20 Yanvar 2019 00:58
909
SİYASƏT
A- A+

Fərizələr...


Ya Rəb bəlayi-eşq ilə qıl aşina məni!

Bir dəm bəlayi-eşqdən etmə cüda məni!


"Yəqin ki, məndən əvvəl də, sonra da, bəlkə elə mənimlə eyni gündə başqa Fərizələr də doğulmuşdu. Fərizələr... Onlardan biri də mənəm... Düşünürəm ki, adımın daşıdığı özəl xüsusiyyətlər, həyatımdakı bütün anlara sirayət edib, atdığım bütün addımlarda doğruluğu, fədakarlığı, bəşəri sevgini aşılayıb...”


Bir dastan yazılırdı tarixə...


O gün, əbədiyyətə qovuşurdu...

Zərrələrə çevrilərək qətrə-qətrə xatirələrə, yaddaşlara, qəlblərə hopurdu...

Elə həmin an doğulan körpələr hayqırtıları ilə dünyaya gəlişlərini müjdələyirdilər...

Və beləcə, dünya yeni-yeni qəhrəmanlarına qucaq açırdı...

Və həm də bir dastan yazılırdı tarixə, "İlham və Fərizə”...

Nağıllardan, əfsanələrdən, divan ədəbiyyatımızdan aşinaydıq bu cür eşqlərə...

Onlar bütün bu yazılanları reallığa çevirdilər...

Vətənə bağlılığın, sevgiyə əhdin zirvəsi fəth olundu gözlərimiz önündə...

Canlı şahidlərinə çevrildik bu sevginin...

1990-cı ilin Qanlı Yanvarıydı...


O ölmədi...


Tarixdə hər zaman fəxr edəcəyimiz, qürur duyacağımız qəhrəmanlarımız olub...

Son 29 il isə zaman real qəhrəmanlar qoydu ortaya. Bu qəhrəmanlardan biri də Fərizə oldu, Fərizə Allahverdiyeva...

Xalq eşqinə sadiq bu Azərbaycan qızını ölməyə qoymadı, qan yaddaşına yazdı, adını əbədiyaşar etdi...

Yeni doğulan körpələrini Fərizə adlandırdı gənc analar...

Bir Fərizə haqq dünyasına qovuşdu, ruhundan saçılan qığılcımlar isə minlərlə körpənin qəlbinə şölə saçdı...


"Azərbaycan”ın Fərizəsi...


"Azərbaycan” qəzetinin əməkdaşı Fərizə Əhmədova da, həmin Fərizələrdən biridir və adı ilə bağlı qürurverici həyat hekayəsindən danışır...

Deyir ki, o sevginin əfsanəyə çevrilməsindən iki il sonra, 1992-ci ildə Azərbaycanın dilbər guşələrindən biri, Zəngilanda dünyaya göz açıb: "Adımı bibim qızı qoyub. O vaxt çox gənc idi və bu sevgi dastanından təsirlənərək, məni də Fərizə adlandırmaq istəmişdi. Hələ uşaqlıqdan yadımdadır ki, adımı eşidən hər kəs maraqla qarşılayır, dərhal deyirdilər ki, hə, həmin Fərizə...”


"İstəmirdim adı Fərizə olsun...”


Düzdür, anası əvvəlcə körpəsinin Fərizə adlandırılmasını, qızına bu nakam eşq qurbanının adının verilməsini istəmir, amma...

Anası Rəfiqə xanım: "1990-cı ilin yanvar acısının ürəyimizə vurduğu dağ hələ getməmişdi ki, ermənilər torpaqlarımızı işğal etməyə başladı. Üzümüz heç gülmür, qəm-kədər, hüzn, hər tərəfdən gələn şəhid xəbərləri bağrımızı parçalayırdı. Fərizənin dünyaya gəlməsi də bu keşməkeşin, qan-qadanın yaşandığı bir dövrə düşmüşdü. İstəmirdim ki, onun adı Fərizə qoyulsun, qorxurdum ki, birdən adı ilə yanaşı, taleyi də qızımın bəxtinə yazılar...”

Bibisi qızı Yeganə: "18 yaşım var idi. O zamanki gənclərin hər biri İlham və Fərizə sevgisinin təsirində idi. Biz gənclər də öz sevgimizdə İlham kimi cəsur, Fərizə kimi fədakar olmaq istəyirdik. İstəyirdik biz də onlar kimi olaq, sevgimiz dillərdə dastana çevrilə... Fərizə və İlhamın bu saf sevgisindən çox mütəəssir olaraq yeni doğulan dayım qızına Fərizə adını qoymaq istədim...”

Anası Rəfiqə xanım: "Nə yaxşı ki, o zaman razılaşdım... Fərizəm elə adını daşıdığı o Fərizə kimi, saf, sevgi dolu, qürurlu, ailəcanlı, vəfalı bir övlad oldu mənə... Ən böyük arzumdur ki, Fərizə xoşbəxt olsun, onu ağ duvaqla, vağzalı sədaları altında gəlin yola salım...”


"Öz İlhamımı tapıb, onu itirməkdən qorxuram...”


Uşaq vaxtlarından Fərizənin bu dünyadan nakam getməsi ilə barışmır, hər zaman düşünürdü ki, kaş möcüzə baş verəydi və Fərizə əl saxlayaydı, qıymayaydı özünə: "Amma zamanla başa düşdüm ki, Fərizə bu həyatdan sadəcə, cismani olaraq köçüb, o gedibsə də, yerində vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə sadiq gənclər yetişib”.

Fərizə deyir ki, məktəbdə yeganə Fərizə adlı qız o olub: "Fərizə deyən kimi hamı tanıyırdı. İndi "Azərbaycan” qəzetinin redaksiyasında da, tək Fərizə mənəm və kimə desən, tanıyacaq...”

Fərizə sözünün mənası "mübariz, dözümlü” deməkdir. Fərizə Əhmədova da, iradəli, qarşısına qoyduğu məqsədlərə çatmaq uğrunda heç bir çətinlikdən qaçmayan, ən əsası da humanist bir xanımdır... O, qardaşı olmadığından ailəsinə oğul dəstəyi, dostluqda vəfalı, istiqanlı bir xanımdır...

Heç bir çətinlik onu çəkindirə bilməz, bu həyatda isə onun bircə narahatlığı var: "Öz İlhamımı tapıb, onu itirməkdən qorxuram...”


Yaşamağa dəyər şeylər üçün ölməyə dəyər...


Deyirlər, bu həyatda yaşamağa dəyər şeylər üçün, ölməyə dəyər... Bunlardan biri vətəndir, biri sevgi. Elə Fərizəylə İlham da bu iki müqəddəs amal uğrunda canlarından keçdilər...

Bu gün Şəhidlər xiyabanının ön səfində qoşa məzar uyuyur, İlham və Fərizənin məzarı...

Bu gün Fərizəylə İlhamın bəy-gəlin paltarlı gülümsəyən fotolarının vurulmuş olduğu başdaşı, onları ziyarətə gələn, məzarına qərənfillər düzən bütün gənclərin and yeri, eşq səcdəgahıdır...

Və elə bu uğurda ölməyə də dəyər, yaşamağa da...


Canını cananə verməkdir kəmalı aşiqin,

Verməyən can etiraf etmək gərək nöqsaninə...


Yasəmən MUSAYEVA,

Ağaəli Məmmədov (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video