18 Yanvar 2019 00:31
653
SİYASƏT
A- A+

Mədəniyyət ocaqlarında 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilir


20 Yanvar Azərbaycanın müasir tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsidir. O vaxtdan 29 il ötür. Hər il olduğu kimi, bu il də Bakıda, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda, elm və təhsil ocaqlarında bununla bağlı silsilə tədbirlər keçirilir.

Yanvarın 17-də Xətai Sənət Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Azadlıq aşiqləri” rəsm müsabiqəsinə yekun vurulmuş, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində "20 Yanvarı unutmadıq” mövzusunda sərgi açılmış, "dəyirmi masa” keçirilmişdir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "20 Yanvar ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi olmuşdur. Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində birinci dərs 20 Yanvar faciəsinə həsr edilmiş, ədəbi-bədii kompozisiya göstərilmiş, respublika Gözdən Əlillər Kitabxanasında anım tədbiri keçirilmişdir.

Hüznlü günlə əlaqədar ölkəmizin bölgələri də daxil olmaqla teatr, kino və konsert müəssisələrində, təhsil ocaqlarında, kitabxana və sərgi salonlarında tamaşalar, musiqi gecələri, sərgilər və s. tədbirlər təşkil olunub. Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, xalq artisti F.Əlizadənin Qanlı Yanvara həsr olunan "İntizar” operası, yanvarın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq H.Mirələmovun "Xəcalət” tamaşası, xalq yazıçısı, İ.Əfəndiyevin "Hökmdar və qızı” əsəri əsasında hazırlanan "Qarabağnamə” tamaşası göstəriləcəkdir.

Dövlət Yuğ Teatrının kollektivi G.Dumbadzenin "Məhşər günü” tamaşasını, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yazıçı-dramaturq T.Vəliyevanın "Mənim ağ göyərçinim” və D.Mustafayevin "Əlincə qalası” əsərlərini səhnəyə qoyacaqlar. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Anım gecəsində xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın "Rekviyem” əsəri səslənəcək.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəsm sərgisi və ədəbi-bədii kompozisiya təşkil ediləcək. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və filiallarında 20 Yanvar faciəsinin ildönümü münasibətilə "Tarix unutmayır qəhrəmanları”, "Həqiqət uğrunda ölümləriylə ölümü kamına çəkdi şəhidlər”, "And yerimiz - Şəhidlər xiyabanı”, "Azadlığa gedən yolun zirvəsi” və s. mövzularda anım tədbirləri keçiriləcək, sərgilər açılacaq və təqdimatlar olacaqdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olan vətən övladlarının ailə üzvləri ilə görüş keçiriləcək. Yanvarın 21-də Nizami Kino Mərkəzində rejissor Nizami Abbasın "Salnaməfilm” studiyasında çəkdiyi "Unutma” sənədli filminin təqdimatı olacaq.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtın mədəniyyət müəssisələrində, regional mədəniyyət idarələri tərəfindən isə respublikamızın bölgələrində faciənin ildönümü ilə bağlı çoxsaylı tədbirlər davam edir.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video