20 Yanvar 2019 00:21
925
Mədəniyyət
A- A+

Əzmkarlıq, qürur və iftixar gününün kitab ömrü


Azərbaycan tarixinin qanlı 20 Yanvar səhifəsi ilə bağlı çoxsaylı nəşrlər var


Tariximizin şanlı səhifələri arasında "20 Yanvar”ın xüsusi əhəmiyyəti dövlət müstəqilliyinin bərpasından ötən müddət ərzində özünün təsdiqini tapdı. O qanlı, müdhiş gecə yaddaşlara qara hərflərlə yazılsa da, milli azadlıq tariximizin şərəfini uca tutan xalqımız eyni zamanda qürur duydu. Çünki əzmkarlıq, qətiyyət, milli həmrəylik məhz o dəhşətli günlərdə özünün zirvəsinə yüksəldi.

Meydandan ucalan "Azadlıq!” hayqırtısı 70 illik ömrü olan imperiyanı diz çökdürdü! Məhz buna görə - xalqın haqq səsini batırmaq, azadlıq arzusunu gözündə qoymaq, əzmək, qorxutmaq, meydanlardan uzaqlaşdırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri Bakıya yeridildi. Həmin gecə xalqımıza qarşı xüsusi qəddarlıqla hazırlanmış qəsd planı icra olundu. Bakının küçələrində görünməmiş, yaşanmamış qanlı faciə törədildi. Uşaqlar, qocalar, həmçinin təcili yardım maşınlarında olan həkimlər gülləyə tutuldu.

Düşmənin məkrli niyyəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq, insanlara mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin düşmən millətimizin gözünü qorxuda bilmədi: xalqın zülmə qarşı əzmkarlığını sarsıtmaq mümkün olmadı. "20 Yanvar” faciəsi - qanlı tarix xalqın yaddaşında dərin iz saldı. Şəhidlərimiz hər il sükutla anıldı. Vətənin azadlığı uğrunda qurban gedən insanların əziz xatirəsi böyük ehtiramla yad edildi. Azərbaycan tarixinin bu qanlı səhifəsi ilə bağlı xeyli sayda kitablar da yazıldı...

Bu il də ölkəmizin hər guşəsində fəaliyyət göstərən kitabxanalarda və sərgi salonlarında 20 Yanvar haqqında yazılmış əsərlərin sərgisi açılıb. Burada o dəhşətli günlərdən söz açan "Şəhidlər”, "20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər”, "Qarabağ ruzigarları”, "Qara Yanvar şəhidləri”, "Şəhidlər dastanı”, "Dünyamızın 20 Yanvar faciəsi”, "Qara Yanvar dialoqu”, "Qanlı Yanvar”, "Vətən çağırır” və digər kitablar nümayiş olunur.


Əli silahsızlar, özü günahsızlar


20 Yanvar şəhidlərinin hələ 40 mərasiminədək yazıçı-jurnalist Rafiq Səməndərin ev-ev, el-el, əl-əl gəzən, hər səhifəsində bir qara dastan yazılmış "Şəhidlər”i bu mövzuda qələmə alınan kitabların qaranquşu, yeni bir janrın özülü sayıldı. Bu kitab, əslində, şəhid analarının göz yaşı, bacı-qardaşların düşmənə nifrəti ilə qələmə alınmışdı. "Gənclik” nəşriyyatında buraxılan kitabın "Ön söz”ündə xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: "...Bu kitab hər şəhidin ölümünə deyilən ağılardan ibarətdir. Bunlar adi yazılar deyil, bədii sözlə bir qədər əfsanələşdirilmiş, qeyri-adiləşdirilmiş nəğmələrdir. Çünki bu yazıların qəhrəmanları özləri adi olduğu qədər ölümləri də qeyri-adi, ağlasığmazdır. Axı, heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar özünü dost, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin...”

Şəhidlərimiz haqqında yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Qoy onlar sadəlövh olmasınlar, xeyiri şərdən, qaranı ağdan, dostu düşməndən ayıra bilsinlər. Bilsinlər ki, yaşadıqları qarmaqarışıq diplomatiya, hiylə zəmanəsində hər gün, hər saat ayıq və kəsərli olmasalar, hadisələrin axırını əvvəldən görə bilməsələr, onların da başına müsibətlər açılar, tarix səhnəsindən silinə bilərlər.

O qanlı hadisədən ötən müddət ərzində qələmə alınan çoxsaylı nəşrlərin sırası genişlənsə də, bəziləri təbliğat nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyır ki, belələrindən biri də Mədəniyyət Nazirliyinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-Metodika şöbəsinin tərtib etdiyi "Tarixin qan yaddaşı”dır. Bu elmi-metodiki vəsaitdə, əslində, kitabxanaçı-təbliğatçılarla yanaşı, daha geniş oxucu auditoriyasına 20 Yanvarla bağlı əsaslı mənbələrə istinad olunan faktlar təqdim edilir.


"20 Yanvar: güllələnmiş qəzet”in kitablaşan ömrü


Vəsaitin birinci bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin 20 Yanvarla bağlı fikirlərindən seçmə ilə başlayır: "Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqı ən böyük sərvətdir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Əlbəttə, bu mövzuya həsr edilən nəşrlər, təbii ki, yalnız yuxarıda nümunə göstərilənlər deyil. Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər” poeması, Şakir Yaqubovun "Mən şahidəm ki...” , "Qara yanvar: əvvəl və sonra”, Sabir Yanardağın "Yanvar qırğınının intiqamı”, Vahid Məhərrəmovun "Qanlı gecə, qanlı tarix”i, Müşfiq Əmirovla Mədəd Coşğunun tərtibatı ilə işıq üzü görmüş "20 Yanvar faciəsi və rabitəçilər” toplusu, Aydın Balayevin "20 Yanvar hadisələri: sənədlər, mövqelər, şərhlər”, Qüdrət Əbdülsəlimzadənin "Nikbin faciə: Qanlı Yanvar düşüncələri”, Aliyə Ədalətin "Şəhid ömrü yaşayanlar”, Qulu Kəngərlinin "Qanlı şənbəyə gedən yol: 1990-cı il yanvar ayının xronikası”, "O günlərin radio səsləri, şahidli, şəhidli gecə”, "Qara Yanvar şəhidləri”, Məzahir Süleymanzadənin "20 yanvar: güllələnmiş qəzet”i, Azərbaycan Milli Kitabxanası tərəfindən buraxılan "Şəhidlər: biblioqrafiya”, Niftalı Şıxların "Dünyamızın 20 Yanvar faciəsi”, Şövkət Xanməmmədovanın "20-dən 20-yə” povesti, Xəliyəddin Xəlilin "Azərbaycan xalqını dünyaya yenidən millət kimi təqdim edən 20 Yanvar” və digər bir-birindən dəyərli kitablar anadilli oxuculara yalnız həmin günlərin müsibətlərinin acı göz yaşlarını yaşatmadı, həm də şəhidliyin müqəddəsliyini anlatmış oldu. Bunlarla yanaşı, 20 Yanvarın əsl həqiqətləri rus və ingilis dilli oxuculara da təqdim edildi.

Tofiq Qəhrəmanovun "Cəlladımız zalım idi” ağı-salnaməsini o günlərin qanlı xronikası da adlandırmaq olar: "Ulu Zərdüştün hikmətlərinin birində deyilir: "Ey həqiqət, o vaxt ki, sən mənim ürəyimdəsən, demək, xalqımın içindəsən”.

Kitabın "Hərbi təcavüzkarlıq aktı” bölməsinin isə "20 Yanvar”ın tələbə, şəhid-şair Ülvi Bünyadzadənin andı ilə açılması təsadüfi deyil: "...Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim...”

Məhz belə andların müəlliflərinin xalqı əliyalın halda Bakının küçələrinə axışıb, izdihamlı mitinqlər keçirirdi. Hamı sovet ordusunun paytaxta girməsinin əleyhinə idi. Nəinki 1990-cı ilin yanvarında, əslində iki il idi ki, xalq ayaqüstə öz haqqını və azadlığını tələb edirdi...


Qədirbilənlik və Qələbə əzmi...


Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə böyük qayğı ilə yanaşıb. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.

...Heydər Əliyev Fondunun vitse-prezidenti, "Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı”nın sədri Leyla Əliyevanın xalqımızın tarixinə, önəmli hadisələrinə həssas münasibəti də xüsusi qeyd olunmalıdır. Xatırladaq ki, 20 Yanvar dəhşətlərindən iki il sonra daşnakların Xocalıda amansızlıqla törətdiyi faciənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması Leyla Əliyevanın təşəbbüsü ilə geniş kampaniyaya çevrildi. Elan edilən "Xocalıya ədalət” kampaniyası çərçiəsində reallaşdırılan tədbirlər hər yerdə böyük əks-səda doğurdu.

Qədirbilən və vətənsevər xalqımız 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla anır. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək, Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtətəfli uğurları, dünyada gündən-günə artan nüfuzu, dövlət başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün istiqamətlərdə ölkəmizin inkişafı naminə atdığı qətiyyətli addımlar da zəmanət verir...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video