18 Yanvar 2019 01:01
1377
SİYASƏT
A- A+

İnkişaf, sabitlik və davamlı islahatlar ölkəsi


Nailiyyətlərin təməlində dayanan əsas səbəb sarsılmaz xalq-iqtidar birliyidir


Çağdaş dünyamızın mənzərəsi olduqca fərqlidir. Bu fərqlilik içərisində daha çox diqqəti cəlb edən odur ki, ayrı-ayrı yerlərdə mövcud olan hərbi-siyasi ziddiyyətlər azalmaq əvəzinə daha da güclənir. Söndürülən bir müharibə ocağının yerinə başqası alovlanır. Hərbi-siyasi, milli-etnik və dini toqquşmalar, ayrı-ayrı qütblərdə dayanan dövlətlərin intensivləşən siyasi çəkişmələri bitmək bilmir. Hər ötən gün geosiyasi mübarizənin, ölkələrin bir-birinin işinə kobudcasına qarışmasının və hərbi ritorikanın yüksəlməsi ilə yadda qalır.


Azərbaycan öz yolu ilə uğurla irəliləyir


Geridə qalan 2018-ci il bu baxımdan hər dövlətin tarixində fərqli iz qoydu. Bəzisi qanlı toqquşmaların, vətəndaş müharibələrinin, hərbi müdaxilələrin ağrı-acısını yaşadı, bəzisi isə siyasi-iqtisadi böhranlardan əziyyət çəkdi. Bir qisim dövlət isə sabitlik və əmin-amanlıq içərisində öz yolu ilə addımladı. Görünən odur ki, sabitlik inkişaf, hərbi-siyasi dartışmalar xalqlara və ölkələrə bəlalar, faciələr gətirir.

Azərbaycandakı vəziyyətə isə dünyanın bir çox ölkələri sadəcə, həsəd apara bilər. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev nitqinə elə bu mövzu ilə başlayaraq Azərbaycanı inkişaf, tərəqqi və sabitlik ölkəsi adlandırdı: "2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir”.

İnkişaf yolunda möhtəşəm nailiyyətlərə imza atmaqla irəliləyən Azərbaycan qısa zaman kəsiyində böyük uğurlar əldə edib, sosial-iqtisadi göstəricilərinə görə dünya miqyasında liderlər mövqeyinə yüksəlib. Bunun nəticəsində həm də yerləşdiyi regionun iqtisadi və siyasi cəhətdən aparıcı dövlətinə çevrilən respublikamız dünya birliyinə fəal inteqrasiya istiqamətində də mühüm addımlar atıb və beynəlxalq hüququn tam müstəqil, cəsarətli mövqeyi ilə seçilən, siyasi kursu nəzərə alınan subyektinə çevrilib.

2018-ci ildə Azərbaycanın uğurları kifayət qədər çox oldu. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitliyini saxlamaqla və inkişafını təmin etməklə, iqtisadiyyatını müsbət artım dinamikasına kökləməklə və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq oldu. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 2018-ci ildə "Cənub qaz dəhlizi” və onun seqmentlərindən olan Transanadolu təbii qaz boru kəməri (TANAP) işə salındı. Bundan bir neçə gün əvvəl isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi istifadəyə verildi. İl ərzində Türkiyənin İzmir şəhərində Azərbaycanın sərmayəsi ilə inşa olunan "Star” Neft Emalı Zavodu açıldı, ölkəmizin üçüncü peyki olan "Azerspace 2” orbitə çıxarıldı.


Dövlətin və xalqın maraqlarına xidmət edən siyasət


Bütün bu uğurların kökündə dayanan əsas səbəblər Azərbaycandakı ictimai siyasi-sabitlik və xalq-iqtidar birliyidir. Sabitlik və hakimiyyətlə xalq arasında birlik olmasa inkişafdan söhbət gedə bilməz. Lakin bizi bu günlərə gətirən yollar heç də həmişə hamar olmayıb. Ən azından, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başıpozuq fəaliyyətlərinin nəticəsində Azərbaycanda təhlükəsizliyə təhdidlərin baş alıb getməsi çoxumuzun yaddaşında dərin iz buraxıb. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edilib, ictimai-siyasi sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirilib. Məhz o illərdə hakimiyyətdə olan iqtidarların yarıtmaz fəaliyyətləri göstərdi ki, sabitlik və xalq-iqtidar birliyi olmayan yerdə dövlət yalnız uçuruma gedər.

Beləliklə, Azərbaycanın bütün nailiyyətləri və bütövlükdə ölkəmizin hazırkı reallıqları ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunun nə dərəcədə mükəmməl xarakter daşıdığını təsdiq edir. Həm də bir daha aydın olur ki, bu siyasət yeni çalarlarla daha da zənginləşdirilərək dövrün tələblərinə uyğun formada Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Ən əsası isə odur ki, bu siyasət xalqın maraqları üzərində qurulduğu üçün Azərbaycanda güclü xalq-iqtidar birliyi var.

Azərbaycanda törədilən bəzi hadisələrin qarşısının alınması da hər dəfə ölkəmizdəki xalq-iqtidar birliyinin sarsılmazlığının sübutu olub. Ötən il Gəncədə baş verən hadisə zamanı xalq-iqtidar birliyinin təntənəsi bir daha yaşandı. Gəncə hadisələri ölkəmizin sabitliyinə, inkişafına qarşı yönələn məkrli planın tərkib hissəsi idi. Bu planı hazırlayanların hədəfində Azərbaycanın dövlətçiliyi və müstəqilliyi dayanırdı. Lakin bir daha təsdiq olundu ki, xalq-iqtidar birliyinin qarşısında bütün çirkin planlar iflasa məhkumdur. Antiazərbaycançı dairələr bir daha gördülər ki Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib.

Ötən ilin aprel ayında keçirilən prezident seçkilərində də hər kəs bu reallığın - xalq-iqtidar birliyinin şahidi oldu. "Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz qabağındadır” - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu barədə deyib.

Bugünün reallıqları ondan ibarətdir ki, Azərbaycan yerləşdiyi bölgənin ən sabit və ən dinamik inkişaf edən ölkəsidir. Başqa bir həqiqət odur ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir. Bəli, ölkə əhalisi mövcud siyasi kursu dəstəkləyir və bu da vətəndaş həmrəyliyinin təmin olunmasında əsas şərtlərdən biridir. Bütün bunlar isə zəncirvari şəkildə bir-birini tamamlayaraq bütövlükdə Azərbaycanın güclənməsinə, inkişafına və müstəqilliyimizin möhkəmlənməsinə, siyasi-ictimai sabitliyə layiqli töhfələr verir.


Məqsəd idarəetmədə keyfiyyəti, çevikliyi və səmərəliliyi artırmaqdır


Nazirlər Kabinetinin iclasında diqqəti çəkən başqa bir məsələ Prezident İlham Əliyevin struktur islahatlarının gözlənilməsi barədə fikirləri oldu. "Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü” -deyən dövlət başçısı idarəetmə və kadr islahatının aparılmasının, həmçinin rəhbər şəxslərin maksimum səmərə ilə işləməli olmalarının vacibliyini bildirdi.

Ölkədə struktur islahatlarının aparılması, idarəetmədə səmərəliliyin və operativliyin təmin olunması daim diqqət mərkəzində olub. Çünki Azərbaycan sürətlə inkişaf edən dövlətdir. Dinamik inkişafı və cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsi isə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, daha çevik idarətetmə metodlarının tətbiqini zəruri edir. Təbii ki, resurslardan səmərəli istifadə olunması, büdcə vəsaitlərinə qənaət də bu zaman nəzərə alınır.

İndiyədək sürətli inkişaf dövrünün tələblərinə uyğun olaraq ölkədə bu istiqamətdə mühüm addımlar atılıb. Nazirlər Kabinetinin iclasından sonra Prezident İlham Əliyev struktur islahatarı barədə müvafiq fərmanlar imzalayıb. Fərmanlara əsasən, dövlət qurumlarının bəziləri ləğv edilib, bəzilərinin əsasında yeni qurumlar yaradılıb. Məqsəd isə idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Bir sözlə, islahatların əsas qayəsini dövlət aparatının optimallaşması, daha məqsədyönlü fəaliyyət göstərən idarəetmə strukturunun formalaşdırılmasıdır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video