17 Yanvar 2019 22:22
383
SİYASƏT
A- A+

Azərbaycanın xarici işlər naziri “İnterfaks” agentliyinə müsahibə verib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İnterfaks” agentliyinə məxsusi müsahibə verib.

AZƏRTAC xəbər verir ki, nazir Elmar Məmmədyarov agentliyə müsahibəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və regionlararası səviyyədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin münasibətlərimizin prioritetlərindən biri olduğunu bildirib. Bununla əlaqədar olaraq, ticari-iqtisadi, humanitar və digər sahələrdə Sankt-Peterburq ilə işlənib hazırlanmış və uğurla davam edən əməkdaşlıq formatlarından istifadə olunmasına xüsusi diqqət yetirilir.

Azərbaycanın xarici siyasət idarəsinin başçısı deyib: "2018-ci ilin dekabrında müvafiq hökumətlərarası komissiyanın ikinci iclası keçirilib. İclasda tərəfdaşlığımızın vəziyyəti və qarşılıqlı faydalı əsasda genişləndirilməsinin perspektivləri müzakirə edilib. Çox diqqətəlayiq haldır ki, 2020-ci ildə Azərbaycan dünyanın mədəni həyatında ən sanballı tədbirlərdən biri olan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda "fəxri qonaq ölkə” statusunda iştirak edəcək. Əminəm ki, ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu Azərbaycan ilə Rusiyanın Şimal paytaxtı arasında ikitərəfli əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcək və bu istiqamətdə səylər göstərəcək”.

Diplomat 2019-cu ildə Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunaraq bildirib ki, ötən il olduğu kimi, 2019-cu ildə də ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasət yeridəcək və beynəlxalq aləmdə onun mövqelərinin qorunub saxlanılmasına səy göstərəcək.

Elmar Məmmədyarov deyib: "2019-cu ildə xarici siyasətin prioritetləri, ilk növbədə, ölkəmizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində bərpa olunması, habelə irimiqyaslı layihələrin reallaşdırılmasının davam etdirilməsi, bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi olacaq”.

Nazir vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalıdır.

Diplomat deyib: "Nizamlanmanın hüquqi bazasına müraciət edərkən xatırlatmaq lazımdır ki, onu, ilk növbədə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, GUAM-ın, NATO-nun, Avropa Parlamentinin və s. qərarları, habelə ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər təşkil edir. Təəssüf ki, uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. Lakin Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəlilədilməsi nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”.

Nazirin sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Milanda nazirlər səviyyəsində keçirilən görüşü çərçivəsində qəbul edilmiş 2018-ci il 6 dekabr tarixli birgə bəyanatında münaqişənin sülh yolu ilə ədalətli və davamlı tənzimlənməsi üzrə danışıqları davam etdirməyə razılığın əldə olunması qeyd edilib. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişməyib. Sənəddə, həmçinin Düşənbədə iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaya riayət edilməsinə və hər iki ölkənin əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılmasına çağırış əksini tapıb. Bundan əlavə, birgə bəyanatda yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsində intensiv danışıqların aparılmasının zəruriliyi barədə fikir ifadə olunub.

E. Məmmədyarov deyib: "Münaqişənin nizamlanmasında irəliləyişin əldə olunması bütün regionda sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, ilk növbədə, Ermənistanın özündə iqtisadi inkişafa imkanlar açacaq. Ölkəmiz digər etnik qrupların nümayəndələri olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağın erməni mənşəli vətəndaşlarına münasibətdə də bunu etmək və onlara Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”.

Nazir vurğulayıb ki, Azərbaycanı narahat edən problemlərə və beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyi BMT Baş Məclisinin 73-cü sessiyasi çərçivəsində keçirilən bir sıra tədbirlərin gedişində böyük anlayışla qarşılanıb və dəstəklənib. Məsələn, BMT-nin Baş Məclisi Azərbaycanın təklif etdiyi "İtkin düşmüş şəxslər” adlı qətnaməni dekabrın 17-də qəbul edib. Sənəddə beynəlxalq birliyin diqqəti beynəlxalq humanitar hüququn müddəalarına hörmət və onlara riayət olunması, silahlı münaqişələr şəraitində insanların itkin düşməsi hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı üzrə bütün zəruri tədbirlərin görülməsi, o cümlədən beynəlxalq öhdəliklərə müvafiq olaraq onların taleyinin müəyyən edilməsi üçün əməkdaşlıq üzərində cəmləşdirilir.

Aprelin 3-5-də Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirlərinin konfransı keçirilib. Konfransın nəticələrinə əsasən qəbul edilmiş yekun sənədində və Bakı Bəyannaməsində Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyinə birgə dəstək ifadə olunub. Avropa Parlamenti dekabrın 12-də "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin reallaşması haqqında” qətnamə qəbul edib. Qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsini təsdiq edib.

Nazir beynəlxalq birliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə birmənalı dəstəyinin artdığını xüsusi vurğulayaraq deyib: "Bizim ardıcıl səylərimiz nəticəsində "beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi” formulundan diplomatiya leksikonunda geniş istifadə olunmağa başlanıb”.

Azərbaycan XİN-in başçısı qeyd edib ki, beş Xəzəryanı ölkənin liderləri tərəfindən 2018-ci ilin avqustunda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dövlətlərin əməkdaşlıq etməsi üçün unikal imkanlar açıb. Nazir vurğulayıb: "Konvensiyanın imzalanması sözün həqiqi mənasında beş sahilyanı dövlətin xoş məramını nümayiş etdirən tarixi hadisə olub. Ölkəmiz üçün bu sənədin əsas əhəmiyyəti bundan ibarətdir ki, o, dənizin zəngin təbii ehtiyatlarından istifadə olunması üçün sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarını müəyyən edir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində, habelə dənizdə digər təsərrüfat-iqtisadi fəaliyyətin həyata keçirilməsi sahəsində müxtəlif layihələrin reallaşdırılmasının ardıcıllığını və təhlükəsizliyini təmin edir. O, dəniz gəmiçiliyinin sərbəstliyi və təhlükəsizliyi üçün şərait yaradır. Bu da Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatlarının inkişafında mühüm rol oynayır. Nazir əlavə edib ki, tarixən Xəzərdə iri layihələrin həyata keçirilməsində cığıraçan ölkə olan Azərbaycan sahilyanı dövlətlərlə əməkdaşlığı bundan sonra da genişləndirməyi planlaşdırır.

E. Məmmədyarov belə bir faktı diqqətəlayiq adlandırıb ki, ölkəmiz 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına başçılıq etmək şərəfinə çox qısa müddətdə layiq görülüb. Diplomat deyib: "Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirlərinin ötən ilin aprelində Bakıda keçirilən konfransının yekun sənədində bizim xarici siyasət sahəsində bir sıra təşəbbüslərimizə dəstək ifadə olunub, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində nizamlanmasının zəruriliyi vurğulanıb. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi bizim mövqeyimizin dünyaya çatdırılmasına əlavə imkanlar yaradacaq. Təşkilatın 120 üzvü BMT-nin üzvü olan dövlətlərin üçdəiki hissəsini təşkil edir ki, bu da bu və ya digər qərarın qəbul edilməsinə təsir göstərməyə imkan verir. Bununla belə, Hərəkatda sədrlik ölkəmiz tərəfindən irəli sürülən yeni təşəbbüslərin önə çəkilməsi üçün rahat format ola bilər, onların reallaşdırılması isə dünyada Azərbaycanın siyasi nüfuzunun artmasının rəhni olacaq”.

Elmar Məmmədyarov Rusiya agentliyinə müsahibəsində ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı mövzusuna da toxunub. Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyini qeyd edən nazir deyib: "Tərəfdaşlığımızın sonuncu ili Aİ ilə əməkdaşlıq gündəliyinin irəli çəkilməsi baxımından çox məhsuldar oldu. Odur ki, mən diqqəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının sədri Donald Tuskun iştirakı ilə ötən il iyulun 11-də Brüsseldə paraflanan və yekun olaraq oktyabrın 15-də "Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin Lüksemburq görüşü çərçivəsində təsdiq edilən Azərbaycan və Aİ arasında "Tərəfdaşlıq prioritetləri” sənədi üzərində cəmləşdirmək istəyirəm.

Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişə dair danışıqlar prosesinin davam etdiyini diqqətə çatdıran diplomat deyib: "Təbii ki, buna müəyyən vaxt lazımdır, çünki bizə də, Aİ-dən olan tərəfdaşlarımıza da ikitərəfli münasibətlərin hüquqi əsaslarını təşkil edəcək, Azərbaycan ilə Aİ arasında qarşılıqlı tərəfdaşlığı müxtəlif istiqamətlərdə uzun müddətə möhkəmləndirəcək ciddi və keyfiyyətli saziş lazımdır. Viza rejiminin sadələşdirilməsi haqqında sazişə gəlincə isə xatırlatmaq istərdim ki, bu saziş artıq bir neçə ildir qüvvədədir. Onun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğv edilməsi ola bilər. Yəni söhbət viza rejiminin liderallaşdırılmasından gedir. Lakin bu, müəyyən vaxt tələb edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video