19 Yanvar 2019 22:27
414
SİYASƏT
A- A+

İranda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib


Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır. Xalqımıza qarşı törədilmiş bu qanlı faciənin İran ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Azərbaycanın İrandakı səfirliyi bir sıra tədbirlər həyata keçirib.

AZƏRTAC xəbər verir ki, səfirlikdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Bünyad Hüseynov 1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən hadisələrin siyasi mahiyyəti haqqında məlumat verib.

Səfirlik tərəfindən Azərbaycan, fars və ingilis dillərində hazırlanmış "20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı” press-reliz və bu faciəni əks etdirən fotoşəkillər İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların Tehrandakı təmsilçilərinə, eləcə də yerli kütləvi informasiya vasitələrinə göndərilib.

Bunlarla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin və Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanatları İranın kütləvi informasiya vasitələrinə, İnsan Hüquqları Şurasına və diplomatik nümayəndəliklərə təqdim edilib. Müasir dünyada informasiyanın yayılmasında internetin və sosial şəbəkələrin əvəzedilməz rolunu nəzərə alan səfirlik özünün internet resurslarında fars, ingilis və Azərbaycan dillərində faciə haqqında geniş məlumat və fotolar yerləşdirib.

Səfirliyin saytında, "Twitter” səhifəsində və "Telegram” kanalında 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış ətraflı məlumat, press-reliz və fotolar dərc olunub. Səfirliyin təşəbbüsü ilə "AVA Diplomatic” analitik informasiya portalında 20 Yanvar hadisələrini əks etdirən press-reliz və fotomaterial yerləşdirilib.

Eləcə də İranda dərc olunan "Asiya” qəzetində və "Asiya news” informasiya portalında "20 Yanvar azadlıq uğrunda mübarizənin rəmzidir” sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd olunub ki, yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet ordu birləşmələri küçələrə çıxıb haqsızlıq və ədalətsizliyə qarşı etirazlarını bildirən dinc əhaliyə atəş açıb. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilib, 25-i qadın, 20-si uşaq olan 700-dən artıq vətəndaş yaralanıb. Bu hadisələrdə, ümumilikdə, 147 nəfər mülki insan qətlə yetirilib.

Bildirilir ki, Qanlı Yanvar hadisəsinə ilk hüquqi-siyasi qiymət verən ümummilli lider Heydər Əliyev oldu. O faciənin səhəri günü özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi. Xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi. Xarici ölkələrin mətbuat nümayəndələri qarşısında təqsirkarların cəzalandırılması tələbi ilə bəyanat verdi və Azərbaycan xalqının kədərini bölüşdü. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Milli Məclisin sessiyasında Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi. Faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi və Ulu Öndərin quruculuq siyasəti ilə şəhidlərimizin canlarını qurban verdikləri azadlıq və müstəqillik ideyaları reallığa çevrildi.

20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş "Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar Şəhidi” fəxri adı verildi.

Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini Azərbaycan Respublikasının suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi hər il qeyd edir. Xalq öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video