25 Yanvar 2019 00:48
1481
SİYASƏT
A- A+

102 qəsəbə, 55 min mənzil


Və 300 min məcburi köçkünə Prezident dəstəyi


Ötən illər ərzində Azərbaycanda qeydə alınan dinamik sosial-iqtisadi inkişaf hər bir ölkə vətəndaşının, o cümlədən məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsində də özünü qabarıq şəkildə büruzə verib.

Son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib.

Üzləşdikləri mənzil-məişət problemlərinin uğurlu həlli fonunda məcburi köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində doğma yurd yerlərinə qayıdacaqları günün də uzaqda olmadığını yaxşı bilirlər.


Sosial məsələlərin həlli ön plandadır


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün tezliklə həllinin təmin edilməsinə, əslində, hər bir azərbaycanlı indi çox əmindir. Çünki kifayət qədər güclənən Azərbaycan dövləti və xalqı əzəli, tarixi torpağının daha düşmən tapdağı altında qalmasına dözmək niyyətində deyil. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək imkanları tükənmədiyindən Ermənistanla danışıqlar prosesini davam etdirir. Bu, istənilən nəticəni verməsə, onda ordumuz qısa müddətdə zəbt edilmiş ərazilərdən düşməni süpürüb atacaq.

Buna qədər isə dövlət məcburi köçkünlərin problemlərinin həlli istiqamətində zəruri tədbirlər görməkdə davam edir. Abşeron rayonunun ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib: "Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılmışdır. Üç yüz minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır”.

Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da diqqətə çatdırıb ki, ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib: "Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il daha da çox mənzil veriləcək, o cümlədən məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Yəni bu məsələ daim diqqət mərkəzindədir. Biz hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik. Əlbəttə, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır və biz bunu yaradırıq”.

Dövlətin bu istiqamətdə tədbirlərini davam etdirməsi isə çətin vəziyyətdə yaşayan köçkünlərin problemlərinin tezliklə həllinə lazımi şərait yaradır.


Müasir tələblərə cavab verən yaşayış məntəqələri


Bu arada onu da qeyd edək ki, məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı artıq özəl sektor da yaxından iştirak edir. Ötən il "Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi oldu. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə, həmin layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Növbəti dövrdə də bu istiqamətdə özəl sektorun fəaliyyətinin genişlənməsi gözlənilir.

Lakin o da birmənalı həhiqətdir ki, bu vaxta qədər məcburi köçkünlərin problemlərinin həllində ən böyük yük məhz dövlətin üzərinə düşüb. Elə təkcə ötən ay istifadəyə verilən məcburi köçkünlər üçün iki yaşayış məntəqəsi də bunun real təsdiqidir.

Xatırladaq ki, ötən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Açılışına Prezident İlham Əliyevin qatıldığı yaşayış məntəqəsi şəhərin mərkəzində, Koroğlu prospektində yerləşir. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.

Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.

Dekabrın 24-də açılışı olan Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi də qeyd edilənlərin təsdiqidir. Xatırladaq ki, yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksin inşasına ötən ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan yeddimərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Yeni yaşayış kompleksində hazırda Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunub.


Sosial problemlərin həlli Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir


Ümumiyyətlə, son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir.

Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Eyni zamanda qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Xatırladaq ki, bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu.

Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.

2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı artıq 300 minə çatır. Bu da 55 min ailə deməkdir.

Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.


Genişmiqyaslı işlər bu il də davam etdiriləcək


Cari il ərzində də məcburi köçkünlərin mənzil və digər problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi nəzərdə tutulur. Artıq Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. 146 evdən ibarət olacaq qəsəbənin inşası üçün 30 hektar torpaq sahəsi ayrılıb. Mənzillərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilir. Qəsəbədəki evlərin hər birinin sanitar qovşağı və 12 sot həyətyanı sahəsi olacaq. Qəsəbədə infrastruktur işləri də həyata keçirilir. Hər biri 300 kubmetr olan iki ədəd içməli su anbarından birinin inşası başa çatıb, iki ədəd subartezian quyusu qazılıb, elektrik yarımstansiyası tikilib. Yaşayış kompleksində içməli su, qaz, elektrik, rabitə xətləri çəkiləcək, qəsəbədaxili yollara asfalt örtük salınacaq, yağış sularının axıdılması üçün arxlar tikiləcək, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Tikinti işləri ilə 9 şirkət məşğul olur. Əsasən yerli sakinlər və məcburi köçkünlər olmaqla, 300-dən çox işçi, 20-yə yaxın texnika çalışır. İnşaat işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulur. İl ərzində digər ərazilərdə də məcburi köçkünlər üçün yaşayış məntəqələrinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün bunlar bir daha sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğının real təzahürləridir. Dövlətin qayğısını hər zaman üzərlərində hiss edən məcburi köçkünlər tezliklə doğma yurdlarında da onlar üçün hər cür yüksək şəraitin yaradılacağını yaxşı bilirlər.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video