18 Yanvar 2019 00:59
630
SİYASƏT
A- A+

Əsas məqsəd Azərbaycan vətəndaşının sosial rifahını təmin etməkdir


Prezidentin müəyyən etdiyi bu siyasət dəyişməz olaraq qalır


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin sosial-iqtisadi nəticələri yüksək qiymətləndirilmiş, cari ilin gözləntiləri açıqlanmışdır. Ölkədə həyata keçirilən sosial siyasətə xüsusi yer ayıraraq görülən işləri təqdir edən dövlət başçısı 2019-cu ildə də bu siyasətin davam etdiriləcəyini bildirmişdir.

Ölkə rəhbəri vurğulamışdır ki, həyata keçirilən iqtisadi və sosial siyasətin məqsədi Azərbaycan vətəndaşının rifahına xidmət etməkdir. Bu siyasət cəmiyyətin bütün təbəqələrini əhatə etsə də, sözügedən istiqamətdə tədbirlər müəyyənləşdirilərkən sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlara üstünlük verilir. Prezident məhz bu təbəqəyə qayğı göstərməyin dövlətin əsas məqsədi olduğunu bildirmişdir: "Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı, 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq. Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib... Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Bunu edirik və edəcəyik. Bu proses davam edəcək, bütün şəhid ailələrinin nümayəndələri evlə təmin olunacaqlar”.

Amma bu kateqoriyadan olan insanlara göstərilən qayğı təzə mənzillər verilməklə bitmir. Dövlət tərəfindən şəhid ailələrinin vərəsələrinə 11 min manat vəsaitin verilməsi prosesinə də başlanılıb. Bu günə qədər həmin siyahıda 10 minə yaxın vərəsə qeydə alınıb və yaxın zamanda onların hər birinə vəsaitin ödənilməsi təmin ediləcək. Şəffaflıq və sosial ədalətə söykənən bu addımın atılmasında məqsəd hər bir şəhid ailəsinin vərəsəsinin dövlətin humanist addımından bəhrələnməsini təmin etməkdir.

Vətənin müdafiəsində dayanan hərbçilərin də sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Keçən il 400-ə yaxın hərbçinin mənzillə təmin edilməsi və bu prosesin cari ildə də davam etdiriləcəyinin nəzərdə tutulması dövlətin əsgərinin yanında daim olmasını təsdiqləyir.

Lakin bu da həqiqətdir ki, dövlətin ən çox vəsait xərclədiyi sosial təbəqələrdən biri də qaçqın və məcburi köçkünlərdir. İndiyədək 300 min qaçqın və məcbur köçkün ailəsinin evlə təmin olunması adi fakt deyil. Təkcə ötən il 5800 köçkün ailəsinə mənzil verilib. Cari ildə də bu proses davam edəcək. İlkin hesablamalara görə, bu il 5 min köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Lakin bu, son hədd deyil. Ola bilsin ki, ehtiyacı olan daha çox məcburi köçkün mənzillərlə təmin edilsin.

Azərbaycanda keçən il ölkə üzrə 140-dan çox məktəb tikilib. Cari ildə 100-dən çox məktəbin tikilməsi nəzərdə tutulur. Bununla yanaşı, qəzalı vəziyyətdə olan məktəblər də əsaslı şəkildə təmir edilir. Ötən il bir çox yerlərdə yeni xəstəxanalar açılıb. Cari ildə isə 10-a yaxın rayon mərkəzi xəstəxanasının açılışı gözlənilir.

Sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində də çox iş görülüb. Belə ki, yola saldığımız 2018-ci ildə 2 min kilometr avtomobil yolu salınıb. Ümumiyyətlə, 2004-cü ildən indiyədək 15 min kilometr avtomobil yolu çəkilib. Təkcə keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılaraq 2,2 milyon insanın gediş-gəlişi asanlaşdırılıb. Cari ildə də bu istiqamətdə görülən işlər davam edəcək. Belə ki, bu il ən azı, 1000 kilometr yeni yolun salınması nəzərdə tutulur. Bununla yanaşı, beynəlxalq əhəmiyyətli və magistral yolların tikintisi də unudulmur. 2018-ci ildə Astara-İran yolu çəkilib. Həmin yol əvvəlkindən 40 kilometr qısadır. Magistral yol yaşayış məntəqələrinin kənarı ilə çəkildiyindən həm tıxacların qarşısı alınır, həm də vətəndaşların təhlükəsizliyi təmin edilir. Plana görə cari ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək. Bunun da sayəsində yük maşınları Astara şəhərinə girmədən İran sərhədinədək rahat hərəkət edə biləcək.

Əhalinin keyfiyyətli içməli su ilə təminatı sahəsində də tədbirlər həyata keçirilib. 38 şəhərin içməli su məsələsi tam şəkildə öz həllini tapıb. Hazırda 12 şəhərdə bu istiqamətdə işlər aparılır və yaxın gələcəkdə həmin şəhərlər də keyfiyyətli içməli su ilə təmin ediləcək.

İqtisadiyyatın inkişafı, xüsusilə qeyri-neft sektoru sahəsində qazanılan uğurlar əhalinin məşğulluq probleminin həllində xüsusi rol oynayır. Bunun nəticəsidir ki, keçən il 118 min daimi iş yeri açılıb. Təkcə xalçaçılığın inkişafı 5 minə yaxın insanın işlə təmin edilməsinə imkan yaradıb, özü də yüksək maaşla. Ötən il əhalinin gəlirlərinin 9,2 faiz artmasının bir səbəbi də məhz budur. Bu artımın 2,3 faizlik inflyasiya fonunda baş verməsi isə ölkədə sosial-iqtisadi siyasətin, Prezidentin dəfələrlə dediyi kimi, Azərbaycan vətəndaşının rifahına xidmət etdiyini göstərir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video