22 Yanvar 2019 00:46
427
CƏMİYYƏT
A- A+

Vətən sənə oğul dedi


Nankor qonşularımız ermənilər havadarlarına arxalanıb Qarabağ savaşını başlayanda yüzlərlə tərtərli gənc silaha sarılıb döyüşlərə atıldı. Onlardan biri Elman Hüseynov idi. O zaman Elmanın 40 yaşı tamam olmamışdı. Amma çox uğurlara imza atmış, rayonda böyük hörmət və nüfuz qazanmışdı. 16 yaşında Azərbaycan Politexnik İnstitutunun mühəndislik fakültəsinə daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmişdi. Sonralar Nazirlər Kabneti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdu. Yüksək intellektual səviyyəsi, qeyri-adi təşkilatçılıq bacarığı onu pillə-pillə irəli aparırdı. Tərtər rayonunda komsomol, partiya və sovet orqanlarında yüksək vəzifələrdə çalışarkən fəallığı ilə seçilib.

Qarabağ savaşı başlayanda güllə səsləri Tərtərdə də eşidilir, ovaxtkı hakimiyyətin qətiyyətsizliyi ucbatından böyük vahimə, xaos yaradırdı. Vətənpərvər gənclərdən ibarət idarə olunmayan ayrı-ayrı dəstələrin fəaliyyəti səmərə vermir, itkilərə səbəb olurdu. Ermənilər isə yaranmış vəziyyətdən istifadə edib azərbaycanlılar yaşayan kəndləri odlara qalayır, adamları qətlə yetirirdilər.

Vəziyyətin ciddiliyini nəzərə alan Elman Hüseynov Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edir və 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, iki ay sonra isə Müdafiə Nazirliyinin əmri ilə yaradılan Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunur. Qısa vaxtda Tərtər şəhərinin və ətraf sərhəd kəndlərinin müdafiəsi üçün postlar yaradılır. O, bununla da kifayətlənmir, uğurlu döyüş əməliyyatları hazırlayıb həyata keçirir, düşmənə sarsıdıcı zərbələr vurulmasına nail olurdu. Ağır döyüşlərdə Elman iki dəfə yaralansa da, savaşdan kənarda qalmağı özünə sığışdırmırdı. Ən gərgin saatlarda, ölüm saçan güllələr dolu kimi yağanda da əsgərlərin yanında olur, onları qələbəyə rühlandırırdı.

1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşlərdə. Azərbaycan Ordusunun mayoru Elman Hüseynov həlak oldu. İgid komandirin ölümü əsgərlərin qəlbində düşmənə nifrəti gücləndirdi, intiqam hissini daha da alovlandırdı.

Onun ikiillik döyüş yolu hünərlə doludur. Qədirbilən el-oba Elmanın adını qəhrəman kimi ürəklərinə yazdılar. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1995-ci ilin yanvarında imzaladığı fərmanla ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara, şəxsi şücaətə və misilsiz xidmətlərinə görə Elman Hüseynovu Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördü. Bu şərəfli ad Elman itkisinə qəhərlənən, sarsılan bölgə əhalisinə böyük təsəlli oldu.

O vaxtdan çox şey dəyişib, yeniləşib qədirbilən tərtərlilərin Elmana olan ehtiramı bu illərdə daha da artıb. Onun xatirəsi hər zaman ehtiramla yad edilir. Bu günlərdə anım günü də layiqincə qeyd edildi.

Mərasimdə qəhrəmanın ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Abidəsi önünə tər güllər düzdülər. Rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə Elman Hüseynova həsr olunmuş "İlk komandir” sənədli filmi nümayiş etdirildi. Döyüş yoldaşları igid komandir haqqında xatirələrini danışdılar. Məktəblilər ədəbi-bədii kompozisiyalar göstərdilər.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video