Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
Hazırda qlobal geosiyasi səviyyədə mürəkkəb və risklərlə dolu proseslər gedir. Bu, bütövlükdə dünyanı bir sıra sahələrdə qeyri-müəyyənliklərlə üz-üzə qoyur. Ekspertlər ümumilikdə bəşəriyyətə fayda verə biləcək əməkdaşlıq formatlarının vacibliyini vurğulayırlar. Həmin bağlılıqda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı ekspertlərin marağına səbəb olub. Bu dövlətlər mürəkkəb geosiyasi mənzərəsi olan məkanda yerləşiblər. Rusiya və Türkiyə böyük dövlətlər kimi dünya siyasətinə təsir edə bilirlər. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq müstəqil siyasətini davamlı olaraq aparır. Bununla yanaşı, Rusiya və Azərbaycan zəngin enerji ehtiyatlarına malikdirlər. Həmin səbəbdən bu üç dövlətin əməkdaşlığı regional və qlobal miqyasda geosiyasi əhəmiyyət kəsb etməkdədir. Bu kontekstdə bir sıra vacib məqamların analizi üzərində geniş dayanmağa ehtiyac duyuruq.
Ankara-Bakı-Moskva: əlaqələrdə tarixi mərhələ
Azərbaycan rəhbərliyi yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi artıq beynəlxalq aləmdə konkret imicə sahibdir. Prezident İlham Əliyevin irəli sürdüyü və reallaşması üçün ciddi fəaliyyət göstərdiyi əməkdaşlıq modelləri getdikcə daha çox səmərə verməkdədir. Bunu dünyanın böyük dövlətlərinin liderləri də etiraf edirlər. Təcrübə göstərir ki, rəsmi Bakının təşəbbüsü ilə son illər Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Türkmənistan arasında münasibətlər daha da inkişaf edib və daha əhatəli olub. Bu sırada Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı ekspertləri daha çox maraqlandırır.
Bu cür reaksiyanın səbəbi aydındır. Rusiya və Türkiyə Avrasiyada söz sahibi olan ölkələrdir. Son illər Moskva ilə Ankara arasında əlaqələr sürətlə inkişaf edir. Türkiyənin NATO üzvü olmasına baxmayaraq, bu, hərbi sahəni də əhatə etməyə başlayıb. Bunun fonunda iki böyük dövlət arasında siyasi, mədəni, nəqliyyat, enerji, turizm və başqa vacib sferalarda qarşılıqlı faydalı əməkdaşlıq inkişafdadır.
Bəzi dövlətlərin buna qısqanclıqla yanaşmasına baxmayaraq, Ankara və Moskva əlaqələri yeni səviyyəyə yüksəltməkdə qərarlıdırlar. Burada Azərbaycan faktorunu da unutmaq olmaz. Məsələ ondan ibarətdir ki, məhz Azərbaycan iki böyük qonşu dövlət arasında əməkdaşlığın inkişafına özünün töhfələrini verməkdədir. İndi faktiki olaraq bir çox sahələr üzrə bu üç ölkənin əməkdaşlığından danışmaq mümkündür. Bu proses o dərəcədə inkişaf edib ki, artıq ekspertlər onun geosiyasi təsirindən bəhs edirlər.
Rusiyanın "Rossiya-24" telekanalına müsahibəsində Prezident İlham Əliyev həmin bağlılıqda öz mövqeyini ifadə edib. Azərbaycanın dövlət başçısı deyib: "Bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri var".
İlham Əliyevin bu fikirlərinin ciddi geosiyasi mənası vardır. Onun bir aspekti Prezidentin sonrakı fikirlərində açılır. Ölkə rəhbəri fikirlərini inkişaf etdirərək ifadə edib: "Biz enerji layihələrimizi hələ 2000-ci ilin əvvəllərində neft-qaz kəmərlərinin tikintisi ilə həyata keçirməyə başlamışıq. Çünki dünya bazarlarına çıxmaq üçün biz mütləq infrastruktur qurmalı idik. Bizim açıq okeana çıxmaq imkanımız yoxdur. Rusiya nisbətən yaxın vaxtlarda bu istiqamətdə addımlar atıb". Azərbaycan öncədən düşünülmüş şəkildə enerji siyasətini milli maraqlara uyğun qurub. Belə ki, passiv dövlət kimi gözləməyərək, özünün açıq okeana çıxmaq ideyası üzərində fəal surətdə işləyib. Bunun üçün uyğun infrastruktur yaradılmalı idi.
Bakı onu nəzərə alırdı ki, Rusiya kimi böyük dövlət nisbətən yaxın vaxtlarda açıq okeana çıxış istiqamətində fəallıq göstərib. Bu səbəbdən də Azərbaycan optimal variant kimi Bakı-Tbilisi-Ceyhan istiqamətini seçib. Bu, Azərbaycan-Türkiyə əlaqələrini geosiyasi-praqmatik müstəviyə yönləndirməkdə əhəmiyyətli rol oynayıb. Konkret ifadə etsək, Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanla Türkiyə əməkdaşlığı qarşılıqlı faydalılıq prinsipinə uyğun olaraq inkişaf etməyə başlayıb.
Qlobal təhlükəsizliyə töhfə: maraqların uzlaşdırılması xətti
Bunun geosiyasi əhəmiyyəti ondan ibarət olub ki, Azərbaycan Türkiyə ilə sözdə deyil, konkret fayda verən layihələr əsasında əməkdaşlıq modelini yarada bilib. Bunun müasir tarixi mərhələ üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi məlumdur. Çünki ortada o qədər faktorlar var ki, müstəqil mövqeni saxlamaq üçün dərin düşünülmüş siyasi kurs yaratmaq lazım gəlir. Cənubi Qafqazda bu vəzifənin öhdəsindən hələlik yalnız Azərbaycan gələ bilir.
Digər tərəfdən, Azərbaycan Rusiya və Türkiyənin enerji sahəsindəki əməkdaşlığına həmişə müsbət yanaşıb. Bu əməkdaşlıq keçən əsrin 90-cı illərinin sonlarından mərhələli olaraq inkişaf edir. İki ölkə öncə "Mavi axın" layihəsini imzaladı (1997-ci il). 2017-ci ildən isə "Türk axını" qaz boru kəmərinin tikintisinə başlandı. Bu bağlılıqda Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan müsahibəsində çox maraqlı bir məqamı vurğulayıb. Dövlət başçısı ifadə edib: "Hərçənd biz xatırlayırıq ki, xeyli illər əvvəl "Mavi axın" layihəsi gerçəkləşdirilmişdi. Bu barədə indi bir az unudublar. Amma axı, bu da Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsi idi. Yəni, prinsipcə, bu il "Türk axını"nın dəniz fazasının açılmasında yeni heç nə yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini sürətləndirməyə imkan verib. Buna görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik".
Bu fikirlərdən aydın olur ki, Rusiya ilə Türkiyə arasında əməkdaşlıq yüksək siyasi iradə sayəsində inkişaf edə bilir. İki dövlətin liderləri bununla bağlı fəal mövqe nümayiş etdirirlər və maneələri dəf edərək daha sıx əməkdaşlığa nail olurlar. Bu prosesi diqqətlə izləyən Azərbaycan Rusiya və Türkiyənin əməkdaşlığına sevinir və dəstək verir. Rəsmi Bakı daha da irəli gedərək üç ölkəni əhatə edən layihələr irəli sürür. Ekspertlər üçün daha maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycan müstəqil enerji siyasəti yeritməklə geosiyasi müstəvidə Rusiya və Türkiyə üçün də əhəmiyyəti olan nəticələr əldə edir. Bu aspektdə "Cənub qaz dəhlizi" layihəsi xüsusi yer tutur. Bu layihənin reallaşmasına Rusiya rəhbərliyi də müsbət reaksiya verib. Həmin layihənin geosiyasi dəyərini nəzərdə tutaraq dövlət başçısı müsahibəsində vurğulayıb: "Bu, özündə dörd mühüm müstəqil layihəni birləşdirən layihədir... Bu gün bu layihənin dörd seqmentindən üçü artıq reallaşıb və mayda "Cənub qaz dəhlizi"nin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə, biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim siyasətimizin davamıdır, çünki hələ 2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə qədər qaz kəməri açmışıq və Türkiyə bazarına qaz ixracatçısıyıq... Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanı verəcək...".
Beləliklə, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatının fərqli bir cəhəti vardır. Azərbaycanla Rusiya enerji ixrac edən və qonşu olan ölkələr kimi bir-birini tamamlayan enerji layihələri reallaşdırırlar. Bu mənada "Türk axını" ilə "Cənub qaz dəhlizi" rəqabət deyil, qarşılıqlı əlaqələndirmə yolu ilə Avrasiyanın yeni enerji xəritəsini yaradırlar. Dünya praktikasında yüksək qiymətləndirilməli olan haldır. Eyni zamanda, Rusiya və Azərbaycan enerji layihələrində ortaq kimi Türkiyəni görürlər.
Deməli, Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı regional və qlobal miqyasda geosiyasi və enerji-təhlükəsizlik sisteminin yaradılmasına ciddi töhfələr verir. Bu məqam dünya siyasi mühitinə pozitiv bir yön verir. Görünür, bu məqamın nəzəri analizi getdikcə daha böyük aktuallıq kəsb edəcək. Çünki çox qarışıq bir dövrdə böyük bir geosiyasi məkanda qalıcı ola biləcək və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsi olacaq əlaqələr formatından söhbət gedir.
Digər tərəfdən, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı Cənubi Qafqazda geosiyasi mühitin sabitləşməsinə töhfələr verə bilər. Şübhə etmirik ki, Ermənistan məhz bu pozitiv məqamı hiss edib, Azərbaycanla əməkdaşlıq edən Rusiyaya müəyyən iradlar bildirməyə çalışır. Eyni zamanda, Belarus və Qazaxıstana qarşı ittihamlar irəli sürür.
Yuxarıda ifadə edilən fikirlər təsdiq edir ki, Azərbaycan rəhbərliyi ciddi geosiyasi nəticələri olan, çoxlu sayda ölkənin səmərəli əməkdaşlığına və yaxınlaşmasına xidmət edən addımlar atır. Bu səbəbdəndir ki, İlham Əliyev müsahibəsində əminliklə vurğulayır: "Azərbaycanın, Rusiyanın və Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi bizə nəinki planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək, həm də enerji ehtiyatlarımızın və nəqliyyatın inkişafı baxımından çox gözlənilən siyasət deməkdir". Bizcə, məsələni çox dəqiq və dolğun ifadə edən fikirlərdir!
Newtimes.az
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək
29 Mart
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
29 Mart
Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib...
29 Mart
ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
29 Mart
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!