21 Yanvar 2019 22:03
1272
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd etdi. Borge Brende son iyirmi ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.

Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından və Forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verdi, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verdi.

Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video