22 Yanvar 2019 01:02
947
SİYASƏT
A- A+

İlham Əliyevin hücum diplomatiyası Ermənistanı dalana dirəyib


Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi daha da güclənir


Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi bu gün artıq sözügedən konfliktlə əlaqədar regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmaqdadır. Bunu şərtləndirən ilk səbəblərdən biri budur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi reallaşıb. Buna paralel olaraq Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi nəticələr əldə olunub. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölgədə yeni reallığın yaranması üzə çıxıb.

Azərbaycanın qonşu ölkələrlə yüksəksəviyyəli əməkdaşlığı da bu prosesdə mühüm rol oynayıb. Xüsusən də Rusiya və İranla isti münasibətləri həmin ölkələrin Qarabağ münaqişəsinə baxışını dəyişdirib. Xatırladaq ki, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmayaraq, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha güclü hala gətirib.

Burada təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətlər arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bu xüsusda bildirir: "Prezident Vladimir Putin Prezident İlham Əliyevlə şəxsi əlaqələrini daha da möhkəmləndirir. Biz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkcə simpatiyada deyil, həm də etibarlılıq və öz hərəkətlərindəki ardıcıllıqdadır. Rusiya İlham Əliyevin sözlərində və əməllərində dostluğun rəhnini görür. Ermənistanın baş naziri Nikol Paşinyanın söylədikləri əməllərinə uyğun olmadıqda isə bunun nəticələri avtomatik olaraq Rusiya və Ermənistan münasibətlərinin bütün strukturuna təsir edir. Yəni xalqlar arasında münasibətlərlə siyasəti qarışıq salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə düşdükdə bunun çox böyük səmərəsi olur. Hazırda biz bunu Azərbaycanla münasibətlərdə müşahidə edirik: xalqlarımız dostluq edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsinə, həmçinin Rusiyanın mövqeyinin möhkəmlənməsinə şərait yaradır”,

Azərbaycan İranla da əlaqələrini genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan, bütün təkidlərə baxmayaraq, İrana qarşı təcrid siyasətinə qoşulmayıb, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirib. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu xüsusda bildirir: "İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. 2018-ci ildə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana səfər etdi və səmərəli görüşlər keçirildi. Bundan əlavə, mütəmadi olaraq İrandan Azərbaycana yüksəksəviyyəli nümayəndə heyəti səfər edir, iki ölkənin parlamentarları, nazirləri, eləcə də özəl və dövlət şirkətlərinin nümayəndələrinin qarşılıqlı səfərləri olur.

Bütün bunlar İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu və daha da inkişaf edəcəyini göstərir. Biz bunu əsas götürürük və çalışmalıyıq ki, 2019-cu ildə iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Birgə layihələrimiz, o cümlədən investisiya layihələrimiz var və onların həyata keçirilməsində irəliləyişlər əldə olunub”.

Dağlıq Qarabağ münaqişəsinin bölgənin ümumi təhlükəsizliyinə və inkişafına əsas təhlükə mənbəyi olduğunu nəzərə alaraq İranın bu məsələyə yanaşması da fərqli xarakter daşımağa başlayıb. Təsadüfi deyil ki, İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri ölkəmizdə olarkən bu xüsusda bildirib: "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.

Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

Strateji müttəfiqimiz olan Türkiyənin də Qarabağ məsələsinə yanaşması birmənalıdır. Strateji tərəfdaşlıq əlaqələri qurduğumuz Gürcüstan da ölkəmizin mövqeyini tam dəstəkləyir.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olunmasına, inkişafa mühüm töhfə verib. Məhz bu fonda region ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmasının dəyişdiyi müşahidə olunur.

Belə vəziyyətdə Ermənistanın xarici siyasətində ciddi geriləmə müşahidə olunur. Hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir.

Digər tərəfdən, Azərbaycanın yürütdüyü uğurlu təcrid siyasəti Ermənistan üçün artıq ciddi problemdir. Bakı açıq bəyan edir ki, işğal davam etdikcə Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edəcək. Əslində, bu siyasət öz nəticəsini verib, belə ki, düşmən ölkədə kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı. Belə vəziyyət eyni zamanda Ermənistanın yeni rəhbərliyinə bir siqnaldır. Bu ölkəyə başçılıq edən istənilən şəxs bilməlidir ki, Ermənistanda inkişaf, sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq.

Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası Yerevanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

İndi isə məhz münaqişə səbəbindən Ermənistanın tənəzzülü davam edir, bu ölkəyə sərmayə qoyuluşu sıfır səviyyəsindədir. Parlament seçkilərindən sonra qurulan yeni hökumətin bu acınacaqlı vəziyyəti aradan qaldırması da nəticə vermir. Hətta iş o yerə çatıb ki, xaricdə yaşayan erməni əsilli iş adamları belə Ermənistana sərmayə qoymur. Azsaylı xarici şirkətlər də ölkəni tərk edirlər.

Qarabağ münaqişəsi fonunda Ermənistanın üzləşdiyi ən ciddi problemlərdən biri demoqrafiya məsələsidir. Mühacirətin qarşısının alınması isə məhz Qarabağ münaqişəsinin çözümündən, ölkədə siyasi-iqtisadi və sosial vəziyyətdən asılıdır. Belə vəziyyət yalnız Qarabağ konfliktinin həlli fonunda düzələ bilər. Başqa sözlə, Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Ekspertlər hesab edirlər ki, bunun üçün mütləq işğal olunan Dağlıq Qarabağ regionu və ətraf rayonlar qeyd-şərtsiz azad edilməlidir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video