29 Yanvar 2019 01:20
1793
SİYASƏT
A- A+

İKİ CAHAN GÜNƏŞİ


Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,

Gövhərü-laməkan mənəm, kövnü-məkana sığmazam...


Onun bu beytlə başlanan məşhur qəzəlini ilk dəfə oxuyanda orta məktəb şagirdi idim. Olardı 13, ya 14 yaşım...

Dilimə çətin yatan bəzi kəlmələrin qəlizliyinə rəğmən, ahəngi, sözlərin çəkisi, düzümü könlümü necə ovsunlamışdısa, bir neçə saatlıq əziyyətdən sonra bütün qəzəli əzbər bilirdim...

Sonralar yadımdan çıxan beyt və misraları oldu, amma bu giriş beyt yaddaşımda diri qaldı...

Şairin yüz minlərlə heyranının hafizəsində dolaşdığı kimi...

Ömrün müxtəlif məqamlarında - həmin qəzəli təkrar-təkrar oxudum, bu dəfə məqsədim əzbərləmək yox, misraların ruhunu duymaq, onları anlamaq idi.

Bilmirəm, tam mahiyyətində, Onun özünün qavradığı mənada anlaya bildimmi?!.

Bir neçə gün əvvəl "Sığmazam” qəzəlini bir daha tapdım, hər misranın üzərindən az qala zərrəbinlə keçdim...

Onu kəlmə-kəlmə, misra-misra, beyt-beyt yaşamağa çalışdım...

Və ilk dəfə başa düşdüm ki, bu qəzəli 14 yaşında oxuyan Hüseynbala ilə bugünkü Hüseynbala arasında çox böyük təfavüt var...

Onu bu ərəfədə oxuyub hiss etməyə çalışan da tamam özgə bir Hüseynbala imiş...

Əminəm ki, bu başqa oxucuların da qənaətidir. Bu qəzəlin şərhi-bəyan etdiyi mətləblər yaşa, insan ömrünün müxtəlif dönəmlərinə görə dəyişir. Yaş artdıqca, həyat təcrübəsi genişləndikcə, dünyaya baxış dəyişdikcə onun dürlü-dürlü hikmətləri üzə çıxır.

Sözün qüdrəti də elə bu deyilmi?!.

***

Və bu il belə bir qüdrəti yaradan söz adamının anadan olmasının 650-ci ildönümü tamamlanır. Bu münasibətlə, Prezident İlham Əliyev 2019-cu ili ölkəmizdə "Nəsimi ili” elan edib.

Bu il Azərbaycanda söz ilidir, düşüncə bayramıdır!..

Bu xəbəri ilk dəfə mətbuatdan oxuyanda fərəhimdən yerə-göyə sığmadım desəm, mübaliğəyə varmaram. Bundan bir neçə ay əvvəl də ölkə rəhbərimiz Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncam imzalamışdı. Eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə ötən ildən Azərbaycanda və dünyanın ayrı-ayrı ölkələrində Nəsimi festivallarının keçirilməsinə başlanıb və bu tədbirlər davam etdirilir.

2019-cu ilin bütünlüklə böyük şairə həsr olunması isə bu istiqamətdə atılan addımların davamı olmaqla çox möhtəşəm tarixi hadisədir. Nəsimi sözünə, onun öz poetik inciləri ilə inkişaf etdirdiyi ana dilimizə, bu iki cahan günəşinin təlqin etdiyi bəşəri ideyalara verilən yüksək dəyərdir.

***

2019-cu il - "Nəsimi ili” ictimai fikir tariximizin daha iki möhtəşəm faktı ilə də əlamətdardır. Bu il Azərbaycanın ən böyük maarifçilərindən sayılan Cəlil Məmmədquluzadənin anadan olmasının 150 ili tamam olur. 2019-cu il həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümüdür.

Ötən il böyük sevgi və coşqu ilə qeyd etdiyimiz "Cümhuriyyət ili”nin məzmununu tamamlayan bu faktların hər biri milli mədəniyyət və dövlətçilik tariximizdə müstəsna əhəmiyyət daşıyır.

Bir-biri ilə rəmzi şəkildə bağlıdır...

Cəlil Məmmədquluzadə maarifçiliyi Nəsimidən üzü bəri yol gələn məşəlin gur alovudur...

Azərbaycan Xalq Cümhuriyyəti bu işıqdan şölələnən istiqlal çırağıdır...

Heydər Əliyev şəxsiyyəti bu çırağı zirvələrə ucaldıb, həm də bütün dünya azərbaycanlılarını onun sönməz nuru ətrafında bir araya gətirən öndərdir...

***

1973-cü ildə İmadəddin Nəsiminin anadan olmasının 600-cü ildönümü münasibətilə keçirilən tədbirləri çox yaxşı xatırlayıram. Yubileyin böyük şairin şanına layiq keçirilməsini ölkənin yeni rəhbəri Heydər Əliyev xüsusi diqqətdə saxlayırdı.

Həmin dövrdə Bakıda yeni təşkil edilmiş inzibati rayonlardan birinə şairin adı verildi. Ulu öndərin səyləri nəticəsində Nəsiminin adını YUNESKO görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil etdi. Beləcə şairin 600 illiyi təkcə ölkə hüdudları daxilində deyil, beynəlxalq miqyasda da qeyd olundu.

Nəsimi ilə bağlı həyata keçirilən tədbirlər təkcə yubiley dövrü ilə məhdudlaşıb qalmadı. Bu tədbirlər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə növbəti illərdə də davam etdirildi. Unudulmaz rejissorumuz Həsən Seyidbəyli Azərbaycanın xalq yazıçısı İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında "Nəsimi” filmini ərsəyə gətirdi. Film qısa müddətdə dünyanın bir çox ölkələrində böyük əks-səda doğurub qəlbləri fəth etdi, nüfuzlu mükafatlar qazandı. Bu kino İmadəddin Nəsiminin şəxsində türk dünyasının böyük bir mütəfəkkirini müasir dünyaya tanıtdı.

Üstəlik, tamaşaçılar baş rolun ifaçısı, o zaman hələ çox gənc olan dəyərli aktyorumuz Rasim Balayevin şəxsində parlaq bir istedadı kəşf etdilər.

Orasını da xatırladım ki, bu film "Kodak” kinolentinə çəkilən ilk Azərbaycan kinosudur. Məhz Heydər Əliyevin istəyi və köməyi sayəsində lent xaricdən, o vaxtın dili ilə desək, "qızıl pulla”, yəni xarici valyuta ilə alınmışdı ki, film keyfiyyətli olsun, Nəsiminin özünə və sözünə layiq çəkilsin.

1979-cu ildə xalq rəssamları İbrahim Zeynalov və Tokay Məmmədovun müəllifliyi ilə paytaxtın mərkəzində böyük şairin möhtəşəm abidəsi ucaldıldı. Nəsimi irsinin ölkəmizdə sistemli tədqiqi və təbliğinə başlandı. Şairin yaradıcılığı alimlərimizin üzə çıxardıqları yeni əlyazma nüsxələri əsasında öyrənildi. Ölkədə nəsimişünaslıq elmi məktəbi formalaşdı. Bu tədqiqatlar Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açdı.

***

Heydər Əliyevin Nəsimi şəxsiyyətinə yüksək sevgi və ehtiramı ondan irəli gəlirdi ki, onun ictimai fikir tariximizdəki əzəməti bu böyük dövlət adamına əyan idi.

Ulu öndər Nəsimi sözünün qüdrətini aydın dərk edirdi...

Millətin, dövlətin, bir qədər də geniş götürsək, ümumən külli-bəşəriyyətin belə şəxsiyyətlərlə ucaldığının, dünyanın, insanın kamilliyə doğru ancaq belə mütəfəkkirlərin kəlmələri izində rəvan addımlaya biləcəyinin fərqində idi...

Bu gün İlham Əliyevin Nəsimi şəxsiyyətinə yanaşması da eyni münasibətin davamıdır...

Xatırlayırsınızmı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2013-cü ilin avqustunda Qəbələdə keçirilən sammitindəki çıxışı zamanı Azərbaycan Prezidenti nə söyləmişdi?!

"XXI əsr türk dünyası əsri olmalıdır”...

Ölkə rəhbərimizin bu çağırışı bir çox müsəlman ölkələrində yaşanan xoşagəlməz hallara, qarışıqlıqlara, vətəndaş müharibələrinə rəğmən türkdilli coğrafiyada özünü göstərən inkişaf proseslərinə əsaslanır. Bunu böyük sərvət kimi dəyərləndirən İlham Əliyev hesab edir ki, belə bir inkişaf qorunmalıdır, türk dünyasında izlənən müsbət meyillər daha da gücləndirilməlidir. Başqaları üçün bir nümunəyə çevrilməlidir.

Azərbaycan bu çağırışa qədər də, ondan sonra da bununla bağlı bütün işlərin zəhmətini çəkib, çəkir və yəqin ki, bundan sonra da üzərinə düşən tarixi-mənəvi missiyanı şərəflə yerinə yetirəcək.

İmadəddin Nəsimi kimi mütəfəkkirlərimiz isə bizim üçün həm də ona görə dəyərlidirlər ki, türk dünyasının mənəvi nailiyyətləri, bu coğrafiyanın müsəlman aləmində yaratdığı mütərəqqi fərq belə dühaların yaradıcılığından başlanır, bu irsin işığından yola çıxır...

2007-ci ildə türk dünyasının daha bir fikir adamı - Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyi də böyük təntənə ilə qeyd edilmiş və mükəmməl bir düşüncə xəzinəsinin qapılarını dünyanın üzünə açmışdı.

***

Rumi də, onun ruhunun əkiz tayı Şəms Təbrizi də, Nəsimi də, mürşidi Fəzlullah Nəimi və başqa sufilər də eyni bir günəşin zərrələridir...

Müasir türk və o cümlədən Azərbaycan mədəniyyəti bu gün sivilizasiyaların toqquşması mühitində o qədər də birmənalı qəbul olunmayan ortodoksal islama yox, bu cür zərrələrin nuru sayəsində milliləşmiş, daha modern tərzli dini baxışa əsaslanır...

Ona görə bu mədəniyyətin özülü möhkəmdir, sağlamdır, həyata, dünyaya, insana baxışı aydındır, qəlbə nur kimi hopur...

Tarixi bəlgələri vərəqləyək... Türk mifologiyasının tədqiqatçıları da təsdiqləyərlər ki, ərəblər islamı gətirənə qədər bu torpaqlarda etnik təfəkkürdə meydana çıxan bütün sualların izahını verəcək gücə malik mükəmməl bir epos mədəniyyəti formalaşmışdı. Elə Ana Kitabımız olan "Kitabi-Dədə Qorqud” dastanlarını götürək. Vətənə, həyata, insana, valideynə, qadına, övlada, təbiətə, yurdun düşmənlərinə münasibətin bundan da parlaq örnəyi olarmı?!

Məhz elə bu mükəmməlliyə görə də təxminən XI əsrə qədər türklər islam dinini, demək olar ki, mənimsəməmişdilər.

Çünki islam ideologiyası bu torpaqlarda düşüncə boşluğu ilə üzləşmirdi...

Türk təfəkkürü onun qarşısına çox parlaq idrak sistemi ilə çıxırdı...

Sonrakı tarixi mərhələlərdə isə bu təfəkkür islamı özləşdirərək qəbul etdi...

İslami dəyərləri min illərdən süzülüb gələn mifoloji dünyagörüşü işığında mənimsədi, bu dəyərləri daha da mükəmməlləşdirdi, insaniləşdirdi, əxlaq, irfan mənziləsinə yetirdi...

İmadəddin Nəsiminin də təmsil etdiyi sufi ideyaları, baxın, bunun təcəssümüdür...

***

Digər böyük sufilər kimi, Nəsimiyə görə də Allahla insan arasındakı ünsiyyət birbaşadır. İnsan bu yolu, bir qayda olaraq, intuisiyasının gücü ilə keçir. Bu baxımdan ortodoksal islamla sufilik arasında ziddiyyət var. Sufilər həqiqətin dərkində heç bir vasitəni qəbul etmirlər.

Onun və digər hürufilərin yaradıcılığında ərəb hərflərinin simvollaşdırılmasına gəlincə, xüsusi qeyd etmək lazımdır ki, hürufizm sırf türk-oğuz təfəkkürünün bəhrəsi kimi meydana çıxmışdı. Bu, öz dövründə sufizmin ən geniş yayılmış qollarından sayılırdı.

Nəsimi isə hürufi sufizminin əsas ideoloqu və təbliğatçılarından olaraq sufizmi təkcə özünün deyil, ümumilikdə cəmiyyətin xilası üçün qəbul edirdi, hər yerdə yaymağa çalışırdı.

Sufizm Nəsimi üçün haqq-ədalətdir, vicdandır, elmdir, insanın cəhalətdən qurtuluşudur...

Ona görə ictimai-siyasi motivlər, insan azadlığı ideyaları, zülmə, zorakılığa, nadanlığa etiraz Nəsimi poeziyasında bu qədər aktualdır.

***

Nəsiminin yaydığı hürufizm xüsusi təriqət olmaqdan çox universal ideyalar sistemidir. Heç bir sufi məktəb nə ona qədər, nə də ondan sonra insanı hürufilərdə olduğu qədər Allaha yaxın hesab etməmişdi. İnsanın kamillik məqamına yetişərək Allaha qovuşa biləcəyinə bu qədər inanmamışdı.

Ərşlə fərşü kafi nun məndə bulundu cümlə çün

Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam...

Bütün bu məqamları xatırlamaqda məqsədim Nəsimi sözünün axıb gəldiyi iki böyük mənəvi ümmana nəzər salmaqdır. Bunlardan biri türk mifologiyasıdır. Digəri isə islam fəlsəfəsidir. Nəsimi bu iki fikir dəryası arasında bir körpüdür, bağlantıdır...

Ona görə Nəsimi sözü bu qədər qüdrətlidir, durudur, cəlbedicidir...

Məhz bu cür mütəfəkkirlərimizin yaratdıqları ənənələrin gücüdür, verdiyi imkanlardır, formalaşdırdığı enerjidir ki, Azərbaycan bu gün mədəniyyətlərin dialoqu meydanına mükəmməl bir düşüncə sistemi ilə əlidolu çıxa bilir...

Belə bir düşüncənin parlaqlığı ilə bütün dünyanın diqqətini çəkir. Yer üzündə mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Qloballaşan dünyamızda multikulturalizm, fərqli mədəniyyətlərə hörmət, sülh və tolerantlıq kimi bəşəri ideyaların yayılmasına çalışır.

İslam dünyasının çeşidli təhdidlərlə üz-üzə qaldığı indiki çağlarımızda əsl islami dəyərlərə sahib çıxır. İslam həmrəyliyi ideyalarını aktuallaşdırır. Bütün müsəlman ölkələrini bu ideya ətrafında bir araya gətirir. Amma bunu da digər mədəniyyətlərə qarşı kor-koranə birləşməkdən, onları qaralamaqdan ötrü deyil, dini inancımızın düşüncə işığını yaymaq üçün edir. İslam fəlsəfəsinin ilahi hikmətini dünyaya təqdim etməyə can atır.

İslamın, əfsuslar ki, bir çox bədxahların düşüncələrə yeritmək istədikləri sayaq ancaq terror, zorakılıq, xurafat, ətalət deyil, sülh, barış, kitab, elm, təhsil, kamillik dini olmasını sübuta yetirməyə yönəlir...

Və bu, Azərbaycanda ona görə uğurlu alınır ki, Nəsimi kimi örnəklərimiz var...

Dövlətimizin bu istiqamətlərdə həyata keçirdiyi fəaliyyət belə mütəfəkkirlərimizin zəngin irsinə əsaslanır. Zamanın qədim qatlarına doğru uzanan fikir rişələrindən qidalanır.

Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd etdik. İndi bir anlıq diqqət yetirək. Müsəlman Şərqinin ilk demokratik, azad respublikasını da bu qədər xalq arasında məhz bizim qurub-yaratmağımız, bir əsrdə ikinci dəfə yüzlərlə şəhidimizin müqəddəs qanı bahasına yenidən istiqlalımıza qovuşmağımız da elə Nəsimi kimi dühalarımızın təlqin etdikləri azadlıq ideyalarının təntənəsi deyilmi?!.

Və Azərbaycan bu cür ənənələrin gücü ilə, dövlət rəhbərimizin də bəyan etdiyi kimi, XXI əsrin həqiqətən türk əsrinə çevrilməsinə töhfələrini verir. Qədim türk təfəkkürü və əsl islami dəyərlərin ruhunu gələcək nəsillər üçün daha gözəl bir dünyanın qurulmasına, sülhə, insanların vəhdətinə, inkişafa, tərəqqiyə yönəldir.

"Nəsimi ili” də bunun bir nümunəsidir...

***

Əmir Teymurun törəmələrindən Hüseyin Bayqaranın vəziri Kəmaləddin Hüseyin vaxtilə "Məcalisül-üşşaq” ("Aşiqlər məclisi”) əsərində yazırdı ki, "Nəsiminin könül dənizi dalğalananda onun kəlmə və hərfləri incilər kimi kənara dağıldı”. Nəsiminin izhar etdiyi mətləblərin bəzən yanlış anlaşılması, görünür, bununla bağlıdır. Zatən özü də bunu irəlicədən duyurdu və söyləyirdi ki:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu, quş dilidir, bunu Süleyman bilir ancaq...

Əfsuslar olsun ki, orta məktəb illərində və sonralar elə bizə də Nəsimini daha çox gözəllik və məhəbbət şairi kimi təqdim edirdilər. Əlbəttə, onun yaradıcılığında bu motivlər çox güclüdür, amma əsas deyil...

Bütün şeirləri ilə təsəvvüf şairi olan bu böyük sufinin dinsiz şair kimi qələmə verilməsi, islami dəyərlərə qarşı qoyulması meyilləri də ortada idi. Amma irfan elmi ilə Nəsimi yaradıcılığı arasında az-çox paralellik aparanda görürsən ki, bu iki mənəvi dəyər nəinki qarşı-qarşıya dayanır, əksinə, iki nur seli kimi qovuşaraq insanı kamilliyə doğru aparan yola işıq saçır...

***

Nəsimi sözü indiyə qədər yer üzünə gəlib-keçmiş ən böyük həqiqətlərdən biridir...

Zəmanəsinin digər böyük sufi alimləri kimi, Nəsimi də bəndəni daima Allaha yaxınlaşdırır...

Məqama - kamillik mərtəbəsinə qaldıraraq Haqqa qovuşdurur...

Nəsiminin dinə yanaşması bütün böyük maarifpərvərlərin münasibətinin eynisidir. O, dinə, inanca qadağalar sistemi, qorxu kabusu kimi yanaşmır. Dini insanın mənəvi dünyasını saflaşdıran, onu fani istəklərdən, azğın ehtiraslardan, pis əməllərdən çəkindirən əxlaq-tərbiyə məktəbi kimi dəyərləndirir.

İnsana Allahdan qorxmağı deyil, bu müqəddəs məbudu sevməyi, belə bir ilahi eşqi itirmək qorxusu ilə yaşamağı təlqin edir. Allahın ən gözəl sifətlərini insanın nəcib əməllərində arayır, Rəbbin əlamətlərini insan əlinin yer üzündə yaratdığı gözəlliklərdə axtarır.

Nəsimi fəlsəfəsinə görə, insan öz simasındakı gözəlliklərdə onu yaratmış Rəbbin nişanələrini daşıyır. Şair bu nişanəni sevgilisinin simasında görür, ona bu eşqlə bir könüldən min könülə elə dəlicəsinə aşiq olur ki, pərvanə kimi bu sevginin oduna yanıb-yaxılmaq istəyir.

Səmi-ənvarı təcəllidir cəmali-dilbərin

Ey könül, pərvanətək gəl yan bu şəmin narına...

***

Nəsimi hikməti dərk tələb edir...

Hansısa ideyanın ardınca getmək istəyirsənsə, onu birinci tamam-kamal dərk etməlisən. Dünya və insanlar üçün faydasını anlamalısan. Kor-koranəlik, cahillik, nadanlıq bu fəlsəfəyə yaddır. Nəsimi hikməti öyrədir ki, inanc da Allah ideyasının düzgün dərkindən başlanır. Əgər biri əzəldən, mənadan, irfandan uzaqdırsa, Allahı yanlış dərk edirsə, ona Quran ayətlərindən, təfsirdən, kəlamlardan xəbər verməyin də heç bir mənası yoxdur. Çünki Allahı düzgün dərk etməyən insan Onun kəlamlarını da yanlış anlayacaq, mənadan, mahiyyətdən iraq düşəcək.

Günümüz üçün də nə qədər tanış mənzərədir, deyilmi?!.

Bir neçə hədis, rəvayət əzbərləyəndən sonra özünü din bilicisi sanıb başqalarına ağıl öyrədənləri, dini təlqinlərin, hökmlərin əsl məramını, tərbiyəvi gücünü bir kənara qoyub mənasız təfərrüatlarla, zahiri göstərilərlə yanlış istiqamətlərə yönələnləri azmı görmüşük?!

Nəsimi belələrinə qarşıdır. Onun əsas hədəfi cəhalətdir...

O, insan kimi ülvi varlığın kamilliyə doğru aparan aydın bir yol varkən cəhalət girdabında batdıqca batmağı özünə rəva görməsini qəbul edə bilmir. İnsanı pisi yaxşıdan ayırmağa, xalis altun olan mərifəti özündə ali bir dəyər kimi aşılamağa və örnəyi mərifət sahiblərinin hünərindən götürməyə səsləyir. Çünki zoğaldan saf dinar gözləmək mümkün deyil. İnsanın qızıl zinəti yalnız onun mərifətidir.

Mərifətdir xalis altun, sikkəsi fəzü hünər,

Altunu tanı, zəğəldən ari dinar istəmə!

***

Nəsimi özü zəmanəsinin mükəmməl savada malik kəslərindən idi. Doğma ana dilimizlə yanaşı, fars və ərəb dillərini də yaxşı mənimsəmişdi. Dövrünün hikmət, məntiq, əruz, qafiyə, tarix, nücum, fiqh, təbiətşünaslıq kimi elm sahələrini yaxşı bilirdi. Çox gənc yaşlarından Yaxın və Orta Şərqin elm və fəlsəfi irsinə aşina idi. Bu biliklərin köməyi ilə kamala yetmiş Nəsimi elə elmi-fəlsəfi sistem axtarırdı ki, onun köməyi ilə başqalarını da tərbiyələndirə bilsin. Onlara özlərini yeni məzmunda dərk etməyi öyrətsin.

Və arzuladığı sistemi formalaşdırmaqdan ötrü Nəsimi ən çox gənclərə üz tuturdu. Cavanları oxumağı, təhsil almağı özlərinin həyat amalına çevirməyə səsləyirdi. Əski təlimlərdən əl çəkib onun kimi mütəfəkkirlərdən dərs almağa dəvət edirdi.

Şair insanda gözəl əxlaqın tərbiyəsi üçün, hər şeydən əvvəl, mənəvi, maddi və fiziki çətinliklərə dözmək qabiliyyətini mühüm sayırdı. Hesab edirdi ki, şəxsiyyət bu yolla özündəki bütün mənfi sifətləri aradan qaldıra və layiq olduğu məqama yüksələ bilər.

Nəsimi insanı belə ülviləşdirir, ucaldır. Böyük şairə görə, "insan həm inci, həm sədəf, həm yaradıcı, həm qızılgül, həm də yasəməndir. Bütün gözəlliklər, varlıq, yer və göy ona xidmət üçün yaranıb”.

Nəsimi sənəti bütövlükdə insan gözəlliyinə, insan qüdrətinə heyranlıqla doludur...

Onun şeirləri insan kamilliyinin himni kimi səslənir, bu məqama can atan insanı tərənnüm edir...

Bu misraların gözəlliyi, qüdrəti Yer üzündəki bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil kəslərə xasdır. Məhz buna görə şair kamil insanı "canımın cananəsi” adlandırır, ona səcdə etməyin vacibliyini göstərir. Kamil insanın gözəlliyinə səcdə etməyənlər, onun qarşısında heyranlıq hissi keçirməyənlər isə, şairin fikrincə, haqq yolundan azmışlardır. Ancaq şair onların da islahına çalışır, təlqinlərinin gücü ilə belələrini haqq yoluna gətirmək istəyir.

***

Bir qədər də Nəsiminin dili haqqında...

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu İmadəddin Nəsiminin adını daşıyır. Bu, onun Azərbaycan ədəbi dil tarixinin inkişafındakı müstəsna rolu ilə bağlıdır.

Günü bu gün də istifadə etdiyimiz ədəbi dilimizin əsas lüğət fondunun Nəsimi yaradıcılığından başlandığını müxtəlif şəxslərdən eşitmişdim, ayrı-ayrı mənbələrdə də belə bir məqam rastıma çıxmışdı. İxtisasca dilçi olmadığımdan nələrdəsə yanıla bilərəm, amma bildiyim qədər rus dilçiliyində oxşar başlanğıc nöqtəsi Nəsimidən bir neçə əsr sonra yaşamış A.S.Puşkin hesab olunur.

Maraq güc gəldi, bu qeydləri qələmə alarkən ana dilimizin tarixi ilə bağlı bəzi mənbələrə baxdım. İmadəddin Nəsimiyə qədər Azərbaycan dilində əsərlər yazan klassiklərimiz də, onların bizə gəlib çatan ədəbi əsərləri də, ana dilimizdə formalaşıb əsrlər boyu yaqut kimi cilalanmış şifahi xalq ədəbiyyatı nümunələrimiz də, bəli, xeyli çoxdur...

Amma iş orasındadır ki, Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması dövrünün XIII-XIV əsrləri əhatə edən ilk mərhələsini məhz Nəsimi yaradıcılığı yekunlaşdırır. Məhz onun fəaliyyəti ilə Azərbaycan dili özünün tarixi gücünü, yaradıcılıq enerjisini bütünlüklə nümayiş etdirə bilir.

Bu həm də onunla bağlıdır ki, Nəsiminin yaradıcılığı müasirləri ilə müqayisədə bizə yetərincə geniş həcmdə gəlib çatıb. Şairin qəzəl, qəsidə, tuyuq və tərcibəndləri toplanmış divanlarının üzü dəfələrlə köçürülüb. Əsərlərinin əlyazma nüsxələri dünyanın müxtəlif kitabxanalarında yayılıb.

Beləliklə, şairin irsinin görkəmli tədqiqatçılarından olan Cahangir Qəhrəmanovun da qeyd etdiyi kimi, Nəsimi şeiriyyətdə bədii üslubda, fəlsəfi təfəkkürdə bir ənənə yaratdığı tək, dildə də ənənə yaradaraq özündən sonra gələn bütün sənətkarlara təsir göstərib.

O, ana dilimizin sabitləşməsində və inkişafında çox böyük rol oynayıb. Yaradıcılığında ədəbi dilə xas keyfiyyətlər formalaşdırıb. Xalq dili ilə özündənəvvəlki yazılı dil arasında mükəmməl bir vəhdət yaradıb. Onların vahid ədəbi dil normasında birləşdirilməsinə nail olub. Ona görə Nəsiminin dili belə diridir, oynaqdır, ahəngdarlığı ilə canayatandır.

Əziz oxucu, hələ bu nümunəyə diqqət yetirək:

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,

Kim nə bilür bu könlümün fikri nədir, xəyali nə.

Al ilə ala gözlərin aldadı aldı könlümü,

Alını gör nə al edər, kimsə irişməz alinə.

Gözlərinə əsir olan - halını oldu anlayan,

Kim ki bu halə düşmədi, qoy vara kəndü halinə...

Fikir verin, nə qədər safdır, axıcıdır, sözlər inci-mirvari kimi bir-birinin ardınca qatarlanıb gedir. İstifadə etdiyi kəlmələr, deyimlər necə həyatidir, xalq dili zəmininə söykənir, xalq danışıq dilindən gəlir...

Belə nümunələri oxuyandan sonra xarici dilləri alayarımçıq öyrənib öz ana dilinə kəm baxanları, yeri gəldi-gəlmədi yad dillərdə qırıldadanları görəndə məzəmmət etmək istəyirsən ki, ay insafsız, XIV əsrdə bu cür dili olan, bu dildə anamızın laylası kimi gözəl, baldan şirin belə şeirlər yazmış şairə, şairlərə malik xalqın təmsilçisi də heç yad mədəniyyətlərə əl açarmı?!.

Bu mənada "Nəsimi ili” həm də Azərbaycan dilinin ilidir...

Bu dilin istisinə qızınan milyonlarla soydaşımızın ilidir...

Ulu öndər Heydər Əliyevin qədim tarixi təməl üzərində formalaşdırdığı və İlham Əliyevin daha da inkişaf etdirdiyi azərbaycançılıq ideyasının, multikultural dəyərlərin, tolerantlığın, mədəniyyətlərarası dialoqun ilidir...

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bütün dünyada təbliğ etdiyi milli-mənəvi dəyərlərimizin ilidir...

Və "Nəsimi ili” söz mülkünün bu qüdrətli sultanını dərindən anlamaq, anlayıb təlqinlərinə əməl etmək, əməl edib onun bələdçiliyi ilə kamilliyə doğru yola çıxmaq üçün bir fürsət ilidir...

İnsanın, dünyanın, kainatın qurtuluşu isə məhz belə fürsət anlarından başlanır...

***

İllər boyu beynimdən keçən bir fikir ötən il qəlbimə də iz saldı.

Nəsimidən yazmaq istədim...

Nəsiminin timsalında cahilliyə qarşı dirənişini azaltmayan kamilliyi, nadanlıq önündə çox vaxt susdurulan əsl insanlığı, mübarizliyi, dəyanəti qələmə almağa çalışdım...

Uzun dövrlər ərzində qalaqlanaraq yığılmış qeydlərimi ötən ilin oktyabrında bir masanın üstünə toplayaraq, onlardan bir povest ərsəyə gətirməyə anidən qərar verdim...

Bu ilin ilk günlərində bitirdim son əsərimi...

Və bir neçə gün sonra 2019-cu ilin Prezident tərəfindən "Nəsimi ili” elan edilməsini eşidəndə sevindim, çox sevindim...

Demək, fəhmim imiş məni tələsdirən...

Yenə də anidən qələm dostum, ruh qardaşım Bəxtiyar Sadıqova telefon açdım. Mətləbi bildi, povesti dərhal istədi, bir neçə saata oxuyub bitirdi və qərarını da verdi: "Hüseynbala müəllim, bu povesti rəsmi dövlət qəzetində dərc edəcəyik. Qoy bu, sizinlə bizim "Nəsimi ili”nə töhfəmiz olsun”...

Çox məsud oldum. Bir neçə günə əziz oxucularımız hamımızın qəzetində - "Azərbaycan”da "Sonuncu səfər” povestimi hissə-hissə mütaliə imkanı əldə edəcəklər...

Əslində, qəhrəmanım şairlər şairi

Seyid Əli İmadəddin Nəsimi deyil...

Onun iztirablarıdır, ağrılarıdır, öz vətənində təklənməsidir...

48 illik ömrün bitməyən məşəqqətlərini qısa bir dövr üçün - Nəsiminin Azərbaycana, Şamaxıya son səfəri müddətində rəmzləşdirdim...

Binəva Nəsimi, bədbəxt Nəsimi nə vaxt xoş gün gördü ki?!.

Amma ona qarşı ən böyük "cihadı” ilk olaraq özümüz başlatdıq, elə ən ağır zərbələri də özümüz vurduq...

Mən bundan yazdım, Nəsiminin şəxsində özümüzün özümüzə qənim kəsilməyimizdən və bu naqisliyin əsrlərdir davam etməsindən bəhs etdim...

Axı Hələbdə dərisi soyulan Nəsiminin hələ daha əvvəl burada - bu məmləkətdə ruhunu soymuşduq, qəlbini dilim-dilim etmişdik...

Bəlkə də bəlağətə varıram, amma düşüncəm budur ki, hər bir yazıçının, şairin qələmindəki mürəkkəbdə həm də Nəsiminin - onun sələflərinin və xələflərinin qanı axır...

Qoy bu qan daha ruhumuza, mənəviyyatımıza tökülüb çalın-çarpaz izlər buraxmasın, əksinə, vərəqlərə axıb ruhumuzu, mənəviyyatımızı saflaşdırsın, xəbislikdən arındırsın...

Nəsiminin istədiyi kimi insanlaşaq, kamilləşək, mənəvi vəhdətə çataq...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video