22 Yanvar 2019 01:00
450
SİYASƏT
A- A+

Qərənfil örpəkli zirvə...


Müstəqilliyə aparan yol Şəhidlər xiyabanından keçib



Bəşəriyyətə, insanlığa qarşı qanlı terror


Terror bəşəriyyətə, insanlığa qarşı ən böyük cinayətdir. Bu qəbildən olan 20 Yanvar qırğınını böyük ağrı hissi ilə xatırlasaq da, eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizə əzminin yenilməzliyindən qürur hissi keçiririk. 20 Yanvar hadisələri ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir. Azərbaycanın müstəqilliyini bərpa etməsi şəhidlərin qanının yerdə qalmadığını göstərdi. Ümidsiz qaldığımız o ağır günlərdə imperiyanın paytaxtından eşidilən bir səs qəlblərdə azadlıq eşqini coşdurdu, işıqlı sabahımıza ümidlərimizi artırdı. Bu, ulu öndər Heydər Əliyevin səsi idi. Səhhətindəki problemlərə, ona qarşı təhlükələrə baxmayaraq, xalqının imdadına yetişdi, səsinə səs verdi.

29 il sonra yanvarın 20-də Şəhidlər xiyabanına, qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirmək üçün gələnlərin yenə də sayı-hesabı yox idi. Səhər tezdən Bakının istər sakinləri, istərsə xarici ölkələrin burada fəaliyyət göstərən diplomatik korpusunun təmsilçiləri, istərsə də ölkəmizin hər yerindən paytaxta gəlmiş ziyarətçilər qərənfil libası geyinmiş Şəhidlər xiyabanında qəhrəmanların xatirəsini yad edir, öz vətəndaşlıq borclarını yerinə yetirirdilər.


"Əbədi məşəl”dən od alan könüllər


Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanı keçən illər ərzində hər gün ziyarət olunub, şəhid məzarlarının üzərini al qərənfillər bəzəyib, "Əbədi məşəl” abidəsində Odlar yurdunun rəmzi olan alov şölələnib. Bütün bunlar barədə düşünərkən ümummilli lider Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: "20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Yenə də qucağı körpəli gəlin, ağbirçək şəhid anası, torpaq və yurd itkili atalar, oğullar, nənələr və nəvələr müqəddəs ziyarətgaha aparan yolun yolçuları idi. Aralarında əcnəbilər də az deyildi. Dini, dili, məsləki bir olan türkdilli xalqların təmsilçiləri də müqəddəs ziyarətgaha tələsirdilər. Hər kəsin baxışlarında daha qəm-qüssə yox, mübarizlik, əzmkarlıq ifadələri hiss olunurdu.

O qanlı şənbə gecəsində yaralansalar da, salamat çıxıb Qarabağda və ətraf ərazilərimizi erməni silahlılarından müdafiə edənlər də az deyildi bu sıralarda. Onlardan biri də Müzəffər Əliyev idi. O qanlı şənbə gecəsində və sonrakı günlərdə gördüklərini B.Sərdarov adına Binəqədi Maşınqayırma Zavodunun sex rəisi dilə belə gətirdi: "Yanvar ayının 13-dən 19-na kimi Rəsulzadə qəsəbəsindən Binəqədiyə gedən yoldakı körpünün altında zavodun işçiləri ilə dayanmışdıq. Növbə ilə evə - ailəyə baş çəkirdik. Yanvarın 19-u axşam evə getmək mənim növbəmə düşmüşdü. Gecə o qanlı hadisələr baş verən kimi Bakı-Şamaxı magistralında, Güzdək qəsəbəsinə dönən yoldakı körpünün yanında zavodumuzun işçilərinin atəşə tutulduğunu eşidib ora üz tutduq. Yaralıları Müşfiqabad qəsəbəsinə apardıq. Ayın 21-də saat 3-4 olardı, 1-ci mikrorayonda hərbçilər "Şamaxinka” deyilən ərazidə qabağımızı kəsdilər. Axşamadək, qaranlıq düşənə kimi bizi buraxmadılar. Yanvarın 22-də tezdən Azadlıq meydanına getdim. Şəhidlərimizi Dağüstü parkda dəfn olunmaları üçün oradan yola salırdılar: matəm mitinqi idi. Əflatun Kazımovun cənazəsini Şəhidlər xiyabanına aparanlardan biri oldum. Qayıdanda yenə 1-ci mikrorayonda saqqallı, qəddar, zəhmli baxışları ilə bizi hədələyən hərbçilərin dayanacaqdakı dinc insanları güllələdiklərini gördük. Birtəhər yaxınlıqdakı onaltımərtəbəli yaşayış binasının arxasına qaçdıq. Yolda iki-üç nəfər yaralı var idi. Təcili yardım maşını onlara yaxınlaşmaq istəyəndə güllələr açıldı. Maşındakı yaralını da öldürdülər...”


Sovet imperiyası məhz o gecə çökdü


Həmsöhbət olduğumuz Günay Həşimova ilə Rövşən Mirzəyev ixtisasca diş həkimidirlər. Hər ikisi də 29 il öncə Bakıda törədilən qırğın-qiyamətin canlı şahidləri olub. Günay Həşimova o gecəni acı-acı xatırladı: "Bakı beynəlmiləl şəhərdir. Burada müxtəlif xalqların nümayəndələri birgə, dinc şəraitdə yaşayıblar. Rus millətindən olanlara da hörmətlə yanaşılıb. Onlara qarşı hər hansı bir hərəkət olmayıb. Amma, guya ki, o gecə qoşunu yeridirdilər ki, onların və ermənilərin təhlükəsizliyini təmin etsinlər. Bu, ağ yalan idi. Sadəcə, xalqımızın azadlıq arzularını beşikdəcə boğmaq istəyirdilər. Nərimanov rayonunda yaşayırdıq. Babam Böyük Vətən müharibəsi veteranı idi. Atam da mitinqlərdə olurdu. Babam o gecə vəziyyətin gərginliyini duyurdu, ona görə də həyətə düşməyimizə icazə vermədi. Amma atam getmişdi. Biz binanın birinci mərtəbəsində yaşayırdıq. Pəncərimizin qarşısında 3 tank dayanmışdı. Babam başımızı yuxarı qaldırıb baxmağa belə qoymurdu: "Onlara bəhanə verməyin, uzanın döşəməyə”, - deyib bizi oturtmuşdu aşağı. O gecədən salamat çıxanları dəhşət bürüyürdü: həkimlərimizi də güllələmişdilər. Bu, insanlıq əleyhinə yönəldilmiş bir terror və vəhşilik idi”.

Suraxanı rayonundakı Milli Qəhrəman Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbin sinif müəllimi Solmaz Məmmədrzayeva dərs dediyi şagirdləri ilə hər il olduğu kimi, yenə də Şəhidlər xiyabanını ziyarət edənlərin sırasında idi. O, bu qanlı faciənin ağrı-acısını yaşamaqla yanaşı, xalqımızın həm də qürur hissi keçirdiyini dilə gətirdi: "Təəssüf ki, 29 il öncə, həmin qanlı-qadalı günlərdə xalqımızın oğul və qızları tankların, ağır texnikanın altında xıncım-xıncım oldular. Lakin onlar bununla bir ölməzlik qazandılar - qəhrəmanlıq obrazı yaratdılar. Bu hadisə Azərbaycan xalqının iradəsini və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tariximizin bu səhifəsi bədii əsərlərdə öz əksini tapdıqca o, yaddaşlarda daha dərin izlər buraxdı: tarixləşdi və heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi.

Məktəblilərin də bu qanlı hadisəyə biganə qalmaması təbii idi. 20 Yanvar faciəsi, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz əksini tapıb. Belə rəsm əsərləri bir daha onların vətənpərvər hisslərlə yaşadığını və bu mövzunun onlar üçün müqəddəs olduğunu təsdiqləyir”.

Həmin rayondakı 89 nömrəli tam orta məktəbin ingilis dili müəlliməsi Arzu Kərimova isə həmkarlarının fikirlərinə şərik çıxdı: "20 Yanvar xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Bu, qəhrəmanlıq, mərdlik, hünər və milli məfkurənin yüksəliş tarixidir. O qanlı və dəhşətli gecədən 29 il keçdikdən sonra xalqımızın Şəhidlər xiyabanını mütəşəkkil qaydada ziyarət etməsi də bir daha təsdiqləyir ki, azadlıq aşiqlərinin əziz xatirəsi heç zaman yaddaşlardan silinməyəcək. Budur, 29 ildir ki, xiyabanı ziyarət edirik. İmperiya isə o gecədən çökdü. Axı dövlətimiz məhz bundan sonra öz müstəqilliyini bərpa etdi, xalqımız isə azadlığını həmin gecə qan bahasına qazandı. Şagirdlərimizə şəhidlərimiz haqqında məlumat verir, Vətəni necə sevməli olduqlarını aşılayırıq”.

Nərimanov rayonundakı R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru, Milli Qəhrəman bacısı Tahirə Şükürova dedi ki, atamı da 20 yanvarda itirdik. Hər dəfə xiyabanı ziyarət edəndə eşidirdik ki, bu müqəddəs günə möhkəm bağlıdır. Axı şəhidlərin şərəfinə salınan xiyaban uşaqdan-böyüyə hər birimiz üçün müqəddəs məkandır: "Ona görə də xiyaban nəsillərimizin əbədi ziyarətgahına çevriləcək”.

Həmsöhbətimiz, həmin məktəbin müəllimlərindən biri, şəhid bacısı Sədaqət Məlikova isə həmkarları Sevinc Paşayeva ilə Təranə Abdullayevanın fikirlərini belə ifadə etdi: "20 Yanvar xalqımızın tarixində ən şərəfli səhifələrdən biridir. Əliyalın xalqımız məhz o gün topların, tankların qabağına çıxmaqla öz mərdliyini, cəsarətini, imperiyaya qarşı mübarizliyini bir daha sübut etdi. 20 Yanvar xalqımızın müstəqillik savaşında mühüm əhəmiyyətə mailk bir gündür. Azadlıq aşiqləri o zaman sübut etdilər ki, bizi müstəqillik yolundan heç bir imperiya, hər hansı qara qüvvə döndərə bilməz. Bugünkü müstəqilliyimizə görə ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq”.


...Qəhrəmanlıq, hünər və milli məfkurənin yüksəliş tarixi


Laçın rayonu 32 nömrəli tam orta məktəbin direktor müavini Bəsirə Məmmədli, Ə.Paşayev adına Sabunçu Rayon Mədəniyyət evinin direktoru Kərim Kərimov, eləcə də Sabunçu Rayon MKS-in 12 saylı filialının müdiri Vəsilə Məmmədova Təranə Əhmədovanın, Xatirə Hidayətovanın, Gülnar Rafiqqızının, Malik Balaşovun, Vüqar Əsgərovun, Sevda Məmmədovanın və digərlərinin fikirlərini ümumiləşdirərək bildirdi ki, 20 Yanvar hadisələrinə yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra, daha doğrusu, 1994-cü ildə rəsmi dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi: "Bu cinayəti törədənlərin adları ictimaiyyətə bundan sonra daha geniş və olduğu kimi çatdırıldı. Ulu öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm "Əbədi məşəl” abidə-kompleksi yaradıldı, "20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı gücləndirildi...”

Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan və uzaqdan diqqəti çəkən memorial abidə bu il də uşaqlı-böyüklü hər kəsin baş əydiyi məbədə çevrildi. Buradan müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin inkişaf etmiş paytaxtı, bir çox beynəlxalq tədbirlərə evsahibliyini layiqincə yerinə yetirən, tolerantlıq nümunəsi kimi tanınan Bakı bir az da geniş panoramda görünür...

Şəhidlər xiyabanı "yaşa dolduqca” onun ziyarətçiləri "gəncləşir”. Amma şəhidlərimiz qocalmır, yaşa dolmur. Onların "doğum günü” 20 Yanvardır. Onlar qocalmayacaq, ölməyəcəklər. Axı daşa dönmüş ömür-günlərinin üstünə yaş gəlmir...

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video