30 Yanvar 2019 02:10
455
DÜNYA
A- A+

“Qırmızı şərflər” “sarı jiletlər”ə qarşı


Fransada yeni etiraz hərəkatı fəaliyyətə başladı


İki aydan çoxdur Fransada "sarı jiletlər” adlı ictimai hərəkat etiraz aksiyalarını davam etdirir. Nümayişçilər hər şənbə günü şəhərlərin küçələrinə çıxıb hökumətin yürütdüyü sosial siyasəti tənqid edirlər. Etirazçılar əvvəlcə avtomobil yanacağının qiymətini qaldırmamağı tələb edirdilər. Hökumət yanacağın qiymətini artırmağı təxirə saldıqdan sonra nümayişçilər yeni tələblər irəli sürdülər. Onlar birbaşa ölkə Prezidenti Emmanuel Makronu istefaya çağırmağa başladılar.

Hüquq-mühafizə orqanları bir qayda olaraq hər nümayişdə "sarı jiletlər”i dağıtmaq üçün gözyaşardıcı qaz daxil olmaqla sərəncamında olan bütün vasitələrə əl atır, polislə toqquşmalar zamanı aqressiv etirazçıları həbs edir. Ötən şənbə günü keçirilmiş növbəti etiraz aksiyasında da oxşar mənzərə müşahidə olundu. Nümayişçilər yenə də polislə üz-üzə gəldilər, ictimai asayiş pozuldu. Polis də əlini əlinin üstünə qoyub dayanmadı, əvvəlki kimi, aksiya iştirakçılarına "lazımi” münasibət göstərdi. Paytaxt Parisdə 60 nəfərdən çox nümayişçi saxlanıldı, 8 nəfər yaralandı.

Ötən bazar günündən etibarən yeni etiraz hərəkatı - "qırmızı şərflər” meydana çıxmışdır. Parisdə keçirilmiş ilk nümayişdə təxminən 10 min nəfər iştirak etmişdir. Fransa və Avropa İttifaqının bayraqlarını qaldırmış nümayişçilər "Bizə demokratiya lazımdır!”, "Demokratiyaya "hə”, inqilaba "yox”, "Ölkədə zorakılığı dayandırın!” şüarları səsləndirmişlər.

Yeni hərəkat "sarı jiletlər”in hərəkətlərinə - zorakılıq əməllərinə, ictimai asayişin pozulmasına etiraz edir. Aksiya iştirakçılarının bir hissəsi ölkə iqtidarını dəstəkləyir, başqa bir hissəsi isə hərəkatın siyasi xarakter daşımadığını iddia edir. Bununla belə, "qırmızı şərflər”i daha çox hökumətpərəst hərəkat kimi səciyyələndirmək mümkündür. Yeni hərəkatın nümayəndələrinin ilk çıxışları da buna dəlalət edir.

"Qırmızı şərflər”in təşəbbüskarı, siyasi baxışlarına görə hakim "İrəli, Respublika!” partiyasına yaxın olan tuluzalı mühəndis Loran Sulye yerli radioya müsahibəsində bildirmişdir ki, "bizim nümayişimiz səssiz çoxluğa, hər şənbə ölkədə baş verən hadisələr üzündən evlərində gizlənməyə məcbur olan adamlara çağırışdır”. Onun müavini, Bretan bölgəsinin sakini Teo Pular BFMTV telekanalına müsahibəsində vurğulamışdır ki, "qırmızı şərflər”in aksiyası iki aydır hücuma məruz qalan respublika dəyərlərini və hakimiyyət təsisatlarını müdafiə etməkdən ibarətdir. O qeyd etmişdir ki, "sarı jiletlər”in sıralarına ifrat sağçı və ifrat solçu qruplaşmaları təmsil edən ekstremistlərin soxulması ciddi narahatlıq doğurur. Pular fransızları ictimai dialoq aparmağa, "sarı jiletlər”in özlərini isə küçələrdən çəkilib problemlərin müzakirəsinə qoşulmağa çağırmışdır.

"Qırmızı şərflər”in mətbuat katibi Aleks Brün isə bildirmişdir ki, adamlar yollarda yaranmış maneçilikdən beziblər: "Sarı jiletlər”in hərəkətləri biznesə zərərlidir, uşaqların vaxtlı-vaxtında məktəbə gəlməsinə imkan vermir”. "Qırmızı şərflər”in ilk aksiyasından sonra qəbul olunmuş bəyanatda vurğulanmışdır ki, yeni hərəkatın iştirakçıları "sarı jiletlər”in yaratdığı qiyam mühitini pisləyirlər.

Hakim partiyanın üzvü, deputat Silven Meyar da "qırmızı şərflər”in ilk nümayişinin iştirakçıları arasında idi. Onun fikrincə, ölkəyə sakitlik lazımdır: "Hər şənbə günü "sarı jiletlər”in aksiyalarında müşahidə etməyə məcbur olduğumuz zorakılıq təzahürlərinə son qoymağın vaxtı gəlib çatmışdır”. Deputat onu da nəzərə çarpdırmışdır ki, nümayişə öz partiyasının təmsilçisi kimi yox, bir vətəndaş kimi qatılmışdır.

"Qırmızı şərflər”in Bastiliya meydanında başa çatmış ilk aksiyasını kənardan izləyənlərin arasında "sarı jiletlər”in fəalları da var idi. Bu dəfə "sarı jiletlər”in əsas vəzifəsi "qırmızı şərflər”i təhqir etmək idi. Lakin polis iki düşərgənin təmsilçiləri arasında toqquşmaya imkan vermədi.

Bir-birinə qarşı duran iki hərəkat fərqli məram daşıdığı kimi, onların iştirakçıları da əhalinin fərqli təbəqələrinə məxsusdurlar. "Sarı jiletlər”i daha çox gənc nəslin nümayəndələri təmsil edirlər, "qırmızı şərflər”in aksiyasında isə əksər iştirakçılar yaşlı adamlardır.

"Qırmızı şərflər” hərəkatının ilk aksiyasına gözlənildiyindən az iştirakçı qatılsa da, onun sıralarının genişlənəcəyi ehtimal olunur. Hərəkatın Facebookda yaradılmış qrupuna artıq təqribən 55 min nəfər qoşulmuşdur. "Qırmızı şərflər”in saytında qeyd olunur ki, yeni ictimai hərəkatın nümayəndələri "sarı jiletlər”in aksiyaları zamanı ifadə olunan narazılığı başa düşür, bununla belə, etirazı siyasi alətə çevirməyə qarşı çıxır.

İstər "sarı jiletlər”in, istərsə də "qırmızı şərflər”in tezliklə ortaq məxrəcə gəlib Fransa küçələrindən çəkiləcəyini gözləmək lazım gəlmir. Çünki birincilər irəli sürdükləri tələblərin yerinə yetirilməsində israrlıdırlar, ikincilər isə ölkədə sabitliyin bərpa olunmasını istəyirlər. Digər tərəfdən, iqtidar "sarı jiletlər”in etiraz aksiyaları fonunda yalnız müvəqqəti olaraq geri çəkildi. Prezident Makron bu ildən etibarən minimal əməkhaqqının 100 avro artırılacağına söz verdi. Həmçinin aylıq gəliri 2000 avrodan az olan pensiyaçılardan tutulan sosial vergi artırılmayacaq. İş günündən artıq görülən işə görə əməkhaqqından vergi tutulmayacaq. Dövlət başçısının dediyinə görə, ölkənin işsizlərə kompensasiya və təqaüdçülərə layiqli pensiya verilməsini nəzərdə tutan dərin islahatlara ehtiyacı var.

Lakin iqtidarın güzəştləri "sarı jiletlər”i razı salmadı. Belə ki, hökumət avtomobil yanacağının qiymətini yalnız müəyyən edilmiş müddətədək - iyunun 1-dək dondurmağı qərara aldı, gələcəkdə isə fransızlar yanacağı baha almalı olacaqlar. Fransa cəmiyyətində ictimai böhran açıq-aşkar özünü göstərib. Odur ki, hər iki hərəkatın - "sarı jiletlər”in və "qırmızı şərflər”in etiraz aksiyalarının bundan sonra da davam edəcəyini, bu xəmirin hələ xeyli su aparacağını söyləmək mümkündür.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video