31 Yanvar 2019 00:55
777
İQTİSADİYYAT
A- A+

31 elektrik stansiyası, 15 min kilometr yol, 3272 məktəb binası, 4 böyük su anbarı...


Bunlar son 15 ildə regional inkişaf proqramları çərçivəsində bölgələrdə görülən işlərin kiçik statistikasıdır


Məlum olduğu kimi, İlham Əliyevin Prezident kimi ilk imzaladığı sənədlərdən biri də "2004-2009-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” olmuşdur.

Ötən illərin təcrübəsi göstərdi ki, dövlət başçısı tərəfindən bu sənədin imzalanması vaxtında atılmış düzgün addım idi. Qeyd edək ki, təkcə I Dövlət Proqramının icrası nəticəsində bölgələrdə yüzlərlə sənaye, emal, kənd təsərrüfatı, turizm və xidmət obyektləri istifadəyə verildi, regionların sosial-iqtisadi siması dəyişdi, əhalinin məşğulluq probleminin həllində mühüm addımlar atıldı.

Ümumiyyətlə, həmin tarixdən keçən 15 il ərzində ölkəmiz sosial-iqtisadi, eləcə də siyasi arenada böyük uğurlar qazanmışdır. Bu gün Azərbaycan beynəlxalq məsələlərdə rəyi nəzərə alınan ölkədir, bir çox regional məsələlərdə bizimlə hesablaşırlar. Sözsüz ki, ölkəmizin bu səviyyəyə çatmasında regional dövlət proqramlarının uğurla icra edilərək sosial-iqtisadi sahələrdə yüksək nailiyyətlər qazanılmasının da böyük rolu var.

Prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bu dövlət proqramlarının qəbulunun əhəmiyyətini vurğulayaraq demişdir: "Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edib... Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investisiyalar üçün Azərbaycan çox cəlbedici ölkədir”.

Statistik rəqəmlərə diqqət yetirdikdə də Prezidentin dediklərini aydın görmək olur.

Məsələn, son 15 il ərzində Azərbaycanda 2 milyon yeni iş yeri yaradılmışdır. Həmin iş yerlərinin çox hissəsi bölgələrin payına düşür. Bunun sayəsində bölgələrdən əhalinin iş üçün paytaxta axınının qarşısı alınmışdır. Bu işdə kənd təsərrüfatına yatırılan sərmayə və yeni açılan müəssisələr mühüm rol oynamışdır. Görülən tədbirlər nəticəsində həmçinin kənd təsərrüfatında məhsul istehsalı artmışdır. Xüsusən pambıqçılığın, tütünçülüyün, baramaçılığın, fındıqçılığın, üzümçülüyün, çayçılığın, çəltikçiliyin yenidən dirçəldilməsi regionlarda yaşayan əhalinin sosial rifahının yaxşılaşmasına və məşğulluğun təmin edilməsinə müsbət təsir göstərmişdir. Son dövrlər bu sahələrin dirçəldilməsi sayəsində regionlarda işsizliyin sayı kəskin azalmışdır.

Götürək pambıqçılığı. 2015-ci ildə ölkə üzrə cəmi 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm 223 min tona çatmışdır. Həmin sahənin bərpasından sonra 190 min nəfər pambıqçılıqla məşğul olmağa başlamışdır. Yəni 190 min nəfərin işlə təminatı bu qədər ailənin sosial rifahını yaxşılaşdırmışdır.

Tütünçülüyün bərpası da regionların inkişafına və əhalinin məşğulluğuna müsbət təsir göstərir. 2015-ci ildə ölkə üzrə cəmi üç rayonda tütün əkilirdi və bu sahə sıradan çıxmaq üzrə idi. Həmin dövr üç rayonda 3400 ton, keçən il isə 13 rayonda 6200 ton tütün yarpağı yığılmışdır. Tütünçülüyün dirçəldilməsi üçün dövlət bu sahəni qurutma kameraları, tədarüklə bağlı texnika və s. ilə təmin edir. Ötən üç il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunmuşdur.

Belə nailiyyətlərin qazanıldığı sahələrdən biri də baramaçılıqdır. Ölkəmizdə baramaçılıq pambıqçılıq və tütünçülükdən daha geniş coğrafiyanı əhatə edir. Demək olar ki, bu gün ölkənin əksər rayonlarında barama yetişdirilir. Dövlət baramaçılığı inkişaf etdirmək üçün təkcə keçən il fermerlərə 2 milyon 600 min tut tingi vermiş və bu, nəticəsiz qalmamışdır. 2015-ci ildə cəmi bir rayonda 230 kiloqram barama tədarük olunduğu halda, ötən il 38 rayonda 513 ton barama tədarük edilmişdir. Cari ildə isə bu rəqəmin 800 tona çatdırılması planlaşdırılır.

Son dövrlər fındıqçılıqda da xeyli irəliləyiş var. 2016-cı ildə ölkə üzrə 40 min hektar fındıq bağı olmuşdur. Bu gün həmin rəqəm 75 min hektara çatıb. Cari ildə isə əlavə 9 min hektar fındıq bağı salınması nəzərdə tutulub. Onu da qeyd edək ki, bu məhsula tələbat istər ölkə daxilində, istərsə də dünya bazarında yüksəkdir. Təsadüfi deyil ki, ölkə üzrə aqrar məhsullar içərisində pomidordan sonra ən çox valyuta fındıq satışından əldə olunur. Onu da bildirək ki, hazırda bu sektorda 20 min nəfər işlə təmin edilib.

Məlumdur ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın ərzaq təhlükəsizliyində aqrar sektor qarant yolunu oynayır. Ölkəmizdə də kənd təsərrüfatında yetişdirilən məhsul ilk növbədə daxili tələbatımızın ödənilməsinə sərf olunur. Lakin aqrar sektorda aparılan islahatlar, göstərilən dövlət dəstəyi sayəsində məhsul istehsalı ildən-ilə artır və bununla ixrac imkanımız da genişlənir. Son illər qeyri-neft məhsullarının ixracındakı artımda kənd təsərrüfatı məhsullarının çəkisinin yüksək olması da bunu təsdiqləyir.

Regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında sosial və iqtisadi layihələr paralel şəkildə icra olunmuşdur. Bunun nəticəsidir ki, son 15 ildə regionlarda 3272 məktəb tikilmiş və təmir edilmiş, 38 şəhərdə içməli su layihələrinin icrası başa çatdırılmışdır. Bu dövrdə həmçinin 15 min kilometr avtomobil yolu çəkilmişdir və onun çox hissəsi regionları əhatə edir. Xüsusilə kəndlərarası avtomobil yollarının çəkilməsi və təmiri bölgələrin sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Bunlardan əlavə, həmin illər ərzində 31 yeni elektrik stansiyası inşa olunmuş, 2500 meqavatlıq yeni güc yaradılmış, 4 böyük su anbarı tikilmiş, ölkə üzrə təbii qazlaşma 95 faizə çatdırılmışdır.

Ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi bölgələrdə daha çox hiss olunur. Bunun sayəsində regionlarda çoxsaylı müəssisələr yaranmış, qeyri-neft sənaye məhsullarının istehsalı artmış, xidmət sektoru xeyli dərəcədə inkişaf etmişdir. 15 ildə ümumilikdə sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilmişdir və bu hesaba bölgələrdə 100 mindən çox müəssisə fəaliyyətə başlamışdır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video