18 Yanvar 2019 00:30
605
SİYASƏT
A- A+

Mübarizlik simvolu


Hər heykəl bir tarixdir. Ancaq elə heykəltəraşlıq nümunələri var ki, tarixin yalnız bir üzünü, bir səhifəsini əks etdirmir. Həmin əsərlərə baxdıqca çox ağrı-acı, dərd, faciə xatırlanır. Bakı şəhərində 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "20 Yanvar abidə kompleksi” də Azərbaycan xalqının başına gətirilən neçə-neçə dəhşətli hadisəni yada salır.

Çünki o gecə Azərbaycan xalqı bir günün, bir gecənin faciəsini yaşamadı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə iki əsrdir bölünən, parçalanan, müstəmləkə zənciri ilə buxovlanan bir xalqın azadlıq harayını susdurmağa gəlmişdilər. Sovet hakimiyyəti yetmiş il sonra yenə qanlı əlini Azərbaycana uzatmışdı. O gecə sovet ordusunun hissələri azadlıq arzusunu boğmaq üçün Azərbaycan xalqına divan tuturdu.


Azadlıq uğrunda qurban gedənlər...


Vətənin müstəqilliyini canından əziz bilənlər o gecə tərəddüd etmədən ölümlə üz-üzə dayandılar. İmperiya ordusunun qəddarlığından, dinc, silahsız insanları atəşə tutmalarından çəkinmədilər. Azərbaycan xalqı azadlıq uğrunda, haqq yolunda mübarizə əzminin yenilməzliyi ilə o gecə tarixə yeni bir salnamə yazdı. 1990-cı ilin o soyuq yanvar günlərində şəhidlərinə yas tutan xalq onların yandırdıqları müstəqillik işığını sönməyə qoymadı. Azərbaycanda baş verən hadisələr Sovet Sosialist Respublikaları İttifaqının sonunu yaxınlaşdırdı. Çox böyük çətinliklərlə üzləşsə də, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə ən böyük ehtiram oldu. Tarixə Qanlı Yanvar adı ilə yazılan 20 Yanvar faciəsinə şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar əsərlər həsr etdilər. O günlərin qurbanları heykəltəraşlıq nümunələrimizdə də əbədiləşdi.

Bakının şimal qapısında - 1990-cı ildə Bakıya hücum edən sovet qoşununun şəhərə daxil olduğu istiqamətdə ucaldılan "20 Yanvar abidə kompleksi” 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş ən dəyərli əsərlərdən biri oldu.


20 Yanvar şəhidlərinin əziz xatirəsinə...


Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıldı. Bu möhtəşəm abidə-kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Azad Əliyev və Cavanşir Dadaşov layiqli bir əsər, dolğun kompozisiya yaratmaq üçün müxtəlif mənbələrdən məlumatlar əldə etdilər. Xalqın mübarizlik ruhunun, dönməzliyinin simvolu olan elementlərdən məharətlə istifadə olundu. Yaradıcılıq təxəyyülü ilə reallığın vəhdətindən uğurlu bir əsər meydana çıxdı.

"20 Yanvar dairəsi” adlanan yerdə bir vaxtlar XI sovet ordusunun şərəfinə qoyulmuş abidə var idi. 1990-cı ildə sovet ordusu Bakıda kütləvi qırğınlar törətdikdən sonra həmin abidə kompleksi götürüldü. Ərazinin yaxınlığında, Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində "20 Yanvar abidə kompleksi” ucaldıldı.

Memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Kompleksin divarı Afrika və Ukraynadan gətirilmiş qranit plitə ilə üzləndi. Abidənin ətrafındakı meydana qranit plitə döşəndi. Abidənin arxa hissəsindəki park abadlaşdırıldı, kompleksin qarşısında müasir işıqlandırma sistemi quraşdırıldı. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə qoyuldu.

Abidənin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, eləcə də ümummilli lider Heydər Əliyevin qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk olundu. Postament üzərində "20 Yanvar şəhidlərinin əziz xatirəsinə” sözləri yazıldı.

Azərbaycanın paytaxtında "20 Yanvar abidə-kompleksi”nin açılışı 20 yanvar 2010-cu ildə oldu. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdi.


Qürur yerimiz...


1990-cı ilin yanvarında Azərbaycan xalqı öz azadlığını və dövlət müstəqilliyini bərpa etmək üçün meydanlara çıxmışdı. O gecənin şəhidləri yeni bir nəslin azadlıq dastanını yazdılar. İmperiya qüvvələri törətdikləri cinayətləri pərdələməyə, ört-basdır etməyə cəhd göstərsələr də, buna nail ola bilmədilər. Azərbaycan xalqı qan bahasına qazandığı azadlığını qürurla, əzmlə qoruyaraq nəsildən-nəslə ötürür.

İllər ötür... Şəhidlərimizə ümumxalq sevgisi yaşayır. Azərbaycanın azadlığı, suverenliyi yolunda canlarından keçən vətən övladlarının xatirəsi sonsuz ehtiramla yad edilir. "20 Yanvar abidə kompleksi” də vətənsevərlərin ziyarət yerinə çevrilib. Bu abidə yalnız 20 Yanvar faciəsinin ağrılarını, o günlərin dərdini, fəryadını anlatmır, həm də insan xarakterindəki mətinlik, vətən sevgisinin ölməzliyi qranit lövhədə bacarıqla əks etdirilib. "20 Yanvar abidə kompleksi”ndə bir xalqı göz yaşlarına boğan hüzn, kədər də, köksünü qabardan əzəmət, qürur da var.

Zöhrə FƏRƏCOVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video