19 Yanvar 2019 01:31
851
İDMAN
A- A+

Bitməyən həyəcan dalğası


Bakı 4-cü dəfə planetin ən möhtəşəm yarışını qəbul etməyə hazırlaşır


Bakı növbəti dəfə "Formula-1” yarışlarına evsahibliyi etməyə hazırlaşır. Aprelin 26-28-də sayca 4-cü dəfə paytaxtımızda təşkil ediləcək yarışda sürətsevərlər planetin ən güclü pilotlarının əzmkar mübarizəsinin şahidi olacaqlar.

Yarışların keçirildiyi şəhər treki Bakı Şəhər Halqası (BŞH) adlanır və uzunluğuna görə dünyada ikincidir. Yarış 20 müxtəlif çətinlikli döngəsi və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.

Bakı trekini əhatə edən tribunaların quraşdırılmasına, asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işlərinə start verilib. Görülən işlərlə tanış olmaq üçün ünvanlardan birinə - Hökumət Evinin qarşısına yollandıq.


Təmir-bərpa işlərinə start verilib


Müşahidələrimiz zamanı işlərin sürətlə davam etdirildiyinin şahidi olduq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən bildirildi ki, "Formula-1” yarışlarının keçirilməsi üçün Pit binasının tikintisinə artıq dekabrın 20-dən start verilib. Binanın aprelin əvvəlinədək istifadəyə verilməsi planlaşdırılır. Fevralın ilk günlərindən etibarən isə trekin ətrafına beton baryerlərin qoyulmasına başlanacaq. Üç həftə davam edəcək prosesdən sonra baryerlərin üzərinə polad şəbəkələr quraşdırılacaq.

Qeyd edək ki, trekin memarı almaniyalı Herman Tilkedir. Trekin ən enli hissəsi 13 metr, ən ensiz hissəsi isə 7,6 metrdir (Qoşa qala divarlarının yanı). Start xətti Azadlıq meydanında, finiş xətti isə Abşeron tribunasının qarşısında təyin olunan trekboyu döngələrin sayı 20-dir. Yarış məsafəsi 306,049 km / 190,170 mil təşkil edir.

Martın əvvəllərindən etibarən tribunaların quraşdırılmasına start veriləcək. Trek ətrafındakı tribunaların sayının 9 olması nəzərdə tutulub. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır.

Əlavə edək ki, builki tikinti prosesi əvvəlki ildə aparılan tikinti prosesindən fərqlənməyəcək. Yəni, Pit binasında, trekin özündə və asfalt qatında hər hansı bir yenilik olmayacaq.


Biletlər artıq satışdadır


"Formula-1” Azərbaycan Qran-prisi üçün biletlər artıq satışa çıxarılıb. Bakı Şəhər Halqasının ( BŞH) icraçı direktoru Arif Rəhimov biletlərin satışındakı endirimlərdən söz açaraq bildirdi ki, BŞH azarkeşlərə 4 günlük biletlərdə 20 faizlik endirim təklif edib: "Bundan əvvəlki illərdə olduğu kimi, ötən ildə də Bakı "Formula-1”in ən möhtəşəm yarışına evsahibliyi edərək gözlənilməz yarışların ünvanı olduğunu daha da qüvvətləndirdi. "Formula-1”in bu ilki Azərbaycan Qran-prisində də gözlənilməyənləri gözləməyə davam edirik”.

Nəzərinizə çatdıraq ki, dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin aprelin 25-də keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər "F1” komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırlaşdıqlarının şahidi olmaq imkanını əldə ediblər.

BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2 və 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edib.


Bakı yarışının yaşatdığı zövq


Ötən il Bakıda baş tutan "Formula-1” Azərbaycan Qran-prisi öz möhtəşəmliyi ilə yaddaşlara həkk olundu. Keçən ilki "Formula-1” yarışı İngiltərənin məşhur "The Times” və "The Guardian” nəşrləri kimi dünyanın aparıcı KİV-i tərəfindən "2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb. Yarışların təşkilatçısı "Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən yuxarı olmaqla, Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90 faiz), Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksikadır (79 faiz).


500 milyondan çox tamaşaçısı olan yarış


Xatırladaq ki, "Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplayanlardan biridir. 500 milyondan çox tamaşaçı auditoriyası olan "Formula-1” açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilən yarışın adı ingiliscə "FIA Formula One World Championship” sözlərindən götürülüb.

Rəsmi qəbul edilməsə də, bir çox hallarda "Formula-1” sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar. Hər il keçirilən "Formula-1” yarışları ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.

Fərizə ƏHMƏDOVA,

Ağaəli MƏMMƏDOV ( foto) ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video