30 Yanvar 2019 02:10
482
DÜNYA
A- A+

Biznes sənaye kəşfiyyatının girovluğunda


Dünyada müflis olan hər on şirkətin altısı sənaye casusluğunun qurbanıdır


Sənayə casusluğu dünyanın istənilən nöqtəsində istənilən şirkət üçün ciddi təhlükə mənbəyidir. Ən qəribəsi odur ki, bu casusluq hakerlər, ziyanlı virus proqramlarından başqa, şirkətlərin sıravi işçiləri tərəfindən və hətta bütün dövlətlərin kəşfiyyat strukturları tərəfindən aparıla bilər.

İnnovasion texnologiya mütəxəssisləri izah edirlər ki, kollektivdə çalışan işçilərin davranışlarının zəif məqamlarını üzə çıxarmaq kompüter avadanlıqlarının təhlükəsizliyini təmin etməkdən qat-qat çətindir. Sənaye (iqtisadi, kommersiya, ofis) casusluğu dedikdə, bir qayda olaraq, iqtisadi məlumatları qeyri-qanuni yolla əldə etmək üçün qeyri-sağlam rəqabət üsullarına əl atmaq nəzərdə tutulur. Casusluq şişirdilmiş təhlükə deyil. "Ponemon Institute”nin hesabatlarında göstərilir ki, müflis olan hər on şirkətin altısının çökməsinin səbəbi şirkətin kommersiya sirlərinin 20 faizinin oğurlanması səbəbindəndir. "Sənaye casusluğu ilə kimlər məşğul olur” sualına yalnız sualla cavab vermək mümkündür: kimlər məşğul olmur ki?

Öz aralarında rəqabət aparan şirkətlərdən tutmuş böyük dövlətlərin kəşfiyyat qurumlarınadək hamı bu işlə məşğul olur. Dövlətlərin çoxu xüsusi xidmət orqanlarının fəaliyyətini xarici şirkətlərin əldə etdiyi nailiyyətləri, onların patentlərini, kommersiya, texnologiya və istehsalat sirlərini ələ keçirməyə istiqamətləndirir. Bu məqsədlə kəşfiyyat idarələri onları maraqlandıran şirkətlərin kompüterlərinə, faks və telefonlarına qoşulur, casuslarını şirkətlərə yerləşdirməyə çalışır, agentura şəbəkəsi yaradır.

Müasir dünyada iqtisadi kəşfiyyat üçün dünyanın müxtəlif ölkələrində baş verən iqtisadi tənəzzül və intibah xüsusi əhəmiyyət kəsb edir. Təbii ehtiyatların bolluğu heç də ölkəni irəli aparan amillərin sırasında deyil. Ən vacibi texnologiya və iqtisadi-istehsalat yeniliklərinin mövcudluğudur. Məhz bu səbəbdən bütün dünyada kəşfiyyat qurumlarının, həm də milli iqtisadiyyatların əsas məqsədi belə məlumatları əldə etməyə can atmaqdır. İş o yerə çatıb ki, dövlətlərin və rəqabət aparan şirkətlərin kəşfiyyat fəaliyyətləri arasında sərhədlər şəffaf deyil. Kimin nə oğurladığını dəqiqləşdirmək də yersizdir. Məhz bu səbəbdən hücuma məruz qalan şəbəkələr zərbənin hansı tərəfdən gəldiyini təyin etməkdə çətinlik çəkir.

Kəşfiyyat yolu ilə, bir qayda olaraq, biotexnologiyalar, gen mühəndisliyi, tibbi avadanlıqlar, ətraf mühitin mühafizəsi, yüksək səmərəli kompüterlər, sensor və siqnal texnikası, məlumatların saxlanılması üçün yaddaş qurğuları, texniki keramika, nanotexnologiyalar və aerokosmik avadanlıqlar və s. haqqında məlumat əldə edilir.

İqtisadi kəşfiyyatda məlumatların əldə edilməsi müxtəlif yollarla həyata keçirilir. İstənilən məlumat faydalı ola bilər. Məsələn, yazılı sənədlər (layihələr, qeydlər, qaralamalar, müxtəlif sənədlərin fotosurətləri), çertyojlar, yaddaş kartları, elektrik siqnalları, modellər, məhsulların nümunələri, texniki qurğular və s. Eyni zamanda kəşfiyyat yalnız bir məhsul barədə informasiya əldə etməyə yox, ideyalar, tədqiqatlar, konsturktor işləri, layihələr, istehsalın və marketinqin strategiyası haqqında bütün məlumatları ələ keçirməyə çalışır. İqtisadi casusluğun 39 faizi rəqib şirkətlər tərəfindən həyata keçirilir və yalnız 7 faizi kəşfiyyat idarələrinin payına düşür. Şirkətlərin casus şəbəkəsinə cəlb edilən əməkdaşları, özəl xəfiyyə qurumları, muzdlu hakerlər və peşəkar kəşfiyyatçılar casusluq edir, kəşfiyyat fəaliyyəti ilə məşğul olurlar.

İqtisadi kəşfiyyatın fəaliyyət dairəsi genişdir. Bu sahədə işləyən casuslar elmi və diplom işlərinin, xüsusi ədəbiyyatın, zavod qəzetlərinin və sorğu kitablarının, texniki, patent və lisenziyalaşdırılmış sənədlərin əldə edilməsindən, məlumatlar bankından və ictimai təmaslardan faydalanırlar. Məlumatların bir qismi isə müasir kompüter texnologiyalarından yararlanmaqla əldə edilir.

Yuxarıda qeyd olunduğu kimi, iqtisadi kəşfiyyatla əksər dövlətlər məşğul olur. ABŞ açıqca bildirir ki, onların kəşfiyyat fəaliyyətinin bir qismi iqtisadiyyatla bağlıdır. Bu məsələ ilə digər ölkələrin kəşfiyyat qurumları çoxdan məşğuldur. Yüksək texnologiyaların inkişaf etdiyi ölkələr də iqtisadi kəşfiyyatdan ciddi faydalanır. Hər hansı bir sahədə əldə edilən özgə nailiyyətləri hər bir dövlətə və ya şirkətə imkan verir ki, həm ciddi subsidiyalara qənaət etsin, həm də rəqabət qabiliyyətini artırsın və öz iqtisadiyyatını daha güclü etsin. Digər tərəfdən, iqtisadi kəşfiyyat dünyada böyük müqavilələri ələ keçirməyə imkan yaradır. ABŞ hesab edir ki, Amerika iqtisadiyyatına qarşı müntəzəm olaraq 23 dövlət, o cümlədən Avropa ölkələri casusluq edir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video