25 Yanvar 2019 00:38
661
İQTİSADİYYAT
A- A+

Üç kəmərin bir dəhlizi


CQBK - möhkəm bünövrə


* "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisi CQBK-dır. CQBK Bakı-Tbilisi-Ərzurum boru xəttinin Azərbaycan və Gürcüstandan keçən hissəsini təşkil edir. "Cənub qaz dəhlizi”nin mühüm seqmenti kimi genişləndirildikdən sonra CQBK artıq "Şahdəniz-2” qazını da nəql edir.

Cənubi Qafqaz Boru Kəməri Azərbaycanın 13 bölgəsindən - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz, Şəmkir və Ağstafadan keçir. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometr məsafə boyu uzanır.

"Şahdəniz-2” qazı TANAP-a məhz CQBK vasitəsilə qovuşur. İndi onun iki qolu var. CQBK-nın genişləndirilməsi layihəsi də bu məqsədə xidmət edirdi. Belə ki, Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı daha bir xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası var.

CQBK-nın Gürcüstanda aparılan genişləndirilməsinə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxil idi. Genişləndirildikdən sonra CQBK-nın ilkin ötürücülük gücü 16 milyard kubmetrə çatıb.

Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir. Genişləndirilmiş CQBK-nın Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.


TANAP - birləşdirici halqa


* TANAP "Cənub qaz dəhlizi”nin ən böyük hissəsidir, bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlanır. Onu "Cənub qaz dəhlizi”nin onurğa sütunu da adlandırırlar.

Uzunluğu 1850 kilometr olan TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən keçir. Marşrut boyu kəmər Türkiyənin 67 rayonunu və 600 kəndini arxada qoyub Türkiyə-Yunanıstan sərhədinə çatır və oradakı Kipoi məntəqəsində TAP-a qovuşur.

TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdır. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqaviləsi imzalanmış və kəmərin detallarının layihələndirilməsinə başlanmışdır. 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməli qoyulmuşdur. Mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları iştirak etmişlər.

Bu layihə ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatını daha da təkmilləşdirmişdir. Layihədə Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ və Böyük Britaniyanın BP şirkətləri tərəfdaşlıq edirlər.

2018-ci il iyunun 12-də Türkiyədə - Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir. Kəmər fəaliyyət göstərdiyi qısa müddətdə artıq özünü təsdiq etmişdir. Bu boru xətti ilə "Şahdəniz-2” layihəsinin qazı ahəngdar və təhlükəsiz nəql olunur.


TAP - sonuncu seqment


* TAP "Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Bu, strateji əhəmiyyətli bir layihədir, Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək və enerji təhlükəsizliyinə ciddi dəstək verəcək.

TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

Layihədə SOCAR (20 faiz), BP (20 faiz), "Snam” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləri ilə tərəfdaşlıq edir.

Ümumi dəyəri 4,5 milyard avro olan TAP kəməri ilə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Sonrakı illərdə bu həcm artırıla da bilər.

Layihənin İtaliyada başa çatmasına baxmayaraq, təbii qazın gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb. İnşaat işləri uğurla davam edir. Kəmərin gələn il Azərbaycan qazını Avropaya çatdıracağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video