31 Yanvar 2019 00:47
1058
Mədəniyyət
A- A+

SON SƏFƏR


Hüseynbala MİRƏLƏMOV


DƏRİSİNİ SOYSALAR BELƏ, ƏQİDƏSİNDƏN DÖNMƏDİ


"Müdrik xalq” - hansı xalqa deyirlər?

" Xalqın müdrikliyi” nədir və onu necə müəyyənləşdirmək olar?

Maraqlı suallardır, deyilmi?

Xalq özü abstrakt anlayışdır, mahiyyətcə bir yerdə yaşayan, müəyyən əlamət və prinsiplərlə birləşən toplum mənasındadır.

Əvvəla, ağlı, müdrikliyi ölçmək üçün hələ ki, xüsusi cihaz icad edilməyib!

İkincisi, belə cihaz olsa belə, konkret olmayan şeyi, onun təsəvvürə gətirilməyən ağlını həmin cihazla necə ölçmək mümkündür?!

Amma həyatda "ağıllı xalq”, "müdrik xalq” olub və yenə də var!

Əslində, hər bir xalqın ağlı, müdrikliyi onun mütəfəkkir övladlarının, görkəmli yazıçı və şairlərinin, məşhur dövlət və siyasi xadimlərinin simasında öz təcəssümünü tapır!

Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundov, Üzeyir bəy Hacıbəyli təkcə şair, yazıçı, dramaturq, bəstəkar deyil, həm də xalqımızın düşüncə, istedad, yaradıcılıq və müdrikliyini təzahür etdirənlərdir.

Heydər Əliyev kimi siyasət nəhəngini yetişdirən xalqa necə ağıllı, müdrik deməyəsən?!

Azərbaycan xalqı dünyada belə şəxsiyyətləri ilə tanınır, sevilir!

Nizami Gəncəvi müdriklik simvoludur!

Məhəmməd Füzuli Şərqin ən böyük aşiqi, məcnunudur!

Mirzə Fətəli Axundov görkəmli dramaturq, filosofdur!

Üzeyir bəy Hacıbəyli dahi bəstəkardır!

İmadəddinn Nəsimi isə filosov-şair olmaqla bahəm, həm də dünyada dönməz əqidə sahibi kimi də tanınır!

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,

Gör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz - özü öz dönməzliyinə belə qiymət verib!

Dövlət başçısı cənab İlham Əliyev 2019-cu ili "Nəsimi ili” elan etdi.

Hamının ürəyindən olan bir qərardır!

Dünyaca məşhur olan mütəfəkkir şairlərimizi daim özümüz də öyrənməli, əsərlərini dönə-dönə oxumalı, yorulmadan təbliğ etməliyik.

Çünki onlar həm də xalqımızın ağlının və müdrikliyinin, yüksək amal və ideallara sadiqliyinin göstəriciləridirlər.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə çoxsaylı şair, yazıçı, bəstəkar və siyasi xadimlərimizin yubileyləri (keçmiş Sovetlər İttifaqı və dünya miqyasında) keçirildi, əsərləri təkrar-təkrar nəşr edildi, abidələri ucaldıldı.

Nəsiminin də təntənəli yubileyi keçirildi, heykəli qoyuldu, həyatından bəhs edən iki seriyalı "Nəsimi” filmi çəkildi.

Xalq ulu öndərin bu sahədəki xidmətlərini də minnətdarlıqla xatırlayır.

"Nəsimi ili”ndə çoxsaylı, rəngarəng və bir-birindən maraqlı tədbirlərin keçiriləcəyi, görkəmli şairimizin əsərlərinin yenidən çap olunacağı şübhə doğurmur.

Yeni bədii filmin çəkiləcəyi isə gözlənilmir...

Sevimli yazıçımız, millət vəkili Hüseynbala Mirələmov bu sahədəki boşluğu doldurmaq üçün cəsarətli addım atmışdır...

Nəsiminin həyatından bəks edən "Sonuncu səfər” adlı povestini tamamlayaraq redaksiyamıza təqdim etmişdir.

Çox yerinə düşən bu gözəl əsərin oxucularımız tərəfindən də maraqla qarşılanacağına əminliklə onu kiçik parçalarla "Azərbaycan”ın səhifələrində dərc edirik.

Bunun həm də bizim "Nəsimi ili”ndə oxucularımıza birgə sürpriz hədiyyəmiz olacağını güman edirik.

...Əsəri oxuyub qurtardıqdan sonra onun gözəl bir filmin ilkin ssenarisi olduğu qənaəti də yaranır...

Bəxtiyar SADIQOV


Zülfünün sirri uzundur, halı çox,

Şol şəkər sözlu dodağın balı çox...

İmadəddin Nəsimi

1409-cu ilin yazı idi. Şairlər şairi Seyid Əli İmadəddin Nəsimi ölkə-ölkə dolaşmaqdan - məscid, karvansara və xanəgahlarda gecələməkdən, dərviş, abid, imam, şair və səyyahlarla söhbət eləməkdən yorulub, doğma Şamaxıya qayıdırdı. O, artıq belə qərara gəlmişdi ki, ömrünün yerdə qalanını ata yurdunda - kiçik qardaşı Şahxəndanla bir yerdə keçirsin və Şahxəndan onun bu uzun illər ərzində yazdıqlarının üzünü köçürüb, səliqə-sahmana salsın.

Əvvəllər də qardaşının şeirlərinin üzünü köçürən, aparıb məscidlərə, mədrəsələrə paylayan, daha doğrusu, hədiyyə edən Şahxəndan hələ altı-yeddi yaşında ikən hüsnxətti və kitab cildləməyi öyrənmiş, bunun sayəsində də ruzi sahibi olmuşdu.

Şahxəndan Qurani-Kərimin üzünü tez-tez köçürdüyündən, altı min altı yüz altmış altı ayənin, yüz on dörd surənin tamamını əzbər bilirdi və buna görə də yaşının çox az olmasına baxmayaraq, imamlar, axundlar, mollalar arasında xüsusi hörmət-izzəti vardı. Hətta bəzən onu mötəbər dini məclislərə - mərasimlərə dəvət edirdilər.

Şairlər şairi Seyid Əli İmadəddin Nəsimi ilə Şahxəndanın ərdə olan iki bacısı da var idi. Bacılar növbə ilə ayda bir-iki dəfə gəlib, - həmişə də dolu boğça ilə - kiçik qardaşlarına - Şahxəndana baş çəkirdilər.

Şahxəndanın gündəlik qulluğunu isə qonşuları Gülnaz xala görürdü və halallıq olsun deyə, bunun üçün ayda iki dinar əməkhaqqı alırdı - bayram hədiyyələri-filan buna daxil deyildi...

Günortaüstü Şamaxının moza-moza, dirədöymə, qaçdı-tutdu, gizlənqaç, çilingağac oynayan, yumurta döyüşdürən bütün uşaqları Şahxəndangilin evinin qabağına yığışdılar və başladılar bir ağızdan qışqırmağa:

- Muştuluğumuzu ver, qardaşın gəldi.

Təbii ki, Şahxəndan hədsiz dərəcədə fərəhləndi, sevincək oldu - açdı səxavət kisəsinin ağzını, kiminə kişmiş, kiminə nabat, kiminə tut qurusu, kiminə də ərik, alma, armud qaxı verdi.

İldə iki dəfə ata minib, gah məğribə, gah məşriqə üz tutan, üsyankar fikirləri ucbatından ruhu daim təlatümlər içində olan, getdiyi hər yerdə əqidəsini - hürufiliyi təbliğ edən şairlər şairi Seyid Əli İmaməddin Nəsiminin gözlənilmədən ata oçağına belə tez qayıtması Şahxəndanın qəlbində bir ümid qığılcımı yandırdı: "Kim bilir, bəlkə daşı ətəyindən töküb evlənəcək? Yaşı qırxı haqlayır - nə vaxta qədər subay qalacaq?”

Məsələ burasındadır ki, Seyid Əli hələ mədrəsədə oxuyarkən Hüsniyyə adında bir qıza aşiq olmuşdu, amma uzaqdan-uzağa, gizlin. Qəlbini aça, eşqini dilə gətirə bilməyən şair öz şeirlərində sevgilisini vəsf edir, ah çəkir, fəryad qoparır, hicr odunda alışıb yanırdı. Amma çox çəkmir ki, onun ülvi eşqlə süslənən könül bağçasını xəzan vurur...

Seyid Əlinin məhəbbətindən bixəbər olan Hüsniyyə on altı yaşında ikən valideynləri tərəfindən mədrəsədən uzaqlaşdırılır, qəti istəməsə də, zorla bir müsəllimə ərə verilir. Amma o, Seyid Əlinin qəlbində elə kök salır, elə fəsli-yaz yaradır ki, daha orada bir başqası üçün yer qalmır. Şairin bütün fikri-zikri, xəyalı və xoşbəxtliyi məhz bu sevgi ilə pərvəriş tapır.

Seyid Əli fikirləşir ki, eşq də şairlik kimi bir xəstəlik, bir mərəzdir. Amma nə etmək olar, bir xəstəlik, bir mərəz olsa da, xoşdur.

Seyid Əliyə gəncliyindən üzü bəri çox qənirsiz gözəllər aşiq olmuşdu. Amma onların heç biri Hüsniyyənin gündən-günə güclənən həsrətini qəlbindən silə bilməmişdi...

Ölkələr fəth etmiş Əmir Teymurun 1405-ci ilin fevralında qəflətən vəfat etməsi ilə Yaxın Şərqə, eləcə də Ön Asiyaya qəribə bir sakitlik çökdü. Bunu taleyin lütfü və töhfəsi kimi qəbul edən ölkələr, səltənətlər yavaş-yavaş dirçəlməyə başladılar.

İlk özünə gələnlərdən biri Bahar tayfasından olan və uzun illərdən bəri Misirdə zindanda yatan Qara Yusif oldu.

Misir Sultanı, Əmir Teymurun ölüm xəbərini alan kimi Qara Yusifi zindandan azad edib, ona ənam kimi bir kisə qızıl, bir at və bir bələdçi verib dedi:

- Azadsan, get yurdunda öz taxt- tacına sahib ol!

Uzun illərdən bəri zindanda əli-qolu bağlı olan Qara Yusif atın belinə sıçrayıb, məmlük sultanına dedi:

- Sizi əmin edirəm ki, həyatımı bağışladığınıza görə heç vaxt peşman olmayacaqsınız. Çünki inanmıram Əmir Teymurdan və Toxtamışdan sonra kimsə mənim qolumu qatlaya bilsin.

Məmlük sultanı onun bu sözlərinə gülüb dedi.

- Bəs teymurilər, cəlairlər? Sən hələ ki, təksən, onların isə Təbrizdə hazır vəziyyətdə dayanmış böyük orduları var.

Qara Yusif əlini yuxarı qaldırıb dedi:

- Sultan həzrətləri, əgər başda ağıl, qolda güc, ürəkdə təpər varsa, ordu da olacaq, zəfər də. Sağ olun! Bir gün sizi qonaq çağırsam, yəqin ki, gələrsiniz.

Məmlük sultanı atını güclə ram edən Qara Yusifin bu sözlərinə də güldü:

- Çətin, ərəbləri bircə gün özbaşlarına qoysam, Allah bilir, nə hoqqalardan çıxarlar...

Qara Yusif həm cismən, həm də ruhən bərk yorulmuşdu. Odur ki, hələ bir müddət Misirdə qalmaq, dincəlmək istəyirdi. O, gündüzlər qızmar qum üstündə dəmlənmiş qəhvə içir, dəvə güləşlərinə baxır, günortalar dupduru suları gün işığında bərq vuran çarhovuzların kənarında, sərv ağaclarının kölgəsində mürgü döyür, axşamlar yarıçılpaq rəqqasələrin məclislərində eyş-işrətlə məşğul olur, bununla da havasız, qaranlıq zindanın daş döşəməsində sağ böyrü ağrıyanda sol böyrü, sol böyrü ağrıyanda sağ böyrü üstə yatdığı günlərin ağrı-acısını canından çıxarırdı...

Falçıların söylədikləri xoş sözlərə, rəmmalların vəd etdikləri qələbələrə baxmayaraq, Qara Yusif Təbrizə, elə-belə, tez-tələsik - hazırlıqsız getmək istəmirdi. Odur ki, Misir sultanının hədiyyə etdiyi qızıldan bir qədər verib, yeddi çapar tutdu və dedi:

- Hərəniz bir səmtdən Azərbaycana girəcək, kənd-kənd, şəhər-şəhər dolaşıb, əhaliyə çatdıracaqsınız ki, Qara Yusif zindandan çıxıb, artıq yoldadır, gəlir, pişvazına hazırlaşın!

Çaparların ardınca Qara Yusif özü də yola çıxdı. Hər yerdə macəra axtaranlar, igidlik eşqinə düşənlər, şan-şöhrət sahibi olmağı arzulayanlar ona qoşulur, sədaqətli olacaqlarına, son damla qanlarınadək vuruşacaqlarına and içirdilər. Qara Yusif Naxçıvan civarına gəlib çatanda,yanında ən azı, əlli min döyüşçü vardı, hamısı da silahlı. Əmir Teymurun ölümündən sonra Təbrizdə özünü tam sərbəst hiss edən və əsl hakimiyyətin dadını dadan Əbu Səid Araz çayının qırağında Qara Yusifin qabağını kəsdi, amma nədənsə, dərhal döyüşə girməyə lüzum görmədi və qəfil, gözlənilmədən peyda olmuş "rəqibinə” belə bir namə göndərdi: "Hər dəfə sədaqət və etibardan dəm vuran Misir sultanı başından böyük bir qələt eləyib səni zindandan buraxıb, buna görə layiq olduğu cəzanı alacaqdır. Sən isə, təslim ol, nə fərqi, Qahirə, yaxud Təbriz zindanı?”

Əbu Səidin göndərdiyi namə Qara Yusifi qəzəbləndirdi, elçinin boynunu dərhal vurdurdu və qoşunun önünə gəlib, əlini düşmən tərəfə uzatdı:

- Bu sarsaq elə bilir ki, atasının -Əmir Teymurun ruhu və şücaəti də ona miras qalıb!

Qara Yusif bu sözləri deyəndən sonra atını elə dəhmərlədi ki, sanki yaydan ox çıxdı! Teymurilər üstlərinə şimşək kimi şığıyıb gələn Qara Yusifin yenilməz döyüşcülərinin qarşısında tab gətirməyib, geri çəkildilər - sanki onların atdıqları oxlar ya boşa çıxır, ya da daşa dəyirdi. Nəticədə, Əmir Teymurun ölümündən sonra girdiyi ilk döyüşdəcə məğlub olan Əbu Səidin meyiti belə tapılmadı.

Amma Qara Yusif hətta bu ildırım sürətli möhtəşəm qələbədən sonra da Təbrizə yürüş etmədi. Səbirli və təmkinli olmağa çalışdı. Çünki xəfiyyələri xəbər gətirmişdilər ki, Miranşaha məxsus ordu birlikləri şəhərin ətrafında bərqərar olublar, - indi ora quş quşluğu ilə səkə bilməz. Odur ki, Qara Yusif - Qaraqoyunlular sülaləsinin yeni doğan günəşi belə qərara gəldi ki, qələbə çalaçağına tam əmin olmayanacan yerindən tərpənməsin və həlledici döyüş üçün hərtərəfli hazırlıq görsün...

Bax, elə həmin dövrdə Azərbaycanın iftixarı - şairlər şairi Seyid Əli İmadəddin Nəsimi yüklü bir dəvənin belində Şamaxıya gəldi. Şahxəndan qardaşını şəhərin lap girəcəyində qarşıladı.

Şairlər şairi dəvədən enib, qardaşını qucaqladı, üzündən öpdü:

- Maşallah, - dedi, - böyümüsən. Boyun artdığı kimi, ağlın da artıbsa...

Şahxəndan güldü:

- Dadaş, vallah, boyumun da, ağlımın da artdığını özüm hiss eləmirəm. Bunu sən bilərsən.

Seyid Əli zəndlə qardaşının üzünə baxdı:

- Artıb, artıb, Şahxəndan, görürəm... -dedi və qəfildən soruşdu:

- Yaxşı, de görüm, indi Təbrizdə şah kimdir?

Sevindiyindən ağlamağı ilə gülməyi bir-birinə qarışmış Şahxəndan dedi:

- Dadaş, bir evimizə çataq, ondan sonra soruş da. Nəyinə lazımdı kimdir şah?

- Balası, necə nəyimə lazımdı? Bax, şahın bığı aşağı sallanıbsa, bütün kişilərin bığı aşağı sallanacaq, yox, əgər şahın bığı şeş dayanıbsa, bütün kişilərin bığı şeş dayanacaq. Yəni, ölkədə hamının bığının necə olması bir adamın bığının necə olmasından aslıdır. Başa düşdün?

- Başa düşdüm.

- Lap yaxşı. İndi de görüm, Təbrizdə şah kimdir?

- Heç kim.

- Neçə yəni heç kim?

- Qara Yusiflə Miranşah neçə gündü öz aralarında müharibə eləyirlər. Hansı qalib gələcək, bilinmir.

- Hə, demək, bığın vəziyyəti qeyri-müəyyəndir.

Hər ikisi güldü.

Seyid Əli bu dəfə qardaşını lap bərk qucaqladı, elə bərk qucaqladı ki, araqçını sürüşüb başından yerə düşdü və o, fərəhindən qəşş elədi.

Onlar darvazanı açıb içəri girəndə, it çoxdan ayrıldığı sahibini- Seyid Əlini görəndə, sevindiyindən atılıb-düşdü, quyruğunu buladı və ilk dəfə gördüyü dəvəyə sarı bir-iki ağız hürdü...

Seyid Əli üzünü Şahxəndana tutub dedi:

- Balası, sən dəvənin yükünü boşalt, mən də həyətimizə bir göz gəzdirim. Görüm ağaclarımızdan quruyanı yoxdu ki?

Şahxəndan dəvənin yükünü boşaltmağa başladı - rəngbərəng saplarla toxunmuş heybələrdə nələr yox idi... O, içi ləl-cəvahiratla dolu, ağır pul kisəsini Seyid Əliyə göstərib dedi:

- Çöl-biyaban, quldur-qacaqla, yol kəsənlə doludu, nə əcəb, heybəndə bu cür qiymətli şey-şüy ola-ola, sənə dəyib dolaşmırlar?

- Hə, balası, bax bu sirdi. İstəyirsən açım?

Şahxəndan maraqla qardaşının üzünə baxdı və dedi:

- Aç.

- Deməli, gördüyün bu ləl-cəvahiratların hamısını mənə elə o quldur-qaçaqların, yolkəsənlərin özləri bağışlayıblar. Bəndəyi-həqirinizi...

Şahxəndan özünü itirdi:

- Əstəğfürullah, dadaş...

Seyid Əli sözünə davam etdi:

- Hə, bəndəyi-həqirinizi uzaqdan görən kimi ağız-ağıza verib qışqırırlar: Şairə ənam! Şairə ənam!

- Sən də o haram ənamları dədə malı kimi cibinə qoyub, sağa-sola xərcləyirsən...

- Səhvin var, balası. Mən o bəxşişləri əsl sahiblərinə - onları hardan və necə tapa bilərəm ki...- qaytara bilməsəm də, ehtiyacı olanlara - fəqir-füqəralara paylayaram. Bunları da birtəhər artırıb, Şamaxı kasıb-kusublarına gətirmişəm, pay-püş elə getsin, şahın gözündən iraq.

Hər ikisi qəşş eləyib güldü. Seyid Əli dedi:

- İstəyirsən, sənə bir sirr də açım.

Şahxəndan dərhal cavab verdi:

- Aç, dadaş, aç!

- Bu yolkəsənlər, quldur-qaçaqlar bilirsən şeiri necə xoşlayırlar?

- Boy? Zarafat eləyirsən?

- Yox, həqiqi sözümdü. Elə ki, yaxanı ələ verdin, əl çəkmirlər. "Şair, birini də oxu! Şair, birini də oxu! Şair, birini də oxu!”

- Sən də oxuyursan?

- Oxuyuram.

- Maraqlıdır, sənin oxuduğun şeirlər onlara neçə təsir eləyir?

- Vallah, hərəsinə bir cür, biri ağlayır, gözündən bıldır-bıldır yaş tökür, biri də elə hey gülür, gülür, gülür, di gəl. baş aç... Bir dəfə, içlərində biri vardı, mənə dedi ki, təkcə sən həqiqəti yazırsan. Soruşdum ki, axı, nədən bilirsən? Dedi, bax, sən yazırsan ki:

Məndə sığar iki cahan,

Mən bu cahana sığmazam.

- Doğrudan da, belədir. Bu gün gündoğandasansa, sabah günbatandasan, bu gün güneydəsənsə, sabah quzeydəsən. Bir yerdə durmursan ki!

Hər ikisi yenə qəşş eləyib güldü. Seyid Əli dedi:

- Eh, balası, onların yolkəsənliklərinə baxma, qəlblərinin dərinliyində o qədər munis duyğular var ki! Şah olsam, onları bircə gündə haqq yoluna gətirərəm. Nə isə... Həyətimizə pis baxmamısan. Görürəm, təzə ağaclar da əkmisən. Qızılgüllər daha çox xoşuma gəldi. Bu il olmasa da, gələn il açacaqlar.

- Birinin üstündə düymə var.

- Gözümə dəymədi, axı...

- Yarpağın altında gizlənib...

- Nədi, naz eləyir?

- Bəlkə də...

- Yəqin qəmzəli gül olacaq...

- Onu sən bilərsən, dadaş.

Seyid Əli söhbəti dəyişdi:

- Balası, mən uzaq yoldan gəlmişəm. Acam, Şamaxının da ləziz xörəklərindən ötrü burnumun ucu göynəyir.

Şahxəndan dedi:

- Gülnaz xala bir az bundan qabaq turşu-kabab bişirib. Gətirimmi?

- Gətir balası, gətir.

Şahxəndan eyvanda süfrə açdı. Balaca qazançadakı turşu-kababı iki qaba çəkdi, nimçəyə göy-göyərti qoydu, piyalələrə şərbət süzdü. Sonra qardaşlar "bismillah” - deyib əllərini çörəyə uzatdılar.

Seyid Əli çoxdan yemədiyi turşu-kababın dadına baxa-baxa dedi:

- Hə, deyirsən Qara Yusiflə Miranşah -biri Təbrizdə, biri də Naxçıvanda şöngüyüb, bir-birlərinə mırıldayırlar?

Şahxəndan qaşlarını dartdı və elə bil gözləri də bir balaca böyüdü:

- Dadaş, bunu mən yox, sən deyirsən ha!

Seyid Əli yüngülcə qımışdı:

- Balası, qorxdun?

- Bəs necə?! Mən Seyid Əli İmaməddin Nəsimi deyiləm ki, qorxmayıb, ağlıma gələn hər şeyi danışam. Şamaxıda divarların da qulağı var.

Seyid Əli ciddi görkəm alıb, dedi:

- Düz deyirsən, balası, dünya dəyişib, elə bil bu camatın hamısı gözünü açandan Şirvanşahlara casusluq edir.

O, ağzını dəsmalla silib, dua etdikdən sonra şərbət dolu piyaləni başına çəkdi.

Şahxəndan, qardaşının turşu-kababı böyük iştaha ilə yeməsinə, üstündən də şərbət dolu iri piyaləni birnəfəsə başına çəkməsinə baxanda, nədənsə, möhkəm kövrəldi və qeyri-ixtiyari öz-özünə pıçıldadı: "Allah heç kəsə qürbət nəsib etməsin”.

Seyid Əli ayağa qalxıb dedi:

- Hə, indi süfrəni yığışdır, dəvənin də hörüyünü dəyiş, qabağına da bir az su qoy, sonra gəl, danış görüm, mən burda olmayanda Şirvanda nələr baş verib?

Şahxəndan birdən:

- Vay-vay... Sənə qəhvə dəmləmişəm, yəqin daşdı - deyib, ocağa sarı qaçdı. Qəhvədanı götürüb, geri qayıtdı. Qəhvə qaynamamışdı, lap içməli idi.

Şahxəndan qəhvə dolu fincanı pəncərənin önündəki taxçanın üstünə qoydu:

- Dadaş, sən bala-bala iç, mən də süfrəni yığışdırıb, dəvəni yerbəyer eləyib gəlim...

Seyid Əli köpüyü yavaş-yavaş yatan qəhvəyə baxa-baxa nədənsə, gözünün ilk ovunu - Hüsniyyəni, onun bulaqdan səhənglə necə su daşıdığını, uzun, incə hörüklərinə necə lalə taxdığını, oğrun-oğrun necə güldüyünü xatırladı və bağrının başında xoş bir sızıltı duydu...

Elə bu vaxt Şahxəndan içəri girdi:

- Hə, dadaş, dəvən yatıb, yəni, gözünü yumub, amma çənəsi dəyirman daşı kimi işləyir, görünür,yoncanın dadı xoşuna gəlib...

Seyid Əli güldü:

-Şahxəndan, balası, mənim dəvəmlə işin olmasın, sən Şirvandan danış, Şirvandan.

-Dadaş, Şirvandan nə danışım ey, bizim bu İbrahim şah başını lap itirib...Bir gözü Təbrizdədir, bir gözü də Naxçıvanda...

Seyid Əli sağına-soluna baxıb dedi:

- Balası, bax, bunu sən deyirsən ha!

Hər ikisi qəşş eləyib güldü.

- Balası, sən nə danışırsan? Eşidən-bilən olsa, gülər. Adamın da iki ağası olar?

- Canın haqqı düz deyirsən. Bunu bütov Şamaxı bilir.

- Onda İbrahim şah hörmətdən düşər ki?

- Düşüb də...

- Belə şeyləri mənim dəvəm yaxşı bilir, yuxudan duranda soruşarıq. Amma deyim ki, İbrahim şah çox təhlükəli oyun oynayır, Miranşahın xəfiyyəsi gedib Təbrizdə deyəcək ki, İbrahim şah Qara Yusifə xərac göndərir, Qara Yusifin də xəfiyyəsi gedib Naxçıvanda deyəcək ki, bu həpənd oğlu həpənd Təbrizə xərac göndərir, yəni, İbrahim şah həm nala vurur, həm mıxa, axırda da öz əlinə. Səfeh işdi.

(Ardı var)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video