22 Yanvar 2019 17:49
848
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilibAzərbaycan 3088 çeşiddə məhsul ixrac edir


Şahin MUSTAFAYEV: "Prezidentin məqsədyönlü siyasəti nəticəsində respublikamız dünyanın ən çox islahat aparan ölkəsi elan olunub”


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

Azərbaycanın yeni rekordu

İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, 2018-ci ildə beynəlxalq müstəvidə uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri açılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.

Ötən il iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən "Cənub qaz dəhlizi”nin rəsmi açılışı olub,

TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, "Star” neft emalı zavodu istifadəyə verilib. 2018-ci ilin sentyabrında orbitə buraxılan və kommersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki - "Azerspace-2” ölkəyə böyük həcmdə valyuta gətirəcək.

Nazir vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların, yürüdülən məqsədyönlü siyasətin nəticəsidir ki, "Doing Business 2019” hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəliləməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

2018-ci ildə infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt-Astara-İran avtomobil yolu istifadəyə verlib, 2000 km magistral, şəhərlərarası və kənd yolları çəkilib. Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb, "Şahdağ” kurortuna dəmir yolunun çəkilişi üçün isə layihə sənədləri hazırlanır.

Şahin Mustafayev qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, növbəti dövlət proqramının layihəsi hazırlanır və artıq işlər başa çatmaqdadır. Ötən il sahəvi dövlət proqramlarında, eləcə də "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilib.

Nazir qeyd edib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

Sənaye parklarına 2,9 milyard ABŞ dolları investisiya qoyulub

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” MMC-nin polipropilen zavodu, inşaat kimyəviləri zavodu, "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Bu günlərdə isə sənaye parkının daha bir rezidenti - "SOCAR karbamid” zavodu istifadəyə verlib. 2019-cu ildə daha 5 müəssisənin istismara verilməsi nəzərdə tutulur.

"Yaşıl iqtisadiyyat”ın və təkrar emal sənayesinin inkişafında mühüm rolu olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta tullantılarının emalı və kömür, plastik torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin emalı və tullantı taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların bərpası sahələri üzrə 6 rezident qeydiyyata alınıb. Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 mln. manat investisiya yatırılıb.

2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və "OpenEnd” üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub. Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün dəyəri 82 mln. ABŞ dolları təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri 28 mln. ABŞ dolları təşkil edən 2 neft tankerinin təhvil verilməsi planlaşdırılır.

Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. 2019-cu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaqdır. 2019-cu ilin birinci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

İqtisadiyyat naziri diqqətə çatdırıb ki, sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə 2018-ci ildə rezidentlər tərəfindən 450 mln. ABŞ dolları sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 mlrd. ABŞ dollarınadək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılıması gözlənilir.

2018-ci ildə sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılışı olmuş və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye məhəlləsinə sahibkarlar tərəfindən 5,3 mln. manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.

"Cocuq Mərcanlı” brendi

Ümumilikdə istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 mln. manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatdırılacaq, 77 mln. manat özəl investisiya yatırılacaqdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.

Şahin Mustafayev sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabriki istifadəyə veriləcəkdir.

5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi davam edir və 2019-cu ildə fəaliyyətə başlayacaqdır. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yem emalı müəssisəsi tikilib, türk iş adamları ilə birlikdə kiçik istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Arıçılıq təsərrüfatları lazımi avadanlıqlarla, istixanalar damcılı suvarma sistemləri ilə, avadanlıq, toxum, dərman preparatları və s. ilə təmin edilib. Bu layihələrin reallaşdırılması nəticəsində istehsal olunan məhsullar "Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılır. Hazırda ümumi sahəsi 750 m2 olan suvenir istehsalı müəssisəsinin tikintisi işləri davam etdirilir. Cocuq Mərcanlı kəndində ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən bal emalı mobil emalatxanasının yaradılması işləri həyata keçirilir.

Ötən il 9,3 milyon ton tranzit yük daşınıb

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Kollegiya iclasında qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də ölkənin nəqliyyat-tranzit imkanlarının təşviqi tədbirləri davam etdirilib. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının təbliği ilə bağlı tədbirlər keçirilib.

2018-ci ilin may ayında dövlət başçısının iştirakı ilə açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir.

2018-ci ildə ölkə ərazisindən 9,3 mln. ton tranzit yük daşınıb. Ötən il "Şimal-Cənub nəqliyyat dəhlizi” ilə daşınan yüklərin həcmində artım müşahidə olunub, 158 min ton yük daşınıb. Cənub-Qərb dəhlizi üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alinib.

3 ildə sahibkarlara 6766 lisenziya verilib

Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyevin dərin islahatlar ili kimi qiymətləndirdiyi 2018-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilib.

2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nü isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2019-cu il tarixinədək sahibkarlara 6766 lisenziya verilib. Ötən ilin martında "Lisenziyalar və icazələr” portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib.

2018-ci ildə "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya qurumlarının və publik hüquqi şəxslərin 17 qrant müqaviləsi qeydiyyata alınıb.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla, cəmi 640, 2018-ci il ərzində isə 483 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, indiyədək sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41%-i kənd təsərrüfatı, 59%-i isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.

2018-ci ildə isə sahibkarlara investisiya dəyəri 801 mln. manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib.

Ötən il Bakıda və ölkə regionlarında 2,5 mindən çox dinləyicinin iştirakı ilə biznes planlarının və investisiya layihələrinin hazırlanması, marketinq, menecment, brendləşdirmə, ekoloji təmiz kənd təsərrüfatının inkişafı və s. mövzularda 88 tədbir keçirilib, məsləhət xidmətləri göstərilib.

Kreditlərin 64,3 faizi regionların payına düşür

İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara 54 elektron xidmət göstərilir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərin böyük əksəriyyəti artıq "E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda digər elektron xidmətlərin "E-hökumət” portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür.

Kollegiya iclasında özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün hər il olduğu kimi, ötən ildə də sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 2018-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 600-dən çox sahibkarın iştirakı ilə 21 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 mln. manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layıhələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Verilmiş kreditlərin 64,3%-i respublikanın regionlarının, 35,7%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar sektorun, 29,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.

Son illər fond tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi 2018-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildə daha 39 müəssisənin açılması gözlənilir. Ümumilikdə isə, indiyədək layihələrinin ümumi dəyəri 5 mlrd. manatdan çox olan 36 minə yaxın sahibkara 2,3 mlrd. manatadək güzəştli kredit verilib.

Daha 10 aqropark istifadəyə veriləcək

Şahin Mustafayev dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcud aqroparkların genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatının, o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq 17 aqropark fəaliyyət göstərir. 2019-cu ildə isə daha 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur.

2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Bundan başqa, "Buta Airways” təyyarələrində ixracı təşviq edən reklam nümayiş olunub, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. "SOCAR GeorgiaPetroleum” şirkətinin yanacaqdoldurma məntəqələrində stendlər yerləşdirilib.

2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2018-ci ildə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi” açılıb. Bu il yanvarın 15-də BƏƏ-nin Dubay şəhərində açılan "Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur. Bu il Rusiyada, BƏƏ-nin Abu-Dabi şəhərində və Qazaxıstanda "Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.

2018-ci ildə Çində 2 "Azərbaycan Şərab Evi” açılıb. Xarici ölkələrdə Azərbaycanın şərab evlərinin yaradılması prosesi bu ildə də davam etdiriləcəkdir.

Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə qeyri-neft ixracı 9,8%, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8%, sənaye məhsullarının ixracı 6,2%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 56,2% artıb. Ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.

Kollegiya iclasında qeyd edilib ki, Azərbaycanın turizm potensialı, ölkədəki siyasi sabitlik və təhlükəsizlik turizm sektorunun inkişafı üçün geniş imkanlar açır. Bu imkanların reallaşdırılması üçün dövlət başçısının tapşırığına uyğun olaraq bu sahədə ardıcıl tədbirlər görülür.

Şahin Mustafayev ölkədə aparılan sosial-iqtisadi siyasət istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi önəmini vurğulayıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr minlərlə insanın həyat şəraitinin yaxşılaşması üçün yeni imkanlar açır. Heydər Əliyev Fondunun digər layihələri kimi, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının uğurlu icrası sosial sahənin inkişafına mühüm töhfədir.

8 rayonda "KOB Dostu” fəaliyyət göstərir

İclasda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin hesabatı da dinlənilib. Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov məlumat verib ki, 2018-ci ildə kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, KOB sektorunda yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişiklliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib.

Artıq 8 rayonda - Masallı, Siyəzən-Şabran, Xaçmaz, Gəncə, Yevlax, Quba və Qusarda "KOB Dostu” fəaliyyət göstərir. Fevral ayında Sumqayıt, Abşeron və Qəbələdə KOB dostları fəaliyyətə başlayacaq. İndiyədək KOB dostları tərəfindən sahibkarlıq subyektləri ilə 120-yə yaxın görüş keçirilib, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Hazırda agentliyin digər layihəsi olan KOB evlərinin yaradılması üzrə işlər aparılır. KOB evlərinin yaradılması ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənəcəkdir. Ümumilikdə KOB evlərində sahibkarlara vahid məkan prinsipi əsasında 34 dövlət qurumunun 110-a yaxın xidməti göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB evi” portalının yaradılması istiqamətində işlər davam etdirilir.

Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı tədbirlər planının hazırlanması qərara alınıb. İclasda İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il üçün iş planı təsdiq olunub, cari məsələlər müzakirə edilib.

Kollegiya iclasında həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.

Elçin CƏFƏROV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video