək həsrətindəyik və inanırıq ki, qələbəmizi təmin edəcəyik”.

Zabit Loğman Xanlarov isə son 15 ildə Azərbaycan Ordusunda böyük dəyişikliklər baş verdiyini xüsusi vurğulayır: "Ötən illər ərzində Azərbaycan Ordusunda çox böyük yeniləşmənin, inkişafın şahidiyik. Hansısa mərhələdə üzləşdiyimiz müəyyən çətinliklər indi tamamilə aradan qalxıb. Komandanlıq tərəfindən ön cəbhəyə böyük diqqət və qayğı göstərilir. Əsgərlər mənəvi-psixoloji cəhətdən möhkəm və hazırlıqlıdırlar. Onlar indi yüksək ovqatda - Vətən, dövlət, bayraq sevgisi ilə ön cəbhəyə gəlirlər. Hərbi hissələrdə döyüş hazırlığı planına əsasən onlara müxtəlif dərslər keçirlər. Əsgərlərimiz özlərini mənəvi-psixoloji baxımdan döyüşə tam hazır sayırlar. Hər bir zabit və əsgər Azərbaycan dövlətinin, Ali Baş Komandanın, Müdafiə Nazirliyinin yüksək diqqət və qayğısını hiss edir. Belə bir çətin mövqedə yaradılan yüksək şərait bizi hər zaman düşmən üzərində qələbəyə çağırır. Biz hərbçi kimi daim komanda gözləyir, üzərimizə düşən məsuliyyətin ağırlığını hiss edirik”.

Həm əsgər və zabitlərimizin fikirləri, həm də ən ucqar təmas xəttində yerləşən bölmədə gördüklərimiz bizləri də ruhlandırır.

Əminliklə demək olar ki, bu gün Azərbaycan əsgərləri vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlığı olan, yetərincə dünyagörüşə malik gənclərdir. Onların həyat məktəbi adlandırdıqları hərbi xidmət həyatlarında müsbət iz buraxmaq və formalaşmalarına təsir göstərməklə bərabər, həm də Azərbaycan Ordusunun qarşısında müəyyənləşən vəzifələrin tezliklə gerçəkləşməsinə inam yaradır.

Elə bu xoş təəssüratla da hərbçilərimizlə sağollaşıb ayrılırıq. Tanrı sizləri qorusun!..

Yolumuz hərbi hissənin digər bölmələrinədir...

(ardı var)

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM